Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-216/2023 01.05.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kirayə haqqı və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 10 mart 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək rayon Qahab kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 615 manat avtomobilin kirayə haqqı və 300 manat avtomobilə vurduğu ziyana görə, 915 (doqquz yüz on beş) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən 23 dekabr 2022-ci ildə Babək rayon Qahab kənd sakini Cavabdeh “Qazel” markalı ** BC *** nömrəli yük avtomobilini qarşılıqlı razılaşma əsasında ona vermişəm. Razılaşmamız belə olmuşdur ki, bir gün üçün 20 manat olmaqla ayda 600 manat ödəyəcəyini və avtomobilin saz vəziyyətdə saxlayacağını öhdəliyinə götürmüşdür. Cavabdeh avtomobili 2 ay 7 gün yəni ümumilikdə 67 gün istismar etmişdir. Lakin o, 1-ci ay üçün 535 manat, 2-ci ay üçün isə 190 manat olmaqla ümumilikdə 725 manat pul ödəmişdir. 67 gün üçün 1340 manat ödəməli olduğu halda Cavabdeh mənə cəmi 725 manat pul ödəmişdir. Onun ödəmədiyi 615 manat pulu dəfələrlə ondan tələb etsəm də o, həmin pulu mənə ödəməkdən boyun qaçırmışdır. Bundan əlavə avtomobilin iki təzə təkərini köhnə təkərlə dəyişdirmiş, trosu, əlcəyini, siqaret yandırmaq üçün qurğusunu və spidometrini sıradan çıxarmışdır. Bununla da Cavabdeh avtomobilə 300 manat dəyərində ziyan vurmuşdur. Cavabdeh mənə 615 manat avtomobilin kirayəsi üçün və 300 manat vurduğu ziyanı ödəməkdən boyun qaçırır. Mən Cavabdeh üzərinə götürdüyü öhdəliyi əməl etmədiyi üçün dəymiş zərəri tələb etsəm də o, mənə dəymiş zərəri ödəməkdən imtina etmişdir. Cavabdeh mənə vurduğu zərərin ödənilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışam. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 23 dekabr 2022-ci il tarixdə cavabdehin atası Heydər Məmmədovun ona zəng edərək oğlunun “Qazel” markalı maşın axtardığını bildirdiyini, ona istifadəsində “Qazel” markalı maşın olduğunu, təkərlərini və motorunu təzə saldırdığını, lakin Bakıya gedəcəyindən maşının 2 ay istifadəsiz qalacağını bildirdiyini, telefonda Heydərlə maşına günlük 20 manat icarə haqqı verəcəyi və hər hansı bir nasazlıq yaranarsa onun öhdəliyində olacağını bildirdiyini, həmin gün notarial qaydada razılaşmaq istəsələr də alınmadığını, bu səbəbdən də Ordubad rayon notarius ofisinin qarşısında bununla bağlı yazılı razılaşma imzaladıqlarını, razılaşmaya əsasən avtomobili günlük 20 manat olmaq şərtilə aylıq 600 manat müqabilində cavabdehə kirayə verdiyini, cavabdehin həmin vaxt ilkin olaraq 535 manat pul ödədiyini, maşının yağının dəyişilməsi üçün 50 manatı onun özünə qaytardığını, maşını təhvil alanda isə motorunda nasazlıq olduğundan Samirin yağı dəyişmədən maşını idarə etdiyini öyrəndiyini, beləliklə maşını cavabdehə xx.xx.2022-ci il tarixdə təhvil verdiyini, həmin gün 1 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini cavabdehə verdiyini, xx.xx.2023-cü il tarixdə etibarnamənin müddəti bitdiyindən cavabdehə nəqliyyat vasitəsini 3 ay müddətinə idarə etmək hüququnu etibarnamə əsasında verdiyini, cavabdehin ona xx.xx.2023-cü il tarixdə cəmi 190 manat ödədiyini, daha sonra isə bu gün-sabah deyə-deyə qalan məbləği ödəməkdən yayındığını, bunu təsdiq edən səs yazılarının olduğunu, belə ki, özünə məxsus kart hesabına dair məlumatların olduğu kartın şəklini cavabdehə vatsap proqramı ilə atmasına və pulu ora göndərməsini xahiş etməsinə baxmayaraq həmin karta pulu göndərmədiyini, bu kimi səbəblərdən maşını xx.xx.2023-cü il tarixdə cavabdehdən təhvil aldığını, beləliklə 2 ay 7 gün cavabdehdə qaldığını, atası Heydərin zəng edərək pulu verə bilməyəcəklərini, maşını gəlib aparmağını bildirdiyini, gəldikdə isə maşının zibilxananın qabağında saxlanıldığını gördüyünü, maşına minəndə maşında ciddi problemlərin olduğunu gördüyünü, maşının arxa işığının qırıldığını, musiqi sistemi, siqaret yandıran aparat, yanğın söndürən, açarlar, 2 nəfərlik oturacaq xalça, bıçaq və atvyorkanın götürüldüyünü gördüyünü, yanacaq çəninin qapağının belə olmadığını, onun yerinə başqa qapaq qoyulduğunu, maşının 2 ədəd təzə arxa təkərinin götürülərək yerinə ehtiyatda olan köhnə təkərlər qoyulduğunu, sadalanan hallarla bağlı fotoşəkilləri məhkəməyə təqdim edəcəyini, orada cavabdehdən razılaşmaya uyğun olaraq pulu və götürülən əşyaları gətirib verməsini tələb etdiyini, onun isə şiddət göstərib hədə-qorxu gələrək 1400 manat pul verdiyini bildirdiyini, halbuki ona 1400 manat vermədiyini, həmin gün maşını idarə etdmədiyini, başqa bir şəxsin maşını sürərək evə gətirdiyini, bundan 2-3 gün sonra maşını işə salanda yağ dəyişilmədiyi üçün motora zərər dəydiyini gördüyünü, motorun qlapanlarına yağ getmədiyi üçün işləmədiyini, bundan sonra maşını ustaya apardığını, orada ustanın qlapanları dəyişib 50 manat pul aldığını, həmçinin maşının sürət spidometrinin trosunun qırıldığını, cavabdehin təkərlər partladığı üçün dəyişdirdiyini bildirməyinə baxmayaraq həmin partlamış təkərləri üzə çıxarmadığını, aradakı yazılı razılaşmaya əsasən ziyanı özü ödəməli olduğunu, maşının musiqi sisteminin daha sonra cavabdeh tərəfindən polisin təkidi ilə geri qaytarıldığını, həmçinin cavabdehin sonradan maşının işığını da düzəltdirdiyini, cavabdehdən motorun pulunu istəmədiyini, lakin qalan xərclərin 300 manat təşkil etdiyini bildirmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məkhəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında 23 dekabr 2022-ci il tarixdə saat 1100-da “Qazel” markalı, **-BC-*** nömrəli yük avtomobilini Ordubad notariusunda 1 aylıq sürücülük etibarnaməsi ilə iddiaçıdan təhvil aldığını, həmin vaxt iddiaçıya bunun müqabilində 600 manat pul verdiyini, 24 yanvar 2023-cü il tarixdə isə iddiaçıya Naxçıvan Şəhər Notariusunun yanında 600 manat da əlavə pul verdiyini, orada maşının kreditlə 7000 manata aylıq 600 manat olmaqla hissə-hissə satılması barədə razılığa gəldiklərini, həmin gün notariusda iddiaçının ona 3 aylıq sürücülük etibarnaməsi verdiyini, növbəti ay, yəni 05 fevralda evdə 600 manat, 24 fevralda isə 200 manatı cavabdehə verdiyini, daha sonra isə 03 mart 2023-cü il tarixdə iddiaçının ailəsində problem olduğundan maşını geri almaq istədiyini bildirdiyini, maşını həmin gün saz vəziyyətdə özünə təhvil verdiyini, iddiaçıya borcu olmadığını, çünki maşını kirayə deyil, alqı-satqı müqaviləsi əsasında aylıq hissəhissə ödəmək şərtilə aldığını və pulun hamısını aylıq olaraq iddiaçıya ödədiyini, yazılı razılaşmanı özünün oxumadan imzaladığını, onun məzmununu iddiaçının ona bildirdiyini və razılaşdıqlarını, iddiaçıya 23 dekabr 2022-ci il tarixdə 600 manat, 24 yanvar 2023-cü il tarixdə 600 manat, 05 fevral 2023-cü il tarixdə 600 manat, 24 fevral 2023-cü il tarixdə isə 200 manat verdiyini, iddiaçının maşınını 23 dekabr 2022-ci il tarixdən 03 mart 2023-cü il tarixədək istifadəsində olduğunu, iddiaçının məhkəməyə təqdim etdiyi səs yazılarının iddiaçı və özü arasında keçdiyini, həmin səs yazılarında qalıq icarə haqqını karta köçürəcəyini bildirsə də əldən iddiaçıya verdiyini və həmin hissələr barədə danışmadıqlarından orada ifadə olunmadığını, təkəri partladığından 1 cüt təkəri alıb dəyişdirdiyini, maşının üzərində ehtiyat təkər olmadığını, həmçinin siqaret qutusu və yanğınsöndürən olmadığını, musiqi sisteminin isə təhvil verəndə maşının üzərində olduğunu, açarları istədiyi üçün polisin yanında iddiaçıya ona məxsus açarlardan istədiyini götürməyi təklif etdiyini, onun da açar və əlavə kəlbətin verdiyini, onun istifadəsində olarkən spidometrin trosunun qırılmadığını, təhvil verərkən işlək vəziyyət olduğunu, maşını Hava Limanının yanında Hacıvar kəndindin sahə müvəkkilinin yanında iddiaçıya təhvil verdiyini, maşını təhvil verəndə qabaq işığını, arxa işığını və sol tərəf qapının trosunu dəyişib verdiyini, buna baxmayaraq iddianı vurulmuş zərərə - 300 manata dair hissədə qəbul etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Tərəflər xx.xx.2022-ci il tarixdə aralarında bağlanmış sadə yazılı müqavilə ilə razılığa gəlmişlər ki, iddiaçı ** BC *** nömrəli öz adına olan maşını arenda (icarə) haqqı aylıq 600 manat olmaq şərtilə cavabdehə arendaya (icarəyə) müvəqqəti işlətmək üçün saz vəziyyətdə və həmin vəziyyətdə almaq şərtilə verir, işlətmə müddəti danışıq yolu ilə 1 il ola bilər, maşına cavabdehlik və məsuliyyət Samir Məmmmədovun üzərinə düşür. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli “nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında” notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında ona məxsus buraxılış ili 2000-ci il olan ** BC *** dövlət qeydiyyat nişanlı, QAZ 33021 YÜK markalı nəqliyyat vasitəsini 1 ay müddətinə - xx.xx.2023-cü ilə qədər idarə etmək hüququnu cavabdehə verilmiş, xx.xx.2023-cü il tarixdə isə yenidən “nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında” notarial qaydada təsdiq edilmiş etibarnamə ilə həmin nəqliyyat vasitəsini idarə etmək hüququ iddiaçı tərəfindən 3 ay müddətinə xx.xx.2023-cü il tarixə qədər cavabdehə verilmişdir. Həmçinin tərəflər aralarında xx.xx.2023-cü il tarixdə aylıq haqq müqabilində icarə münasibətlərinin yarandığını mübahisələndirməmiş, cavabdeh tərəfindən iddiaya etirazının əsası kimi istinad etdiyi xx.xx.2023-cü il tarixdə etibarnamə verilərkən hissə-hissə ödəmə şərtilə alqı-satqı barədə razılaşmalarına dair dəlilini təsdiq edən sübutlar isə məhkəməyə təqdim olunmamışdır. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış və onlar arasında icarə hüquq münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin məcəllənin 390.5-ci maddəsinə əsasən isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər cavabdehin sahibliyində və istifadəsində olmuş, tərəflər nəqliyyat vasitəsinin icarə haqqı olaraq aylıq 600 (altı yüz) manat məbləğində razılığa gəlmişlər. Mülki işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı razılaşdırılmış icarə haqqının 2 ay 7 gün ərzində hər gün üçün 20 manat olmaqla ödənilməli olan cəmi 1340 manatın 535 manat və 190 manat olmaqla cəmi 725 manat hissəsinin cavabdeh tərəfindən ödənildiyini və qalıq 615 manat hissəsinin isə ödənilmədiyini iddia etmişdir. Cavabdeh isə razılaşdırılmış icarə haqqını tam olaraq ödədiyini, iddiaçıya icarə haqqından heç bir borcu olmadığını bildirmişdir. İddiaçı tərəfindən iddiasının əsası kimi istinad etdiyi hallar məhkəməyə skrinşotlar şəklində təqdim olunmuş tərəflər arasında “vatsap” danışıq proqramından çıxarılmış səs yazıları vasitəsilə tam sübuta yetirilmişdir. Belə ki, cavabdeh tərəfindən 27 yanvar 2023-cü il tarixdə iddiaçıya göndərilmiş səs yazısında pulu iddiaçıya məxsus karta göndərəcəyini bildirir, daha sonra xx.xx.2023-cü il tarixdə 600 manat pulu 450 manat və 150 manat olmaqla iddiaçıya məxsus karta yükləyəcəyini bildirir, 24 fevral 2023-cü il tarixdə iddiaçı yenidən cavabdehdən pulu karta göndərib-göndərmədiyini soruşur, cavabdeh isə 200 manat pulun öz kartında olduğunu və 400 manat da göndəriləcəyini, həmin 200 manatı hazırda ata biləcəyini, 400 manatı isə yüklənən kimi göndərəcəyini bildirir. 28 fevral 2023-cü il tarixdə iddiaçı yenidən mətn mesajı ilə “Samir puldan nə xəbər çıxdı” deyə yazmış, həmin mesaja və eyni xarakterli səsli mesajlara cavabdeh tərəfindən cavab verilməmişdir. Sözügedən səs yazıları məhkəmə iclasında tədqiq olunmuş, cavabdeh həmin səs yazılarının iddiaçı ilə öz arasında keçdiyini, həmin vaxt iddiaçıya borcu olsa da daha sonra borcunu əldən ödəməklə bağladığını bildirmiş, lakin sözügedən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi məqsədəuyğun hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında vurğulanmışdır ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Cavabdeh tərəfindən məhkəməyə iddiaya etirazının əsası kimi istinad etdiyi hallarla bağlı heç bir sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi ödənilməmiş 615 (altı yüz on beş) manat icarə haqqına münasibətdə tam əsaslıdır və təmin olunmalıdır. 300 manat vurulmuş zərərin əvəzinin ödənilməsinə dair hissədə iddia tələbi cavabdeh tərəfindən etiraf olunmuşdur. İddianın etirafını nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı kirayə haqqının və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin olunmalı, ümumilikdə 915 (doqquz yüz on beş) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 915 (doqquz yüz on beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-216/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-216/2023
01.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver