Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-923/2025 26.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ona olan 285 (iki yüz səksən beş) manat borc pulun və ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, 2010-cu ilin fevral ayında oğlunu uşaq xəstəxanasına aparmışdır. Həmin xəstəxanada işləyən Cavabdeh oğluna arayış verməli idi. Arayışı verərkən onu çölə çağırmışdır. Təcili pula ehtiyacı olduğunu və heç kimdən pul istəyə bilmədiyini bildirmişdir. Ona demişdir ki, “mən lotereya oynayıram ən geci 10 günə pulunu qaytaracam”. Ona inanmış və 760 (yeddi yüz altmış) manat pul vermişdir. Həmin gündən sonra cavabdeh aradan aylar, illər keçməsinə baxmayaraq ona heç bir ödəniş etməmişdir. Hər dəfə fərqli bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. 2017- 2018-ci illər arasında ilk dəfə ona ödəniş etmiş, lakin bu da sadəcə 175 (bir yüz yetmiş beş) manat miqdarında olmuşdur. Geriyə 585 (beş yüz səksən beş manat) borcu qalmağına baxmayaraq həmin pulu ona ödəməmişdir. O məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh məhkəməyə çağırılmış və qarşılıqlı razılığa gələrək ayda ona 100 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin aradan keçən bu 7 ildə ona sadəcə 300 (üç yüz) manat ödəyib geri qalan 285 (iki yüz səksən beş) manat borcunu ödəməkdən boyun qaçırmışdır. 15 ildir ki, o, cavabdehdən ona verdiyi pulu geri ala bilmir. Hər dəfə fərqli bəhanələrlə pulu verməkdən imtina edir. O da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında 2010-cu ildə oğlunun əməliyyat olunduğunu, onu xəstəxanaya apardığını, sahə həkiminin Cavabdeh olduğunu, onları çox xoş qarşıladığını, hər şeyləri ilə maraqlandığını, sonra onu çölə çağırdığını, oğlunun işə düzəldiyini, sənədləşmə üçün pula ehtiyacı olduğunu, heç kimdən istəyə bilmədiyini bildirdiyini, ondan 300 manat pul istədiyini, lotereya oynadığını, alıb onun pulunu qaytaracağını bildirdiyini, özünün də yanında olmadığını, evdən gətirib verə biləcəyini bildirdiyini, evdən gətirib 300 manat borc pul verdiyini, sonra iş yerinə gəlib 200 manat da əlavə pul istədiyini, pulunun olmadığını bildirdikdə, tapmağını, çox təcili lazım olduğunu bildirdiyini, özünün də 200 manat pul verdiyini, sonra bir dəfə də 200 manat istədiyini, yenə verdiyini, sonra da az-az olmaqla telefon pulu və s. üçün 60 manat da pul aldığını, ümumilikdə 760 manat borca pul almış olduğunu, 2018-ci ildə borcunu qaytarmadığı üçün məcbur qalıb Ədliyyə Nazirliyinə müraciət etdiyini, oradan onu məhkəməyə, Saleh müəllimin yanına göndərdiklərini, cavabdehi də çağırdıqlarını, hər ay 100 manat ödəniş etməyə razılıq verdiyini, ondan sonra borcunun bir qismini yəni 300 manatını qaytardığını, hal-hazırda cavabdehin 285 manat borcu qaldığını, bu səbəbdən məcbur qalaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, pulu heç kimin yanında vermədiyini, pulu cavabdehə verməyini təsdiq edəcək şahid olmadığını, əlində yazılı heç bir sənəd olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında iddiaçının qeyd etdiklərinin bir qisminin yalan olduğunu, lotereya oynadığını, ilk olaraq, 100 manat pul verdiyini, özünün lotereya üçün pul istədiyini, sonra da 200 manat verdiyini, iş yoldaşının iddiaçının faizə pul verdiyini dediyini, sonra iddiaçıdan başqa pul almadığını, iddiaçıya borcuna görə 175 manat pul verdiyini, ondan sonra maddi vəziyyətinə görə başqa xəstəxanaya getdiyini, onu məhkəməyə çağırdıqlarını, məhkəmə iclası keçirilmədiyini, sadəcə hər ikisini qəbul etdiklərini, onlara da borcundan “175 manat vermişəm” dediyini, “qalanı da ver bitsin” dediklərini, özünün də razılaşdığını, daha sonra 3 nömrəli bağçanın yanında 125 manat iddiaçıya pul verdiyini, beləliklə də borcu olan 300 manatın bitmiş olduğunu, iddiaçının evinə gəldiyini, səsini yazdığını, iddiaçının ondan pulu gecikdirdiyi üçün avtobus, kontur, faiz pulu istədiyini, birinci yarı-yarı pulu ödəməyə razılaşdığını, 285 manatda dayandığını dediyini, yoxsa qiyməti yenə də artıracağını, sonra da niyə də əlavə pul verməli olduğunu düşündüyünü, pulu hər hansı sənədlə vermədiyini, özünün borcu olsa, aybaay pulunu verəcəyini, iddiaçıdan cəmi 300 manat borc aldığını, onu da qaytardığını, iddiaçıya pulu verən zaman özünün “borcum bitdi” dediyini, iddiaçı da “hə bitdi” dediyini, iddiaçının saatlarla iş yerində kabinetinin önündə durub gözləyərək onu narahat etdiyini, iddiaçıdan pulu 2015, ya da 2016-cı ildə aldığını, 2010-cu ildə almadığını, iddiaçının oğlunun özünün xəstəsi olduğunu, elə tanış olduqlarını, iddiaçıya hazırda heç bir borcu olmadığını, ondan iddia ərizəsində göstərilən məbləğdə borc almadığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Maddənin dispozisiyasından da göründüyü kimi sübutetmə yükü pulun verilməsinə münasibətdə iddiaçının, öhdəliyin icra edilməsinə yəni pulun qaytarılmasına münasibətdə isə cavabdehin üzərində düşür. İddiaçı isə iddia ərizəsində və məhkəməyə verdiyi izahatlarında Cavabdeh ümumilikdə 760 manat məbləğində pul verdiyini, həmin pulun 285 manatının cavabdeh tərəfindən qaytarılmadığını, qalan hissəsinin isə qaytarıldığını qeyd etsə də nə cavabdehə 760 manat məbləğində pul verməsini, nə də cavabdehin həmin puldan 285 manatını qaytarmadığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, hətta məhkəmə iclasında verdiyi izahatında pulu cavabdehə verməyini təsdiq edəcək şahid olmadığını, əlində yazılı heç bir sənəd olmadığını bildirmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçının qeyd etdiklərini təkzib edərək iddiaçı tərəfindən ona cəmi 300 manat məbləğində pul verildiyini, həmin pulu da 175 manat və 125 manat olmaqla 2 dəfəyə qaytardığını bildirmişdir. Həmçinin məhkəmə tərəfindən İddiaçı Cavabdeh pulun verilməsini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan sənədlər məhkəməyə göndərilməmişdir. Həmçinin məhkəmədə işin araşdırılması zamanı da həmin hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı 760 (yeddi yüz altmış) manat məbləğində tələb olunan pulun 460 manat məbləğində hissəsini cavabdehə verməsini və Cavabdeh tərəfindən həmin puldan 285 (iki yüz səksən beş) manatının qaytarılmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddiaçının iddia tələbi əsassızdır. Cavabdehin 300 manat məbləğində pulun iddiaçı tərəfindən ona verilməsini məhkəmə tələb olunan borcun həmin hissəsinə münasibətdə təsdiqi sayır. Həmçinin iddiaçı tərəfindən hərdən 100 manat olmaqla 300 manat məbləğində pulun cavabdeh tərəfindən ona qaytarılmasını deməsini də həqiqətən də cavabdeh tərəfindən həmin pulun qaytarılmasının təsdiqi sayır. İddiaçı qalan məbləğdə pulun cavabdehə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı da həmin halların əsaslı olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı isə 285 (iki yüz səksən beş) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi ilə bağlı iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, İddiaçı 285 (iki yüz səksən beş) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-923/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-923/2025
26.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver