Məhkəmə qərarları › İş №2(079)-202/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-202/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-202/2025 22.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 06 fevral 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 429 manat 70 qəpik (dörd yüz iyirmi doqquz) manat (yetmiş qəpik) borcun və iş üzrə ödəmiş olduğu 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, əvvəlcədən tanımadığım Babək rayon Vayxır kənd sakini Cavabdeh 2024-cü ilin yanvar ayında mənə məxsus olan Babək rayon Yuxarı Uzunoba kəndində yerləşən ərzaq mağazasına gələrək günlük nağd şəkildə ərzaq malları götürürdü. Lakin fevral ayında Şərqiyə körpə uşağı ilə mağazaya gələrək köməyə ehtiyacı olduğunu bildirərək ona nisyə ərzaq malları verməyimi xahiş etdi. Mən ona nisyə mal verməyi rədd etdikdən sonra Şərqiyə kartının məndə qalmasını təklif etdi. Mən bunu başda rədd etsəm də, bir neçə nəfər tanış adı verdikdən sonra mən qəbul etdim və Şərqiyyəyə fevral ayında cəmi 333 manat 80 qəpik məbləğində nisyə mal verdim. Mən həmin borcun 273 manat 10 qəpiyini Şərqiyyənin verdiyi kartdan çəkərək borcun bir qismini sildim. Daha sonra Şərqiyə mart ayında təkrardan mağazaya gələrək 369 manat məbləğində nisyə mal götürdü. Şərqiyyənin mənə ümumilikdə 429 manat 70 qəpik məbləğində borcu yarandı. Mart ayının sonlarına doğru Şərqiyə mağazaya gələrək məndən nisyə uşaq (tapışqası) sürütdəməsi verməyimi istədi. Lakin borcu çox olduğu üçün mən ona borcunu ödədikdən sonra mağazadan nisyə mal götürə biləcəyini bildirdim. Şərqiyə heç nə demədən getdi və ondan sonra tərkrardan mağazaya gəlmədiyi üçün mən kartdan pulu çəkib borcu ödəmək üçün Kapital Banka getdim. Lakin kartı salıb pulu götürmək istəyəndə kart aparatın içinə düşdü. X5 işçilərinə müraciət etdim, işçilər isə Şərqiyyənin kartını bağlatdırdığını və kartı təhvil vermək üçün saat 16:30-da kartın sahibi Cavabdeh ilə gəlməyimi söylədilər. Mən Şərqiyyəyə o gündən bəri nə qədər zəng etsəm də, Şərqiyə nə telefonlarımı açdı, nə də mağazaya gəldi. Bu səbəbdən məcbur qalıb 13 may 2024-cü il tarixində Babək Rayon Polis İdarəsinin Cəhri Polis Bölməsinə ərizə ilə müraciət etdim. Babək Rayon Polis İdarəsinin Cəhri Polis Bölməsinin 15 may 2024-cü il tarixli, 4/291 saylı məktubuna əsasən orada ərizəmə baxılaraq Şərqiyyənin izahatı alınmış, o izahatında iddialarımın doğruluğunu təsdiqləmişdir. Buna baxmayaraq Şərqiyə hələ də borcu birmənalı olaraq ödəməkdən boyun qaçırır. Hazırda Cavabdeh mənə 429 manat 70 qəpik məbləğində borcu var və borcunu qaytarmır, qaytarmaqdan da boyun qaçırır. Mən ərzaq mağazası işlədib, gündəlik tələbat malları satıram. Şərqiyə kimi bir neçə nəfər nisyə götürdüyü malların pulunu gətirib, vaxtında qaytarmadığından maddi durumum heç də yaxşı deyil. Ailəmin dolanışığını qarşılamağım üçün həmin pula çox ehtiyacım var. Buna görə də məcburiyyət qarşısında qaldığım üçün məhkəməyə müraciət etməli oluram. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməlidir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehin dəfələrlə Babək rayonu, Yuxarı Uzunoba kəndində yerləşən ona məxsus mağazaya gələrək oradan alış-veriş etmək istəsə də, ilk vaxtlar buna razı olmadığını, lakin daha sonra yanında körpə uşaqla gəlib pis vəziyyətdə olduğunu bildirdiyini və bir neçə dəfə təkid etdikdən sonra ona nisyə mal verməyə razılıq verdiyini, tarixini dəqiq bilməsə də, cavabdehin ilk dəfə 333 manatlıq ərzaq malları aldığını, tanış adamlara nisyə mal verdiyini və borclarla bağlı nisyə dəftəri tutulduğunu, cavabdehin borclarını dəftərə yazdığını, amma buna imza etdirmədiyini, cavabdehin pensiya kartını ona verdiyini, ilkin alış-verişdən sonra 277 manat ödənişi həmin kartdan çəkdiyini, şifrəni unutduğunu, kartın Kapital Banka aid olduğunu və cavabdehin özünə məxsus olduğunu, ikinci dəfə cavabdehin şokolad, konfet, kartof, soğan, 2 ədəd viski, qızı üçün 3 cüt ayaqqabı aldığını, ayaqqabıların təxminən 12-13 manat olduğunu və həmin ayaqqabıları orada cavabdehin qızına geyindirdiyini və uşağın ayağına olduğundan götürdüyünü, həmin vaxt ondan şübhələndiyini, daha sonra başqa dükanlara da borclu olduğunu öyrəndiyini, ikinci alverdən sonra borc pulu çəkmək üçün kartı bankomata salanda kartın bloka düşdüyünü gördüyünü, bundan sonra Kapital Bankın nümayəndələri ilə danışdığını və məsələni izah etdiyini, kartın yalnız sahibinin iştirakı ilə bankomatdan çıxarılacağını bildirdiklərini, cavabdehə bu barədə bildirsə də banka gəlmədiyini, cavabdehin yoldaşının yanına gedib vəziyyəti izah etdiyini, lakin hər dəfə müxtəlif bəhanələrlə cavabdehin pulu ödəməkdən yayındığını, sonra polisə müraciət etdiyini, orada cavabdehin öz borcunu etiraf etməsiylə bağlı ərizə verdiyini, onun orada 300 manat borcunun olması barədə bildirdiklərinin yalan olduğunu, hazırda isə cavabdehin ona 429 manat borcu qaldığını və cavabdehin həmin borcdan heç nə ödəmədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq baxmışdır. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Mülki işin araşdırılması zamanı iddiaçının izahatı əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə tərəflər arasında mübahisənin irəli gəldiyi alqı-satqı müqaviləsinin etibarlılığına dair qeyd edir ki, mülki qanunvericilikdə tərəflər arasındakı alqı-satqı münasibətlərinin predmetini təşkil edən istehlak mallarına, daşınar əşyalara münasibətdə forma şərti nəzərdə tutulmamış və tərəflər arasında subyekt tərkibinə, iradə ifadəsinə münasibətdə mübahisələndirilməyən etibarlı şifahi alqı-satqı münasibətləri yaranmışdır. Mülki işin iddiaçının izahatı və yazılı sübutlar əsasında müəyyən olunan halı ondan ibarətdir ki, cavabdeh fərdi sahibkar olan iddiaçıya məxsus ərzaq malları mağazasından nisyə mal almış, alıcı malları qəbul etmiş, lakin əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməməmişdir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları cavabdehin Babək Rayon Polis İdarəsinin Cəhri Polis Bölməsində verdiyi izahat ilə sübuta yetirməyə çalışmışdır. Belə ki, mülki iş üzrə 18 mart 2025-ci il tarixdə keçirilən hazırlıq iclasında İddiaçı vəsatəti təmin edilərək Cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayon Polis İdarəsinin Cəhri Polis Bölməsində verdiyi izahatın və ona əlavə olunan sənədlərin əsli ilə düzgünlüyü təsdiq edilməklə məhkəməyə təqdim edilməsi üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayon Polis İdarəsinə sorğu göndərilmişdir. 07 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayon Polis İdarəsinin 07 aprel 2025-ci il tarixli, 3197/2025 nömrəli məktubu ilə İddiaçı və Cavabdeh izahatları və iddiaçıya məhkəməyə müraciət etmə hüququnun izah edilməsinə dair Babək rayon Polis İdarəsinin Cəhri Polis Bölməsinin məktubu məhkəməyə daxil olmuşdur. Sözügedən izahatda Cavabdeh iddiaçıdan nisyə mal aldığını, pensiya kartını borcun çıxılması üçün verdiyini, aybaay ərzaq aldıqca iddiaçının da kartdan pul çəkərək borcu sildiyini, iddiaçının ona zəng edərək pensiya kartını bankomata saldığını bildirdiyini, ümumilkdə iddiaçıya 300 manat borcu olduğunu bildirmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayon Polis İdarəsi Cəhri Polis Bölməsinin xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubunda qeyd olunmuşdur ki, X1 ərizənizdə qeyd olunan iddiaların doğruluğunu təsdiqləmiş və borcu ödəyəcəyini bildirmişdir. MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında vurğulanır ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. İddiaçının izahatını onun “Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemi”ndən vergi məlumatları üzrə çıxarışla ( “pərakəndə ticarət mağazası”) və cavabdehin ibtidai araşdırma orqanına verilmiş izahatları ilə birlikdə qiymətləndirən məhkəmə belə hesab edir ki, iddia qismən cavabdehin iddianı etiraf etdiyi hissədə təmin olunmalıdır. Belə ki, cavabdehə ünvanlanmış məhkəmə bildirişlərində onun iddianı etiraf edibetməməsi, əgər qismən etiraf edirsə hansı hissədə etiraf etməsi, iddianı etiraf etmirsə onun etirazının əsaslandığı fakt və hallar, həmçinin istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, olduğu halda vəsatətlərini (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə) yazılı şəkildə rəsmi qaydada məhkəməyə təqdim etməsi təklif edilmiş, əks halda işdə mövcud olan materiallar əsasında işə baxılaraq yekun qərar qəbul olunacağı barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə sözügedən hallarla bağlı heç bir münasibət bildirilməmişdir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Həmçinin iddiaçı iddia tələbinin qalmış hissəsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. MPM-də çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh 300 manat (üç yüz) məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalmış hissədə əsaslılığı sübuta yetirilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 20.97 manat (iyirmi manat, doxsan yeddi qəpik) miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh 300 (üç yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 20.97 (iyirmi manat, doxsan yeddi qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar