Məhkəmə qərarları › İş №2(079)-189/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-189/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-189/2023 26.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, şahidlər Şahid4, Şahid2 və Şahid1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 21 fevral 2023-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 13 iyul 2021-ci il tarixli razılaşmaya əsasən 4700 (dörd min yeddi yüz) manat borcun və 67 (altmış yeddi) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Toğrulu 4-5 il olar tanıyıram. Mən Xok kəndində mağaza işlədirəm. Toğrul da mağazaya ərzaq malları verirdi. Beləliklə münasibətimiz yaranmışdı. 2021-ci ilin əvvəllərində Toğrul mənə dedi ki, mağazalara mal vermişəm pulunu yığa bilməmişəm, idarənin pulunu ödəməliyəm. Ona görə məndən xahiş etdi ki, ona 6000 manat borc pul verim. Mən də Toğrula inandığıma görə ona 6000 manat borc pul verdim. Toğrul 2021-ci ilin iyun ayınadək mənə olan borcundan 1000 manatını ödədi. Qalmış 5000 manatını isə hər ay 300 manat olmaq şərti ilə ödəyəcəyi barədə sənəd imzaladı. Lakin ondan sonrakı dövrlərdə iki dəfə hərdən 150 manat olmaqla cəmi 300 manat pul ödədi. Hazırda Toğrulun mənə 4700 manat borcu qalır. Dəfələrlə deməyimə baxmayaraq hərdən bir bəhanə edərək borcumu qaytarmır. Hər ay 300 manat qaytaracağını öz öhdəsinə götürsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə razılaşmadan irəli gələn öhdəliyini yerinə yetirməmişdir. Qeyd edim ki, tələbimin əsaslılığını təsdiq edən sənəd Cavabdeh verdiyi yazılı razılaşmadır. Cavabdeh 03 mart 2023-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mən 2021-ci ilin əvvəllərində İddiaçı 3000 dollar, yəni 5100 manat borc pul almışam. Daha sonra borcun faizi olaraq 3 ay ardıcıllıqla ona 300 manat pul ödəmişəm. Bundan sonra borcdan 3000 manatı aparıb onun mağazasında özünə vermişəm. Sonrakı dövrlərdə isə 3 dəfə 350 manat, 1 dəfə isə 300 manat pulu götürməsi üçün Naxçıvan şəhərindəki mağazaya vermişəm. Ən son olaraq isə onun hesabına 2 dəfə 150 manat pul ödənişi köçürmüşəm. Ümumilikdə, İddiaçı faizi ilə birlikdə 5500 manat pul ödəmişəm. Beləliklə, yuxarıda sadalananlara əsasən İddiaçı ərizəsinə məhkəmə baxışı keçirilməklə və tərəflərin izahatları dinlənilməklə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilməklə məhkəmə iclası təyin olunmuş, mülki işə iddia icraatı qaydasında baxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və Şahid3 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsini 185 və 186.1-ci maddələrini rəhbər tutan məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında Kəngərli rayonu, Xok kəndində mağaza işlətdiyini, cavabdehin isə Ləzzət firmasında ekspeditor işləyib mağazaya mal payladığını, bu səbəbdən də onu 3-4 il olar ki tanıdığını, 2020-ci ilin sonlarında cavabdehin şirkətin şoferi ilə işlədiyi mağazaya gələrək maşınını dəyişdirmək üçün 3000 manat pul istədiyini, həmin məbləği 2-3 gün sonra mağazada Toğrula verdiyini, 1 həftə sonra cavabdehin yenə mağazaya gələrək şirkətdən mal götürdüyünü, pulları yığıb verə bilmədiyini, borclarını qaytarmaq üçün əlavə 3000 manat da pul lazım olduğunu dediyini, həmin gün ona 3000 manat da əlavə borc verdiyini, bundan təqribən 1 həftə-10 gün sonra yenə Toğrulun mağazaya gəlib anbardan ucuz qiymətə toyuq almaq üçün 4000 manat pula ehtiyacı olduğunu deyərək borc istədiyini, pulun olmadığını bildirib, başqa bir şəxsdən 2300 dollar borc alıb, üzərinə 90 manat olmaqla ona 4000 manat pulu da ona verdiyini, cavabdehlə də həmin pulu bunu başqa şəxsdən dollarla aldığını, pulu da dollar olaraq qaytaracağına dair razılaşdıqlarını, bundan 1 həftə sonra cavabdehdən borcu barədə soruşduqda şirkətdə yoxlama olduğunu dediyini, daha sonra işlədiyi şirkətin müdiriyyətinin mağazaya gələrək Toğrulun yeyintisi olduğunu, malların kəsir gəldiyini, ona mal verib-vermədiyini soruşduqlarını, onlara Toğrulun ona əlavə mal vermədiyini bildirdiyini, sonra cavabdehin qardaşı Tarixlə öz bacanağının maşını ilə mağazaya gələrək ondan şirkətin pulunu ödəməyini xahiş etdiklərini, orada Toğrulun özündən getdiyini, ayıldıqda qardaşının pulları hara xərclədiyini soruşduğunu, Toğrulun da pulları anbardara verdiyini, onun da həmin pullarla nə etdiyini bilmədiyini dediyini, Toğrulun şirkətə olan 386 manat borcunu ödədiyini, çünki Toğrulun şirkətə 386 manatlıq kəsir məbləğin ona mal verdiyinə görə yarandığını dediyini, ümumilikdə Toğrulun ona 10386 manat borcu olduğunu, cavabdehin borcun 1000 manatını 2 dəfə 350 manat olmaqla, bir dəfə isə 300 manat olmaqla 2021-ci ilin iyun ayına qədər ödədiyini, Toğrulun həmin 1000 manat pulu müxtəlif vaxtlarda Naxçıvan şəhərində yerləşən alver etdiyindən tanıdığı Şahid1 məxsus mağazaya verdiyini, oğlu Mehdinin isə oradan həmin pulu götürdüyünü, Toğrula dəfələrlə qalan borcu qaytarmasını bildirsə də, hər dəfə müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina etdiyini, bu səbəbdən aidiyyəti üzrə Babək Rayon Prokurorluğuna müraciət etdiyini, orada cavabdehin 6000 manat borcu olduğunu etiraf edib qalan 4000 manatı isə inkar etdiyini, ona olan 4000 manat və əlavə 386 manat borcu orada ona güzəştə getdiyini, cavabdehlə orada şifahi şəkildə qalan 5000 manatı aylıq 300 manat olmaqla ödəyəcəyi və bu barədə yazılı ərizə verəcəyi barədə razılaşdıqlarını, oradan çıxdıqdan sonra cavabdehin qalan 5000 manatın ödənilməsi ilə bağlı qardaşı Tarix ilə birlikdə 57 adlanan yerdə Şahid1 məxsus mağazanın önündə yazılı ərizə yazaraq hər ay 300 manat olmaq şərtilə ödəyəcəyini öhdəsinə götürdüyünü, 1-2 ay sonra cavabdehin yenə borcu ödəmədiyini, bu barədə onunla telefonda danışıb əsəbi olduğundan bəzi nalayiq ifadələr işlətdiyini, cavabdehin Bakıda olduğunu Naxçıvana gəldikdə danışacağını bildirdiyini, Naxçıvana gəldikdən sonra isə özü əsəbiləşdiyindən oğlu Mehdi ilə danışdıqlarını, Mehdinin ona cavabdehin maddi imkanının aşağı olduğunu, aylıq 300 manat əmək haqqı aldığını bildirdiyini, 150 manat ödəmək istədiyini dediyini, özünün də bununla da razılaşdığını, cavabdehin pulu oğluna məxsus karta göndərəcəyini dediyini, oğlundan soruşduqda həqiqətən də karta 148 manat pul göndərdiyini dediyini, beləliklə Toğrulun 4 ay aralıqla 2 dəfəyə 150 manat karta göndərdiyini, daha sonra özünün cavabdehlə telefonda danışanda Bakıda işlədiyini, 300-400 manat düzəltdiyini, gətirib tezliklə verəcəyini, 600 manat isə gəlib ödəyəcəyini və belə-belə borcu bağlayacağını bildirdiyini, lakin cavabdehin bu vədlərin heç birinə əməl etmədiyini, cavabdehə güvənib humanistlik edərək pulu verdiyini, onun isə cəmi 1300 manat pul qaytardığını bildirib haqq-ədalətin təmin olunması naminə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında Ləzzət firmasında işlədiyi vaxt iddiaçının Xok kəndində yerləşən mağazasına mal verdiyini, iddiaçı ilə münasibətlərinin də bu cür yarandığını, mübahisədən əvvvəl bir neçə dəfə iddiaçıdan 100-200 manat pul alıb qaytardığını, bəzən isə borc qarşılığında iddiaçıya mal verib pulunu az aldığını, şirkətdə işlədiyi vaxt avtomobilini dəyişmək istədiyini, 2021-ci ilin əvvədə bu məqsədlə iddiaçıdan 3000 dollar, yəni 5100 manat faizlə pul borc alıb 10 faizlə qaytaracağı barədə razılaşdıqlarını, köhnə avtomobili satın borc aldığı pulu onun üzərinə qoyub 8200 manat yeni maşın aldığını, şirkətə olan borcuna görə maşının da ondan alındığını, borcu aldıqdan 2 ay sonra həmin pulun 3000 manatını iddiaçıya geri qaytardığını, belə ki, əmisi Vüsal Məmmədovdan alacağı olduğundan həmin pulu alıb iddiaçıya qaytardığını, lakin daha sonra işdən çıxarıldığından 1 il ərzində pulun faizini qaytara bilmədiyini, 3-4 ay sonra iddiaçının ona zəng edərək təhdid edib, vəzifədə olan yaxın qohumunun adından istifadə edərək hədə-qorxu gəlməyə başladığını, 13 iyul 2021-ci il tarixdə iddiaçının onu prokurorluğa şikayət etdiyini, orada onu sıxışdırdıqlarından 5000 manat borcunun olması ilə bağlı prokurorluqda etiraf ərizəsi yazdığını, həmin razılaşmaya qardaşının da imza etdiyini, bundan sonra isə qardaşı Tarixin özü Bakıda olarkən müxtəlif vaxtlarda iddiaçıya olan borcuna görə 3 dəfə 350 manat, 1 dəfə 300 manat pulu Naxçıvan şəhərində olan mağazaya verdiyini, bundan əlavə iddiaçının oğlunun kartına iki dəfə 150 manat göndərdiyini, buna baxmayaraq iddiaçının ona “sən ki borcu qaytarmadın, mən səndən 10000 manat alacağam” deyə onu hədələdiyini, ona bütün borcunu ödədiyini, faizlə hesablananda isə cüzi miqdarda borcu qaldığını bildirdiyini, ümumiyyətlə iddiaçıdan ikinci dəfə 3000 manat pul götürmədiyini, iddiaçıdan cəmi 3000 dollar pul alıb qaytardığını, iddiaçının şirkətə öz borcuna görə ödəmə etdiyini, özü və ya qardaşının şirkətə olan borcuna dair ərizəyə qol çəkməsini xahiş etmədiyini, borca dair yazılı ərizəni özü, iddiaçı və qardaşının imzaladığını, iddianı qəbul etmədiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində iddiaçının atası olduğunu, 10 ildən artıqdır ki, Kəngərli rayonu Xok kəndində yerləşən atasının mağazasında onunla birlikdə işlədiklərini, Ləzzət firmasında işləyən Toğrulun mağazaya mal verdiyini, atasının kənd camaatını ehtiyacı olduqdan borc verməklə köməklik etdiyini, Toğrula da borc pul verdiyini, yanında 3000 manat pulu Toğrula verdiyini, digər 3000 manatı verəndə onların yanında olmadığını, borcun verilməsindən 3-4 ay keçəndən sonra Toğrulun Naxçıvan şəhərində Şahid1 məxsus mağazaya qardaşı vasitəsilə 3 dəfə 300 manat, 350 manat və 350 manat olmaqla pul qoyduğunu, həmin pulu isə özünün həmin mağazadan götürdüyünü, daha sonra Toğrulun mağazaya gəlib atasının əsəbi olduğundan onunla danışmaq istədiyini dediyini, onunla danışıb hər ay 150 manat olmaqla qalan borcu ona məxsus karta atacağına dair razılaşdıqlarını, bundan sonra iki dəfə tutqulardan sonra 148 manatı Toğrulun karta atdığını, bundan sonra karta heç bir pul atmadığını, hətta ona zəng edəndə pulu qardaşı Tarixin götürüb atasına vermədiyini dediyini, bir dəfə isə bizə şər atıb ziyana salacağını dediyini bildirdi. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində iddiaçı ilə uzun müddətdir alver etdiklərini, onun oğlu Mehdinin 2 il əvvəl qış aylarında ona zəng edərək mağazaya pul qoyulacağını bildirdiyini, adını soruşmadığı bir nəfərin isə mağazaya gəlib 3 dəfə 350 manat, 350 manat və 300 manat olmaqla təxminən bir ay aralıqla 3 dəfə pul qoyduğunu, Mehdinin isə həmin pulu mağazadan mal aldıqca götürdüyünü, bir dəfə də sonralar Səttarın mağazadan dəftər alıb mağazanın qarşısında həmin şəxslə nəsə yazdıqlarını, həm üzərindən xeyli müddət keçməsi, həm də bazarda gündə çoxsaylı insana mal satdığından həmin şəxsin simasını xatırlamadığını bildirmişdir. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində Kəngərli rayonu Xok kəndində iddiaçıya məxsus mağazanın qonşuluğunda yaşadığını, illərdir alverini oradan etdiklərini, həmçinin Səttarla münasibətlərinin də yaxşı olduğunu, pensiyaçı olmaqla boş vaxtı çox olduğundan mağazaya tez-tez girib-çıxdığını, təxminən 2 il bundan əvvəl qış aylarında bir nəfərin Səttarla mağazanın qabağında pul söhbəti ilə bağlı mübahisə etdiklərinə şahidlik etdiyini, az müddət danışdıqdan sonra Səttarın mağazaya gəlib Mehdinin çölə çıxıb həmin şəxslə danışmağa davam etdiyini, bu zaman onlar arasında 150 manat söhbəti olduğunu xatırlasa da tam olaraq nə danışıb razılaşdıqlarını xatırlamadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə 5100 manat məbləğində pul verilmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə göndərdiyi yazılı etiraz ərizəsində 2021-ci ilin əvvəllərində iddiaçıdan 3000 dollar olmaqla 5100 manat pul vəsaitini aldığını bildirmişdir. İddia ərizəsinə əlavə olunmuş, tərəflər və cavabdehin qardaşı tərəfindən 13 iyul 2021-ci il tarixdə imzalanmış yazılı sənəddə isə qeyd olunmuşdur ki, mən Cavabdeh Xok vətəndaşı İddiaçı 5000 manat pul almışam və ayda 300 manat ödəyəcəyəm. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin üst-üstə düşən izahatları və cavabdehin yazılı etiraz ərizəsi əsasında 5100 manat məbləğin iddiaçı tərəfindən cavabdehə verildiyi öz təsdiqini tapmışdır. İddia tələbinin mübahisəli halı olan iddiaçı tərəfindən borc götürüldüyü iddia edilən və cavabdeh tərəfindən qəbul olunmayan 900 manata dair hissəsi barədə məhkəmə qeyd edir ki, iddia ərizəsi və cavabdehin yazılı etiraz ərizəsi əsasında cavabdehin pulu iddiaçıdan 2021-ci ilin əvvəllərində götürdüyü müəyyən olunur. İddiaçı bildirmişdir ki, cavabdehin 6000 manat pul almasına baxmayaraq yazılı ərizədə 5000 manatı ödəyəcəyinə dair öhdəlik götürməsinin səbəbi ondan ibarət olmuşdur ki, o artıq həmin vaxta qədər 1000 manatı Naxçıvan şəhərində Şahid1 məxsus mağazaya qoymaqla qaytarmışdır. Sözügedən hal isə məhkəmə tərəfindən işin faktiki halları ilə mötəbərliyi sübut olunan Şahid1 ifadəsi ilə təsdiqini tapmışdır. Belə ki, o, ifadəsində ümumilikdə 1000 manat pulun 2 il əvvəl qış aylarında qoyulduğunu və iddiaçının oğlu tərəfindən götürüldüyünü bildirmişdir. Belə olan halda məhkəmə iddia tələbinin həmin hissədə də haqlı olduğu qənaətinə gəlir. İddianı qəbul etməyən cavabdehin etirazlarının əsası kimi istinad etdiyi hallar isə ondan ibarətdir ki, o aldığı pulu faizi ilə birlikdə iddiaçıya qaytardığını bildirmişdir. Belə ki, cavabdeh yazılı etiraz ərizəsində bildirmişdir ki, o iddiaçıdan götürdüyü puldan 3 ay ardıcıllıqla 300 manat faizdən ödəniş etmiş, daha sonra isə 3000 manatı iddiaçının mağazasında onun özünə vermiş, sonra isə 3 dəfə 350 manat, 1 dəfə isə 300 manat pulu Naxçıvan şəhərindəki mağazaya vermiş, ən son olaraq isə onun hesabına 2 dəfə 150 manat pul ödənişi köçürmüş, ümumilikdə isə İddiaçı faizi ilə birlikdə 5500 manat pul ödənişi köçürmüşdür. Buna baxmayaraq cavabdeh tərəfindən məhkəməyə etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, İddiaçı 4700 (dörd min yeddi yüz) manat məbləğində pulu Cavabdeh verməsi ilə cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan İddiaçı hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. MM-in 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmalı, 4700 manat (dörd min yeddi yüz) məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 67 (altmış yeddi) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 4700 manat (dörd min yeddi yüz) məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 67 (altmış yeddi) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar