Məhkəmə qərarları › İş №2(078)-99/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-99/2021

08.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-99/2021 08.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mənzilinə vurduğu ziyana görə 3500 (üç min beş yüz) manat pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında çoxmərtəbəli binanın birinci mərtəbəsində yaşayır və mənzilin mülkiyyətçisidir. Cavabdeh isə həmin binada ikinci mərtəbədə yaşayır və onun üst qonşusudur. Cavabdeh dəfələrlə onun yaşadığı mənzilə su axıdılması nəticəsində ziyan vurmuşdur. Lakin əvvəllər vurduğu ziyanla bağlı məhkəməyə müraciət etməmiş, özü tərəfindən ziyanı aradan qaldırmışdır. Lakin 2020-ci ilin yay aylarında mənzilini tam təmir etdirdikdən sonra cavabdehin mənzilindən su axıdılmış, mənzilin iki otağının və koridorunun tavanı yararsız vəziyyətə düşmüş, üzərində ləkələr yaranmışdır. Mənzilin döşəməsinin laminatı qabarmışdır. Cavabdehdən ona vurulmuş ziyanı tələb etsə də, sadəcə olaraq 500 manat pul ödəyəcəyini bildirmişdir. Tək qadındır və bütün işləri özü yerinə yetirir, cüzi bir işi usta görür. Onun evini düzəldəcək usataya əl muzdu cavabdehin təklif etdiyi məbləğdən artıq olacaqdır. Mənzilinə ziyan vurulduqdan sonra təmir ustası çağıraraq ümumi vurulan ziyanı çıxardaraq usta haqqı ilə birlikdə 3500 manat olduğunu hesablamışdır. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək izahatında iddiaçının mənzilinin ikinci mərtəbəsində mənzili vardır, mənzilə su axıdılması iddiaçının və mənzil istismar idarəsinin günahıdır. O sözügedən mənzilin sahibi olsa da tək olduğu üçün qızının evində yaşayır. Öz telefon nömrəsini mənzil istismar idarəsinin nümayəndəsinə vermişdir ki, bir narahatçılıq olanda ona zəng vursunlar. Evə su axıdılmasının səbəbi istilik xətlərinə suyun vurulmasından onu məlumatlandırılmaması olmuşdur. İddiaçı onun evində usta işləməsinə icazə verməmiş, səs-küy olduğunu dəfələrlə ustaya bildirmiş və usta işi yarımçıq qoyub getmişdir. İstilik xətlərinə su vurulan zaman istilik xətləri çıxarılmış vəziyyətdə olduğundan su evinə dolmuş, oradan birinci mərtəbəyə sızmışdır. Onun da evinə ziyan dəymişdir. Sonra evə gələrkən qonşunun evinə baxmış, kürəkəni tikinti materialları satdığından bütün xərci hesablamışdır və ümumi ziyanın 500 manat olduğunu dəqiqləşdirdikdən sonra iddiaçıya həmin pulu verməsini təklif etsə də iddiaçı ondan 3500 manat tələb etmişdir. İddiaçının mənzilinin laminatlarına heç bir ziyan dəyməmişdir, divar kağızlarını iddiaçının anasından götürmüşdür ki, alıb divar kağızlarını dəyişdirsin. Lakin iddiaçı razılaşmamışdır. Ona qarşı qaldırılan iddia tələbini qəbul etmir və əsassız hesab edir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidr. Mülki işin materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri İstiqlal küçəsində 129 nömrəli 5 mərtəbəli binanın 6-cı girişində 1-ci mərtəbəsində 45.24 kv.m ümumi, 29.14 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 56 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/1 nömrəli reyestr kitabının 165 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Naxçıvan şəhəri 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli Aktdan aydın olur ki, Naxçıvan şəhər İstiqlal küçəsi 129 nömrəli binanın 56 nömrəli mənzilə Cavabdeh məxsus olan mənzildən (ikinci mərtəbədən) X1 məxsus mənzilə (birinci mərtəbə) səhlənkarlıq nəticəsində istilik xətlərinin sökülüb yerə qoyulduğundan yuxarıdakı göstərilən mənzildən aşağıda olan mənzilə 2 otaqlı evin tavan, döşəmə, divar kağızları, mətbəx tavanı, elektrik xətlərinin bir qisminə su gələrək ziyan dəymişdir. Mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertin xx xxxxxx 2021-ci il tarixli 04 nömrəli rəyindən aydın olmuşdur ki, ünvan 2 ünvanında yerləşən 56 nömrəli mənzili yuxarı qonşu mənzildən su sızma nəticəsində 705.66 (yeddi yüz beş manat altmış altı qəpik) manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanılması qaydalarına riayət etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinin məzmununa əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsulyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə mülki işin materiallarında olan sübutları araşdırıb hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bilmişdir. Belə ki, iddiaçı iddia tələbində mənzilinə su axıdılması nəticəsində 3500 manat ziyan vurulduğunu bildirsə də ziyanın məbləğinin iddia tələbində göstərildiyi məbləğdə olmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh izahatında su axıdılmasının iddiaçının təqsiri üzündən baş verdiyini bildirsə də qeyd etdiyi halın təsdiqi üçün mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdehin izahatında qeyd etdiyi hallarla bağlı hər hansı sübut təqdim etmədiyindən həmin arqumentlərini əsassız hesab edir. İşin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan mənzilə su sızması tərtib edilmiş aktla təsdiq olunur. Belə olan halda iddiaçının əmlakına vurulmuş maddi zərərə görə də cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Məhkəmə vurulmuş ziyanın məbləğinə münasibətdə ekspert rəyini sübut qismində qiymətləndirir və belə qənaətə gəlir ki, cavabdehin mülki hüquqi məsuliyyəti 705.66 (yeddi yüz beş manat altmış altı qəpik) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq belə hesab edir ki, iddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 6.06 (altı manat altı qəpik) manat Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 705.66 (yeddi yüz beş manat altmış altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 705.66 (yeddi yüz beş manat altmış altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 6.06 (altı manat altı qəpik) manat Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar