Məhkəmə qərarları › İş №2(079)-182/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-182/2023

03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-182/2023 03.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi (alimentin tutulma qaydasının dəyişdirilməsi) tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin 10 fevral 2015-ci il tarixli, 2(079)-25/2015 nömrəli məhkəmə qətnaməsi ilə Cavabdeh aliment tutularaq 02 iyul 2006-cı il təvəllüdlü X1 və 02 oktyabr 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi barədə məhkəmə qətnaməsində dəyişiklik edilərək bir uşağın saxlanılması üçün 200 (iki yüz) manat, iki uşaq üçün 400 (dörd yüz) manat olmaqla sabit məbləğdə alimentin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, 2005-ci ildə Cavabdeh ilə rəsmi nikah qeydindən keçməklə evlənmişdik. Birgə nikahdan birgə yaşadığımız müddətdə iki övladımız 02 iyul 2006-cı il təvəllüdlü X2 və 02 oktyabr 2007-ci il təvəllüdlü X9 doğulmuşdur. Cavabdehlə yola gedə bilmədiyimizdən cavabdehin iddia ərizəsi əsasında bizim aramızda bağlanmış nikah Babək Rayon Məhkəməsinin qətnaməsi ilə 2015-ci ildə pozulmuşdur. Bu barədə mənə Babək rayon Qeydiyyat Şöbəsinin 01 iyun 2015-ci il tarixli AZ-1 seriyalı 174371 nömrəli nikahın pozulması barədə şəhadətnaməsi verilmişdir. İki azyaşlı övladlarım mənimlə yaşayırlar. Mənə uşaqların saxlanılması üçün Babək Rayon Məhkəməsinin 10 fevral 2015-ci il tarixli 2(079)-25/2015 nömrəli məhkəmə qətnaməsinə əsasən cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi tutularaq iki uşağın saxlanılması üçün aliment müəyyən olunmuşdur. Cavabdeh ayda bir uşağın saxlanılması üçün 50 (əlli) manat olmaqla cəmi 100 manat iki uşağın saxlanılması üçün aliment pulu ödəyir. Haliyədə övladımız böyümüş, orta məktəbdə təhsil alırlar, onların saxlanılmaları üçün xərclər artmışdır. Bu səbəbdən də ödənilən alimentin məbləği onların tələbatım ödəmir, uşaqların normal qidalanmasına, istirahətinə, təhsilini təmin etməyə kifayət etmir. Uşaqların atası Cavabdeh uşaqların sağlamlığı, təhsili, və digər xərclərinin ödənilməsində mənə maddi köməklik göstərilməsindən boyun qaçırır. İlkin mediasiya sessiyasında alimentin artırılması barədə razılığa gələ bilməmişik. İddia tələbimlə bağlı sübutların siyahısı aşağıdakılardan ibarətdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə 2005-ci ildə rəsmi nikah qeydiyyatından keçməkələ ailə həyatı qurduğunu, həmin nikahdan 2 övladının olduğunu, 2018-ci il tarixdə cavabdehin müraciəti əsasında məhkəmə qətnaməsi ilə nikahının pozulduğunu, qətnamə ilə uşaqların ananın yanında saxlanılmasının müəyyən edildiyini, uşaqların saxlanması üçün cavabdehin gəlirlərinin 1/3 hissəsi miqdarında aliment müəyyən edildiyini, cavabdehin 2-ci qrup əlil olmaqla ayda 322 manat pensiya aldığını, onun ayağında sümük əriməsi olduğunu, bir ayağını çəkərək yerisə də fiziki əməklə məşğul olmasına mane olmadığını, cavabdehin 2014-cü ildən və hazırda Məzrə kəndində “Fəxrəddin Aslanov” adlı fərdi sahibkara məxsus quşçuluq fabrikində fəhlə olaraq işləyib aylıq 350 manat əmək haqqı aldığını, bu barədə cavabdehin özünün qızına bildirdiyini, birlikdə yaşadıqları vaxtlar cavabdehin həmin işdən 500 manata yaxın əmək haqqını 300 manat rəsmi olaraq, qalan 200 manatı isə əldən əlavə olaraq aldığını, illər sonra eyni işdə olsa da əmək haqqının artmaqdan azalmasının qeyri-mümkün olduğunu, qızı Mənzurənin Məzrə kənd orta məktəbində 11-ci sinifdə oxuduğunu, Naxçıvan şəhərində 5 fənn üzrə fərdi hazırlıqlara getdiyini, ayda 150 manat onun hazırlıqlarına, 40-50 manat isə gediş-gəliş xərcinə verdiyini, oğlunun isə 10-cu sinifdə oxuduğunu, həmçinin musiqi məktəbində vokal üzrə musiqi təhsili aldığını, oğlunda əsəbilik olduğundan müalicə aldığını, cavabdehin uşaqların saxlanması üçün ayda cəmi 100 manat pul göndərdiyini, həmin məbləğin onun pensiyasından kəsildiyini, medisasiyaya müraciət etdikdən sonra isə əlavə olaraq ayda 100 manat pul göndərdiyini, özünün Məzrə kənd tam orta məktəbində xadimə işləyib aylıq 326 manat əmək haqqı aldığını, hazırda Məzrə kəndində uşaqlarla birlikdə atasının tikdiyi evdə yaşadığını, cavabdehin isə Naxçıvan şəhərində özünə məxsus evdə yaşamaqda davam etdiyini, cavabdehin ayrıldıqdan sonra cəmi 3 dəfə uşaqlarla görüşdüyünü, uşaqların əlavə xərclərində iştirak etmədiyini, 3-4 ay bundan əvvəl qeyri-rəsmi nikaha daxil olduğunu bildirmiş, alimentin miqdarının artırılması üçün tutulma qaydasının dəyişdirilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini nəzərə alan məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarına əlavə edilmiş AZ İ seriyalı, 792693 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X2 02 iyul 2006-ci il tarixdə doğulmuşdur. Mülki iş materiallarına əlavə edilmiş AZ İ seriyalı, 800608 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X8 02 oktyabr 2007-cu il tarixdə doğulmuşdur. Mülki iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 10 fevral 2015-ci il tarixli, 2(079)-25/2015 nömrəli qətnaməsindən belə məlum olur ki, qətnamə ilə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarda alimentin alınıb 02 iyul 2006-cı il tarixdə doğulmuş X1 və 02 oktyabr 2007-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün X3 ödənilməsi qət edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikahın ləğvi 01 iyun 2015-ci ildə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeydə alınmışdır. Beləliklə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 02 oktyabr 2007-cu il təvəllüdlü X8 və 02 iyul 2006-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır, uşaqlar hazırda anasının yanında yaşayır və məhkəmə qətnaməsi ilə uşaqların yetkinlik yaşına yatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi məbləğində alimentin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi barədə ilk növbədə onu qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi ilə onun tutulması qaydasının dəyişdirilməsini eyniləşdirmək olmaz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, sözügedən norma məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Məhkəmə sözügedən halı nəzərə almaqla iddia tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə cavabdehin sabit qazancı və ya sair gəlirinin olmasının müəyyən olunmadığını nəzərə alaraq alimentin tutulma qaydasının dəyişdirilərək sabit pul məbləğində müəyyən olunması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı və elektron məhkəmə informasiya sisteminin məlumatları əsasında müəyyən olunmuşdur ki, iddiaçı işəgötürəni “Babək rayon Təhsil şöbəsi” olmaqla “xadimə” vəzifəsində çalışır və aylıq əmək haqqı 374 manatdır. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququnun mövculuğunu, uşaqların saxlanılmasında hər iki valideynin məsuliyyətinin bərabərliyini, bununla bərabər yetkinlik yaşına çatmayan uşaqların ananın yanında saxlanılmaqla məişət qayğılarının onun üzərinə düşməsini, iddiaçının gəlirlərini, cavabdehin gəlirləri barədə sübutların təqdim olunmamasını, eyni zamanda cavabdehin iddiaya qarşı etirazının olmamasını, 2023-cü ildə uşaqların saxlanılması üçün müəyyən olunmuş yaşayış minimumunun miqdarını nəzərə alan məhkəmə belə hesab edir ki, aliment miqdarı bir uşaq üçün 160 manat olmaqla, iki uşaq üçün 320 manat məbləğində müəyyən olunmalıdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayanların ananın yanında saxlanılmasını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşaqların anasına ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Plenum qərarının mahiyyətindən irəli gələn hal odur ki, əgər yetkinlik yaşına çatmayan uşağa başqa əsasla ödənilən daha əvvəl müəyyən olunmuş aliment mövcuddursa ödənilən aliment məbləğinin dəyişdirilməsinə səbəb olan yeni məhkəmə qətnaməsi yalnız qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş üzrə Babək Rayon Məhkəməsinin 10 fevral 2015-ci il tarixli, 2(079)-25/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildikdən indiyə qədər tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə müvafiq olaraq (iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) həmin məcəllənin 112.1 və 112.1.6-cı maddələri əsas götürülməklə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 46.4 manat (qırx altı manat qırx qəpik) miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Babək Rayon Məhkəməsinin 10 fevral 2015-ci il tarixli, 2(079)-25/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli, 02 oktyabr 2007-cu il təvəllüdlü X8 və 02 iyul 2006-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla iki uşağın saxlanılması üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmaqla uşaqların anası İddiaçı ödənilməli, Cavabdeh 46.4 manat (qırx altı manat qırx qəpik)miqdarında rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli, dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia qalmış hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin 10 fevral 2015-ci il tarixli, 2(079)-25/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli, 02 iyul 2006-ci il təvəllüdlü X2 və 02 oktyabr 2007-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, iki uşağın saxlanılması üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmaqla uşaqların anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 46.4 manat (qırx altı manat qırx qəpik) miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar