Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-211/2024 07.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “19” fevral 2024-cü ildə Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 3000 (üç min) manat məbləğində pulun və ödəmiş olduğu 50 (əlli) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Kəngərli rayonu, Böyükdüz kəndində iri və xırda buynuzlu mal-qara saxlayıram, həmçinin əkinçilik təsərrüfatı ilə məşğulam. 10 iyun 2022-ci il tarixdə Babək rayonu, Didivar kənd sakinləri Cavabdeh1 və Musayeva X2 rayonu, Böyükdüz kəndinə gələrək məndən 91 baş xırda buynuzlu heyvan aldılar. Lakin həmin vaxt onlar xırda buynuzlu heyvanları satıb 3 (üç) ay müddətində hər xırda buynuzlu toğlu üçün 80 (səksən) manata və hər 10 xırdabuynuzlu qoyun üçün isə 100 (yüz) manat olmaqla pulunu mənə ödəyəcəklərini bildirdilər. Mən onlarla razılaşdım. Lakin 3 (üç) ay keçdikdən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə əlaqə saxlayıb satılmış heyvanların pulunu mənə ödənilməsi üçün onların ünvanına Babək rayonu, Didivar kəndinə getdim. Mən onlara satılmış heyvanların pulunu istəyəndə cavabdehlər mənə bildirdilər ki, 91 baş xırda buynuzlu heyvanlardan cəmi 37 baş xırda buynuzlu olmaqla, 2 baş xırda buynuzlu qoyun və 35 baş xırda buynuzlu toğlu heyvan satılıb. Lakin hal-hazırda maddi imkanları olmadığından satılan heyvanların 3000 (üç min) manat pulunu mənə müəyyən müddətə ödəyəcəklərini bildirdilər. Mən satılmayan qalan 54 baş xırda buynuzlu heyvanları Kəngərli rayonu, Böyükdüz kəndinə gətirdim. Sonra dəfələrlə cavabdehlərlə əlaqə saxlasam da satılmış xırdabuynuzlu heyvanların 3000 (üç min) pulunu müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırırdılar. Bununla bağlı mən 25 noyabr 2023-cü il tarixdə Kəngərli rayon polis şöbəsinə müraciət etdim. Şöbənin 15 dekabr 2023-cü il tarixi məktubunda cavabdehlərin izahatında mənə borcu olmasının öz təsdiqini tapdığını və mənə məhkəməyə müraciət etmək hüququmun olduğunu bildirmişlər. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, Samir onun əmisinin oğlunun qaynı, Fatma isə onun qayınanası olduğunu, özünün heyvan alveri ilə məşğul olduğunu, Samirin də onun heyvan satdığını bu vasitə ilə bildiyini, təqribən 2 il bundan əvvəl Samirin onlara gəldiyini və ona heyvan almaq istədiyini bildirdiyini, onunla danışıb razılaşdığını, əvvəl heyvanın biri 130 manat olmaqla balalı heyvanları, 80 manatdan isə quzuları satmaq barədə razılığa gəldiklərini, lakin Samirlə qohum olduğundan, həmçinin balalı heyvanların sayı az olduğundan 100 manatdan qoyunları, 80 manatdan isə quzuları satmaq barədə razılaşdıqlarını, Samir işsiz olduğundan heyvanları verməkdə tərəddüd etdim, özü evdə olmayan vaxt oğlunun ona zəng edib Fatma xalanın onlara gəldiyini dediyini, Fatma onlara gəldiyindən, həmçinin pensiya aldığından oğluna “heyvanları verin getsin” dediyini, ümumilikdə 91 heyvanı onlara satdığını, Samir isə torpaq sahəsinin olduğunu və heyvanları satıb heyvanların pulunu verəcəyini bildirdiyini, sonra isə ona zəng edib quzuları 75 manata endirməyi təklif etdiyini, özünü razılaşdığını, lakin o heyvanların pulunu vermədiyindən özünün 54 heyvanı geri qaldığını, iki baş qoyun və 35 baş quzunun Samirdə qaldığını, Samirin isə həmin 37 heyvanın bəzilərinin öldüyünü, bəzilərinin isə canavar yediyini dediyini, Samirin kök heyvanları seçib satdığını, arıq heyvanları ona qaytardığını, Samirin heyvan almaq üçün onlara əvvəl tək gəldiyini, həmin vaxt onun anasının gəlmədiyini, Fatma ilə aralarında heyvanların sayı və qiyməti barədə heç bir sövdələşmə olmadığını, üç dəfə onların qapısına getdiyini, “heç olmasa hər ay 250-300 manat pulun verin qurtaraq, sonda pulun hamısını verəndə 200 manatı da uşaqlara keçəcəyəm” dediyini, lakin Samir ”nə edirsən et”, anası isə “başımı ağrıtmayın” dediyini qeyd edərək yekunda tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdi. Cavabdeh1 məhkəmədə verdiyi izahatında tələbi qəbul etdiyini, iddiaçı ilə qohum olduğunu, onun heyvan alveri ilə məşğul olduğunu, bir gün Allahverdiyə heyvan almaq istədiyini dediyini, özünün əvvəl yalnız quzu almaq niyyətinin olduğunu, həmin vaxt iddiaçınin ona iki baş xırda buynuzlu qoca qoyunu da satdığını dediyini, Allahverdinin əvvəl heyvanın birini 90 manata satacağını bildirdiyini, sonra heyvanın birini 80 manata razılaşdıqlarını, ümumilikdə 91 heyvanı iddiaçıdan aldığını, lakin heyvanların bəzisi öldüyünü, heyvanların pulunu danmadığını, lakin pulun hamısını ödəyə bilməyəcəyini, çünki heyvanlara 5 ay baxıb çobanlıq etdiyini, həmçinin onlara 2000 manat pul xərclədiyini, onları saxlamaq üçün çəkdiyi xərcləri qarşı tərəfdən tələb etdiyini, heyvanları Allahverdidən özünün aldığını, anasının alqısatqıda iştirak etmədiyini, heyvanları alanda anasını heyvan seçməsi üçün apardığını, çünki o, yaşlı olduğundan qoca heyvanı tanıdığını, iddiaçıya qalan heyvanlarını qaytararkən ona heyvanlardan bəzilərinin saxlamağı və satıb borcumun yarısını ödəməyi təklif etdiyini, lakin Allahverdinin buna razı olmadı və sağ qalan heyvanların hamısını apardığını, heyvanlar balaca olduğundan 5 ay saxlayıb sağ qalanları iddiaçıya qaytardığını, bankdan 2000 manat kredit götürüb onun heyvanlarına baxdığını qeyd etmişdi. Cavabdeh2 məhkəmədə verdiyi izahatında tələbi qəbul etmədiyini, özünün yaşlı adam olduğunu, alverin oğlu ilə Allahverdinin arasında olduğunu, özünü bu işə niyə qatmasını və onu niyə məhkəməyə verdiyini bilmədiyini, oğlu heyvanları alıb gətirdikdən sonra ona heyvanların çox arıq olduğunu dediyini, ondan heyvanları aparıb qaytarmasını istədiyini bildirmişdi. Mülki iş materiallarını və işdə iştirak edən şəxslərin izahatlarını tədqiq edən məhkəmə müəyyən edir ki, iddiaçının Cavabdeh1 91 (doxsan bir) baş xırda buynuzlu heyvanı nisyə satması, daha sonra Cavabdeh1 aldığı heyvanların pulunu ödəyə bilmədiyi üçün İddiaçı həmin heyvanlardan 54 başını geri alması mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz halları olması tərəflərin məhkəmədə verdiyi izahatları ilə öz təsdiqini tapır. İddiaçının tələbi isə Cavabdeh1 və Cavabdeh2 3000 (üç min) manat miqdarında pulun alınıb ona verilməsidir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçı tələbini Cavabdeh1 və Cavabdeh2 ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsi ilə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır; - 407.1-ci maddəsinin tələbinə görə müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır; - 409.1-ci və 409.9-cü maddələri ilə müəyyən edilir ki, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Əgər oferta aksept üçün müddət göstərilmədən, şifahi edilmişsə, digər tərəf ofertanın akseptini dərhal bildirdikdə müqavilə bağlanmış sayılır. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; - 608-ci maddəsinə görə əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Tərəflər arasında bağlanmış müqaviləni yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. Belə ki, heyvan alveri ilə məşğul olan İddiaçı Cavabdeh1 verdiyi ondan heyvan almaq istəyi barədə təklifini iddiaçının qəbul etməsi ilə onlar arasında şifahi formada alqı-satqı müqaviləsi bağlanmışdı. Cavabdehin heyvanların dəyərini müəyyən vaxt sonra ödəməsi barədə verdiyi təklifin iddiaçının qəbul etməsi isə onlar arasında nisyə alqı-satqı müqaviləsinin bağlanması ilə nəticələnmişdi. İddiaçı iddia tələbi Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlsə də, iddiaçı cavabdehlərdən Cavabdeh2 heyvan satması, yəni onlar arasında mülki hüquq münasibətlərinin yaranmasını təsdiq edəcək sübut təqdim edə bilməmişdi. Əksinə ona verilmiş sübut sualına İddiaçı verdiyi cavabdan aydın olur ki, heyvanların alqı-satqısı barədə onlar arasında razılıq olan zaman Cavabdeh2 ümumiyyətlə orada iştirak etməyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Cavabdeh1 18 mart 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı ilə alveri özünün etdiyini, anası Cavabdeh2 bu işlə əlaqəsinin olmadığını, o İddiaçı olan 3000 (üç min) manat borcunu hər ay 50 (əlli) manat ödəməyə etirazının olmadığını, iddianı tam qəbul etdiyini bildirmişdir. O, həmçinin məhkəmədə verdiyi izahatında da bunu qeyd etmişdi. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh2 qarşı tələbi əsassızdır. İddiaçının Cavabdeh1 qarşı tələbinin hüquqi həllinə gəldikdə isə tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən heyvanları cavabdehə verməsi, sonuncunun isə müqavilə üzrə müəyyən edilmiş qaydada və vaxtda ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflərə bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdeh1 məhkəməyə təqdim etdiyi 18 mart 2024-cü il tarixli ərizədən, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kəngərli Rayon Polis şöbəsinin 15 dekabr 2023-cü il tarixli, 3-13-43-13/2-Q- 48xx/xx/2023 nömrəli məktubunun məzmunundan, həmçinin Cavabdeh1 məhkəmədə verdiyi izahatdan aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malı cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə onu etiraf etmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə iddiaçı tələbində cavabdehin ona 3000 (üç min) manat borclu olduğunu bildirmişdi. Bu isə Cavabdeh1 tərəfindən imzalanan 18 mart 2024-ci il tarixli ərizə və onun məhkəmədə verdiyi izahat ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia Cavabdeh1 münasibətdə təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - Cavabdeh1 3000 (üç min) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -həmçinin 50 (əlli) manat miqdarında dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməli; - iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 3000 (üç min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin 50 (əlli) manat miqdarında dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia Cavabdeh2 dair hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-211/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-211/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver