Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-143/2022 17.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı Məhdud X2 Tofiq Əşrəf oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı X3 iddia ərizəsi ilə müraciət edərək, 2653.39 (iki min altı yüz əlli üç manat, otuz doqquz qəpik) manat əsas və 601 (altı yüz bir) manat faiz borcu olmaqla, ümumilikdə 3254.39 (üç min iki yüz əlli dörd manat, otuz doqquz qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, “FİNCA Azerbaijan» Qeyri-bank kredit təşkilatı X3 ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2019-cu il tarixli, **********1138 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 29 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 2800 (iki min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 158 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********1***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yerinə yetirməmişdir. Həmçinin 10 oktyabr 2019-cu il tarixli, **********1138 saylı kredit müqaviləsi, COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamına müvafiq olaraq 03 iyun 2020-ci il tarixli **********0159 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2653.39 manat müəyyən edilmişdir. Beləliklə, 28 sentyabr 2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 2653.39 (iki min altı yüz əlli üç manat, otuz doqquz qəpik) manat əsas borc, 601 (altı yüz bir) manat faiz borcu olmaqla, ümumilikdə borcu 3254.39 (üç min iki yüz əlli dörd manat, otuz doqquz qəpik) manat təşkil edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Müəssisənin nümayəndəsi Ramil Heydərov 24 fevral 2022-ci il tarixli, ********** nömrəli teleqramla məhkəməyə müraciət edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdi. Cavabdeh1 15 noyabr 2021-ci ildə keçirilən məhkəmə hazırlıq iclasında həqiqətən də “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı X3ndən kredit götürdüyünü, səfərbərliklə bağlı xidmətə çağırıldığını, bu səbəbdən də iddiaçıya 3255 manat borcu yarandığını, maddi imkanı yaxşı olmadığından ayda 50 manat ödəyə biləcəyini bildirmişdi. Məhkəmə mülki iş materiallarını tədqiq edərək müəyyən edir ki, “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında 10 oktyabr 2019-cu il tarixli, **********1138 nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən Cavabdeh1 iddiaçıdan illik 29 faizlə 24 ay müddətində 2800 (iki min səkkiz yüz) manat məbləğində kredit götürməsi barədə müqavilə tərəflərin razılığa gəlmələri, həmçinin onun həmin müqavilədən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 zamin olması, 03 iyun 2020-ci ildə “FİNCA Azerbaijan» Qeyribank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında 10 oktyabr 2019-cu il tarixli, **********1138 nömrəli kredit müqaviləsinin restruktizasiyasına dair saziş bağlanması, həmin sazişə əsasən kredit müqaviləsi üzrə qalıq olan 2653.39 (iki min altı yüz əlli üç manat, otuz doqquz qəpik) manat məbləğində əsas borcun 22 ay müddətinə, illik 29 faizlə ödənilməsi barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə və mülki materiallarına əlavə edilmiş 10 oktyabr 2019-cu il tarixli, **********1138 nömrəli kredit müqaviləsindən “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında həmin tarixdə kredit müqaviləsinin bağlanması, müqaviləyə əsasən Cavabdeh1 ilə iddiaçı arasında sonuncu tərəfindən ona illik 29 faizlə 24 ay müddətində 2800 (iki min səkkiz yüz) manat kredit verilməsi barədə razılığa gəlmələri; - iddia ərizəsinə əlavə edilmiş 10 oktyabr 2019-cu il tarixli, **********1***-******* və **********1***-******* nömrəli zaminlik müqavilələrindən Cavabdeh1 ilə “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı X3 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin kredit götürən tərəfindən icra edilməsinin təminatı üsulu kimi Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı arasında zaminlik müqavilələrinin bağlanması; - iddia ərizəsinə və eyni zamanda mülki materiallarına əlavə edilmiş 03 iyun 2020-ci il tarixli sazişdən “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2019-cu il tarixli, **********1138 nömrəli kredit müqaviləsinin restruktizasiyası barədə onların razılığa gəlməsi, həmin razılığa əsasən kredit müqaviləsi üzrə qalıq olan 2653.39 (iki min altı yüz əlli üç manat, otuz doqquz qəpik) manat məbləğində əsas borcun Cavabdeh1 tərəfindən 22 ay müddətinə, illik 29 faizlə ödənilməsi barədə tərəflərin razılığa gəlməsi aydın olur. İddiaçının cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasını tələb etməsi işin mübahisəli halıdır. Mülki işin mübahisəli halını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək onun hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə öz təsdiqini tapdığından, onun tələbi təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlar, Cavabdeh1 məhkəmədə verdiyi izahat və məhkəməyə təqdim etdiyi ərizədır. Cavabdehin iddia tələbini etiraf etməsi ilə əlaqədar olaraq məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda formalaşdırdığı hüquqi mövqedən yola çıxaraq məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında borc və Cavabdeh3 və Cavabdeh2 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş 10 oktyabr 2019-cu il tarixli **********1138 nömrəli kredit müqaviləsi və “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 03 iyun 2020-ci il tarixli saziş üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. -10 oktyabr 2019-cu il tarixli, **********1138 nömrəli kredit müqaviləsinin; - 1.1-ci və 1.2-ci bəndlərindən aydın olur ki, müqaviləyə əsasən, kredit verən kredit alana sonuncunun biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 2800 manat məbləğində pul vəsaitini (bundan sonra "kredit") verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində illik 29 faiz hesablanacaq; - 1.3 - 1.4-cü bəndlərinə görə kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 3 faizi miqdarında komissiya ödəyir. Kredit alan tərəfindən bu məbləğin nağd şəkildə ödənilməsi baş vermədikdə, kredit alan kredit verənə müqavilənin bu bəndində nəzərdə tutulmuş kredit məbləğindən komissiyanı tutmasını həvalə və etibar edir. Kredit alan kredit üzrə əsas borcu və faizləri bu müqavilənin tərkib hissəsi olan "Kreditin Qaytarılması Cədvəlinə" (bundan sonra "cədvəl" adlandırılacaq) müvafiq olaraq ödəyir. Ödəniş cədvəlinə əsasən ödənişlər kreditin məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. Kredit alan kredit məbləğinin bir hissəsini və kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. Əgər ödəniş cədvəli ilə müqavilənin 1.2-ci bəndi də daxil olmaqla, bu müqavilənin hər hansı bəndi arasında ziddiyyət yaranarsa, ödəniş cədvəlində göstərilən rəqəmlər üstün tutulacaq; - müqavilənin 1.6-cı bəndinə əsasən kredit kredit alana “Fincard” kredit kartı vasitəsi ilə və ya kredit alanın bank hesabına köçürülməklə verilir; - 2.1, 2.1.3 və 2.1.6-cı bəndlərdən müəyyən edilir ki, kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə, bu müqavilə və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərə əl atmaq, öhdəlik üzrə hər bir borclunu, həm kredit alanı, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etmək, kredit verənin seçiminin heç bir halda mübahisə predimeti olmaması kredit verənin hüququdur; - 3.2, 3.2.1-3.2.2-ci bəndlərə görə krediti faizləri ilə birlikdə və cədvələ uyğun tərzdə qaytarmaq, krediti qaytararkən qəbzi almaq kredit alanın vəzifəsidir; - müqavilənin 4.1-ci bəndindən aydın olur ki, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Əgər ödəniş cədvəlində göstərilən hər hansı ödəniş günü qeyri-iş gününə düşərsə, həmin ödəniş günü növbəti iş günü hesab ediləcək; - müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minərək, kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədə olacaqdır; - 03 iyun 2020-ci il tarixli sazişin; --adından və giriş hissəsindən görünür ki, 10 oktyabr 2019-cu il tarixli, **********1138 nömrəli kredit müqaviləsinin restruktizasiya olunması barədə “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 razılığa gəlirlər; - 1 - 3-cü bəndlərindən müəyyən edilir ki, kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq borcu 2653.39 (iki min altı yüz əlli üç manat, otuz doqquz qəpik) manat təşkil edir. Həmin məbləğ 22 (iyirmi iki) ay müddətinə, illik 29 faiz dərəcəsi hesablanmaqla sazişə əlavə edilən ödəniş cədvəli əsasında həyata keçirilməlidir; -4-cü bəndə əsasən saziş kredit müqaviləsinin tərkib hissəsidir. Tərəflər arasında bağlanmış müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini Cavabdeh1 verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 10 oktyabr 2019-cu il tarixli, **********182321 nömrəli Finkart kredit vermə qəbzi, kredit kartının mədaxil (qəbul) aktı və 03 iyun 2020-ci il tarixli sazişlə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" X5-bank kredit təşkilatı ilə Cavabdeh1 arasında 10 oktyabr 2019-cu il və 03 iyun 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də, onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə Cavabdeh1 iddia tələbini etiraf edərək bununla bağlı ərizəsini təqdim etmişdi. Mülki Prosessual Məcəllənin 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qeyd edilən Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh1 həmin məhkəmə hazırlıq iclasında Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, “FİNCA Azerbaijan» Qeyri-bank kredit təşkilatı X3 nın ona, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia qaldırdığını, hazırda iddiaçıya 3255 (üç min iki yüz əlli beş) manat borcunun olduğunu etiraf etdiyini, maddi imkanı ilə əlaqədar olaraq borcunu ödəyə bilmədiyini, maddi vəziyyətinin hazırda iddiaçıya hər ay 50 (əlli) manat ödəməyə imkan verdiyini bildirmişdi. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır və Cavabdeh1 tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı Məhdud X1 Yeganə Kamil qızına və Cavabdeh3 qarşı da iddia tələbinin yönəlməsinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “FİNCA Azerbaijan» Qeyri-bank kredit təşkilatı X3 ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 10 oktyabr 2019-cu il tarixli, **********1***-******* və **********1***- ******* nömrəli zaminlik müqavilələrindən müəyyən edilir ki, onlar iş üçün əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib; - müqavilələrin 1.1-ci bəndinə görə zaminlər 10 oktyabr 2019-cu il tarixli, **********1138 nömrəli kredit müqaviləsinə əsasən, həmin müqavilə üzrə kredit alan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən kredit alan 24 ay müddətində 2800 manat məbləğində pul vəsaitini illik 29 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür; -həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərində qeyd edilir ki, tərəflər razılaşırlar ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm kredit alanı, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz. Faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kredit Verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır; -zaminlik müqaviləsinin 3.1-ci bəndi ilə müəyyən edilir ki, müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq. “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında bağlanmış 03 iyun 2020-ci il tarixli sazişin 5-ci bəndinin mahiyyətindən görünür ki, həmin sazişin bağlanması zaminlik müqaviləsinə xitam vermir, münasibətlər davam edir. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətinə görə Cavabdeh2 və Cavabdeh3 10 oktyabr 2019-cu il tarixli, **********1138 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunmuşdur. Hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və zaminlik müqavilələrinə əsasən Cavabdeh3 və Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan məhkəmə “FİNCA Azerbaijan» Qeyri-bank kredit təşkilatı X3 nın zaminlərə qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Məhkəmə cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 10 oktyabr 2019-cu il tarixli, **********1138 nömrəli müqavilənin 6-cı və zaminlik müqavilələrinin 2-ci bölmələrindən aydın olur ki, cavabdehlər iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 28 sentyabr 2021-ci il tarixli maliyyə arayışında Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcdan ödəniş etməməsi, faiz borcundan 320 (üç yüz iyirmi) manat, cərimə borcundan isə 1.13 (bir manat, on üç qəpik) manat ödəməsi qeyd edilib. Həmçinin həmin arayışdan aydın olur ki, “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı X3nə 2653.39 (iki min altı yüz əlli üç manat, otuz doqquz qəpik) manat əsas və 601 (altı yüz bir) manat faiz borcu var. Hər bir cavabdehdən tutulmalı olan borcun miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd edilən prosessual normanının tələbini, həmçinin zaminlik müqavilələrinə əsasən zaminin borclu ilə birlikdə eyni məsuliyyət daşımasını nəzərə alan məhkəmə belə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2653.39 (iki min altı yüz əlli üç manat, otuz doqquz qəpik) manat əsas və 601 (altı yüz bir) manat faiz borcu olmaqla, ümumilikdə 3254.39 (üç min iki yüz əlli dörd manat, otuz doqquz qəpik) manat məbləğində kredit borcu tutularaq “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı X3nə ödənilməli; -həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı X3nə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2653.39 (iki min altı yüz əlli üç manat, otuz doqquz qəpik) manat əsas və 601 (altı yüz bir) manat faiz borcu olmaqla, ümumilikdə 3254.39 (üç min iki yüz əlli dörd manat, otuz doqquz qəpik) manat məbləğində kredit borcu tutularaq “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı X3nə ödənilsin. Həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb “FİNCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı X3nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-143/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-143/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver