Məhkəmə qərarları › İş №2(078)-877/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-877/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-877/2020 10.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdehin vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 4250 (dörd min iki yüz əlli) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, onun iş üzrə Cavabdeh ilə heç bir qohumluq münasibəti yoxdur. İddiaçı qeyd etmişdir ki, 2019-cu ilin payızında qonşusu Səyalıgiləd olarkən onlara gələn qadını görmüş və həmin vaxt adının Humay olduğunu öyrənmiş, söhbət əsnasında cavabdehin onun Çernobl əlili olduğunu bilmiş və ona maşın, eyni zamanda ev verilməli olduğunu demiş, özünün bu məsələdən xəbərsiz olduğunu dediyində Humay ona bu məsələni düzəldə biləcəyini demiş və ondan görəcəyi işin müqabilində şirinlik olaraq 4000 manat verməli olduğunu demişdir. Həmin vaxt cavabdehə əlində o qədər pulun olmadığını bildirmiş, pulu borc tapıb verəcəyini demiş və 3-4 gün sonra Humayla Sayalıgildə görüşüb ona Sayalının yanında 2000 manat, 10 gün sonra diğər 2000 manatı vermiş, pulu aldıqdan 1 ay sonra Humay ondan sənədləri kitaba salan şəxsə vermək üçün 250 manat istəmiş, o də həmin pulu Humaya vermişdir. Ümumilikdə Humaya 4250 manat pul verdiyini qeyd edən İddiaçı Humay ona bir ay ərzində həm ev, həm də maşın almağına kömək edəcəyinə dair söz versə də, buna əməl etməmiş, hədisədən bir ay keçəndən sonra bu barədə cavabdehdən soruşduqda onun 2 ay sonra verəcəklərini dediyini, lakin 2 ay sonra cavabdehdən yenə də xəbər çıxmadığını, işin düzəlmədiyini gördükdən sonra Humaydan pulu tələb etsə də, bunun heç bir nəticəsinin olmadığını, daha sonra Polis idarəsinə müraciət etdiyini, idarədə cavabdehdən izahat alındığını, həmin vaxt Humayın ondan aldığı pulu etiraf etdiyini, pulu tez bir zamanda qaytaracağına söz versə də, 150 (bir yüz əlli) manat bir dəfə 250 (iki yüz əlli) manat, bir dəfə ümumilikdə 400 (dörd yüz) manat pul qaytarmış, qalan pulu qaytarmadığından məcbur qalaraq məsələnin həlli üçün məhkəməyə müraciət etdiyini bildirmişdir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Cavabdehin vəkili və nümayəndəsi X2 hüquqlarını müdafiə etdiyi, eyni zamanda nümayəndəsi olduğu Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilmiş cavabdehin vəkili və nümayəndəsi X2 iddianı qismən qəbul edərək bildirmişdir ki, təmsil etdiyi şəxsin dediyi qədəri ilə İddiaçı ona pul vermiş, lakin onun hazırda iddiaçıya 3850 (üç min səkkiz yüz əlli) manat borcu var. Cavabdeh iddiaçıya 150 (bir yüz əlli) manat bir dəfə, 250 (iki yüz əlli) manat, bir dəfə ümumilikdə 400 (dörd yüz) manat pul qaytarmışdır, hazırda cavabdehin 3850 (üç min səkkiz yüz əlli) manat borcu vardır və pulu iddiaçıya qaytarmasına etirazı yoxdur. A.Bağırov sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Hazırki halda iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən maddənin dispozitiv şərtinə görə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürülmüşdür. Belə ki, pulun verilməsinə münasibətdə sübutetmə yükü iddiaçının, verilmiş pulun qaytarılmasına münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə aşağıdakı əsalara görə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin olunmalıdır. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində 4250 (dörd min iki yüz əlli) manat pulu cavabdehdən tələb etmiş, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə münasibət bildirən iş üzrə cavabdehin vəkili və nümayəndəsi X2 təmsil etdiyi şəxsin dediyi qədəri ilə iddiaçıya 3850 (üç min səkkiz yüz əlli) manat borcu olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə Cavabdeh vəkili və nümayəndəsi X1 verdiyi izahatında təmsil etdiyi şəxsin iş üzrə İddiaçı 3850 (üç min səkkiz yüz əlli) manat borclu olduğunu etiraf etməsini cavabdeh tərəfindən borcun etirafı kimi qiymətləndirir və hesab edir ki, iş üzrə İddiaçı həmin hissədə iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir. Qaytarılmış məbləğ iddiaçı tərəfindən təsdiq edildiyindən məhkəmə mövcud borca münasibətdə tələbin təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 209.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə tərəflərdən məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşsa da, tərəflərin hər hansı başqa sübut növlərinin təmin olunmasına dair vəsatətləri olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, iş üzrə Cavabdeh 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. İddia tələbi qalmış hissədə rədd olunmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə K0500001 terminal nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 27.17 (iyirmi yeddi manat on yeddi qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. İş üzrə Cavabdeh 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə K0500001 terminal nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 27.17 (iyirmi yeddi manat on yeddi qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. İddia tələbi qalmış hissədə rədd olunsun. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar