Məhkəmə qərarları › İş №2(079)-215/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-215/2024

01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-215/2024 01.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli 2(079)-07/2019 nömrəli qətnaməsi ilə Cavabdeh 03 iyun 2008-ci il təvəllüdlü X4 və 29 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnaməsinə dəyişiklik edilərək, alimentin miqdarının dəyişdirilərək sabit məbləğdə bir nəfər uşaq üçün hər ay 235 (iki yüz otuz beş) manat olmaqla iki uşağa cəmi 470 (dörd yüz yetmiş) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 06 fevral 2009-cu il tarixdə rəsmi olaraq nikaha daxil olmuşuq. Birgə nikahımızdan 03 iyun 2008-ci il təvəllüdlü X4, 29 oktyabr 2011-ci il təvəllüdlü X5 doğulmuşdur. Babək rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli 2(079)-07/2019 nömrəli qətnaməsi ilə mənimlə Cavabdeh arasında Babək Rayon Qeydiyyat şöbəsində 06 fevral 2009-cii il tarixdə bağlanmış 15 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikahın pozulmasından sonra 03 iyun 2008-ci il təvəllüdlü X2, 29 oktyabr 2011-ci il təvəllüdlü X1 mənim yanımda saxlanılması, hər ay Cavabdeh 03 iyun 2008-ci ildə doğulmuş X4, 29 oktyabr 2011-ci ildə doğulmuş X1 yetkinlik yaşma çatanadək saxlanması üçün hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin alınıb mənə verilməsi qət edilmişdir. Ödənilən alimentlə övladılarımın normal qidalanmasını, öz yaşıdlarından geri qalmamasını, istirahətini, təhsilini, idmanla məşğul olmasını, keyfiyyətli tibbi müayinələrdən keçməsini təşkil etmək mümkün olmur. Mən də istəyirəm ki, övladlarım öz yaşıdlarından geri qalmasın. Uşaqlara aliment 2019-cu ildə kəsilib, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Bu səbəbdən də övladlarımızın saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyirəm. Qeyd edim ki. uşaqların vaşı artdıqca xərcləri də artır. Övladlarımız artıq böyüyüb məsrəfləri yetərincə artmışdır. Bu səbəbdən də alimentin miqdarının artırılması zərurəti yaranmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 2019-cu ildə cavabdehdən ayrıldığını, cavabdehin ailə qurduğunu, 1 övladı olduğunu, təzə nikahdan olan övladının yaşını bilmədiyini, cavabdehin harada yaşaması barədə məlumatının olmadığını, belə ki, mediasiya prosesində də iştirak etmədiyini, onunla ancaq telefonla əlaqə saxlanıldığını, cavabdehin məşğuliyyətini bilmədiyini, bildiyi qədərilə özəl şirkətdə işlədiyini, onun hərbi xidmətə getmədiyi üçün dövlət işlərində işləyə bilmədiyini, lakin ailəli olduqları müddətdə də daimi olaraq işləyib qazanc əldə etdiyini, cavabdehin əvvəl, yoxsa indi gəlirinin yaxşı olması barədə məlumatının olmadığını, sadəcə alimenti məsuliyyətsizliyinə görə ödəmədiyini, cavabdehin alimenti vaxtında ödəmədiyinə görə axtarışa verildiyini, uşaqların böyüdüklərini, Ayselin 16, Möhsünün 13 yaşı olduğunu, qızının 10, oğlunun isə 6-cı sinifdə Naxçıvan şəhər 5 nömrəli məktəbdə oxuduqlarını, oğlunun məktəbə getdiyini, uşaqların ikisinin də gözündə zəiflik olduğunu, hər üç aydan bir eynəklərinin dəyişdirildiyini və bunun da 120-140 manat pul tutduğunu, oğlu üçün qida, ayaqqabı, paltar, məktəb ləvazimatlarının alındığını, lakin qızı hazırlığa getdiyi üçün ona daha çox xərc sərf olunduğunu, kitab və testlərinin çox pul tələb etdiyini, testlərinin birinin qiymətinin azı 10-15 manat olduğunu, qızının hazırlıqlara getdiyini və dərslərinin yaxşı olduğunu, hazırlıqlarına 4 fənn üzrə 40, bir fənn üzrə isə 50 manat verdiyini, çatdıra bilmədiyi üçün oğlunu hələ ki, hazırlığa göndərə bilmədiyini, özünün ailəli olanda işləmədiyini, 2020-ci ilin yanvar ayından işə düzəldiyini, 345 manat əmək haqqı aldığını, faizi ilə birlikdə təxmini aylıq qazancının 500-600 olduğunu, özünün uşaqların tələbatlarını çatdırıb ödəyə bilmədiyini, 2018-ci ildə bir uşaq üçün 120 manat aliment kəsildiyini, indi isə uşaqların maddi ehtiyaclarının çoxaldığını və hər şeyin qiymətində bahalaşma müşahidə olunduğunu, ödənilən məbləğin uşaqların saxlanmasında kifayət etmədiyini bildirmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə tərəflərin birgə nikahından 03 iyun 2008ci il təvəllüdlü X2 və 29 oktyabr 2011-ci il təvəllüdlü X1 dünyaya gəlməsi, Babək Rayon Məhkəməsinin hazırda qüvvədə olan 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə uşaqların saxlanılmaları üçün hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin qət edilməsi birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur. Belə ki: - mülki işə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(079)-07/2019 nömrəli qətnaməsindən 03 sentyabr 2018-ci il tarixdən hesablanmaqla, 03 iyun 2008-ci il təvəllüdlü X2 və 29 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilməsinin müəyyən olunması; - nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulmasının Babək rayon Qeydiyyat şöbəsində xx.xx.2019cu il tarixdə qeydə alınması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 335707 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 03 iyun 2008-ci il təvəllüdlü X4 adlı övladlarının olması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 669789 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 29 oktyabr 2011ci il təvəllüdlü X5 adlı övladlarının olması məlum olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(079)-07/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Mülki işin sabit pul məbləğində müəyyən olunmuş aliment məbləğinin artırılması ilə bağlı mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən müəyyən edilmiş hallar ilə əlaqəli şəkildə və qanunvericiliyin tələbləri daxilində tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti - alimenti ödəməyə borclu olur. İşin faktiki hallarından görünür ki, Babək Rayon Məhkəməsi 29 yanvar 2019-cu il tarixli, 2(079)-07/2019 nömrəli qətnaməsi ilə sabit pul məbləğində aliment məbləğini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən tərəflərin 5 (beş) il 3 ay bundan əvvəlki maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla müəyyən etmişdir. Alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması və ya diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, aliment məbləğinin artırılması üçün əsasların mövcud olmasını sübut etmə yükü alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə düşür. İddiaçı aliment məbləğinin artırılması üçün əsas yaradan tərəflərin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verdiyini təsdiq edən hal olaraq uşaqların böyüməsi ilə əlaqədar olaraq tələbatlarının və təhsil xərclərinin artmasına istinad etmişdir. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən tərəflərin gəlir məlumatları üzrə çıxarışdan iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satıcı olaraq işləyib 390 manat əmək haqqı alması, cavabdehin isə gəlirinin mövcud olmadığı müəyyən olunur. Babək Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(079)-07/2019 nömrəli qətnaməsindən həmin mülki işə baxılan zaman tərəflərin birgə nikahdan doğulmuş övladları X4 16 yaşında və X5 13 yaşında olmuşdur. Hal-hazırda isə qeyd edilən qətnamə ilə sabit pul məbləğində aliment məbləğinin müəyyən edilməsindən 5 ildən artıq müddət keçmiş, həmin müddət ərzində uşağın tələbatları, həmçinin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə uşaqların yaşının artması ilə birlikdə tələbatlarının da artmasını uşağın yanında saxlanıldığı iddiaçının maddi vəziyyətində dəyişiklik kimi nəzərə alaraq, uşağın ananın yanında qalması nəzərə alınmaqla gündəlik qayğılarının iddiaçının üzərinə düşməsi, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğu, 2024-cü il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi kimi diqqətəlayiq hallarla bərabər cavabdehin gəlirlərinin müəyyən olunmamasını, iddiaçının isə işləyib gəlir əldə etməsini nəzərə almaqla iddiaçının aliment məbləğinin artırılması barədə iddiasını qismən əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin olunmalı, Babək Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(079)-07/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment miqdarı artırılaraq 03 iyun 2008-ci il təvəllüdlü X2 və 29 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq uşaqların anası İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə müvafiq olaraq (iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) həmin məcəllənin 112.1 və 112.1.6-cı maddələri əsas götürülməklə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(079)-07/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment miqdarı artırılaraq 03 iyun 2008-ci il təvəllüdlü X2 və 29 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq uşaqların anası İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar