Məhkəmə qərarları › İş №2(078)-833/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-833/2021

29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-833/2021 29.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilərək artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Məhərəm oğluna qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Şahbuz Rayon Məhkəməsinin 2(090)-145/2013 nömrəli, 13 noyabr 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh bir uşağın saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək sabit məbləğdə hər ay 175 (bir yüz yetmiş beş) manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq qeyd etmişdir ki, onunla Cavabdeh arasında 2008-ci il tarixdə bağlanmış nikahın pozulması, 11 oktyabr 2011-ci il tarixdə doğulmuş qızı X1 iddiaçının yanında saxlanılması və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə Şahbuz Rayon Məhkəməsində 2(090)-145/2013 nömrəli, 13 noyabr 2013cü il tarixli qətnamə qəbul edilmişdir. Həmin vaxtdan artıq 8 ilə yaxın vaxt keçir. Qızının bu il 10 yaşı tamam olacaqdır, o artıq məktəbdə oxuyur. Onun xərcləri, tələbatları artmışdır. İddiaçı özü heç bir yerdə işləmir. Atası tərəfindən ona ödənilən alimentlə onun heç bir problemini həll etmək mümkün deyildir. Alimentdən əlavə atası tərəfindən övladına heç bir maddi köməklik göstərilmir. Ödənilən alimentlə övladının normal qidalanmasını, öz yaşıdlarından geri qalmamasını, istirahətini, təhsilini, idmanla məşğul olmasını, keyfiyyətli tibbi müayinələrdən keçməsini təşkil etmək mümkün olmur. İddiaçı istəyir ki, övladı öz yaşıdlarından geri qalmasın. Bu səbəbdən də alimentin miqdarının artırılması zərurəti yaranmışdır. 29 iyul 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. 13 iyul 2021-ci il tarixdə İddiaçı məhkəməyə ərizə göndərərək ərizəsində Cavabdeh qarşı alimentin midarının dəyişdirilərək artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etdiyini, iddiasından imtina etdiyini qeyd edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilərək artırılması tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar