Məhkəmə qərarları › İş №2(078)-836/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-836/2023

29.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-836/2023 29.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X11 məhkəmə iclas katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maşının dəyəri olan 10000 (on min) manat pulun və ödəniş etdiyi 120 (yüz iyirmi) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində bildirmişdir ki, Cavabdeh 2017-ci ildə ona məxsus olan 69BE081 nömrə nişanlı VAZ21074 Minik maşınını bir il müddətinə etibarnamə ilə idarə etmək məqsədilə, hər ay 250 (iki yüz əlli) manat ödəyəcəyini vəd verərək götürmüşdür. Onun latın qrafikalı Azərbaycan əlifbasının hərflərini bilməməyindən istifadə edərək etibarnaməni 1 il müddətinə deyil 5 il müddətinə almışdır. Naxçıvan MR DİN X29 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-43-14/2-331/2023 nömrəli məktubundan görünür ki, 69BE081 nömrə nişanlı VAZ21074 Minik maşını xx.xx.2017-ci il tarixdə Naxçıvan şəhəri, Qaraçuq kənd sakini X13 adına qeydiyyata alınaraq 75BE547 dövlət qeydiyyat nişanı verilmişdir. Buradan görünür ki nəqliyyat vasitəsi məhz onun Cavabdeh etibarnamə verdiyi gündə satılmışdır. Buradan aydın olur ki, onun məqsədi onu aldatmaq olmuşdur. Bu illər ərzində cavabdeh Türkiyə Respublikasında olduğundan məhkəməyə müraciət edə bilməmişdir. Hazırda cavabdeh Naxçıvan MR ərazisindədir. Cavabdeh ona borcunu ödəyəcəyini söz vermiş, lakin ona heç bir məbləğ ödəməmişdir. Cavabdeh 12 iyun 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə birinci qrup əlil olduğunu, 2017-ci ildə arenda maşın götürmək istədiyini, ona Naxçıvanda İddiaçı maşın alıb arenda verdiyini dediklərini, İddiaçı tapdığını, ona arenda maşın götürmək istədiyini dediyini, onun onu maşın bazarına apardığını, 07 markalı maşını 6100 manata aldığını, 2 ay sürücü kimi etibarnamə verdiyini, onun 2 ay müddətində maşını vurduğunu və aşırdığını, Polada “bu maşın uğursuzdur, maşını qaytarmaq istəyirəm, əlavə nə xərci də varsa ödəyirəm” dediyini, onun da onunla razılaşdığını, 2 aya 2000 manat verdiyini, 2 aydan sonra 3500 manat Polada pul verdiyini, bankomat kartını verdiyini, bir il pensiyasını aldığını, hər ay 175 manat pensiyasını aldığını, bir il 2100 manat pensiyasını Poladın aldığını, beləliklə Poladın 6100 manata aldığı maşına özünün 7600 manat pul ödədiyini, Poladın ona mülkiyyət etibarnaməsi verdiyini, onun da həmin maşını Sahil adlı şəxsə 6100 manata kreditlə satdığını, bütün bunlardan 6 il keçdikdən sonra Poladın onun yanına gedib “maşını sənə ucuz satmışam mənə əlavə 2500 manat pul verəcəksən” dediyini, onun da ona “6100 manata aldığın maşına 7600 manat pul ödəmişəm, bundan sonra sənə heç nə verməyəcəyəm” dediyini, Poladın bundan sonra ondan Naxçıvanın bütün dövlət orqanlarına şikayət etdiyini, İddiaçı Naxçıvan Şəhər Məhkəməsində qaldırdığı iddia ərizəsinin əsassız olduğu üçün həmin iddianın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh 2017-ci ildə ona məxsus olan 69BE081 nömrə nişanlı VAZ21074 minik maşınını bir il müddətinə etibarnamə ilə idarə etmək məqsədilə, hər ay 250 (iki yüz əlli) manat ödəyəcəyini vəd verərək götürdüyünü, cavabdehin onun latın qrafikalı Azərbaycan əlifbasının hərflərini bilməməyimdən istifadə edərək etibarnaməni 1 il müddətinə deyil, 5 il müddətinə aldığını, Naxçıvan MR DİN X29 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan 69BE081 nömrə nişanlı VAZ21074 minik maşını xx.xx.2017-ci il tarixdə Naxçıvan şəhəri, Qaraçuq kənd sakini X13 adına qeydiyyata alınaraq 75BE547 dövlət qeydiyyat nişanı verildiyinin göründüyünü, nəqliyyat vasitəsinin məhz onun Cavabdeh etibarnamə verdiyi gündə satıldığını, buradan onun məqsədinin onu aldatmaq olduğunun aydın olduğunu, cavabdeh tərəfindən maşının satıldığını sonradan öyrəndiyini, bu illər ərzində cavabdeh Türkiyə Respublikasında olduğundan məhkəməyə müraciət edə bilmədiyini, cavabdehin ona borcunu ödəyəcəyinə dair söz verdiyini, lakin ona heç bir məbləğ ödəmədiyini, cavabdehin 1 il 6 ay kartını ona verdiyini, hər ay 175 manat olmaqla 18 ay ərzində cəmi 3150 manat pul çəkdiyini, cavabdehin ona əlavə pul vermədiyini, cavabdehin ona 7500 manat pul ödəmədiyini, cavabdehlə aralarında maşının kreditlə satışına dair razılaşma olmadığını, cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdehin hər ay 250 manat ödəmək şərtilə maşını kirayə götürdüyünü, lakin maşının kirayə verilməsi ilə bağlı aralarında hər hansı bir yazılı müqavilə bağlanmadığını, cavabdehin avtomobili satdıqdan sonra qaçıb Türkiyəyə getdiyini, verdiyi etibarnamədə cavabdehə avtomobili satmaq səlahiyyətinin verildiyindən məlumatı olmadığını, cavabdehin Türkiyədən qayıtdıqdan sonra isə davamlı vaxt istədiyini, pulunu verəcəyini dediyini ancaq ona heç pul vermədiyini, sonda “get məhkəməyə müraciət et, vermirəm” dediyini, onun da məhkəməyə müraciət etdiyini, cavabdehin ödədiyi 3150 manat məbləğində olan pulu avtomobilin dəyərinin qarşılığında yox kirayə haqqı qarşılığında aldığını, ekspert rəyi ilə razı olduğunu, maşının cavabdehə kirayə verilməsi ilə bağlı hər hansı bir sübutu olmadığını bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə yazılı formada göndərdiyi ərizəsində fikirlərini ifadə etdiyini, iddiaçının iddiasını qəbul etmədiyini, iddiaçının ona “kreditə maşını sənə verim” dediyini, onun da maşının onda qalacağı şərtini qoyduğunu, İddiaçı onun bankomat kartından 1 il müddətində hər ay 175 manat olmaqla pul çəkdiyini, bundan əlavə İddiaçı bir dəfə 2000 (iki min), sonra 3500 (üç min beş yüz) manat ödəniş etdiyini, maşını kirayə götürərək istifadə etmədiyini, bu barədə iddiaçının yalan danışdığını, maşını iddiaçının kreditlə ona satdığını, maşının kreditlə satılması barədə razılaşmaları ilə bağlı heç bir sübutu olmadığını, həmçinin maşının qarşılığında iddiaçıya 7500 manat məbləğində pul ödəməsi ilə bağlı heç bir sübutu olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli, 3-13-43-14/2-331/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, “Vaz 21074 markalı, 2011-ci il buraxılışlı, ağ rəngli avtomobil xx.xx.2013cü il tarixdə həsrət körpüsü kiçik müəssisəsinin 594597 nömrəli hesab arayışı əsasında ünvan 1 ünvanında qeydiyyatda olan X14 adına qeydiyyatda alınaraq **-CS-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq Naxçıvan şəhəri Qaraçuq kənd sakini X7 adına qeydiyyata alınmış, xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyat nişanı dəyişdirilərək **-BD-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq Ordubad rayon, Əndəmic kənd sakini İddiaçı adına qeydiyyata alınaraq **-BE-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq Naxçıvan şəhəri Qaraçuq kənd sakini X13 adına qeydiyyata alınaraq **-BE-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq Babək rayon, Yarımca kənd sakini X15 adına qeydiyyata alınaraq **-BG-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq Babək rayon, Məzrə kənd sakini X16 adına qeydiyyata alınaraq **-BF-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq Babək rayon, Cəhri kənd sakini X6 adına qeydiyyata alınaraq **-BJ-*** dövlət qeydiyyat nişanı verilmişdir. Halhazırda “Vaz 21074” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Babək rayon Cəhri kənd sakini X6 adında qeydiyyatda durur. İş materiallarına əlavə edilmiş 08 mart 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsidən görünür ki, X21 “Vaz 21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili 08 mart 2021-ci il tarixdə X3. İş materiallarına əlavə edilmiş 08 mart 2021-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə X4 MR DİN DYP QİTBŞ-ə müraciət edərək ona məxsus olan “Vaz 21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 08 mart 2021-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə X5 MR DİN DYP QİTBŞ-ə müraciət edərək alqı-satqı müqaviləsi əsasında aldığı “Vaz 21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsidən görünür ki, X23 “Vaz 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili 06 oktyabr 2022-ci il tarixdə X1. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə X5 MR DİN DYP QİTBŞ-ə müraciət edərək ona məxsus olan “Vaz 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə X2 MR DİN DYP QİTBŞ-ə müraciət edərək alqı-satqı müqaviləsi əsasında aldığı “Vaz 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş 100827 nömrəli X9 Şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21074” markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 21 dekabr 2017-ci il tarixdə X15 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş 046581 nömrəli X9 Şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21074” markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 08 mart 2021-ci il tarixdə X16 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 19 dekabr 2017-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı həmin etibarnamə ilə ona məxsus daşınar əmlakının üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş daşınar əmlakla bağlı bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, dəyişmək daşınar əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, pul ödəməyi bu əqdlər üzrə bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası pulu, eləcədə sənədləri almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda notariat kontoralarında onun adından ərizə və digər sənədləri verməyi, işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı izahatında Cavabdeh 2017-ci ildə ona məxsus olan 69BE081 nömrə nişanlı VAZ21074 minik maşınını bir il müddətinə etibarnamə ilə idarə etmək məqsədilə, hər ay 250 (iki yüz əlli) manat ödəyəcəyini vəd verərək götürdüyünü, cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdehin hər ay 250 manat ödəmək şərtilə maşını kirayə götürdüyünü, lakin maşının kirayə verilməsi ilə bağlı aralarında hər hansı bir yazılı müqavilə bağlanmadığını, cavabdehin avtomobili satdıqdan sonra qaçıb Türkiyəyə getdiyini, verdiyi etibarnamədə cavabdehə avtomobili satmaq səlahiyyətinin verildiyindən məlumatı olmadığını bildirsə də cavabdeh qeyd olunan halı qəbul etməmişdir. Cavabdeh isə izahatında iddiaçının ona “kreditə maşını sənə verim” dediyini, onun da maşının onda qalacağı şərtini qoyduğunu, maşını kirayə götürərək istifadə etmədiyini, bu barədə iddiaçının yalan danışdığını, maşını iddiaçının kreditlə ona satdığını, maşının kreditlə satılması barədə razılaşmaları ilə bağlı heç bir sübutu olmadığını bildirmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə iddiaçı avtomobilin cavabdehə kirayə verilməsi, aralarında kirayə barədə razılaşma əldə olunması ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, cavabdeh isə avtomobilin iddiaçı tərəfindən ona kreditlə satılmasını bildirsə də bununla bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin işin mübahisəsiz hallarından görünür ki, Cavabdeh ona verilmiş etibarnamə əsasında iddiaçıya məxsus olan VAZ21074 markalı 69BE081 dövlət qeydiyyat nişanlı avtomobili satmışdır. İşin bu münahisəsiz halını və iş materiallarında olan etibarnaməni nəzərə alan məhkəmə hesab edir ki, tərəflər arasında faktiki olaraq tapşırıq müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, iş materiallarında olan 19 dekabr 2017-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı həmin etibarnamə ilə ona məxsus daşınar əmlakının üzərində bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş daşınar əmlakla bağlı sərəncam verməyi, onun adından ərizə və digər sənədləri verməyi, işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. Cavabdeh isə həmin etibarnamə əsasında iddiaçıya məxsus olan avtomobili satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Qeyd olunan maddələrin tələbindən də göründüyü kimi tapşırıq alan tapşırığın icrası nəticəsində əldə etdiklərini tapşırıq verənə verməyə borcludur. Lakin işin araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus olan avtomobili satsa da onun satışından əldə etdiyi pulu həmin vaxt iddiaçıya verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi iş üzrə tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər mövcud olsa da cavabdeh vəkalət alan qismində icra etdiyi tapşırığın nəticəsini iddiaçıya yəni vəkalət verənə qaytarmamış, həmin pulu həmin anda özündə saxlamışdır. Göründüyü kimi tərəflər arasında qeyd olunanlara əsasən bununla da əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında heç bir müqavilə və ya qanuni əsas olmadan cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə iddiaçının avtomobilini sataraq əldə etdiyi pul məbləğini ona qaytarmalıdır. Satılan avatomobilin dəyərində münasibətdə tərəflər arasında fikir ayrılığı olduğundan məhkəmə tərəfindən həmin avtomobilin dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 dekabr 2023-cü il tarixli, 1140 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilməyən “VAZ 21074” markalı, ağ rəngli, sedan tipli, 2011-ci il buraxılış ili olan avtomobilin (uyğun nəqliyyat vasitələrinin orta bazar dəyəri götürülməklə) nəzəri qaydada orta bazar qiyməti 7800 (yeddi min səkkiz yüz) manat həcmində müəyyən olunur. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. İşin araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ona məxsus bank kartı iddiaçıya verilmiş və həmin kartdan ümumilikdə 3150 (üç min yüz əlli) manat məbləğində pul iddiaçı tərəfindən kartdan çəkilərək götürülmüşdür. Qeyd olunan halı məhkəmədə izahat verən zaman iddiaçı da bildirmişdir. Məhkəmə iddiaçının məhkəmə iclası zamanı verdiyi izahatında cavabdehin 1 il 6 ay kartını ona verdiyini, hər ay 175 manat olmaqla 18 ay ərzində cəmi 3150 manat pul çəkdiyini, cavabdehin ona əlavə pul vermədiyini qeyd etməsini həqiqətən də cavabdeh tərəfindən həmin məbləğdə pulun ona qaytarılmasının təsdiqi kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh izahatında bank kartından əldə olunan puldan əlavə İddiaçı bir dəfə 2000 (iki min), sonra 3500 (üç min beş yüz) manat ödəniş etdiyini qeyd etsə də bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir, iddiaçı isə bu halları izahatında inkar etmişdir. Cavabdehə verilən suallara cavab olaraq o, qeyd etdiklərini təsdiqləyən heç bir sübutu olmadığını bildirmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı da cavabdehin bu barədə qeyd etdiklərinin əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, iddiaçıya məxsus olmuş avtomobilin dəyəri olan 7800 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilmiş 3150 (üm nin yüz əlli) manat məbləğində hissəsi nəzərə alınmaqla ödənilməyən hissəsi olan 4650 (dörd min altı yüz əlli) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun 55.8 (əlli beş manat səksən qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -4650 (dörd min altı yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -iddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun 55.8 (əlli beş manat səksən qəpik) manat hissəsi Cavabdeh alınaraq iş üzrə İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 4650 (dörd min altı yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun 55.8 (əlli beş manat səksən qəpik) manat hissəsi Cavabdeh alınaraq iş üzrə İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar