Məhkəmə qərarları › İş №2(078)-948/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-948/2024

19.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-948/2024 19.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit məbləğdən dəyişdirilərək cavabdehin qazancından və başqa gəlirlərdən tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı 04 iyun 2024-cü ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(078)-576/2021 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin dəyişdirilərək 05 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 01 oktyabr 2014-cü il tarixdə rəsmi qeydiyyatdan keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 05 oktyabr 2015-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(078)-576/2021 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və 05 oktyabr 2015-ci il təvəllüdlü X4 onun yanında saxlanılmaqla, yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit məbləğdə 175 (yüz yetmiş beş) manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda övladı ilə birlikdə yaşayır və uşağının saxlanılmasında böyük çətinliklər çəkir. Cavabdeh hazırda ödədiyi 175 (yüz yetmiş beş) manat məbləğində pul övladının saxlanılmasına yetmir. Övladı elə yaş həddindədir ki, onun təhsilinə, təliminə və digər xərclərinə pul lazım olur. Hazırda cavabdeh Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfirliyində birinci katib vəzifəsində işləyir və aylıq yüksək qazanc əldə edir. Bu səbəbdən də, alimentin sabit məbləğdən dəyişdirilərək onun qazancından tutulmasını istəyir. 09 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizədə məhkəməyə Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(078)- 576/2021 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin dəyişdirilərək 05 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiklərini, hazırda tələblərində dəqiqləşdirmə apararaq Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(078)- 576/2021 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin tutulma qaydasının dəyişdirilərək 05 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (və ya başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-948/2024 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2021ci il tarixli, 2(078)-576/2021 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin tutulma qaydasının dəyişdirilərək 05 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (və ya başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi həddində baxılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə 05 oktyabr 2015-ci il təvəllüdlü X3 iddiaçının yanında saxlanılmasının və cavabdehdən hər ay sabit məbləğdə 175 (yüz yetmiş beş) manat alimentin tutularaq ona ödənilməsinin qət edildiyini, cavabdehin yaxşı qazanc əldə etdiyini, iddiaçının 175 manat alimentlə uşağı saxlamaqda çətinlik çəkdiyini, bu səbəbdən Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(078)-576/2021 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin tutulma qaydasının dəyişdirilərək 05 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (və ya başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsini istədiklərini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər 01 oktyabr 2014-cü il tarixdə Naxçıvan şəhər Nikah Evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların birgə nikahından 05 oktyabr 2015-ci il təvəllüdlü X4 adlı övladı doğulmuşdur. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(078)- 576/2021 nömrəli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra 05 oktyabr 2015-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmış, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit məbləğdə 175 (yüz yetmiş beş) manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(078)-576/2021 nömrəli qətnaməsindən tərəflər arasında 01 oktyabr 2014-cü il tarixdə Naxçıvan şəhər Nikah Evində nikahın bağlanması; - iddia ərizəsinə əlavə olunmuş 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 oktyabr 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 640441 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 05 oktyabr 2015-ci il təvəllüdlü X4 adlı övladlarının olması; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(078)-576/2021 nömrəli qətnaməsindən iş üzrə tərəflər arasında 01 oktyabr 2014-cü il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış 459 nömrəli nikahın pozulması, boşanmadan sonra 05 oktyabr 2015-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, Cavabdeh 30 iyun 2021-ci il tarixdən hesablanmaqla, hər ay sabit məbləğdə 175 (yüz yetmiş beş) manat miqdarında alimentin tutularaq, 05 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməsinin qət edilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(078)-576/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(078)-576/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilərək, 05 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər aylıq qazancının (və ya başqa gəlirinin) 1/4 hissəsi miqdarında aliment tələb etməsidir. İşin mübahisəli halının həllinə hüquqi aydınlıq gətirmədən öncə məhkəmə onu qeyd edir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. İstər ailə qanunvericiliyi, istərsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarından görünür ki, məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin faktiki hallarından isə müəyyən olur ki, tərəflər arasında olan nikah məhkəmə qaydasında pozularkən məhkəmə uşağın saxlanılması üçün alimentin tutulma qaydasını sabit pul məbləğində müəyyən etmişdir. İddiaçı isə hazırki tələbində cavabdehdən onların birgə nikahından doğulmuş uşağın saxlanılması üçün alimentin cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulmasını və əvvəl müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin mahiyyətindən aydın olur ki, aliment aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulduqda onun miqdarı ailə qanunvericiliyinin müəyyən etdiyi məbləğdə təyin edilir. Qanunvericilik hüququna toxunan şəxsin müraciəti əsasında məhkəməyə həmin payları artırıb-azalda bilmə səlahiyyəti verdiyi halda, həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə alimentin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçının tələbinin mahiyyətindən aydın olur ki, o, alimentin tutulma qaydasının dəyişdirilməsini istəyir. İşin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırki mülki iş üzrə isə alimentin miqdarının deyil, onun tutulması qaydası dəyişdirildiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsi tətbiq edilməklə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından aydın olur ki, Seyidova X1 Şəhər Məhkəməsinə “04” iyun 2024-cü il tarixdə müraciət etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən, alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat +1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin, iddia üzrə bir il ərzində ödəmənin məcmusu 1000 manatdan çox olduğundan, iddia təmin edildiyindən 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(078)-576/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli; -“04” iyun 2024-cü il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından olan 05 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (və ya başqa gəlirinin) 1/4 hissəsi miqdarında aliment tutulmaqla uşağın anası İddiaçı ödənilməli; -Cavabdeh 44 (qırx dörd) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(078)-576/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. “04” iyun 2024-cü il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından olan 05 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (və ya başqa gəlirinin) 1/4 hissəsi miqdarında aliment tutulmaqla uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 44 (qırx dörd) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar