Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-983/2022 02.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı X3 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilək artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(079)-250/2014 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilib artırılaraq Cavabdeh hər ay 200 (iki yüz) manat miqdarında aliment tutularaq 16 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 16 oktyabr 2009-cu il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə 410 nömrəli akt qeydi icra edilmişdir. Tərəflərin birgə nikahından 16 dekabr 2010-cu il təvəllüdlü X4 adlı övladları var. Babək Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(079)-250/2014 nömrəli qətnaməsi ilə tərəflər aralarındakı nikah qeydi pozulmuş, boşanmadan sonra 16 dekabr 2010-cu il təvəllüdlü X4 iddiaçının yanında saxlanılmaqla, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 avqust 2014-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay sabit məbləğdə 100 (bir yüz) manat miqdarında aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi Y.Cəfərova tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə olunmuş 05 may 2009-cu il tarixdə verilmiş 098868 nömrəli vəsiqənin surətindən aydın olur ki, Cavabdeh İİ qrup əlildir. Naxçıvan MR DSMF phş Naxçıvan şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1984 nömrəli arayışdan məlum olmuşdur ki, Cavabdeh İdarədə qeydiyyatda durmaqla müddətsiz üçüncü qrup əlilliyə görə hər ay 261.22 manat məbləğində pensiya alır. Məhkəmə iclasında iddiaçı X7 verdiyi izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 16 oktyabr 2009-cu il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların nikahlarından 16 dekabr 2010-cu il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən onun tələbi əsasında Babək Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(079)-250/2014 nömrəli qətnaməsi ilə aralarındakı nikah qeydi pozulmuş, boşanmadan sonra övladı onun yanında saxlanılmaqla, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 avqust 2014-cü il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə 100 (bir yüz) manat miqdarında aliment tutulması qət edilmişdir. Cavabdeh hər ay 100 manat alimenti vaxtlı vaxtında ödəyir. Özü ali təhsillidir lakin işləmir. Cavabdeh isə həm pensiya alır, həm də Bakı şəhərində fərdi əmək fəaliyyəti ilə məşğul olur və kifayət qədər qazanc əldə edir. Məhkəmə qətnaməsi ilə alimentin müəyyən olunduğu dövrdən xeyli müddət keçib, uşaq artıq böyüyüb, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin Vİ sinfində oxuyur, həm də əvvəlki illərdə olduğu kimi hazırlıq üçün müəllimlərin yanına hazırlığa gedir, ona görə də uşağın tələbatları artıb. O, övladının qidalanması, geyimlə təmin olunması, hazırlığa getməsi və başqa xərclərinin qarşılanmasını tam şəkildə ödəyə bilmir. Uşağa nənəsi Yolgözlər xanım və atası Vüsal tərəfindən maddi köməklik edilir, ancaq həmin köməlik uşağın maddi tamınatını tam ödəmir. Cavabdeh isə bir ata kimi özü könüllü alimentin miqdarını artırmır. İddiaçı qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək verdiyi izahatında iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Cavabdehin nümayəndəsi X6 hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, nümayəndəsi olduğu şəxs onun oğludur. Vüsalın hər ay aldığı pensiyasından 100 manat aliment ödədiyini, bundan başqa qalan digər vaxtlarda həm özü həm də Vüsalın uşağın digər təlabatlarını gücləri çatdığı qədəri ilə ödəyirlər. Uşağın yol pulunu, müəyyən hallarda əyin-başına kimi hər şey alırlar. Vüsal maddi baxımdan çatdıra bilməyəndə aliment pulunu özü pensiyasında verir. O bundan sonra da nəvəsi üçün nə lazımdrsa edəcək, lakin hazırki vəziyyətdə alimentin artırılması düzgün deyil, çünki Vüsal əlildir və hər ay 261 manat pensiya alır. Onun bundan başqa əlavə gəliri yoxdur. Cavabdeh Y.Cəfərova qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunum 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, 2014-cü il üçün yaşayış minimumunun bir uşaq üçün 103 manat məbləğində müəyyən edilmiş, Babək Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(079)-250/2014 nömrəli qətnaməsi ilə 16 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 avqust 2014-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay sabit məbləğdə 100 (bir yüz) manat miqdarında aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. 2014-cü ildən 8 il müddət keçdiyindən həmin müddət ərzində uşağın gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmur. Uşağın tələbatlarının artmasının mübahisə doğurmadığını nəzərə aldıqda məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan təmin edilməli, Cavabdeh hər ay sabit məbləğdə 140 (bir yüz qırx) manat miqdarında aliment tutularaq 16 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən iddiaçının cavabdehin kifayət qədər qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Eyni zamanda 05 may 2009-cu il tarixdə verilmiş 098868 nömrəli vəsiqənin surətindən aydın olur ki, Cavabdeh əlildir və əlilliyə görə hər ay 261.22 manat məbləğində pensiya alır. Bundan başqa tərəflər izahatlarında da qeyd etmişdir ki, cavabdeh və cavabdehin anası hər ay alimentdən başqa uşağın digər xərclərinin qarşılanmasında da iştirak edir. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Lakin həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Buna görə də iddia qismən təmin edildiyindən cavabdehdən tutulacaq dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə uyğun olaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(079)-250/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə 140 (bir yüz qırx) manat miqdarında aliment tutularaq 16 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 21 (iyirmi bir) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-983/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-983/2022
02.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver