Məhkəmə qərarları › İş №2(079)-213/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-213/2024

18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-213/2024 18.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi-artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “19” fevral 2024-cü il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq “29” yanvar 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh ilə 16 may 2016-cı il tarixdə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olmuşam. Birgə nikahımızdan “29” yanvar 2017-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdehlə aramızda yaranan mübahisələr nəticəsində nikahımız 27 iyul 2018-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Həmin məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək mənim yanımda qalması müəyyən edilmiş və 28 mart 2018-ci il tarixdən başlamaqla cavabdeh X4 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq X1 üçün mənim xeyrimə ödənilməsi qət edilmişdir. Bildirirəm ki, mən heç bir yerdə işləmirəm və qızımla birlikdə kirayədə yaşayıram. Qızım birinci dərəcəli “pelvis asimmetrik və Supraventrikulyar taxikardiya” diaqnozlu xəstəliklərdən əziyyət çəkir və hazırda müalicəsi davam edir. Cavabdehin uşağa ödədiyi 130 (bir yüz otuz) manat aliment uşağımızın nə maddi tələbatını, nə də müalicə xərcini qarşılamağa yetmir. Uşaq elə yaş həddindədir ki, onun təhsilinə və digər xərclərinə də pul lazım olur. Aldığım aliment bu gün uşağımızın təminatını ödəmir və tək qadın olaraq mən bunun öhdəsindən gəlməkdə çətinlik çəkirəm. Uşağa aliment 2018-ci ildə kəsilib, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Heç bir yerdə işləmədiyim üçün maddi imkanım olmadığından qızımın müalicəsini davam etdirməkdə çətinlik çəkirəm. Bir ana olaraq çox çarəsiz vəziyyətdəyəm. Bu səbəbdən də övladımızın saxlanması, inkişafı və müalicəsi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyirəm. Cavabdeh Bakı şəhərində yaşayır və hazırda kifayət qədər qazancı vardır. Bu səbəbdən də hesab edirəm ki, bu günkü gün bir uşağın saxlanılması üçün ayda 235 (iki yüz otuz beş ) manat alimenti cavabdehin ödəmək imkanı vardır. Alimentin artırılması üçün ilkin mediasiya sessiyasında iştirak etsəm də, orada mübahisəmiz öz həllini tapmadığından artıq məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, Elvin ilə 2016-cı ildə ailə qurduğunu, birgə nikahlarından bir uşağın dünyaya gəldiyini, cavabdeh ilə 2018-ci ildə ayrıldığını, yəni uşağın bir yaşı tamam olanda boşandıqlarını, birgə nikahlarından olan uşağın özündə qaldığını, onun saxlanılması üçün qarşı tərəfin hər ay 130 manat aliment ödədiyini, iddia ərizəsində alimentin artırılmasını uşağın xəstəliyi və kirayə pulu ilə bağlı əsasladırsa da əslində bunların məhkəmə tərəfindən nəzərə alınması üçün qeyd etdiyini, çünki özünün şəhərdə kirayədə qaldığını, uşağının isə bir neçə xəstəliyinin olduğunu, aldığı alimentdən çox onun müalicəsinə pul xərclədiyini, alimentin artırılması ilə bağlı iki dəfə mediasiya orqanına müraciət etdiyini, sonuncu dəfə isə uşağını götürüb qayınatasının qapısına getsə də, onun uşaqla birlikdə özünü qapıdan qovduğunu, özünün əvvəllər işlədiyini, lakin 2023-cü ilin yanvar ayında uşağın səhhəti ilə bağlı olaraq işdən çıxdığını, aliment təyin olunan vaxt övladı məktəbə getməsə də, hazırda onun təhsil aldığını və bununla bağlı da onun xərclərinin artdığını, cavabdehin Bakı şəhərində kafe işlətdiyini, keçən ilədək ondan heç nə istəmədiyini, lakin artıq uşağın səhhəti ilə bağlı buna məcbur qaldığını, özünün hazırda ailə qurmadığını, boşanan zaman işləmədiyini, ondan sonra işlədiyini qeyd edərək yekunda tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 172.1-ci və 185-ci maddələrinə əsaslanmaqla cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatında oğlunun yəni cavabdehin heç bir yerdə işləmədiyini, neçə illərdir onun əvəzindən alimenti özünün verdiyini, cavabdehin səhhəti ilə bağlı olaraq iş görmədiyini, hazırda onun Bakıda qohumlarının evində sürücü işlədiyini və ayda 500 manat əmək haqqı aldığını, həmçinin onların tutduğu evdə yaşadığını, bir neçə ay bundan qabaq iddiaçının uşağı da götürərək onların evinə gəldiyini və ona uşaqdan imtina etdiyini dediyini, özünün isə ona “sən imtina edirsənsə mən dünəndən imtina edirəm” dediyini, həmçinin ona bunu hüquq mühafizə orqanlarının etməli olduğunu bildirdiyini, bundan sonra kəndin sahə müvəkkilini çağıraraq iddiaçını evdən uzaqlaşdırdığını, tərəflər birlikdə yaşayan zaman özünün onlar üçün hər şərait yaratdığını, uşağın doğulanda xəstə olmadığını, hazırda uşaq üçün hər ay 130 manat aliment ödədiyini, fikrində bunun 20 manat artırmaq olsa da, hazırda 160 manat ödəməyə etiraz etmədiyini, həmçinin özünün fikrində alimentin miqdarının hər ay 20 manat artırmaqdan başqa ildə bir dəfə Nərminə 300-350 manat pul verməyi düşündüyünü, lakin iddiaçının ona etdiyi hörmətsizlikdən sonra bu fikrindən daşındığını bildirmişdir. Mülki işin materiallarını nəzərdən keçirən məhkəmə müəyyən edir ki, tərəflər arasında 16 may 2016-cı ildə nikah bağlanması, onların birgə nikahından X7 adlı ümumi uşağın olması, tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahından olan uşağın iddiaçının yanında qalması və onun saxlanılması üçün Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(078)-404/2018 nömrəli qətnaməsi ilə cavabdehdən hər ay 130 (bir yüz otuz) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(078)-404/2018 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında 16 may 2016-cı ildə nikah bağlanması; - iddia ərizəsinə əlavə olunmuş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 752229 nömrəli, 23 iyun 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin “29” yanvar 2017-ci il tarixdə X7 adlı övladlarının doğulması; - iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(078)-404/2018 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflərin arasında bağlanmış nikahın pozulması, onların birgə nikahından olan X5 iddiaçının yanında qalması və onun saxlanılması üçün cavabdehdən hər ay 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsinin qət olunması; - iddia ərizəsinə əlavə edilmiş və Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 28 avqust 2018-ci il tarixli, AZ-İ seriyalı, 175226 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın pozulmasının dövlət qeydiyyatına alınması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(078)-404/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını çatdırmaqdır. İşin mübahisəli halı isə iddiaçının Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(078)-404/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 235 (iki yüz otuz beş) manat məbləğində aliment tələb etməsidir. Mülki işin mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən tədqiq edilmiş sübutları qanunvericiliyin tələbləri daxilində və onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının tələbi əsasında məhkəmə onların birgə nikahından olan uşağın saxlanılmaları üçün aliment sabit pul məbləğində müəyyən edilmişdi. Hazırki mübahisə üzrə isə iddiaçının artırılmasını istədiyi məhz Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(078)-404/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan aliment miqdarıdır. Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı qətnamə ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini tələb etdiyindən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə yəni, iddiaçının üzərinə düşür. İddiaçı isə tələbinin əsası kimi özünün işsiz olmasını, övladı ilə birlikdə kirayədə yaşamasını, X5 birinci dərəcəli “pelvis asimmetrik və Supraventrikulyar taxikardiya” diaqnozlu xəstəliklərdən əziyyət çəkməsini və alimentin 2018-ci ildə təyin edilməsini, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunmasını qeyd etmişdi. İşdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlarından, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(078)-404/2018 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan indiyədək onların ailə həyatında dəyişiklik baş verməməsi müəyyən edilir. Onların maddi vəziyyətində ciddi dəyişikliyin olmasına gəldikdə isə iddiaçı tərəf bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməyib. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan tərəflərin adına hər hansı əmlak və gəlirin olması müəyyən edilmir. Digər diqqətəlayiq başqa maraqlar mövcudluğunun yoxlanılmasına gəldikdə isə iddiaçı tələbini uşağın xəstəliyi, onun böyüməsi, bununla bağlı onun tələbatlarının da artması, aliment məbləğinin övladının saxlanılmasına yetməməsi ilə əsaslandırmışdı. Məhkəmə iddia tələbinin hüquqi həlli ilə bağlı istinad etdiyi maddi hüquq normaları ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X9 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin tələblərinə əsaslanır. Belə ki, maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı övladı ilə birlikdə kirayədə yaşamasını qeyd etsə də məhkəməyə bunu təsdiq edəcək sübut təqdim etməmişdi. Həmçinin məhkəmə bildirir ki, iddiaçının kirayədə yaşaması onun övladının saxlanılması üçün qarşı tərəfdən aldığı alimentin miqdarının artırılması üçün birbaşa əsas sayıla bilməz. Məhkəmə bunu o zaman nəzərə ala bilər ki, iddiaçının kirayədə yaşaması uşağın mənafeyinə cavab verən haldan əmələ gəlmiş olsun. İddiaçı iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin “Əziz Əliyev” adına Naxçıvan Muxtar Respublikası X6 tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli və Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli tibbi arayışlardan, həmçinin sonuncu orqan tərəfindən verilmiş bel fəqərələrinin rentgenoqrafiyası adlı sənəddən X5 birinci dərəcəli “Pelvis asimmetrik və Supraventrikulyar taxikardiya” diaqnozlu xəstəliklərdən əziyyət çəkməsi müəyyən edilir. İddiaçının təqdim etdiyi sübutlara münasibət bildirən və hüquqi qiymət verən məhkəmə ilkin olaraq qeyd edir ki, X5 hər hansı xəstəlikdə əziyyət çəkməsi ailə qanunvericiliyinin tələbinə görə alimentin artırılması üçün deyil, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştiraka cəlb edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd edilən normanın tələbindən görünür ki, əgər tərəflər arasında müstəsna hallarla əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər birinin tələbi ilə digər valideyn məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Buna görə məhkəmə iddiaçının tələbinin əsası kimi bildirdiyi bu faktı əsaslı saymayaraq ona izah edir ki, X2 ilə bağlı yaranmış müstəsna hallarla bağlı cavabdehə tərəfə alimentin artırılması tələbi ilə deyil, Cavabdeh uşağın səhhəti ilə bağlı yaranmış xərclərdə iştiraka cəlb edilməsi ilə əlaqədar ayrıca iddia qaldıra bilər. Bundan başqa məhkəmə onu da iddiaçının nəzərinə çatdırır ki, X5 əziyyət çəkdiyi xəstəlik icbari tibbi sığorta təsir dairəsinə düşmədiyi halda cavabdehi bu xərclərə cəlb etmək daha əsaslı olar. İddiaçının tələbinin əsası kimi bildirdiyi alimentin 2018-ci ildə təyin edilməsinə, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunmasına gəldikdə isə məhkəmə onun qeyd etdiyi bu faktları əsaslı hesab edir. Çünki aliment təyin edilən dövrlə müqayisədə hazırda uşağın təhsillə bağlı yaranmış ehtiyaclarını və bununla bağlı çəkilməli olan xərci, həmçinin 2018-ci illə müqayisədə bu il üçün müəyyən edilmiş yaşayış ehtiyacını məhkəmə diqqətəlayiq başqa maraqlar kimi qəbul edir. Alimentin miqdarına gəldikdə isə İddiaçı Cavabdeh birgə nikahlarından olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 235 (iki yüz otuz beş) manat sabit məbləğdə aliment tələb edərək, cavabdehin hazırda kifayət qədər qazancı olmasını qeyd etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran sübutları məhkəməyə təqdim edə bilməmişdi. Buna görə də məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən məhkəmə onun nəzərinə çatdırır ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasına dair isə məhkəmə iddiaçının nəzərinə çatdırır ki, bu məbləğ yalnız bir valideynin üzərinə qoyula bilməz. Çünki, yuxarıda da qeyd edildiyi kimi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Qeyd edilən maddi hüquq normasının tələbini, həmçinin uşağın yaşının artdıqca tələbatların artmasını, az yaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşağın yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və hər bərabərlik prinsipinə ziddir. Buna görə də məhkəmə yuxarıda göstəriləni, həmçinin uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, onun yaşına uyğun olaraq yaranmış xərcləri, təyin edilmiş ilkin alimentin miqdarının, həmin vaxtdan 6 il keçməsini, həmçinin cavabdeh tərəfin alimentin miqdarı ilə bağlı məhmədə verdiyi təklifi nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay cavabdehdən 160 (bir yüz altmış) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir (235x12=2820. 2820-(12x130)=1260, müvafiq olaraq 32.60 manat dövlət rüsumu). Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (12x160=1920. 1920-(12x130)=360) cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 9 (doqquz) manat, 31 (otuz bir) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(078)-404/2018 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli; -qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan “29” yanvar 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 160 (bir yüz altmış) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - iş üzrə Cavabdeh 9 (doqquz) manat, 31 (otuz bir) qəpik miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli; - iddia digər hissədə əsassız olduğundan rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(078)-404/2018 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan “29” yanvar 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 160 (bir yüz altmış) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 9 (doqquz) manat, 31 (otuz bir) qəpik miqdarında rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar