Məhkəmə qərarları › İş №2(079)-174/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-174/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-174/2022 29.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Ba bək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və kredit müqaviləsinin ləğvi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03.02.2021-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4428.61 (dörd min dörd yüz iyirmi səkkiz manat altmış bir qəpik) manat əsas, 364.87 ( üç yüz altmış dörd manat səksən yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 4793.48 (dörd min yeddi yüz doxsan üç manat, qırx səkkiz qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 68.40 (altmış səkkiz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 36 ( otuz altı ) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 5000 ( beş min ) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 03.02.2021-ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh 22.02.2022-ci il tarixinə əsas borcu 4428.61 ( dörd min dörd yüz iyirmi səkkiz manat altmış bir qəpik) manat, faiz borcu 364.87 ( üç yüz altmış dörd manat səksən yeddi qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda qeyd etmək istəyirik ki, 03.02.2021-ci il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da cavabdeh, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 4793.48 ( dörd min yeddi yüz doxsan üç manat 48 qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Kredit Müqaviləsinin 1.1.3-cü maddəsinə əsasən hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5% dəbbə hesablanır. Kredit Müqaviləsinin 3.2-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər bu Xidmət müqaviləsi və Bu Xidmət Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət Müqavilələrinin Standard Şərtləri” ilə tənzimlənir. İddiaçı və cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iştirakları olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh göndərilmiş məhkəmə bildirişlərində iddia tələbinə qarşı etirazların əsası kimi istinad etdiyi halların təsdiqi üçün onda olan bütün zəruri sübutların məhkəməyə təqdim olunması təklif olunmuş, həmçinin işdə iştirak edən şəxslərin sübutları təqdim etməməsinin işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmayacağı barədə xəbərdarlıq olunmuş, buna baxmayaraq cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə qarşı hər hansı etiraz və onu təsdiq edən sübut daxil olmamışdır. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh şəxsi ehtiyacların ödənilməsi məqsədilə "xxxx" ASC tərəfindən kreditin verilməsi, cavabdehin öz öhdəliklərini lazımi qaydada icra etməməsi və iddiaçıya borcunun qaldığı, cavabdehə öhdəliyin icrası tələbilə bir neçə dəfə xəbərdarlıq edildiyi işin mübahisəsiz halıdır. Belə ki, mülki iş materiallarında olan: - 03.02.2021-ci il tarixli, ******* nömrəli fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh Bank tərəfindən şəxsi ehtiyacların ödənilməsi məqsədi ilə 36 ay müddətinə 5000 (beş min) manat məbləğində illik 21% (iyirmi bir) faiz dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması; - 03 fevral 2021-ci il tarixli xəzinə məxaric orderindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh hesabına 4900.00 AZN kredit məbləğinin köçürülməsi; - 22 fevral 2022-ci il tarixli arayışdan və cavabdehin bank hesabından çıxarışdan isə cavabdehin iddiaçı təşkilata borcunun qaldığı; - 16 iyul 2021-ci il tarixli xəbərdarlıqdan və poçt xəbərnaməsindən bank tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. Məhkəmə mübahisəni nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi isə, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası olaraq qanunvericiliklə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 03.02.2021-ci il tarixli, ******* nömrəli Cavabdeh (müştəri) ilə "Azər-Türk Bank” (bank) Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin: -1.1-ci bəndindən xidmət müqaviləsinin predmetini şəxsi ehtiyacların ödənilməsi məqsədilə 36 ay (03.02.2024-cü ilədək) müddətinə illik 21% (FİFD- 22.49%) dərəcəsi olmaqla, əsas borc annuitet, faiz borcu annuitet şərtlərlə, güzəşt müddəti 0 gün təşkil etməklə, hər gecikdirilən gün üçün gecikmə baş verdiyi gündən etibarən kreditin ödənilməmiş hissəsinə görə illik 5% (beş faiz) dəbbə pulu, xidmət üzrə birdəfəlik bank komissiyası 1% (minimum 50 manat) olmaqla 5000 (beş min manat 0 qəpik) AZN kreditin verilməsi və istifadəsi xidmətinin göstərilməsinin təşkil etdiyi; -2.1 və 2.1.1-ci bəndindən müqavilənin təminatsız bağlandığı; -3.2-ci bəndindən tərəflər arasında münasibətlərin bu xidmət müqaviləsi və bu xidmət müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət müqavilələrinin standart şərtləri” ilə tənzimləndiyi məlum olur. Mülki iş üzrə məhkəmə icraatı gedişində iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət müqavilələrinin standart şərtləri”nin - 1.1-ci bəndinə əsasən kreditor “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsi”nə və onun ayrılmaz tərkib hissəsi kimi bu fəsildə qeyd edilmiş “Standart Şərtlər”ə uyğun olaraq, Borcalana (gələcəkdə Müştəri adlandırılacaq) şəxsi istehlak məqsədli, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlı və ya təminatsız müəyyən edilmiş məbləğdə kart və ya kartsız kredit verə və ya kredit xətti aça (ayıra) bilər. Kredit verildiyi halda, Müştəri aldığı krediti və kredit üzrə hesablanacaq faizləri, komissiya haqları və digər ödənişləri “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsi”ndə müəyyən edilmiş şərtlərlə və qaydada istifadə etməyi və Banka qaytarmağı öhdəsinə götürür. - 1.2-ci bəndinə görə kreditin növü, məbləği, valyutası, kreditin müddəti, təminat şərtləri (əgər olarsa), kreditdən istifadəyə görə illik faiz dərəcəsi, komissyon haqqı “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsi”ndə qeyd olunur. - 2.3-cü bəndinə görə Bank tərəfindən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmazsa, kreditin verilməsi və geri qaytarılması Müştərinin Bankda açılmış bank hesabı vasitəsilə həyata keçirilir. Kredit məbləğinin Müştərinin hesabına mədaxil olunması tarixi kredit tranşının verilməsi günü hesab edilir. Kredit vəsaitindən istifadə müddətinin axımı Müştərinin hesabına pul vəsaitinin köçürüldüyü təqvim tarixindən başlayır. - 2.5-ci bəndinə görə müştəri bu müqavilənin ayrılmaz hissəsi olan, tərəflər arasında yazılı qaydada tərtib və təsdiq olunmuş ödəniş qrafiki əsasında ödənişləri həyata keçirir. - 2.9-ci bəndinə görə kredit üzrə faizlər Kreditin verildiyin gündən Kreditin tam qaytarılan günədək hesablanır. - 2.10-ci bəndinə görə kreditlər üzrə faizlərin hesablanması ildə 360 (üç yüz altmış) təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə kreditin Müştəriyə verildiyi gündən faktiki qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır; - 2.11-ci bəndinə görə ödənişlər kreditin verildiyi valyuta növündə və ya ödəniş anında Bankın məzənnəsinə uyğun olaraq Azərbaycan manatı vasitəsilə həyata keçirilir. - 2.12-ci bəndinə görə ödəniş sənədlərində göstərilən ödənişin təyinatından və məbləğindən asılı olmayaraq Müştərinin kredit üzrə borcunun ödənişi aşağıda göstərilən növbəliliklə həyata keçirilir:  2.12.1. Bankın hazırki Müqavilənin icrası ilə bağlı xərcləri;  2.12.2. Kreditin və ona və hesablanmış faizlərin ödənişinin vaxtında həyata keçirilməməsinə görə hesablanmış cərimə;  2.12.3. Kreditin istifadəsi üzrə gecikdirilmiş faizlər;  2.12.4. Kredit üzrə gecikdirilmiş əsas borc;  2.12.5. Kreditin istifadəsi üzrə hesablanmış faizlər;  2.12.6. Kredit üzrə əsas borc - 2.17-ci bəndinə görə müştəri bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda Bank bu Standart Şərtlərə və / və ya bu fəslin 1.1-ci bəndində qeyd edilən müvafiq Müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını Müştəridən vaxtından əvvəl tələb edə bilər:  2.17.1. Müştəri kredit müqaviləsi üzrə öhdəliklərini (əsas borc və ya faizləri, yaxud onların bir hissəsini) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəniş cədvəli (qrafiki)” üzrə ödənişləri yerinə yetirmədikdə;  2.17.2. Müştəri tərəfindən ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə və s. - 2.18-ci bəndinə görə faktiki illik faiz dərəcəsinin hesablanması zamanı həcmi və ödəniş müddəti Müqavilənin bağlanma anına bəlli olan aşağıdakı ödənişlər nəzərə alınır:  2.18.1. Kreditin əsas məbləği üzrə ödənişlər;  2.18.2. Kredit üzrə faizlər;  2.18.3. Müqavilənin rəsmiləşdirilməsi üçün komisyon xərclər;  2.18.4. Kredit hesabının açılması və aparılması (xidmət olunması) ilə bağlı xərclər, o cümlədən kreditin nağdlaşdırılma xərcləri;  2.18.5. Təminatın (girovun) saxlanılması ilə bağlı xərclər (tətbiq olunduqda);  2.18.6. Müqavilədə əks olunmuş sığorta və təminatın qiymətləndirilməsi xərcləri (tətbiq olunduqda və belə xidmətlər Bankın müəyyən etdiyi şəxslər tərəfindən həyata keçirildikdə);  2.18.7. Hər bir fərdi kredit üzrə Bankın tətbiq etdiyi digər inzibati xərclər. - 3.2 və 3.2.1-ci bəndlərinə əsasən müştərinin vəzifələrinə tərəflər arasında yazılı formada tərtib olunmuş və bu Standart Şərtlərin və bu fəslin 1.1-ci bəndində qeyd edilən müvafiq Müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş qaydada kredit üzrə ödənişləri Banka ödəməkdir. - 3.1-ci bəndinə görə bu «Xidmət Müqaviləsi» üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. - 4.1-ci bəndinə görə tərəflər bu «Xidmət Müqaviləsi»dən və bu «Xidmət Müqaviləsi» ilə əlaqədar yarana bilən mübahisələri danışıqlar yolu ilə həll edirlər. 4.2. Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həllini tapmadıqda və ya tapılması mümkün olmadıqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsilə həll ediləcəkdir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə olunmuş, kreditor borcalan qarşısında öhdəliyini lazimınca icra edərək razılaşdırılmış krediti borcalana vermişdir. Cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materialları ilə öz təsdiqini tapmış, bunun əksini təsdiq edə biləcək sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliklərini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Həmçinin mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı müqavilə tələbinə əməl olunaraq öhdəliyin icra olunması tələbi və icra olunmayacağı təqdirdə müqaviləyə vaxtından əvvəl xitam verilməklə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq bildirişi cavabdehə rəsmi qaydada verilmiş, mübahisənin məhkəmədən kənar qaydada qarşılıqlı anlaşma yolu ilə həllinə nail olunmamışdır. Borcun məbləğinə gəldikdə isə iş materiallarına əlavə olunmuş Cavabdeh 22.02.2022-ci il tarixə olan borcuna dair maliyyə arayışından cavabdehin ümumi borcdan 571.39 manat əsas, 681.61 manat faiz borcu olmaqla cəmi 1253 (bir min iki yüz əlli üç) manat ödədiyi, hazırda banka 4428.61 manat əsas, 364.87 manat faiz borcu olmaqla 4793.48 manat ümumi borcunun qaldığı aydın olur. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar (hesabdan çıxarış və maliyyə arayışı) tələb olunan əsas və faiz borcunun məbləğinə münasibətdə borcun əsaslılığı nəticəsinə gəlmək üçün kifayətdir. Standart şərtlərin müvafiq bəndinə görə müştəri kredit müqaviləsi üzrə öhdəliklərini (əsas borc və ya faizləri, yaxud onların bir hissəsini), bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəniş cədvəli (qrafiki)” üzrə ödənişləri yerinə yetirmədikdə Bank kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu öhdəliyini icra etməməklə bankın öhdəliyin vaxtından əvvəl icrasını tələb etməsi üçün hüquqi zəmin yaratmışdır. Göründüyü kimi bankın bu hüququ tərəflərin qarşılıqlı müəyyən etdiyi öhdəliyin şərtlərindən irəli gəlir. "xxxx" ASC-nin Cavabdeh ilə aralarında bağlanmış 03.02.2021-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbinə münasibətdə isə məhkəmə edir ki, müqavilənin ləğv edilməsi məsələləri Mülki Məcəllənin 421-424-cü maddələri ilə tənzimlənir. Mülki məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (423.2-ci maddə). İddia ərizəsinə əlavə olunmuş 16 iyul 2021-ci il tarixli iddiaçının cavabdehə rəsmi qaydada təqdim olunmuş pretenziya məktubunda qeyd olunmuşdur ki, cavabdehin 16.07.2021-ci il tarixinə mövcud olan gecikdirilmiş 332.67 manat əsas, 255.17 manat vaxtı keçmiş faiz borcu vardır, 5 iş günü ərzində gecikdirilmiş borcun ödənilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə banka olan 4810.3 manat əsas borcun və ona hesablanmış faiz borcunun tam qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacaqdır. Bankın kredit müqaviləsinin ləğvi ilə bağlı bildirişinə cavabdeh tərəfindən cavab verildiyi müəyyən olunmamışdır. Maddələrin məzmunundan bəlli olur ki, müqavilənin ləğv edilməsi yalnız müqavilə qüvvədə olduqda, yəni müqavilədə müəyyən edilmiş onun qüvvədə olma müddəti başa çatmadıqda, habelə tərəflərin razılaşması ilə və ya məhkəmənin qərarı ilə vaxtından əvvəl ləğv olunmadıqda mümkündür. Tərəflər arasında kredit müqaviləsi 03 fevral 2021-ci il tarixdə 36 ay müddətinə bağlanmışdır və müqavilə hazırda qüvvədədir. Mülki məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2). Mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən ödəniş qrafikinə uyğun vaxtında ödənişlər edilməməklə kredit müqaviləsi əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə olan halda "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03.02.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi ləğv olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03.02.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4428.61 (dörd min dörd yüz iyirmi səkkiz manat altmış bir qəpik) manat əsas, 364.87 (üç yüz altmış dörd manat səksən yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 4793.48 (dörd min yeddi yüz doxsan üç manat, qırx səkkiz qəpik) manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 68.40 (altmış səkkiz manat qırx qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03.02.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4428.61 (dörd min dörd yüz iyirmi səkkiz manat altmış bir qəpik) manat əsas, 364.87 (üç yüz altmış dörd manat səksən yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 4793.48 (dörd min yeddi yüz doxsan üç manat, qırx səkkiz qəpik) manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia qaldırılan zaman ödədiyi 68.40 (altmış səkkiz manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar