Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-96/2022 09.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı Atay (Hüseynova) Zeynab Süleyman qızının, iddiaçının vəkili X4 və Cavabdeh iştirakı ilə, iddiaçı Atay (Hüseynova) Zeynab Süleyman qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Atay (Hüseynova) X6 Muxtar Abbas oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat borc məbləğinin, vəkil xərcinə görə 400 (dörd yüz) manat pulun və 95 (doxsan beş) manat dövlət rüsumunun, ümumilikdə 7495 (yeddi min dörd yüz doxsan beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə qərardadı ilə, Atay (Hüseynova) Zeynab Süleyman qızının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçı Atay (Hüseynova) Zeynab Süleyman qızının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin olunmuş, iddia tələbinə “Cavabdeh 7000 (yeddi min) manat borc məbləğinin, vəkil xərcinə görə 350 (üç yüz əlli) manat pulun və 95 (doxsan beş) manat dövlət rüsumunun, ümumilikdə 7445 (yeddi min dörd yüz qırx beş) manat pulun alınıb iddiaçıya verilməsi" tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən Atay (Hüseynova) Zeynab Süleyman qızı iddianı müdafiə edərək, Cavabdeh ilə 2012-ci il tarixində nikaha girərək ailə həyatı qurduğunu, birgə nikahlarından 13 sentyabr 2013-cü il tarixdə X3 doğulduğunu, cavabdehlə yola gedə bilməmə səbəbindən 2015-ci il tarixdə aralarındakı nikaha son qoyulduğunu, nikahlarına son qoyulsada, uşağına görə ara bir görüşdüklərini, bu görüşlər zamanı Muxtarın onun maddi vəziyyətinin yaxşı olmasını gördüyünü, belə görüşlərin birində cavabdehin ona “mənə pul ver, maşın alım, taksi kimi istifadə edim və yenidən ailə kimi bir yerdə yaşayaq” dediyini, cavabdehin ona kreditlə maşın götürmək istədiyini və ona maşın almaq üçün 5500 manat pul lazım olduğunu bildirdiyini, ona ilk öncə pul vermək istəmədiyini, lakin cavabdehin gəlib ailəni bərpa edək deyə dil tökdüyünü, bir yerdə bir ailə kimi yaşamaqlarını israr etdikdən sonra ona yenidən etibar etdiyini, onun maşın almaq üçün ondan istədiyi 5500 manat pulu ona verdiyini, Muxtarın ona “narahat olma, ən qısa zamanda taksi işləyib pulunu özünə qaytaracağam” deyə söz verdiyini, Muxtarın gedib maşın alıb ilkin ödəniş etdikdən sonra gəlib ona“ilk vaxtlar maddi imkanım yaxşı olmadığından mənə aylıq 300 manat olmaqla, beş ay ərzində borc pul ver” dediyini, ona inanıb beş ay olmaqla, 300 manatdan 1500 manat pulu Muxtarın özünə verdiyini, beləliklə, ümumilikdə Muxtara 7000 manat pul borc verdiyini, bundan sonra dəfələrlə Muxtara ona borclu olduğu 7000 manat pul borcunu geri qaytarmasını ondan tələb etsə də, cavabdehin bu günədək borcunun ona qaytarılması ilə bağlı heç bir addım atmadığını, hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdığını, pulunu ona verməsini istədikdə onu nalayiq sözlərlə təhqir etdiyini, artıq bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəldiyini,həmçinin bu mülki mübahisə ilə bağlı 350 (üç yüz əlli) manat ödəniş edərək, vəkil tutaraq, vəkildən hüquqi yardım aldığını, həmin pulun cavabdehdən alınıb ona qaytarılmasını da istədiyini, artıq onun pozulmuş hüquqlarının bərpasının məhkəmə qaydasında tənzimlənməli olduğunu, iddia tələbinin tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsinin çıxarılmalı olduğunu, cavabdeh tərəfindən ödənilməli olan pul tələbinin təmin edilməli olduğunu, tələb etdiyi 7000 (yeddi min) manat borc məbləğinin, vəkil xərcinə görə 350 (üç yüz əlli) manatın və 95 (doxsan beş) manat dövlət rüsumunun cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməli olduğunu hesab etdiyini, Muxtara pul verərkən anası X2 onun yanında olaraq ona pul verməyinə şahid olduğunu, cavabdehə 5500 manatı 9 ay əvvəl yaşadığı evində verdiyini, yanlarında cavabdehin tanışı Oruc adlı şəxsin olduğunu, avtomobili “Cahan Motorsdan” aldıqlarını, “Nazlifan” markalı avtomobil olduğunu, cavabdehin avtomobili aylıq 620-640 manat ödəmək şərti ilə aldığını, aylıq ödəməni ödəyə bilmədiyindən cavabdehə aylıq 300 manat verdiyini, cavabdehə barışmaq şərtilə 5500 manat pul verdiyini, cavabdeh onunla barışmadığından başqa qadınlarla gəzdiyindən ondan pulunu istədiyini, cavabdehin həmin vaxt işsiz olduğunu pulunun olmadığını, özünün isə pulu olduğunu cavabdehin bildiyini bu əsasla ona barışıq təklif etdiyini göstərərək, Cavabdeh 7000 (yeddi min) manat borc məbləğinin, vəkil xərcinə görə 350 (üç yüz əlli) manat pulun və 95 (doxsan beş) manat dövlət rüsumunun, ümumilikdə 7445 (yeddi min dörd yüz qırx beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən X7 iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını, bunların nəzərə alınaraq, iddianın təmini barədə qərar verilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasında verdiyini izahatında iddianı qəbul etmədiyini, iddiaçının ona şər atdığını, aylıq iddiaçıya 100 manat aliment verdiyini, verməyəndə iddiaçının ondan alimenti tələb etdiyini, ona pul verməsinin əsasının olmadığını, avtomobili “Lifan” zavoddan götürdüyünü, həmin vaxt Naxçıvan şəhər Abadlıq və Təmir-tikinti idarəsində işlədiyini, avtomobil almaq üçün pulu xalasının verdiyini, daha sonra xalasının borcunu qaytarmaq üçün bankdan kredit götürdüyünü, həmin kreditin götürülməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etdiyini, iddiaçının avtomobilin kreditini ödəməsi üçün ona ayda 300 manat pul vermədiyini, krediti özünün ödədiyini, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X5, tərəflərdən birinin qızı, birinin sabiq kürəkəni olduğunu, tərəflərlə heç bir ədavətinin olmadığını, cavabdehin tez-tez gəlib uşağı gördüyünü, ailə quran gündən işləmədiyini, cavabdehin iddiaçı ilə barışmaq istədiyini, qızının razı olduğunu, lakin özünün buna razılıq vermədiyini, qızına barışma dediyini, Muxtərin yalançı olduğunu dediyini, ona pul vermə dediyini, qızının isə mən onunla barışıram dediyini, cavabdehin iddiaçıya uşaqları hazırlığa aparmaq üçün maşın lazım olduğunu dediyini, cavabdehin iddiaçıdan ona pul verməsini istədiyini, iddiaçının cavabdehə maşın alması üçün ilkin ödəniş olaraq 5500 manat pul verdiyini, indi isə pul verilməsini dandığını, iddiaçının cavabdehə pulu onun yanında vermədiyini, amma pulun verməsini bildiyini, həmin vaxt evdə onların yanında yox çöldə olduğunu, pulun 8 aprel 2021-ci il tarixdə verildiyini, avtomobilə dair sənədləri görmədiyini, 5 ay müddətində iddiaçının hər ay 300 manat cavabdehə ödədiyini, daha sonra isə cavabdehin avtomobilə əxlaqsız qadınlar mindirdiyini, ona görə iddiaçının cavabdehi qəbul etmədiyini bildirdi. İş materiallarına əlavə edilmiş 23 oktyabr 2021-ci il tarixli, GTKR4312741A500 saylı kredit müqaviləsinə əlavəyə (ödəniş qrafiki) əsasən, Cavabdeh "xxxx" ASC-nin Naxçıvan filialından 48 ay müddətinə illik 28%-lə, 5270 AZN məbləğində kredit götürmüş, götürdüyü krediti faizləri ilə birlikdə 25 noyabr 2021-25 sentyabr 2025-ci il tarixləri aralığında hər ay 183.67 AZN, 27 oktyabr 2025-ci il tarixdə isə 190.81 AZN ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb tərəflərin izahatlarını, şahidin ifadəsini, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə tədqiq edilmiş iş materiallarını, tərəflərin izahatlarını, şahid ifadəsini yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 5500 manat pul verməsini təsdiq edən sənədləri və sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə baxışı zamanı cavabdehə pul borc verməsini bildirsə də bu faktı sübut edə bilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində həmçinin məhkəmə baxışında cavabdehə 5500 manat borc pulun verilməsi tarixini göstərə bilməmiş, həmin pulun verilməsini, həmçinin həmin pula avtomobilin alınmasını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və bu hal məhkəmə baxışında verilən izahatlar və ifadə ilə təsdiq olunmamışdır. İddiaçı iddia ərizəsində pulu cavabdehə evində anası Yeganə Hüseynovanın yanında verdiyini, anasının şahid olduğunu onun məhkəmədə şahid qismində dindirilməsini qeyd etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən X5 ifadəsində iddiaçının onun yanında cavabdehə pul vermədiyini, həmin vaxtı onların yanında olmadığını, amma qızının həmin pulu cavabdehə verməsini bildiyini göstərmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hər ay cavabdehə 300 manat olmaqla beş ay pul verməsini qeyd etsədə həmin pulun verilməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı məhkəmə baxışında verdiyi izahatında pulu borc şərti ilə deyil barışaraq ailəni bərpa etmək şərti ilə verdiyini bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçının ona pul vermədiyini, ondan pul alaraq avtomobil almadığını bildirmişdir. Məhkəmə vəkilə ödənilən xərc tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi rədd olunduğundan tələb həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Atay (Hüseynova) Zeynab Süleyman qızının Cavabdeh qarşı pul tələbinə dair iddia rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-96/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-96/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver