Məhkəmə qərarları › İş №2(078)-919/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-919/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-919/2021 31.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev 3 C ünvanında yerləşən İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 1350 (min üç yüz əlli) manat məbləğində borcun, 135 (yüz otuz beş) manat məbləğində cərimənin və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında Alqı-satqı Müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktının imzalandığını, müqaviləyə və qiymətlərin razılaşma protokoluna əsasən cavabdehin iddiaçıdan ümumi dəyəri 6800 (altı min səkkiz yüz) manat olmaqla mal aldığını, həmin məbləğin 1500 (min beş yüz) manatını ilkin olaraq ödədiyini, qalıq məbləğini, yəni 5300 (beş min üç yüz) manatı 04 mart 2019-cu il tarixli qiymətlərin razılaşma protokoluna əsasən 04 yanvar 2020-ci il tarixdə tam ödəməyi öhdəsinə götürdüyünü, bu günə olan əsas məbləğ üzrə qalıq borcunun 1350 (min üç yüz əlli) manat, cərimə borcunun 135 (yüz otuz beş) manat təşkil etdiyini, bununla bağlı olaraq cavabdehə pretenziya məktubunun da göndərildiyini, bunları nəzərə alaraq, Cavabdeh İddiaçı xeyrinə 1350 (min üç yüz əlli) manat məbləğində borcun, 135 (yüz otuz beş) manat məbləğində cərimənin və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 04 mart 2019-cu il tarixli Müqavilənin (Alqı-satqı haqqında) 1.1-ci bəndinə əsasən, satıcı sifariş əsasında ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşma protokolunda əks olunan texniki avadanlıqların dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib qaimə fakturalarda əks olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. 04 mart 2019-cu il tarixli qiymətlərin razılaşma protokoluna əsasən, alıcı malların (avadanlıqların) miqdarı və məbləği ilə razılığını bildirərək qəbul edir və satıcı qarşısında öhdəlik götürərək 04 mart 2019-cu il tarixli Alqı-satqı Müqaviləsində qeyd olunmuş qaydaya və şərtlərə əməl etməklə, həmçinin ödəniş qrafikinə əsasən vaxtlıvaxtında malların məbləğini satıcıya ödəyir. Məbləğ: 6800 AZN, ilkin ödəniş: 1500 AZN, aylıq period: 10 ay. Alıcı satıcıya 04.04.2019-04.01.2020-ci il tarixləri aralığında hər ay 530 AZN ödəməyi öhdəsinə götürür. 12 iyul 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh qalıq 5300 manatdan 3950 manatını ödəsə də, bu günə olan əsas məbləğ üzrə qalıq borcu 1350 manat, cərimə üzrə borcu 135 manat təşkil edir. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 22 iyul 2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 23 iyul 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 1350 (min üç yüz əlli) manat məbləğində əsas borc, 135 (yüz otuz beş) manat məbləğində cərimə borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1515 (min beş yüz on beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 04 mart 2019-cu il tarixli Müqavilənin (Alqı-satqı haqqında) 1.1-ci bəndinə əsasən, satıcı sifariş əsasında ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşma protokolunda əks olunan texniki avadanlıqların dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib qaimə fakturalarda əks olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. 04 mart 2019-cu il tarixli qiymətlərin razılaşma protokoluna əsasən, alıcı malların (avadanlıqların) miqdarı və məbləği ilə razılığını bildirərək qəbul edir və satıcı qarşısında öhdəlik götürərək 04 mart 2019-cu il tarixli Alqı-satqı Müqaviləsində qeyd olunmuş qaydaya və şərtlərə əməl etməklə, həmçinin ödəniş qrafikinə əsasən vaxtlı-vaxtında malların məbləğini satıcıya ödəyir. Məbləğ: 6800 AZN, ilkin ödəniş: 1500 AZN, aylıq period: 10 ay. Alıcı satıcıya 04.04.2019-04.01.2020-ci il tarixləri aralığında hər ay 530 AZN ödəməyi öhdəsinə götürür. Lakin Cavabdeh müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilədən irəli gələn öhdəliyi yerinə yetirməmişdir. Bundan başqa, iddiaçı təşkilat iddia ərizəsində 20 manat dövlət rüsumunun ödənilməsini qeyd etsə də, qəbzlə 30 manat rüsum ödənilməsi təsdiqini tapır. Məhkəmə bu halı texniki səhvlik kimi nəzərə alır və qeyd edir ki, tələb məbləği 500 manatdan yuxarı olduğundan, dövlət rüsumu 30 manat tələb olunduğundan iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1350 (min üç yüz əlli) manat məbləğində əsas borc, 135 (yüz otuz beş) manat məbləğində cərimə borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1515 (min beş yüz on beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar