Məhkəmə qərarları › İş №2(079)-1/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-1/2022

05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-1/2022 05.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və müqavilənin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Açıq Səhmdar Cəmiyyəti “30” sentyabr 2020-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 01 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6227.88 (altı min iki yüz iyirmi yeddi manat, səksən səkkiz qəpik) manat əsas, 588.41 (beş yüz səksən səkkiz manat, qırx bir qəpik) manat faiz və 21.21 (iyirmi bir manat, iyirmi bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6837.50 (altı min səkkiz yüz otuz yeddi manat, əlli qəpik) manat məbləğində borcun və 30 manat miqdarında ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması və "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 01 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh 01 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 20 faizlə 36 ay müddətinə 7000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 21 iyul 2020-dək Cavabdeh banka 01 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6227.88 (altı min iki yüz iyirmi yeddi manat, səksən səkkiz qəpik) manat əsas, 588.41 (beş yüz səksən səkkiz manat, qırx bir qəpik) manat faiz və 21.21 (iyirmi bir manat, iyirmi bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6837.50 (altı min səkkiz yüz otuz yeddi manat, əlli qəpik) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və Cavabdeh öldüyündən mülki iş üzrə icraat məhkəmənin “30” oktyabr 2020-ci il tarixli qərardadı ilə onun hüquqi varisi müəyyən edilənədək dayandırılmış, 21 fevral 2022-ci il tarixdə isə iddiaçının müraciəti əsasında icraat təzələnmişdi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdi. “21” fevral 2022-ci ildə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsa Hacıyev ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin əsllərinin geri qaytarılması və işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin məhkəmə təqdim etdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və müqavilənin ləğv edilməsi tələbinə mülki işə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki mülki üzrə cavabdeh isə 20 fevral 2020-ci ildə ölmüşdü. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı və qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia qaldırılarkən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 07 avqust 2020-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırılarkən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 07 avqust 2020-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Həmçinin qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar