Məhkəmə qərarları › İş №2(078)-852/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-852/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-852/2021 26.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili X2 və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 Bahadur oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 2350 (iki min üç yüz əlli) manat borc məbləğinin, ödəmiş olduğu vəkil xərcinə görə 250 (iki yüz əlli) manat və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 2630 (iki min altı yüz otuz) manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh bir neçə illərdir ki, tanıyır. O, 57 bazarının yaxınlarında yerləşən mağazada təsərrüfat mallarının alqı-satqısı ilə məşğul olurdu. İddiaçı təxminən iki il öncə ondan öncədən pul verməklə bir neçə adda mal almışdır. Bir dəfəsində də 2350 (iki min üç yüz əlli) manat pulu öncədən cavabdehə verərək ondan istilik sistemlərinin təmizlənməsi üçün mayenin yararlılıq müddəti bitdiyindən cavabdehdən həmin malları almamış və ona şahidlərin yanında malın yararsız olduğunu bildirərək ona verdiyi 2350 (iki min üç yüz əlli) manat pulun özünə qaytarılmasını istəmişdir. Həmin vaxt Nizami işlətdiyi dükanı ləğv edərək fəaliyyətini dayandırırdı və elə həmin vaxtdan sonra fəaliyyətini dayandırmışdır. Nizami ona verdiyi pulun iddiaçıya qaytarılması əvəzində iddiaçıya şahidlərin yanında bildirmişdir ki, narahat olma ən qısa vaxta səndən aldığım 2350 (iki min üç yüz əlli) manatı özünə geri qaytaracağam. Lakin 2 (iki) ilə yaxındır ki, Nizami ona verdiyi 2350 (iki min üç yüz əlli) manat pulu iddiaçıya geri qaytarıb vermir. Dəfələrlə Nizamiyə aldığı 2350 (iki min üç yüz əlli) manat pulu geri qaytarmasını tələ etsə də, cavabdeh bu günədək iddiaçıdan aldığı 2350 (iki min üç yüz əlli) manat pulu iddiaçıya qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə geri qaytarmalı olduğu pulu verməkdən boyun qaçırdır. İddiaçı artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmçinin iddiaçı bu mülki mübahisə ilə bağlı 250 (iki yüz əlli) amnat ödəniş edərək vəkil tutaraq vəkildən hüquqi yardım alır. Həmin pulun cavabdehdən alınıb iddiaçıya qaytarılmasını da istəyir. 26 avqust 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. 26 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizəsində Naxçıvan Şəhər Məhkəməsində Cavabdeh qarşı pul tələbi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etdiyini, cavabdehin vəkil və nümayəndəsi Vəkil2 Bahadur oğlu tərəfindən məhkəmə zalında tələb olunana pulun yarısı olan 1175 (bir min yüz yetmiş beş) manat pulun İddiaçı ödənildiyindən, həmçinin 79 (yetmiş doqquz) ədəd istilik radiatorlarının yuyulması üçün mayenin İddiaçı təhvil verildiyindən iddiasından imtina etdiyini qeyd edərək 2(078)-852/2021 nömrəli mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 Bahadur oğlu iddiaçının qeyd etdiklərinin nəzərə alınmaqla onun iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 30.06.2021-ci il tarixli, 20836 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 30.06.2021-ci il tarixli, 20836 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar