Məhkəmə qərarları › İş №2(079)-139/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-139/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-139/2021 15.03.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Açıq Səhmdar Cəmiyyəti «22» fevral 2021-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək xx xxxxxx 2020-ci il tarixli əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən 842.04 (səkkiz yüz qırx iki manat, dörd qəpik) manat əsas, 179.27 (bir yüz yetmiş doqquz manat, iyirmi yeddi qəpik) manat faiz, 39.57 (otuz doqquz manat, əlli yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1060.88 (bir min altmış manat, səksən səkkiz qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə, 36 ay müddətinə, 940 manat məbləğində kart vasitəsilə kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli, 004 nömrəli müqaviləyə və hüquqların ötürülməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 965 nömrəli sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən borcun tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Hazırda borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il fevralın 15-dək cavabdehin banka xx xxxxxx 2020-ci il tarixli müqavilə üzrə 842.04 (səkkiz yüz qırx iki manat, dörd qəpik) manat əsas borc, 179.27 (bir yüz yetmiş doqquz manat, iyirmi yeddi qəpik) manat faiz borcu, 39.57 (otuz doqquz manat, əlli yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1060.88 (bir min altmış manat, səksən səkkiz qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddia tələbinin hüquqi həllinə keçməzdən öncə məhkəmə ilk olaraq tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti iki min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Qeyd edilən Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Bundan əlavə həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmənin iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və işə baxılması ilə əlaqədar olaraq tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli arayışından, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan aydın olur ki, cavabdeh Babək rayonu, Aşağı Buzqov kəndində rəsmi qeydiyyatdadır. Mülki iş üzrə məhkəmə sənədləri, yəni İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsinin, məhkəmənin “22” fevral 2021-ci il tarixli, 2(079)-139/2021 nömrəli qərardadının surəti və “23” fevral 2021-ci il tarixli, 2(079)-139/2021 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Cavabdeh rəsmi qaydada verilmişdir. Cavabdeh ünvanlanmış məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması (köçməsi) səbəbindən poçt tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Aşağı Buzqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdır. Eyni zamanda ona göndərilmiş xx xxxxxx 2021-ci il tarixli 2(079)-139/2021 nömrəli qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinin tələbi də izah olunmuşdur. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri, əsasən borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqavilə adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında xx xxxxxx 2020-ci il tarixli, 231-0***-******* nömrəli əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqavilənin, xx xxx 2018ci ildə “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında tələbetmə hüquqlarının güzəşt olunmasına dair 004 nömrəli müqavilənin bağlanması aydın olur. Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 231-0***-******* nömrəli əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqavilədən onların iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmələri müəyyən edilir: -müqavilənin predmeti adlanan 1-ci bəndinə əsasən "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı Poçt Filialı tərəfindən buraxılmış istifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartın müştəriyə verilməsi, kart vasitəsilə kreditin verilməsi, müştəri tərəfindən isə kart vasitəsi ilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, nağdsız formada öz hesabından vəsaitin başqa hesaba köçürülməsi, habelə kredit üzrə öhdəliklərin yerinə yetirilməsi və qanunvericiliklə qadağan olunmayan digər əməliyyatların həyata keçırilməsi barədə öhdəlikdir; - müqavilənin 2.1 və 2.5-ci bəndlərinin tələbinə görə Fintrend 106598 nömrəli istifadəçi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartı müştəriyə verir. Kart Azərpoçtun xüsusi mülkiyyətidir. Kart üzrə bir təqvim ili ərzində aparılan məxaric əməliyyatlarının həcmi 10000 (on min) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox ola bilməz; - müqavilənin 3.1-ci bəndində qeyd edilir ki, müştəriyə təqdim edilmiş karta əvvəlcədən mədaxil edilmiş vəsait Fintrend tərəfindən 940 (doqquz yüz qırx manat) məbləğində krediti hesabına: --kredit müqaviləsinin imzalandığı tarixdən xx xxxxxx 2023-cü il tarixinədək 36.00 (otuz altı) ay müddətinə verilməsi; --borcalan kredit məbləğinin 1 (bir) faizi həcmində kreditin rəsmiləşdirilməsi üçün kreditora xidmət haqqı olaraq ödəməsi; --kreditin istifadəsinə görə müştəri Fintrendə illik 35.00 (otuz beş) faiz ödəməsi, kredit üzrə faizlər kartın müştəriyə verildiyi gündən müqavilənin 3.1-ci bəndində qeyd edilən vəsaitin qalıq məbləğinin Fintrendə tam ödənildiyi günə qədər hesablanması və ödənilməsi; --müqavilədə göstərilmiş qaydada müştəri kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz hissəsi olan anriuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirməsi; --ödənişlərin həyata keçirilməsinə görə məsuliyyəti müştərinin daşıması və müştəri ödənişlə bağlı sənədləri müqavilə üzrə öhdəliklərinə xitam verilənədək saxlaması; --ödəniş günü qanunvericiliklə müəyyən edilmiş istirahət və ya bayram gününə təsadüf etdikdə ödəniş növbəti iş günü həyata keçirilməsi; --kreditin müştəriyə istehlak məqsədi ilə verilməsi; --gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180 (yüz səksən) faiz dərəcəsilə dəbbə pulu hesablanması və müştəri tərəfindən Fintrendə ödənilməsi şərti ilə verilir; -müqavilənin 9.5-ci bəndinə əsasən müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin həmin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, müqavilə tərəfləri arasında olan razılaşma üzrə iddiaçının müqavilədə nəzərdə tutulmuş kartın müştəriyə verilməsi, kart vasitəsilə kreditin verilməsi, cavabdehin isə həmin müqaviləyə əsasən ona verilmiş krediti məbləğini müqavilə şərtlərinə uyğun olaraq “FinTrend” Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də müqavilə şərtlərindən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən kredit məbləğini əvvəlcədən karta mədaxil etməklə müvafiq PİN zərfi cavabdehə verməsi, sonuncunun isə müqavilə ilə müəyyən edilən hissəhissə ödənişləri, faizləri və sair haqları, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. “FİNtrend” Bank Olmayan Kredit Təşkilatının xx xxxxxx 2020-ci il tarixli, 231-0***- ******* nömrəli müqavilədən irəli gələn öhdəliyini icra etməsi iş materiallarına əlavə edilmiş PİN zərfi təqdim edilməsi barədə qəbz, həmçinin xx xxxxxx 2020-ci il tarixli, 5577, 5580 və 5585 nömrəli məxaric qəbzləri ilə sübuta yetirilir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbinin əsassızlığı və eyni zamanda müqavilə üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Bundan əlavə cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli PAİHTD-1321 nömrəli xəbərdarlıqdan və 184686 nömrəli yol qaiməsindən məlum olur. Həmin sənədlərlə müəyyən edilir ki, iş üzrə cavabdehin müqavilə şərtlərini pozaraq əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən əsas və faiz borcun ödənilməməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilərək, bu borcun ödənilməsi üçün 5 gün müddət təyin edilmişdi Qeyd edilənlərdən cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi öz təsdiqini tapır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, 231-0***-******* nömrəli il tarixli əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqavilənin 3.1.6-cı bəndindən isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışında Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcdan 97.96 (doxsan yeddi manat, doxsan altı qəpik) manat, faiz borcundan isə 138.04 (bir yüz otuz səkkiz manat, dörd qəpik) manat ödəməsi, sonuncu ödəmənin isə xx xxxx 2020-ci ildə həyata keçirilməsi qeyd olunur. Eyni zamanda həmin sənəddə cavabdehin müqaviləyə əsasən 842.04 (səkkiz yüz qırx iki manat, dörd qəpik) manat məbləğində əsas və 179.27 (bir yüz yetmiş doqquz manat, iyirmi yeddi qəpik) manat məbləğində faiz borcunun olması da müəyyən olunur. İddiaçının cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 231-0***-******* nömrəli əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqavilənin 3.1.6-cı bəndindən aydın olur ki, gecişdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180 (bir yüz səksən) faiz dərəcəsi ilə dəbbə pulu hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini də əsaslı sayır. Cərimənin məbləğinə gəldikdə isə iş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışında cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 39.57 (otuz doqquz manat, əlli yeddi qəpik) manat məbləğində cərimə borcunun olması qeyd edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - xx xxxxxx 2020-ci il tarixli, 231-0***-******* nömrəli əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən 842.04 (səkkiz yüz qırx iki manat, dörd qəpik) manat əsas, 179.27 (bir yüz yetmiş doqquz manat, iyirmi yeddi qəpik) manat faiz, 39.57 (otuz doqquz manat, əlli yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1060.88 (bir min altmış manat, səksən səkkiz qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia təmin olunsun. xx xxxxxx 2020-ci il tarixli, 231-0***-******* nömrəli əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən 842.04 (səkkiz yüz qırx iki manat, dörd qəpik) manat əsas, 179.27 (bir yüz yetmiş doqquz manat, iyirmi yeddi qəpik) manat faiz, 39.57 (otuz doqquz manat, əlli yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1060.88 (bir min altmış manat, səksən səkkiz qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar