Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-203/2021 18.05.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı “12” aprel 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(079)-07/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 12 sentyabr 2012-ci ildə anadan olan X2 və 12 yanvar 2015-ci ildə anadan olan X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 350 (üç yüz əlli) manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə aramızda 01 oktyabr 2015-ci il tarixdə Culfa rayon qeydiyyat şöbəsində 114 nömrə ilə bağlanmış nikah aktı Babək Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(079)-07/2020 nömrəli qətnaməsi ilə pozulmuş, azyaşlı övladlarımız 12 sentyabr 2012-ci il tarixdə doğulmuş X4 və 12 yanvar 2015-ci il tarixdə doğulmuş X5 mənim yanımda qalmış və onların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 07 yanvar 2020-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsi ilə Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment qət olunduğundan o, 2 uşağın saxlanılması üçün hər ay ümumilikdə 100 manat aliment ödəyir. Ödənilən alimentin miqdarı ilə övladlarımı saxlamaqda maddi çətinlik çəkirəm. Özüm də heç bir yerdə işləmədiyimdən mən 2 uşağımla birlikdə öz ailəmin təminatındayam. Cavabdeh valdeynləri ilə birlikdə yaşayır. Atası ilə birlikdə ustalıq etməklə qapı-pəncərə düzəldilməsi, şifer vurulması ilə məşğul olmaqla əlavə qazanc əldə edir. Bundan başqa 100 yeşik arı ailəsi saxlamaqla oradan da qazanc götürür. Lakin uşaqlarına əlavə olaraq heç bir maddi köməklik göstərmir. Məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə etdiyini, 2011-ci ildə Mehmanla ailə qurduğunu, nikahlarını 2015-ci ildə rəsmiləşdirdiklərini, birgə nikahlarından iki övladının dünyaya gəldiyini, cavabdehlə aralarında bağlanmış nikahın Babək Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli qətnaməsi ilə pozulduğunu, həmin qətnamə ilə birgə nikahlarından olan uşaqların onun yanında qalması, onların saxlanılması üçün cavabdehdən hər ay qazancının və ya gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulmasının müəyyən edildiyini, qətnamə qəbul edildikdən sonra Mehmanın əvvəllər 140 manat, daha sonra 130 manat aliment ödədiyini, hazırda isə iki uşağın saxlanılması üçün ona 100 manat miqdarında aliment verdiyini, cavabdehin aliment ödəməkdən başqa uşaqların digər tələbatları ilə maraqlanmadığını, oğlunun hazırda 3-cü sinifdə oxuduğunu, qızının isə məktəbəqədər təhsil müəssisəsinə getdiyini, uşaqların saxlanılmasında valideynlərinin ona köməklik etdiyini, onların tələbatlarının günü-gündən artdığını qeyd edərək, yekunda uşaqların saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 175 manat aliment miqdarında tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdi. Məhkəmədə izahat verən Cavabdeh iddianı qəbul etmədiyini Şahxanımla 2011-ci ildə ailə qurduğunu, birgə nikahlarından biri oğlan, biri qız olmaqla iki uşağın dünyaya gəldiyini, 2020-ci ilin yanvar ayında iddiaçı ilə aralarında bağlanmış nikahın pozulduğunu, birgə nikahlarından olan uşaqların məhkəmə qətnaməsi əsasında Şahxanımın yanında qaldığını, onların saxlanılması üçün əmək haqqından hər ay 100-105 manat miqdarında aliment tutulduğunu, uşaqların saxlanılması üçün iddiaçıya alimentdən başqa maddi köməklik etməsə də, övladlarına iki-üç dəfə paltar aldığını, son üç aydır ki, maddi imkanı yaxşı olmadığını, aylıq əmək haqqının 330 manat olduğunu, əvvəllər səksən arı ailəsi saxlasa da, hazırda 45 arı ailəsi olduğunu, onlara isə atasının baxdığını və ona məxsus olduğunu, iddiaçının tələb etdiyi miqdarda alimenti ödəməyə maddi imkanın olmadığını bildirərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Mülki işin materiallarını nəzərdən keçirən məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında 01 oktyabr 2015-ci ildə nikah bağlanması, onların birgə nikahından X4 və X5 adlı uşaqlarının dünyaya gəlməsi, iddiaçı və cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflər arasında bağlanmış nikahın pozulmasından sonra Babək Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(079)-07/2020 nömrəli qətnaməsi ilə onların birgə nikahından olan uşaqların iddiaçının yanında qalması və onların saxlanılmaları üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(079)-07/2020 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında 01 oktyabr 2015-ci ildə nikah bağlanması; - iddia ərizəsinə əlavə olunmuş Culfa rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 852889 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 12 sentyabr 2012-ci il tarixdə X4 adlı övladlarının doğulması; - iddia ərizəsinə əlavə olunmuş Culfa rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 530166 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 12 yanvar 2015-ci il tarixdə X5 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli, AZ-İ seriyalı, 221838 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması; - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(079)-07/2020 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən tərəflər arasından bağlanmış nikahın pozulmasından sonra birgə nikahından olan X2 və X3 iddiaçının yanında qalması və onların saxlanılmaları üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(079)-07/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Babək Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(079)-07/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh X2 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 350 (üç yüz əlli) manat məbləğində aliment tələb etməsi və cavabdehin bunu qəbul etməməsidir. İşin mübahisəli halının həllinə hüquqi aydınlıq gətirmədən öncə məhkəmə onu qeyd edir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. İstər ailə qanunvericiliyi, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarından görünür ki, məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin faktiki hallarından isə müəyyən olur ki, tərəflər arasında olan nikah məhkəmə qaydasında pozularkən məhkəmə uşaqların saxlanılması üçün alimentin tutulma qaydasını cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən etmişdi. İddiaçı isə hazırki tələbində cavabdehdən onların birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün alimenti sabit pul məbləğində tutulmasını və əvvəl müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini tələb edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələbini rəhbər tutaraq iddiaçıya bildirir ki, alimentin miqdarının dəyişdirilməsi ilə onun tutulması qaydasını eyniləşdirmək olmaz. Alimentin tutulması iki qaydada, yəni onu ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və ya sabit pul məbləğində həyata keçirildiyi halda, alimentin miqdarının dəyişdirilməsi isə özündə məhkəmə tərəfindən müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəllə 76-cı maddəsinin mahiyyətindən aydın olur ki, aliment aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulduqda onun miqdarı ailə qanunvericiliyinin müəyyən etdiyi məbləğdə təyin edilir. Qanunvericilik hüququna toxunan şəxsin müraciəti əsasında məhkəməyə həmin payları artırıb-azalda bilmə səlahiyyəti verdiyi halda, həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə alimentin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddi hüquq normasının tələbindən də göründüyü kimi sabit pul məbləğində tutulan alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində isə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, qanunvericilik məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Həmçinin bildirir ki, alimentin tutulma qaydasını qanunvericilik və ya yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxs müəyyən etdiyi halda, alimentin miqdarının dəyişdirilməsi ilə bağlı isə həm alimenti ödəyən, həm də alimenti alan şəxs məhkəməyə müraciət edə bilər. Yəni alimenti aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında ödəyən şəxs onun sabit pul məbləğində ödənilməsini tələb etmək hüququna malik deyil. Əgər alimentin tutulması qaydasına onun miqdarının dəyişdirilməsi kimi yanaşılsa onda aliment ödəyənə onun sabit pul məbləğində tutulması ilə bağlı müraciət etmək imkanını verilmiş olar ki, bu Ailə Məcəlləsinin 78-ci maddəsinə ziddir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbinə görə alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Qeyd edilən maddi hüquq normalarının ümumi təhlili onu deməyə imkan verir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi tələbi ilə məhkəmə müraciət edilməsi üçün öncədən müvafiq tutulma qaydası ilə bağlı məhkəmənin müəyyən etdiyi miqdarla əlaqədar qərar qəbul edilməli və daha sonra aliment alan şəxs həmin miqdarın dəyişməsi üçün müraciət etməlidir. İşin araşdırılmış hallarından isə müəyyən olur ki, tərəflər arasında alimentin sabit pul məbləğində tutulması qaydası ilə bağlı məhkəmənin öncədən müəyyən etdiyi miqdar mövcud deyil. Hazırda isə iddiaçı tələbində Babək Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(079)-07/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini qeyd etsə də o, cavabdehdən X2 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 350 (üç yüz əlli) manat məbləğində, yəni sabit pul məbləğində aliment tələb edir. Yəni iddiaçının tələbinin mahiyyətindən isə aydın olur ki, o, alimentin tutulma qaydasının dəyişdirilməsini istəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki vəziyyətdə isə tələbin mahiyyətindən iddiaçının cavabdehin alimenti aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarı şəklində deyil, sabit pul məbləğində ödəməsini tələb etməsi aydın olduğundan məhkəmə qanunvericiliyin tələblərini nəzərə almaqla belə nəticəyə gəlir ki, iddia tələbinin ümumi mahiyyəti nəzərə alınmaqla işə baxılmalıdır. İşin mübahisəli halının hüquqi həlinə gəldikdə isə məhkəmə qeyd edir ki, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilir. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin ailə qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh bir uşaq üçün hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında aliment tələb etsə də və bunu Cavabdeh atası ilə birlikdə ustalıq etməklə qapı-pəncərə düzəldilməsi, şifer vurulması ilə məşğul olması, 100 yeşik arı ailəsi saxlamaqla oradan da qazanc götürməsi ilə əsaslandırsa da, iddiaçı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarının ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Bununla bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X10 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. . Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2021-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşaqların sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşaqların yaşını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və cavabdehdən yetkinlik yaşlarına çatmayan uşaqların saxlanmaları üçün bir uşaq üçün hər ay 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 200 (bir yüz) manat miqdarında aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırki mülki iş üzrə isə alimentin miqdarının deyil, onun tutulması qaydası dəyişdirildiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsi tətbiq eilməklə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “12” aprel 2021-ci il tarixdə müraciət etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın ((2x175)x12=4200) təmin edilmiş hissəsinə ((2x100) x 12 =2.400) münasib olan 17 (on yeddi) manat, 10 (on) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Babək Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(079)-07/2020 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli; -“12” aprel 2021-ci ildən hesablanmaqla, tərəflərin birgə nikahından olan 12 sentyabr 2012-ci il təvəllüdlü X2 və 12 yanvar 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 200 (iki yüz) manat miqdarında aliment tutulmaqla uşaqların anası İddiaçı ödənilməli; - həmçinin Cavabdeh 17 (on yeddi) manat, 10 (on) qəpik miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalı; - iddia digər hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(079)-07/2020 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. “12” aprel 2021-ci ildən hesablanmaqla, tərəflərin birgə nikahından olan 12 sentyabr 2012-ci il təvəllüdlü X2 və 12 yanvar 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 200 (iki yüz) manat miqdarında aliment tutulmaqla uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 17 (on yeddi) manat, 10 (on) qəpik miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev. İş № 2(079)-203/2021 Azərbaycan Respublikası adından Qətnamədən çıxarış Babək Rayon Məhkəməsi «18» may 2021-ci ildə Babək şəhərində Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq qət e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(079)-07/2020 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. “12” aprel 2021-ci ildən hesablanmaqla, tərəflərin birgə nikahından olan 12 sentyabr 2012-ci il təvəllüdlü X2 və 12 yanvar 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 200 (iki yüz) manat miqdarında aliment tutulmaqla uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 17 (on yeddi) manat, 10 (on) qəpik miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Zamiq Əliyev. Düzdür, Babək Rayon Məhkəməsinin sədri: Zamiq Əliyev. “18” may 2021-ci il
Məhkəmə qərarları › İş №2(079)-203/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-203/2021
18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver