Məhkəmə qərarları › İş №2(078)-850/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-850/2024

16.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-850/2024 16.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9830 (doqquz min səkkiz yüz otuz) manat pulun və 118.30 (yüz on səkkiz manat otuz qəpik) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı izahatında bildirmişdir ki, Mirişağa adlı yoldaşı ona demişdir ki, iki aparat vardır-biri lafetdə işləyir, digəri isə elektriklə işləyir. O aldığı aparatı Məhəmməddən almışdır. Özü də Məhəmmədlə danışdı. Məhəmməddən VİM (arpa, buğda, məkə təmizləmək üçün aparat) alıb gətirməsini xahiş etmişdir. Məhəmməd tez-tez İran İslam Respublikasına gedirdi və həmin aparatı da oradan gətirəcəkdi. Cavabdeh aparatın şəklini göstərib, yerini dedi və “üç min ver gedim gətirim” dedi. Üç min verdi və Məhəmməd aparatı gətirəcəyini bildirdi. Bu danışıq təxminən 2020-ci ildə olubdur. 4 il yarım öncə həyat yoldaşı ölən günü yəni sentyabr ayının 3-ü o danışdıqları axırıncı pulu vermişdir. Hər dəfə aparatı niyə gətirmədiyini soruşduqda sabah gətirəcəyəm deyirdi. Üç gün keçəndən sonra cavabdeh taksi göndərdi və dedi ki, “pulum çatmır üç min də əlavə ver”. Altı min kredit götürdü. Həyat yoldaşı öləndən sonra həyatdan küsmüş və Məhəmmədən pulunu qaytarmasını bildirmişdir. Qarşı tərəf Aparatın gömrükdə olduğunu və gətirəcəyini, pulunun kəsir hissəsini verməsini dedi. İddiaçının aparatı gətirmsi bir il çəkdi. Hər gün zəng vurub aparatın niyə gəlmədiyi ilə maraqlanmışdır. O həmin aparatı sex üçün alırdı. Arpa, buğdanı təmizləmək üçün hazır etmək üçün aparat lazım idi. İddiaçı hər gün sabah gətirəcəyəni deyirdi. Nəticədə iddiaçı aparatı dəqiq gətirəcəyi vaxtı dedi və razılaşmışlar. Bir gün iddiaçı ona zəng vurub aparatı Xok kəndi ilə Türkiyə Respublikasına gedən asvaltın bir hissəsinə qoyduğunu, gedib aparatı oradan götürəcəyini dedi. O da Məhəmmədə dedi ki, “mənim həyətimi tanıyırsan, aparatı niyə həyətimə gətirmirsən”. Lafet tutub aparatı gətirmişdir. Həmin vaxt aparatın onun sifariş verdiyi aparat olmadığını görmüşdür. Özünün Məhəmmədə sifariş verdiyi aparat 4 ədəd gözü vardı, bunun isə cəmi bir göz vardı. Məhəmmədə zəng edib məsələni bildirmişdir və Məhəmməd ona demişdir ki, “bütün Respublika bunun “VİM” olduğunu, sən isə “VİM” olmadığını deyirsən”. “VİM” X3 vardır və orada həmin aparata 4 ədəd kisə bağlanır. Hər bir gözün öz funksiyası vardır. Mirini də çağırıb bunun “VİM” olmadığını demişdir. 4 ildir cavabdeh nə aparatı onun həyətindən aparır, nə də onun pulunu verir. Maraqlanmışdır ki, aparat 4 il əvvəl 1300 manata alınıbdır. Polisə ərizə ilə müraciət edib cavabdehdən şikayətçi olmuşdur. Cavabdeh 5 ay hər ay 15 manat onun kartına pul amışdır. Qalan borcu isə ödəməmişdir. Bu gün 9830 manat cavabdehin ona borcu vardır. Cəmi 75 manat ödəniş etmişdir. Aparat ümumiyyətlə işlənməyibdir. Cavabdeh aparatını aparsın, onun 9830 manat pulunu qaytarsın. İddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ona cəmi 9900 manat aparatı alıb gətirmək üçün pul vermişdir. Naxçıvan Şəhər Polis İdarəsinə çağırıb bu qədər iddiaçıya borcunun olduğunu dedilər və o da razılaşdı. Polis işçisi Əli müəllim pulu aylıq hissələrə böldü. 1000 manat yanvar ayında verməli idi. Fevral ayından isə aylıq 500 manat olmaqla ödəməli idi. İranda onu aldadıblar. Cavabdeh də pul ödədiyini deyir. Şahtaxtı gömrüyünə aparatı gətirmək üçün 3300 manat pul ödəmişdir. Gömrük sənədləri özündə yoxdur. Şahtaxtı gömrüyündən keçirib aparatı. İran maşınları aparatı gömrüyə gətirib. Gömrükdən rüsum ödəyib aparatı götürmüşdür. 3500 manat aparata, 3500 manat gömrüyə rüsum ödəyib. Onun 9900 manatdan xərclədikləri bəllidir. Yerdə qalan pulu verməyə hazırdır. 75 manat pul ödəmişdir. Aparat qalsın iddiaçıda qalan pul ödəsin. Həmin aparat Kəngərli ərazisi üçün uyğun deyil, Şahbuzda istifadə edilə bilər. İddiaçının ona gətirməsini bildirdiyi aparatın İranda həmin aparat olduğunu deyiblər, o da alıb. Gətirəndən sonra iddiaçı bildirdi ki, onun dediyi aparat deyil. Qanuni qərar qəbul eidlməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını, ekspert rəyini, iddia ərizəsini, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq iddianın qismən təmin edilməsi nəticəyə gəlir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 737 nömrəli rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd İran İslam Respublikası istehsalı, 2020-ci ilin sentyabroktyabr aylarında gətirilmiş və istismarda olmamış, arxa tərəfində 02 ədəd təkəri olmaqla, ön tərəfində daşınma məqsədilə qoşqusu, üzərində “Poya KeshavarzJabbar Zade- **********3, **********4” və fars əlifbası ilə yazıları olan, traktora qoşulmaqla işləyən avadanlığın təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə (normal vəziyyətdə) orta bazar qiyməti təxminən 3800 (üç min səkkiz yüz) manat müəyyən edilir. Qeyd: Həmin avadanlıq Naxçıvan Muxtar Respublikasında yerləşən ticarət mərkəzlərində və mağazalarda satışda olmadığından, həmin avadanlıq üzrə qiymətləndirmə internet saytlarında olan məlumatlara əsasən alınma, gətirilmə və sair xərclər nəzərə alınmaqla aparılır. İş materiallarında olan məhkəmənin Naxçıvan Baş Gömrük İdarəsinə verdiyi sorğulara cavab olaraq olaraq bildirilmişdir ki, Cavabdeh tərəfindən “Şahtaxtı” və “Culfa” gömrük postlarından 2020-ci ilin sentyabr-oktyabr aylarında sorğuda qeyd edilən ölkə ərazisinə idxal edilmiş texnikanın rəsmiləşdirilməsi və ödənilmiş gömrük rüsumu barədə gömrük xidmətinin X1 Sistemində heç bir məlumat qeydə alınmamışdır. İstər iddiaçının, istərsə də cavabdehin izahatlarından məhkəmə belə müəyyən edir ki, iddia predmetini təşkil edən pul tələbi üzrə texnikanın gətirilməsinə dair tərəflər arasında müqavilə münasibətləri-razılıq mövcud olmuşdur. Lakin həmin müqavilə münasibətlərinin hansı növ razılıq olması ilə bağlı məhkəmə hesab edir ki, tərəflər arasında şifahi tapşırıq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.3-cü maddəsinə görə əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 779.2-ci maddəsinə görə vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: -779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 783.1-ci maddəsinə görə vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə görə əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. İşin araşdırılmış halları, tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçı fərdi fəaliyyətlə məşğul olmaq üçün VİM (arpa, buğda, məkə təmizləmək üçün aparat) alıb gətirməsini xahiş etmişdir. Elektron məhkəmə informasiya sistemi ilə müəyyən edilir ki, iddiaçı vergi ödəyicisi olmaqla fəaliyyətini dayandırmış VÖEN-i mövcuddur. Cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair vergi ödəyicisi olmasına dair elektron məhkəmə informasiya sistemindən hər hansı məlumat mövcud deyil. Ona görə də hazırki tələbə aidiyyəti üzrə ümumi məhkəmələrdə baxılmalıdır. Tərəflər arasında tapşırılmış texnikanın gətirilməsi üçün iddiaçı tərəfindən 9900 (doqquz min doqquz yüz) manat pul vəsaitinin cavabdehə verilməsi işin mübahisəsiz halıdır və cavabdeh tərəfindən həmin məbləğin ödənilməsi etiraf edilir. İddiaçıya təqdim edilmiş aparatın gətirilməsi tapşırılmış aparat olmaması isə tərəflərin izahatı ilə təsdiq edilir. Belə ki, texnikanın 4 ildən əvvəl gətirilməsinə baxmayaraq istifadə edilmədiyini iddiaçı bildirir, cavabdeh isə izahatında həmin texnikanın ümumiyyətlə Kəngərli rayonu ərazisi üzrə (iddiaçının olduğu yer üzrə) istifadəyə uyğun olmaması etiraf edilir. Belə olan halda məhkəmə qeyd edir ki, tapşırıq müqaviləsi şərtlərinə uyğun olaraq cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.3-cü maddəsinin tələbinə əsasən ona tapşırılmış əqdin icrası üçün verilmiş göstərişi lazımınca icra etməli idi və bu göstərişlərdən yalnız o halda kənara çıxa bilərdi ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Yəni cavabdeh iddiaçının tapşırdığı texnikanın xüsusiyyətləri barədə lazımi məlumat almalı idi, eyni zamanda gətirdiyi texnikanın xüsusiyyətləri barədə iddiaçını məlumatlandırmalı, onun razılıq verəcəyi halda həmin aparatı gətirməli idi. Bu gün cavabdehin iddiaçıya verdiyi texnika onun fəlaiyyət göstərdiyi yerə uyğun deyildir və istifadə edilməmiş vəziyyətdə qalmışdır. Ona görə də müqavilə şərtlərinə uyğun olmayan avadanlığın gətirilməsi vəkalət alan cavabdehin vəkalət verən iddiaçının ziyanına onun göstərişlərindən kənara çıxması hesab edilməklə vurulmuş zərərin əvəzini ödəməlidir. Tərəflərin izahatlarından aydın olur ki, iddiaçının cavabdehə verdiyi pul 9900 manat, cavabdehin iddiaçıya qaytardığı pul 75 manat təşkil edir. İddia tələbi 9830 manat pulun qaytarılmasını təşkil edir. 9900 manat puldan 75 manat qaytarılan pul məbləği çıxıldıqda 9825 manat pulun qaytarılmadığı müəyyən edilir. Ona görə tələb qismən təmin edilməklə 9825 (doqquz min səkkiz yüz iyirmi beş) manat pulun cavabdehdən tutulub iddiaçıya qaytarılması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən “Kapital Bank” AS-nin Naxçıvan filialı vasitəsilə 03 may 2024-cü il tarixdə 25653 nömrəli qəbzlə ödənilmiş 119 (yüz on doqquz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 118.3 (bir yüz on səkkiz manat otuz qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının xərci olan 50 (əlli) manat Cavabdeh tutularaq büdcə təsnifat kodu 142319, X4 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 9825 (doqquz min səkkiz yüz iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı qaytarılsın. İddia qalan hissədə rədd olunsun. İddiaçı tərəfindən “Kapital Bank” AS-nin Naxçıvan filialı vasitəsilə 03 may 2024-cü il tarixdə 25653 nömrəli qəbzlə ödənilmiş 119 (yüz on doqquz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 118.3 (bir yüz on səkkiz manat otuz qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan 50 (əlli) manat Cavabdeh tutularaq büdcə təsnifat kodu 142319, X4 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar