Məhkəmə qərarları › İş №2(078)-81/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-81/2024

18.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-81/2024 18.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 02 noyabr 2023-cü ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-274/2022 nömrəli qətnaməsi ilə müəyyən olunan aliment miqdarının dəyişdirilərək 09 yanvar 2013-cü il təvəllüdlü X9 və 12 iyul 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmasına Cavabdeh hər ay 1 uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 2 uşağın saxlanılması üçün 440 (dörd yüz qırx) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, o, Cavabdeh ilə 28 fevral 2012-ci il tarixində rəsmi nikah qeydiyyatından keçməklə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahından 09 yanvar 2013-cü il təvəllüdlü X13 və 12 iyul 2017-ci il təvəllüdlü X12 dünyaya gəlmişdir. Münasibətləri kəskin dərəcədə pozulmuş, cavabdeh 27 dekabr 2021ci il tarixində mediasiyaya müraciət etmiş, lakin həmin tarixdə mediasiya prosesindən imtina etmişdir. Bundan sonra o 18 yanvar 2022-ci il tarixində mediasiyaya müraciət edərək nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-274/2022 nömrəli qətnaməsi əsasında nikahları pozulmuş, uşaqlar onun yanında saxlanılmaqla 09 yanvar 2013-cü il təvəllüdlü X9 və 12 iyul 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 1 uşaq üçün 130 manat olmaqla, ümumilikdə 2 uşaq üçün 260 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilmişdir. Uşaqların yaşı artdıqca maliyyə xərcləri də artır. Hal-hazırda 260 manat alimentlə uşağı saxlamaq mümkün deyil. Bu gün Azərbaycan Respublikasının digər bölgələrində aliment tələbi ilə əlaqədar bir uşağın saxlanılmasına 220 manat aliment kəsilməklə qətnamə qəbul edilir. Uşağa təhsil vermək istənilirsə 260 manat tək bir uşağın hazırlıq pullarına bəs etmir. Bu səbəbdən aliment miqdarı artırılmalı, bir uşağa 220 manat olmaqla iki uşağın saxlanılmasına 440 manat aliment müəyyən edilməlidir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi X1 hüquqlarını müdafiə etdiyi və nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Cavabdehin nümayəndəsi X6 nümayəndəsi olduğu Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi X3 məhkəmə iclasında hüquqlarını müdafiə etdiyi İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, iddia ərizəsində qeyd olunanların nəzərə alınmasını istədiyini, Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-274/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 1 uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 2 uşağın saxlanılması üçün 440 (dörd yüz qırx) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında oğlu Cavabdeh Türkiyə Respublikasında olduğunu, səhhətində problem olduğunu, buna görə əməliyyat olunacağını, keçən ayın alimnet ödənişini bu ay etdiklərini, oğlunun Türkiyə Respublikasından gəldiyini, uşaqlarla alimenti ödəmədiyi üçün görüşməyə icazə verilmədiyini, bu səbəbdən özünün pul tapıb gətirib alimenti ödədiyini, iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə cavabdehin imkanı olmadığını, maddi vəziyyətlərinin çox aşağı olduğunu, indiyə kimi alimenti özünün ödədiyini, oğlunun heç yerdə işləmədiyini, alimenti ödəyə bilməsə oğlunun tutulacağını bildiyini, evdə sadəcə özünün işlədiyini, 352 manat əmək haqqı aldığını, yoldaşının 220 manat pensiya aldığını, başqa heç bir gəlirlərinin olmadığını, özünün də kredit borcunun olduğunu, oğlunun Türkiyədən gələndə uşaqlarına 1000 manata yaxın paltar, məktəb ləvazimatları aldığını, uşaqları 10 il özlərinin saxladıqlarını, bunların nəzərə alınmasını istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, iş üzrə tərəflər arasında 28 fevral 2012-ci il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından 09 yanvar 2013-cü il təvəllüdlü X13 və 12 iyul 2017-ci il təvəllüdlü X12 adlı övladları doğulmuş, tərəflər arasındakı nikah Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-274/2022 nömrəli qətnaməsi əsasında pozulmuş və 09 yanvar 2013-cü il təvəllüdlü X9 və 12 iyul 2017-ci il təvəllüdlü X7 analarının yanında saxlanılması və uşaqların saxlanılması üçün hər ay bir uşağa 130 (bir yüz otuz) manat olmaqla, iki uşağa görə 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-274/2022 nömrəli qətnaməsindən iş üzrə tərəflərin 28 fevral 2012-ci il tarixdə birgə nikaha daxil olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV seriyalı, 633796 nömrəli doğum haqqında şəhadətnamədən iş üzrə tərəflərin 09 yanvar 2013-cü il təvəllüdlü X13 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV seriyalı, 633797 nömrəli doğum haqqında şəhadətnamədən iş üzrə tərəflərin 12 iyul 2017-ci il təvəllüdlü X12 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli, AZ-İ seriyalı, 401558 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 104 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-274/2022 nömrəli qətnaməsindən X8 və Cavabdeh arasında 28 fevral 2012-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində bağanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeydə alınmış nikahın pozulmasının qət edilməsi; -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-274/2022 nömrəli qətnaməsindən tərəflərin birgə nikahdan doğulmuş uşaqları 09 yanvar 2013-cü il təvəllüdlü X13 və 12 iyul 2017-ci il təvəllüdlü X7 anası X2 yanında saxlanılmalarının və 09 yanvar 2013-cü il təvəllüdlü X9 və 12 iyul 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 1 uşaq üçün 130 (yüz otuz) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 260 (iki yüz altmış) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq uşaqların anası X4 ödənilməsinin qət edilməsi aydın olur. Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-274/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-274/2022 nömrəli qətnaməsi ilə hər ay bir uşağa 130 (yüz otuz) manat, iki uşağa görə 260 (iki yüz altmış) manat sabit pul məbləğində miqdarında aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşaqların böyüdükcə artan təlabatlarını, sosial-iqtisadi göstəricilərin dəyişilməsini, uşaqlar üçün yaşayış minimumunun artmasını, bu müddət ərzində cavabdehin hər ay bir uşağa 130 (yüz otuz) manat, iki uşağa görə 260 (iki yüz altmış) manatdan başqa iddiaçıya uşaqların tələbatlarının ödənilməsi üçün əlavə yardım etməməsini, nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, iki uşaq üçün 400 (dörd yüz) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşaqların iddiaçının yanında qalması, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (220 manatın) yarısından çoxunun – hər ay sabit pul məbləğində bir uşağa 200 (iki yüz) manat olmaqla, iki uşağa görə cəmi 400 (dörd yüz) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində təyin olunması ilə bağlı olsa da, məhkəmə aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində yəni 220 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, iddiaçı alimentin artırılmasını istədiyi sabit pul məbləğində alimentin miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Həmçinin məhkəmə qeyd olunan nəticəyə gələrkən alimentin iddiaçı tərəfindən tələb olunduğu miqdarda müəyyən edilməsi üçün işə baxılması zamanı əlavə əsasların (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilməməsini nəzərə alır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.6-cı maddələrinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti – ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment miqdarının dəyişdirilməsi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda ödəmənin artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə ödəmənin artırıldığı məbləğin bir il üçün nəzərdə tutulan miqdarı 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 31 (otuz bir) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-274/2022 nömrəli qətnaməsi ilə 09 yanvar 2013-cü il təvəllüdlü X9 və 12 iyul 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarı artırılmalı; -09 yanvar 2013-cü il təvəllüdlü X9 və 12 iyul 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa 200 (iki yüz) manat olmaqla, iki uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; -miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; - iddia qalan hissədə rədd edilməli; -Cavabdeh 31 (otuz bir) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-274/2022 nömrəli qətnaməsi ilə 09 yanvar 2013-cü il təvəllüdlü X9 və 12 iyul 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarı artırılsın. 09 yanvar 2013-cü il təvəllüdlü X9 və 12 iyul 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa 200 (iki yüz) manat olmaqla, iki uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 31 (otuz bir) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar