Məhkəmə qərarları › İş №2(078)-869/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-869/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-869/2021 05.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı kredit borcu üzrə ödənilməmiş pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 12 iyul 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ödəməli olduğu kredit borcuna görə 1293 (bir min iki yüz doxsan üç) manat, kredit borcunu ödəmədiyi hər gün üçün cərimə şəklində 130 (bir yüz otuz) manat və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olan pulun, ümumilikdə, cəmi 1453 (bir min dörd yüz əlli üç) manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Naxçıvan şəhəri, PARK AVM adlanan ticarət mərkəzində məişət avadanlığı mağazası işlədir. Hələ öncələrdən tanıdığı ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh ilə aralarında bağlanmış 12 mart 2021-ci il tarixli, 6779 nömrəli kredit müqaviləsi ilə 970 (doqquz yüz yetmiş) manat dəyərində bir ədəd və 19 fevral 2021-ci il tarixli, 6688 nömrəli kredit müqaviləsi ilə 832 (səkkiz yüz otuz iki) manat dəyərində bir ədəd olmaqla ümumilikdə 2 (iki) ədəd mobil telefon kreditə vermişdir. Aralarında Cavabdeh öz xətti ilə yazılan və öz imzası ilə imzalanaraq bağlanmış müqavilələr üzrə 6779 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 970 (doqquz yüz yetmiş) manat, ilkin ödəniş məbləği 100 (bir yüz) manat, kreditin qalıq məbləği 870 (səkkiz yüz yetmiş) manat və 6688 nömrəli kredit müqaviləsi üzrə isə ümumi məbləği 832 (səkkiz yüz otuz iki) manat, ilkin ödəniş məbləği 104 (bir yüz dörd) manat, kreditin qalıq məbləği 728 (yeddi yüz iyirmi səkkiz) manat olmaqla birincini 10 (on), ikincini isə 8 (səkkiz) ay müddətində iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh 6779 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtları kredit borcunu ödəyərək iddiaçıya olan ilkin ödənişlə birlikdə 197 (bir yüz doxsan yeddi) manat borcunu iddiaçıya qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 773 (yeddi yüz yetmiş üç) manat pulu 2021-ci ilin 5-ci ayından bu günədək iddiaçıya geri qaytarmamışdır. Habelə 6688 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtları kredit borcunu ödəyərək iddiaçıya olan ilkin ödənişlə 312 (üç yüz on iki) manat borcunu iddiaçıya qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 520 (beş yüz iyirmi) manat pulu 2021-ci ilin 5-ci ayından bu günədək iddiaçıya geri qaytarmamışdır. İddiaçı ona bir neçə dəfə borclu qaldığı pulu qaytarmasını desə də, o, hər dəfəsində müxtəlif bəhanələrlə iddiaçıya ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı bildirmişdir ki, cavabdeh ilə bağladığı 6779 nömrəli və 6688 nömrəli kredit müqaviləsinə görə aralarındakı razılığa əsasən cavabdehin iddiaçıya ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər gün üçün 1 (bir) manat cərimə hesablanacağını razılaşaraq öhdəsinə götürmüşdür. Bu səbəbdən də cavabdehin iddiaçıya 12 mart 2021-ci il tarixli, 6779 nömrəli kredit müqaviləsi üzrə 2 (iki) ay ərzində ödəməli olduğu kredit borcunu bu günədək ödəmədiyi hər gün üçün 1 (bir) manatdan olmaqla 65 (altmış beş) manat pulun və 19 fevral 2021-ci il tarixli, 6688 nömrəli kredit müqaviləsi görə 2 (iki) ay ərzində ödəməli olduğu kredit borcunu bu günədək ödəmədiyi hər gün üçün 1 (bir) manatdan olmaqla 65 (altmış beş) manat pulun da iddiaçıya ödənilməsini istəyir. 05 avqust 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclası zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 05 avqust 2021-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı ilə müqavilə bağlayaraq həqiqətən də 2 ədəd mobil telefon kreditlə ödəmək şərti ilə götürdüyünü, lakin sonradan imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini, iddianı qəbul etdiyini bildirib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 05 avqust 2021-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək ərizəsində İddiaçı ilə müqavilə bağlayaraq 2 (iki) ədəd mobil telefon kreditlə ödəmək şərti ilə götürdüyünü, həmin müqaviləyə görə 1293 (bir min iki yüz doxsan üç) manat kredit borcu və 130 (bir yüz otuz) manat cərimə borcu olduğunu qəbul etdiyini göstərmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında 19 fevral 2021-ci il tarixli, 6688 nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehə iddiaçı tərəfindən 832 (səkkiz yüz otuz iki) manat dəyərində 1 (bir) ədəd telefon satması, ilkin ödəniş 104 (bir yüz dörd) manat olmaqla kreditin qalan məbləğinin 7 (yeddi) ay ərzində cavabdehin ödəməyi öhdəsinə götürməsi, kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehə iddiaçı tərəfindən 970 (doqquz yüz yetmiş) manat dəyərində kreditlə telefon satması, ilkin ödəniş 100 ( bir yüz) manat olmaqla kreditin qalan məbləğinin 9 (ay) ərzində cavabdehin ödəməyi öhdəsinə götürməsi barədə müqavilə tərəflərinin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 19 fevral 2021-ci il tarixli, 6688 nömrəli kredit müqaviləsi və 12 mart 2021-ci il tarixli 6779 nömrəli kredit müqaviləsi və tərəflərin izahatları ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış 19 fevral 2021-ci il tarixli, 6688 nömrəli kredit müqaviləsi və 12 mart 2021-ci il tarixli 6779 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh yaranmış borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli hallarıdır. Məhkəmə işin mübahisəli hallarını cavabdehin etirafını nəzərə alaraq məhkəməyə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının borcun qaytarılmasına dair tələbi cavabdeh tərəfindən etiraf olunduğundan həmçinin iş materialları ilə təsdiq edildiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsinə dair verdiyi ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz manat) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -19 fevral 2021-ci il tarixli, 6688 nömrəli kredit müqaviləsi və 12 mart 2021-ci il tarixli 6779 nömrəli kredit müqaviləsi üzrə 1293 (bir min iki yüz doxsan üç) manat əsas, 130 (bir yüz otuz) manat cərimə borcu olmaqla, ümumilikdə 1423 (bir min dörd yüz iyirmi üç) manat kredit borcu Cavabdeh tutularaq İddiaçı ödənilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz manat) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin olunsun. 19 fevral 2021-ci il tarixli, 6688 nömrəli kredit müqaviləsi və 12 mart 2021-ci il tarixli 6779 nömrəli kredit müqaviləsi üzrə 1293 (bir min iki yüz doxsan üç) manat əsas, 130 (bir yüz otuz) manat cərimə borcu olmaqla, ümumilikdə 1423 (bir min dörd yüz iyirmi üç) manat kredit borcu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz manat) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar