Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-797/2025 25.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 04 iyun 2024-cü il tarixli, T010973 nömrəli və 24 iyul 2024-cü il tarixli T011079 nömrəli kredit müqavilələrinə əsasən Cavabdeh 64 (altmış dörd) manat və 906 (doqquz yüz altı) manat, ödənilməmiş qalıq dəyər üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 1 ay üzrə 3.20 (üç manat iyirmi qəpik) manat və digər müqavilə üzrə ödənilməmiş 4 ay üzrə 121.20 (bir yüz iyirmi bir manat iyirmi qəpik) manat pulun və 33 (otuz üç) manat dövlət rüsumunun, ümumilikdə 1127.40 (bir min yüz iyirmi yeddi manat qırx qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Naxçıvan şəhər “PARK AVM” də yerləşən 17 nömrəli mağazanı işlədir. ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh ilə aralarında 04 iyun 2024-cü il tarixli, T010973 nömrəli kredit müqaviləsi ilə 876 manat dəyərində bir ədəd Samsung A35 markalı mobil telefonunu kreditə vermişdir. Aralarında Cavabdeh öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış T010973 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 876 (səkkiz yüz yetmiş altı) manat, ilkin ödəniş məbləği 90.00 (doxsan) manat, kreditin qalıq məbləği 786 (yeddi yüz səksən altı) manat olmaqla 9 (doqquz) ay müddətində aylıq 87.34 (səksən yeddi manat otuz dörd qəpik) manat əlavə olmaqla nağd və ya köçürmə yolu ilə ona qaytaracağını öhdəsinə götürmüşdür. Və əlavə olaraq ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh ilə aralarında 24 iyul 2024-cü il tarixli, T011079 nömrəli kredit müqaviləsi ilə 1752 manat dəyərində bir ədəd İphone 13pro max markalı mobil telefonu kreditə vermişdir. Aralarında Cavabdeh öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış T011079 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 1752 (bir min yeddi yüz əlli iki) manat, ilkin ödəniş məbləği 100.00 (bir yüz) manat, kreditin qalıq məbləği 1652 (bir min altı yüz əlli iki) manat olmaqla 11 (on bir) ay müddətində aylıq 150.19 (bir yüz əlli manat on doqquz qəpik) manat olmaqla nağd və ya köçürmə yolu ilə ona qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh T010973 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtlar kredit borcunu ödəyərək ilkin ödəniş daxil olmaqla 876 (səkkiz yüz yetmiş altı) manat kredit borcundan 812 (səkkiz yüz on iki) manat borcunu pulu ona qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 64.00 (altmış dörd) manat pulu bu günədək ona geri qaytarmamışdır. Cavabdeh T011079 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtlar kredit borcunu ödəyərək ilkin ödəniş daxil olmaqla 1752 (bir min yeddi yüz əlli iki) manat kredit borcundan 846 (səkkiz yüz qırx altı) manat borcunu ona qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 906 (doqquz yüz altı) manat pulu bu günədək ona geri qaytarmamışdır. Ona bir neçə dəfə borclu qaldığı pulun qaytarmasını desə də, o, hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Ona yazılı şəkildə müraciət edərək ona olan kredit borcunu geri qaytarmasını xahiş etsə də o, yazılı müraciətinə heç bir münasibət bildirməmişdir. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edərək bildirir ki, cavabdeh ilə bağladıqları T010973 və T011079 nömrəli kredit müqavilələrinə görə aralarındakı razılığa əsasən cavabdehin ona ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün 5 (beş) faizi miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürmüşdür. Bu səbəbdən də cavabdehin ona 04 iyun 2024-cü il tarixli, T010973 və 24 iyul 2024-cü il T011079 nömrəli kredit müqavilələri üzrə 1 (bir) digər müqavilə üzrə 4 (dörd) ay ərzində ödəməli olduğu kredit borcunu bu günədək ödəmədiyinə görə qalmış olan dəyərinin 5 (beş) faiz olmaqla, ödənilməmiş 1 və 4 ay üzrə 64.00 (altmış dörd) və digər müqavilə üzrə 906 (doqquz yüz altı) manat pulun da ona ödənilməsini istəyir. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ona verilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi kredit borcundan qalmış 64.00 (altmış dörd) və 906.00 (doqquz yüz altı) manat, ödənilməmiş dəyər üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 1 ay üzrə 3.20 (üç manat iyirmi qəpik) və digər müqavilə üzrə ödənilməmiş 4 ay üzrə 121.20 (bir yüz iyirmi bir manat iyirmi qəpik) manat pulun və 33 (otuz üç) manat dövlət rüsumunun cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddianı qismən əsaslı sayıb qismən təmin edərkən iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlara istinad edir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə cavabdeh Məmmədov X1 şəhəri, məhəllə 20, ev 141A ünvanında rəsmi qeydiyyatdadır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 30 may 2025-ci il tarixli, 2(078)-797/2025 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə göndərilmiş bildirişdə cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında 04 iyun 2024-cü il tarixli, 10973 nömrəli və 24 iyul 2024-cü il tarixli, 11079 nömrəli müqavilələr bağlanmışdır. 04 iyun 2024-cü il tarixli, 10973 nömrəli müqavilənin 1-ci bəndinə əsasən, müqaviləyə əsasən Satıcı Alıcıya “Samsung A35 8/128” markalı mobil telefonunu satmağı, “alıcı” isə həmin malı alaraq müqavilədə nəzərdə tutulmuş müddətdə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən, kreditin ümumi məbləği 876 (səkkiz yüz yetmiş altı) manat, ilkin ödənilən məbləğ 90 (doxsan) manat, kreditin qalan məbləği 786 (yeddi yüz səksən altı) manatdır. Alıcı aldığı malın qalan dəyərini 9 ay müddətində, hər ay 87.34 (səksən yeddi manat otuz dörd qəpik) manat olmaqla nağd və ya köçürmə yolu ilə satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 04 iyun 2024-cü il tarixli, T010973 nömrəli təhvil-təslim aktından görünür ki, müqavilədə qeyd olunan əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. 24 iyul 2024-cü il tarixli, 11079 nömrəli müqavilənin 1-ci bəndinə əsasən, müqaviləyə əsasən Satıcı Alıcıya “iPhone 13pro max” markalı mobil telefonunu satmağı, “alıcı” isə həmin malı alaraq müqavilədə nəzərdə tutulmuş müddətdə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən, kreditin ümumi məbləği 1752 (bir min yeddi yüz əlli iki) manat, ilkin ödənilən məbləğ 100 (bir yüz) manat, kreditin qalan məbləği 1652 (bir min altı yüz əlli iki) manatdır. Alıcı aldığı malın qalan dəyərini 11 ay müddətində, hər ay 150.19 (bir yüz əlli manat on doqquz qəpik) manat olmaqla nağd və ya köçürmə yolu ilə satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 24 iyul 2024-cü il tarixli, T011079 nömrəli təhvil-təslim aktından görünür ki, müqavilədə qeyd olunan əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alğı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alğı-satqı müqaviləsi üzrə alınmış avadanlıq üçün müəyyən olunmuş ödəniş cədvəlinə uyğun ödəməli olduğu borcun qaytarılması və müqaviləyə əsasən ona hesablanmış cərimə borcunu iddiaçıya ödəməkdən yayınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun ödənilməsinə dair hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrin 3.7-ci bəndinə əsasən, alınmış mal üçün ödənilməli olan pul məbləğinin hər gecikdirilmiş ayı üçün malın ödənilmədiyinə görə qalmış olan dəyərinin 5 (beş) faizi miqdarında kompensasiya (cərimə) ödənilir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin 24 iyul 2024-cü il tarixli, 11079 nömrəli müqavilə üzrə hesablanmış dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə 24 iyul 2024-cü il tarixli, 11079 nömrəli müqavilə üzrə hesablanmış 121.20 (bir yüz iyirmi bir manat iyirmi qəpik) manat məbləğində dəbbə pulu əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, 24 iyul 2024-cü il tarixli, 11079 nömrəli müqavilə üzrə hesablanmış 121.20 (bir yüz iyirmi bir manat iyirmi qəpik) manat məbləğində tələb olunan cərimə (dəbbə pulu) 45.3 (qırx beş manat otuz qəpik) manat məbləğədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun 30.71 (otuz manat yetmiş bir qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - 04 iyun 2024-cü il tarixli, 10973 nömrəli müqaviləyə əsasən 64 (altmış dörd) manat əsas, 3.2 (üç manat iyirmi qəpik) manat cərimə borcu və 24 iyul 2024-cü il tarixli, 11079 nömrəli müqavilə üzrə 906 (doqquz yüz altı) manat əsas, 45.3 (qırx beş manat otuz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1018.5 (bir min on səkkiz manat əlli qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməli; - iddia qalan hissədə rədd edilməli; - iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun 30.71 (otuz manat yetmiş bir qəpik) manat hissəsi iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 04 iyun 2024-cü il tarixli, 10973 nömrəli müqaviləyə əsasən 64 (altmış dörd) manat əsas, 3.2 (üç manat iyirmi qəpik) manat cərimə borcu və 24 iyul 2024-cü il tarixli, 11079 nömrəli müqavilə üzrə 906 (doqquz yüz altı) manat əsas, 45.3 (qırx beş manat otuz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1018.5 (bir min on səkkiz manat əlli qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun 30.71 (otuz manat yetmiş bir qəpik) manat hissəsi iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-797/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-797/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver