Məhkəmə qərarları › İş №2(079)-205/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-205/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-205/2022 16.05.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 min (iyirmi altı min) manat pulun və 168 (bir yüz altı səkkiz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən 158 baş xırda buynuzlu heyvanları satmaq üçün Naxçıvan elanlarında instaqrama qoymuşdum. Həmin zaman əvvəlcədən tanıdığım Babək rayon Zeynəddin kənd sakini Cavabdeh mənimlə telefonda əlaqə saxlayaraq heyvanları alacağını bildirdi, bundan sonra İbrahim Şahbuz rayonuna gələrək nağd pulunun olmadığını, təxminən bir aya kredit alacağını, cavabdehlə razılaşdığı 26 (iyirmi altı min) manat pulu da iki dəfəyə ödəyəcəyini bildirdi. Bundan sonra biz aramızda borc müqaviləsi bağlamaq üçün Şahbuz rayon notariat kontoruna getdik. Notarius müqavilənin notarial qaydada bağlanmasına kömək etməyərək öz aramızda yazılı borc müqaviləsi bağlamağı təklif etdi. 02 aprel 2021-ci il tarixində 118 baş qoyun və 40 baş quzunu İbrahim və oğlu Əli apardılar. Həmin zaman yəni 02 aprel 2021-ci il tarixində cavabdeh İbrahimlə bu məzmunda öz aramızda müqavilə bağladıq bizim aramızda bağladığımız müqavilənin mətnini olduğu kimi qeyd edirəm. “Mən Cavabdeh, İddiaçı ilə öz aramızda müqavilə bağlayırıq ondan ötəri ki, mən Elşaddan yüz on səkkiz baş qoyun və qırx körpə quzu almışam. İyunun başı on üç min manatı verib geri qalan on üç min manatını isə iyulun beşinə verəcəyəm. Müqavilə öz aramızda bağlandı öz imzamızla təsdiq edirik”. Mən cavabdehlə aramızda müqavilə bağladıqdan sonra müqavilənin şərtinə əsasən 2021-ci ilin iyun ayını gözlədim ki, cavabdeh gətirib on üç min manat pulumu versin geriyə qalan on üç min manatı da 04 iyul 2021-ci il tarixdə versin. Lakin cavabdeh 2021-ci il tarixdə bağladığımız müqavilədən bu günədək bir manat belə olsun mənə verməyib. Mən cavabdehlə əlaqə saxlayıb pulumu tələb etsəm də mənə hərdən bir bəhanə gətirərək yalan danışaraq pulumu vermirdi. Cavabdeh məndən 158 baş xırda buynuzlu heyvanları alıb gedəndən sonra mənə məlumat gəldi ki, İbrahim ucuz qiymətə heyvanları satıb özünə ev tikir. Bizim aramızda bağladığımız müqavilənin vaxtı çatmadığından mən cavabdehlə əlaqə saxlamadım. Aramızda bağladığımız müqavilənin vaxtı çatandan sonra bir neçə gün cavabdehi gözlədim pulumu versin amma pulumu vermədi. Bir ildir ki, cavabdeh hərdən bir yalan söz deyir. Mən şifahi olaraq Babək rayon Polis şöbəsinə və Babək rayon Prokurorluğuna müraciət etdim. Mülki məsələ olduğundan məhkəməyə müraciət etməli olduğum bildirildi. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mən Şahbuz şəhərində yaşayıram. Xırda təsərrüfatla məşğul olmaq məqsədilə Şahbuz rayon sakini X3 ilə birlikdə şərik olaraq Şahbuz rayon, Sələsüz kənd sakini “Talıb” adlı şəxsdən 135 baş xırda buynuzlu heyvan alıb birlikdə saxlamağa başladıq. Şahbuz şəhərində evimizdən bir az aralı məsafədə yerləşən mənə məxsus fermada 1 il 1 ay heyvanlara qulluq edib baxdıq. Lakin 1 ildən sonra heyvanları saxlaya bilmədiyimizdən və Talıba may ayı borcumuzu qaytarmalı olduğumuzdan pul əldə etmək üçün heyvanları satmaq qərarına gəldik. Bu məqsədlə bizim xahişimiz ilə tanışım X2 heyvanların şəklini çəkib instaqram sosial şəbəkəsinə qoydu. Bundan 3 gün sonra əvvəlcədən tanıdığım, mənimlə sinif yoldaşı olan Eldar Məmmədovun bacısı oğlu Cavabdeh mənimlə telefonda əlaqə saxlayaraq heyvanları alacağını bildirdi. 02 aprel 2021-ci il tarixdə İbrahimlə görüşdüyümüz zaman 158 baş xırda buynuzlu heyvanların 26000 manata satılması barədə razılığa gəldik. İbrahim mənə əlində nağd pulun olmadığını, 1 aya kimi əlinə pul keçəcəyini bildirərək, 26000 məbləğində pulu 2 dəfəyə hissə hissə-hissə hər dəfəsində 13000 manat olmaqla verməyi təklif etdi. O mənə 26000 manat məbləğində kredit götürəcəyini, pulun bir hissəsini iyun ayı, bir hissəsini isə iyul ayı ödəyəcəyini bildirdi. Cavabdehi əvvəlcədən tanıdığımdan onun bu təklifini qəbul etdim. Şəriki olduğum Fariz Cəlilov bizdən bu barədə notarial qaydada müqavilə bağlamağı tələb etdi. Bundan sonra biz notariusa getdik. Orada isə bizə bu barədə yazılı müqavilə bağlana bilməyəcəyini, öz aramızda yazılı ərizə tərtib olunmasını təklif edərək, bunun keçərli olduğunu bildirdilər. Bundan sonra İbrahim yazılı ərizə verərək 13000 manat pulu 05 iyun 2021-ci il tarixdə, qalan 13000 manatı isə iyul ayının 5-nə qədər verməyi öhdəsinə götürdü. Biz bu barədə razılaşdıq. 1 gün sonra İbrahim oğlu Əli ilə səhər tezdən gələrək heyvanları həmkəndlilərinə məxsus 1 ədəd qazel və 1 ədəd tır tipli maşınlara mindirib apardılar. Mən iyun ayı cavabdehin pulu gətirib verəcəyini ümid edirdim. Lakin o pulu gətirib vermədi, mən ona nə qədər pulu gətir ver desəm də cavabdeh hər dəfə bir bəhanə gətirərək pulu verəcəyini bidirirdi. Daha sonra İbrahimin özünə ev tikdiyini və heyvanları satıb pulunu həmin evin tikintisinə xərclədiyini eşitdim. Mən bununla bağlı onun evinə gedib ata-anasına bildirdim. Onlar da İbrahimin pulu verəcəyini dedilər. İbrahim mənə Bakı şəhərində əvvəllər torpaq sahəsi aldığını, həmin torpaq sahəsini 23000 manata satıb pulu götürməyimi təklif etdi. Bundan sonra mən İbrahimlə birlikdə Ordubad şəhərinə həmin torpaq sahəsini satılması üçün etibarnamə almağa getdim və mülkiyyətçinin yoldaşından etibarnamə aldım. Etibarnaməni əldə etidkən sonra İbrahimə Bakı şəhərinə getməyi təklif etsəm də, İbrahim getməkdən boyun qaçırdı və mənə orada dostunun olduğunu, onun mənə kömək edəcəyini bildirdi. Bundan sonra mən tək Bakı şəhərinə getdim. Lakin orada həmin torpaq sahəsinin harada olması barədə nəlumat olmadığını, həmin torpaq sahəsini yalnız mülkiyyətçinin özünün tanıya biləcəyini, çünki torpaqların nömrə ilə verildiyini bildirdilər. Onun mülkiyyətçisinin isə 2008-də vəfat edən Naibə Quliyeva olduğunu öyrəndim. Bu barədə mərhumun Ordubadda yaşayan həyat yoldaşına bildirsəm də o, həmin torpaq sahəsinin harada olduğunu bilmədiyini, mərhum Naibə Quliyeva ilə İbrahimin alqı-satqı etdiklərini bildirdi. Həmin torpaq sahəsinin mövcud olub-olmadığını da bilmirəm. Mən həmin heyvanları Talıbdan nisyə olaraq almışdım. Kredit götürüb həmin borcun 10000 manatını vermişəm. Qalanını isə hazırda həmin şəxs məndən tələb edir. Hazırda da həmin kreditin borcunu ödəyirəm. Ona görə pulumun alınıb mənə verilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirəm. İddiaçının vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında cavabdehin iddianı etiraf etməsinin hər hansı şəxsin hüquqlarını pozmadığı nəzərə alınmaqla cavabdehin tam etirafı əsasında iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirəm. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 158 baş xırda buynuzlu heyvanı instagram sosial şəbəkəsində gördükdən sonra şəxsən tanıdığım iddiaçı ilə telefonda əlaqə saxlayıb heyvanları almaq istədiyimi bildirdim. Məqsədim təsərrüfat qurmaq idi. Bundan sonra Şahbuz şəhərinə gedərək 02 aprel 2021-ci il tarixdə iddiaçı ilə 158 baş xırda buynuzlu heyvanı 26000 manata almağım və həmin pulu hissə-hissə 2 dəfəyə hər dəfəsində 13000 manat olmaqla ödəmək barədə razılığa gəldik. Birinci pulu 2021-ci ilin iyun ayının, ikincini isə iyul ayının 5-ə qədər ödəməyi öhdəmə götürdüm. X7 Respublikası İqtisadi İnkişaf Nazirliyindən kredit götürüb pulu ödəmək niyyətində idim. Amma pulu ala bilmədim. Buna görə də borcumu ödəyə bilmədim. Heyvanları alıb evə gətirdikdən sonra onlar xəstələndilər və bir çoxu tələf oldu. Çünki iddiaçı onları pis şəraitdə saxlamışdı. Qalanlarını isə satıb pulunu borclarıma vermişəm. İddiaçıya təklif etdiyim torpaq sahəsini borcumun qarşılığında mənə veriblər, lakin adıma keçirməyiblər. Torpağın yerini bilmədiyim üçün iddiaçı ilə Bakıya getməyi qəbul etmədim. Qısacası mənim iddiaçını aldatmaq niyyətim yoxdur. Tezliklə həmin torpaq sahəsini satıb borcumu ödəyəcəyəm. Hazırda iddiaçıya 26000 manat borcum var. Həmçinin mülki iş üzrə məhkəmə baxışı iclasında cavabdeh iddianın etirafı barədə ərizəsini məhkəməyə təqdim edərək, həmin ərizədə İddiaçı Babək Rayon Məhkəməsində ona qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia qaldırdığını, hazırda ona 26000 (iyirmi altı min) manat borcu olduğunu etiraf etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (Mülki Prosessual Məcəllənin 5.4, 52.1- 52.3-cü maddələri). MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 26000 (iyirmi altı min) manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 168 (bir yüz altmış səkkiz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 26000 (iyirmi altı min) manat pul alınaraq İddiaçı ödənilsin. İddiaçı iddia qaldırılan zaman ödədiyi 168 (bir yüz altmış səkkiz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar