Məhkəmə qərarları › İş №2(078)-820/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-820/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-820/2021 04.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Yusifova (Əsgərzadə) Sədayə Adil qızının, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Yusifova (Əsgərzadə) Sədayə Adil qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yusifova (Əsgərzadə) Sədayə Adil qızı 24 iyun 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 61.350 (altmış bir min üç yüz əlli) manat borc pulun, vəkil üçün ödənilmiş 500 (beş yüz) manat vəkil xərcinin (qonorarın) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, nəticə etibarı ilə ümumilikdə 61.880 ( altmış bir min səkkiz yüz səksən) manat pulun alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yusifova (Əsgərzadə) Sədayə Adil qızı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh təxminən 3 il əvvəl tanımışdır. Cavabdeh iddiaçıdan kosmetik vasitələr alırmış və beləliklə də münasibətləri yaranmağa başlamışdır. Cavabdeh iddiaçıdan kosmetik vasitələri nisyə alır, maaş alanda isə gətirib vaxtında pulu qaytarırmış. İddiaçının cavabdehlə münasibətləri yarandıqdan sonra o iddiaçının evinə bir neçə dəfə gəlmiş, ondan mal almış və beləliklə də onların yaxşı münasibətləri yaranmışdır. Təxminən iki il bundan əvvəl cavabdehin atası rəhmətə gedən zaman cavabdeh iddiaçıdan ilk dəfə təxminən 800 manat yas üçün borc pul istəmiş və iddiaçı cavabdehə bu qədər məbləğdə borc pul vermişdir. Cavabdeh həmin borc pulu dediyi vaxtda iddiaçıya qaytarmış və bundan sonra iddiaçı ilə daha yaxın münasibət qurmağa başlamışdır. Keçən ilin avqust ayında cavabdeh iddiaçıdan 2000 (iki min) manat borc pul istəmişdir ki, evlərindən qonşuya su axıb və onun evinə maddi ziyan dəyib. Qonşu onları polisə şikayət edəcəyindən iddiaçıdan bu qədər məbləğdə borc istəmiş və cavabdeh iddiaçıya 2000 (iki min) manat borc pul vermişdir. Hal hazırda cavabdeh həmin məbləği iddiaçıya qaytarmamışdır. İkinci dəfə 2020-ci ilin oktyabr ayının 21–i cavabdeh iddiaçıdan 1000 manat dana almaq adı altında pul istəmiş, iddiaçı cavabdehə bu qədər məbləği ona porc vermişdir. İddiaçı cavabdehə Kapital bank vasitəsilə onun hesabına pul göndərmişdir. Həmin pulu da cavabdeh ona qaytarmamışdır. Daha sonra 26 oktyabr 2020-ci il tarixində cavabdeh iddiaçıya iş yoldaşı Vəfa Qasımovanın qardaşının ayağı kəsilir deyə təcili pul axtardığını və buna görə də 1000 (bir min) manat borc pul istəmiş və iddiaçı da həmin məbləği həkim kartı adı altında X2 məxsus hesab kartına göndərmiş, sonradan iddiaçıya məlum olmuşdur ki, həmin şəxs deyil, ehtiyyatda olan hərbi qulluqçudur. 2020- ci ilin noyabr ayında iki dəfə 1000 manat və 1500 manat borc pul istəmişdir ki, Nuridə adlı şəxsin (onun bibisi qızının) əkiz övladları olacaq, buna görə də onlara pul lazımdır, iddiaçı da həmin vaxt ona ümumilikdə 2500 (iki min beş yüz) manat borc pul vermişdir. Bundan başqa 1 dekabr 2020-ci ildə 2000 manat (Nuridə adlı şəxsə vermək üçün), 9 dekabrda 1000 manat (həyat yoldaşının kartı vasitəsilə onun kart hesabına köçürülmüşdür) və 28 dekabrda isə 3000 manat borc pul istəmişdir. Digər iki borc pulu isə özü üçün istəmişdir. Bundan əlavə 2021-ci ilin yanvar ayının 4-ü iddiaçıdan 3350 manat borc pul istəmiş (Sona adlı iş yoldaşı üçün) və iddiaçı da həyat yoldaşının kartını ona vermiş, o isə həmin kartdan öz kartına köçürmə yolu ilə həmin məbləği götürmüşdür. İndiyədək həmin məbləği qaytarmamışdır. 2021-ci ilin yanvar ayının 12-si dayısına görə 1000 manat borc pul istəmiş və iddiaçı da həmin vaxt ona borc pul vermişdir. 2021-ci ilin fevral ayının 8-i və 20-si iddiaçıdan 2000 və 2500 manat, ümumilikdə 4500 manat dayısı oğlanları Fərid və Faiq adlı şəxslərə vermək üçün borc pul istəmiş və iddiaçı da həmin məbləğləri borc olaraq ona vermişdir. Bundan əlavə hazırki iş üzrə cavabdeh 2021-ci ilin mart ayından sonra müxtəlif vaxtlarda müxtəlif bəhanələrlə 40.000 manat borc pul almışdır. Belə ki, dayısı oğluna vermək üçün 10.000 manat (üstündə 500 manat qaytarmaq şərtilə) borc pul almış, sonra iki yaşlı xəstə uşaq üçün heç bir təmənnasız 6000 manat, Lena adlı xalası üçün 3000 manat borc pul istəmiş, 4500 manat Aytəkin adlı şəxs üçün borc pul istəmiş, 8000 manat başqa bir xalası üçün borc istəmiş (dediyinə görə həmin şəxs elektronik məişət əşyaları alveri edir), qonşuları üçün (alver edir) 7000 manat borc istəmiş (üstündə 500 manat pul təklif etmişdi) borc pul istəmişdir. Hal-hazırda həmin şəxsin iddiaçıya 61.350 (altmış bir min üç yüz əlli manat) borcu vardır. İddiaçı dəfələrlə həmin şəxsə borc pulların qaytarılması ilə bağlı xəbərdarlıq etsə də, bunun bir nəticəsi olmamışdır. Hətta bunun üçün polisə müraciət etsə də, oradan iddiaçıya məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İddiaçı da bundan sonra hüqularının müdafiəsi üçün vəkilə müraciət etmişdir. Qeyd etmişdir ki, cavabdeh əvvəllər Milli Orduda xidmət edirdi. O, N saylı hərbi hissədə işləyirdi. Sonradan belə borc məsələlərinə görə onu işdən azad eləmişlər. Vəkil tərəfindən orduya və onun hərbi hissələrinə cavabdeh barədə sorğular göndərilsə də, bu sorğulara cavab verilməmişdir. İddiaçıda olan şifahi məlumata əsasən həmin şəxsdən ərizə alınmış və kimlərə borclu olmağı həmin ərizədə qeyd edilmişdir ki, o şəxslərin siyahısında iddiaçının da adı vardır. İddiaçı da məhkəmədən xahiş etmişdir ki, vəkil tərəfindən cavabdeh barədə istənilmiş məlumatların məhkəmə tərəfindən yenidən sorğu edilərək əldə edilsin. Cavabdeh müxtəlif bəhanələrlə hər dəfə müxtəlif yalanlarla iddiaçıdan borc pul istəmiş və iddiaçı da başqa şəxslərdən pul alaraq ona vermiş və o, iddiaçını çox ciddi maddi itkilərə məruz qoymuşdur. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. İddiaçı buna görə ciddi maddi itkilərlə qarşılaşmışdır. Onu da qeyd etmək lazımdır ki, həmçinin iddiaçı bunun üçün özünə vəkil tutduğuna görə qonorar olaraq ödədiyi 500 manat pulun və 30 manat dövlət rüsumunun da cavabdehdən alnıb ona qaytarılmasını istəyir. İddiaçı cavabdehin öhdəliyini icra etməməsi üzündən öz hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etməli olmuşdur. Məhkəmə iclaslarında iştirak edən iddiaçı Yusifova (Əsgərzadə) Sədayə Adil qızı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili Vəkil izahatında hüquqlarını müdafiə etdiyi iddiaçı Yusifova (Əsgərzadə) Sədayə Adil qızının izahatına əlavəsi olmadığını, iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 15 iyul 2021-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək ərizədə İddiaçı ona qarşı məhkəmədə qaldırdığı borc tələbi üzrə iddianı etiraf etdiyini, iddiaçıya 61350 (altmış bir min üç yüz əlli) manat borcu olduğunu qəbul etdiyini qeyd edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının cavabdehlə aralarında olan şifahi razılaşma əsasında Cavabdeh yaranmış borcun qaytarılmasını tələb etməsi işin mübahisəli halıdır. Məhkəmə işin mübahisəli halının həlli ilə bağlı cavabdehin etirafını nəzərə alaraq bildirir ki, iddiaçının borcun qaytarılmasına dair hissədə tələbi cavabdeh tərəfindən etiraf olunduğundan onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsinə dair verdiyi ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun və vəkil üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində pulun da cavabdehdən tutulmasını tələb edir. İş materiallarına əlavə edilmiş 004507 nömrəli, 19 may 2021-ci il tarixli qəbzin kötüyündən görünür ki, iddiaçı vəkil ilə bağlanmış 19 may 2021-ci il tarixli, 04/303 nömrəli hüquqi yardım üzrə xidmət müqaviləsi əsasında vəkilə 500 (beş yüz) manat pul ödəmişdir. Bununla da iddiaçı tərəfindən qeyd olunan pulun ödənilməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddələrinin tələbinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -61350 (altmış bir min üç yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq Yusifova (Əsgərzadə) Sədayə Adil qızına verilməli; - iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı Cavabdeh tutularaq Yusifova (Əsgərzadə) Sədayə Adil qızına verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. 61350 (altmış bir min üç yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq Yusifova (Əsgərzadə) Sədayə Adil qızına verilsin. İddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı Cavabdeh tutularaq Yusifova (Əsgərzadə) Sədayə Adil qızına verilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar