Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-827/2024 25.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 30 aprel 2024-cü ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(078)-324/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 18 dekabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 01 aprel 2013-cü il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X5 adlı bir övladları doğulmuşdur. Cavabdeh ilə aralarında olan nikah Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(078)- 324/2022 nömrəli qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən Nilay onun yanında saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat miqdarında alimentin tutulub ona ödənilməsi qət edilmişdir. O övladı ilə birlikdə ata evində yaşayır. Hal-hazırda işləsə də qazancı elə də yüksək deyildir. Bu səbəbdən də maddi imkanı yaxşı deyil. Cavabdehin Nilaya ödədiyi 140 manat aliment onun maddi tələbatını qarşılamağa yetmir. Belə ki, onun təhsilinə, təliminə və digər xərclərinə pul lazım olur. Aldığı aliment bu gün Nilayın təminatını ödəmir və tək qadın olaraq o bunun öhdəsindən gəlməkdə çətinlik çəkir. Nilaya aliment 2022-ci ildə kəsilib, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da onların ailə büdcəsinə təsir edir. Bu səbəbdən də övladının saxlanılması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyir. Hesab edir ki, bu günkü gün bir uşağın saxlanılması üçün ayda 235 (iki yüz otuz beş) manat yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı vardır. Alimentin artırılması üçün ilkin mediasiya sessiyasında iştirak etsə də orada məsələ öz həllini tapmadığından artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə 03 iyun 2024-cü il tarixdə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmənin çıxardığı şərtlərlə razı olduğunu bildirərək işə onsuz baxılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh məhkəməyə göndərdiyi teleqramı nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahatında alimentin artırılmasını istədiyini, 2022-ci ildə 140 manat aliment müəyyən olunduğunu, həmin pulla uşağının maddi tələbatlarını qarşılaya bilmədiyini, özünün də işlədiyini, 460 manat əmək haqqı aldığını, uşağı kursa qoyduğunu, cavabdehin maddi imkanının yaxşı olduğunu, buna görə də alimentin miqdarının artırılmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, iş üzrə tərəflər 01 aprel 2019-cu il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından 18 dekabr 2020-ci il təvəllüdlü X5 adlı övladları doğulmuş, Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(078)- 324/2022 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, 18 dekabr 2020-ci il təvəllüdlü X3 iddiaçının yanında saxlanılması və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli, AZ-İV seriyalı, 788862 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 18 dekabr 2020-ci il təvəllüdlü X5 adlı övladlarının olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli, AZ-İ seriyalı, 401976 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən iş üzrə tərəflərin arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd aparılması; -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(078)-324/2022 nömrəli qətnaməsindən Cavabdeh ilə X4 arasında 01 aprel 2013-cü il tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış 84 nömrəli nikahın pozulmasının, boşanmadan sonra 18 dekabr 2020-ci il təvəllüdlü X3 anası X2 yanında saxlanılmasının, Cavabdeh 15 fevral 2022-ci il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə 140 (bir yüz qırx) manat miqdarında alimentin tutularaq 18 dekabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xeyrinə ödənilməsinin qət edildiyi aydın olur. Məhkəmə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(078)-324/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(078)-324/2022 nömrəli qətnaməsi ilə hər ay sabit pul məbləğində 140 (bir yüz qırx) manat miqdarında aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşağın böyüdükcə artan təlabatlarını, sosial-iqtisadi göstəricilərin dəyişilməsini, uşaqlar üçün yaşayış minimumunun artmasını, bu müddət ərzində cavabdehin bir uşaq üçün ödədiyi 140 (bir yüz qırx) manatdan başqa iddiaçıya uşağın tələbatlarının ödənilməsi üçün əlavə yardım etməməsini, nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay sabit pul məbləğində 210 (iki yüz on) manat miqdarında aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (235 manatın) yarısından çoxunun - 210 (iki yüz on) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi aliment məbləğinin artırılaraq 2024-cü il üçün nəzərdə tutulan yaşayış minimumu həddində təyin olunması ilə bağlı olsa da, məhkəmə aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində yəni 235 (iki yüz otuz beş) manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, iddiaçı alimentin artırılmasını istədiyi sabit pul məbləğində alimentin miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Həmçinin məhkəmə qeyd olunan nəticəyə gələrkən alimentin iddiaçı tərəfindən tələb olunduğu miqdarda müəyyən edilməsi üçün işə baxılması zamanı əlavə əsasların (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilməməsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.6-cı maddələrinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti – ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin artırılması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda ödəmənin artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə ödəmənin artırıldığı məbləğin bir il üçün nəzərdə tutulan miqdarı 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 23.14 (iyirmi üç manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(078)-324/2022 nömrəli qətnaməsi ilə 18 dekabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılmalı; -18 dekabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 210 (iki yüz on) manat miqdarında sabit pul məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; -miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; - iddia qalan hissədə rədd edilməli; - Cavabdeh 23.14 (iyirmi üç manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(078)-324/2022 nömrəli qətnaməsi ilə 18 dekabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılsın. 18 dekabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 210 (iki yüz on) manat miqdarında sabit pul məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilsin Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 23.14 (iyirmi üç manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-827/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-827/2024
25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver