Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-224/2023 03.05.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək rayon məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(079)-231/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməklə Cavabdeh 27 aprel 2020-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul miqdarında 220 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, mən 2019-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh ilə evlənmişəm. Birgə nikahdan 27 aprel 2020ci ildə X8 adlı bir övladımız olmuşdur. Xasiyyətimiz uyğun gəlmədiyindən Babək rayon məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən nikahımız pozulmuşdur. Babək rayon məhkəməsinin 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə 27 aprel 2020-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay 130 manat miqdarında aliment tutulması qət edilmişdir. Özüm heç bir yerdə işləmirəm. Uşağın maddi tələbatları günü gündən artır. Əhəd övladına əlavə heç bir köməklik göstərmir. Mən usağı maddi cəhətdən böyütməkdə çətinlik çəkirəm. Ona görə də 2023-cü il üçün yaşayış minimumuna uyğun olaraq alimentin artırılmasını istəyirəm. İddiaçı 10 aprel 2023-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədə Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia qaldıraraq ondan 220 manat məbləğində alimentin müəyyən olunmasını xahiş etdiyini, hazırda iddia tələbinin həcmini azaldaraq cavabdehdən hər ay 160 manat məbləğində alimentin alınıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə tərəfindən mülki işə iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla dəyişdirilmiş iddia elementləri nəzərə alınmaqla baxılmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə birgə nikahından 27 aprel 2020-ci il tarixdə X5 dünyaya gəldiyini, Babək Rayon Məhkəməsinin 20 aprel 2020-ci il tarixli qətnaməsi ilə nikahın pozularaq uşağın ananın yanında saxlanılması və cavabdehdən uşağın saxlanması üçün aylıq 130 manat alimentin alınıb ödənilməsinin müəyyən edildiyini, aliment miqdarının uşağın saxlanması üçün kifayət etmədiyini, aliment təyin olunarkən 4 aylıq olmasına baxmayaraq hazırda oğlunun 3 yaşını tamamladığını, bununla bağlı olaraq ehtiyaclarının artdığını, oğlunun nitqində və bağırsağında problem olduğunu, imkan olmadığı üçün həkimə apara bilmədiyini, aliment təyin olunanda cavabdehin 480 manat əmək haqqı almasına baxmayaraq hazırda onda olan məlumatına görə qızıl mədənində işləməklə 700 manatdan artıq əmək haqqı aldığını, lakin bununla bağlı sübutunun olmadığını, özünün aliment təyin olunanda da, indi də heç bir yerdə işləməməklə qazanc və gəlirlərinin olmadığını, anası ilə birlikdə atasından qalan evdə yaşadığını, cavabdehin uşağın əlavə xərclərinə kömək etmədiyini, əvvəllər çörək sexində işləsə də, uşaq balaca olduğundan hazırda heç bir yerdə işləmədiyini, bu hallar nəzərə alınmaqla uşağın tələbatlarının ödənilməsi üçün alimentin artırılaraq ayda 160 manat sabit pul məbləğində alimentin alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilə nikahının Babək Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli qətnaməsi əsasında pozulduğunu və uşağın saxlanması üçün aylıq 130 manat alimentin alınıb iddiaçıya ödənilməsinin müəyyən edildiyini, aliment təyin olunarkən heç bir yerdə işləməsə də təsərrüfatı olduğunu nəzərə alaraq 130 manat alimenti ödəməyə şəxsən razılıq verdiyini, lakin anasının ağır xəstəliyi ilə əlaqədar olaraq əllərində olan bütün təsərrüfatı satıb anasını əməliyyata apardıqlarını, hazırda yalnız 2 baş iribuynuzlu malın qaldığını, iddiaçı ilə ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı qurduğunu, həyat yoldaşının hamilə olduğunu, hazırda yaşadığı kənddə iş olduqca usta yanında fəhlə işlədiyini, aliment təyin olunandan sonra maddi vəziyyətində müsbət heç bir irəliləyiş olmadığını, əksinə ehtiyaclarının artdığını, orta təhsilli olduğunu, hər hansı sosial ödəniş və ya pensiya almadığını, mülkiyyətində hər hansı daşınmaz əmlak və ya avtomobil olmadığını, təyin olunan alimenti hər ay vaxtında qazi qardaşının aldığı 80 manat pulun üzərini düzəldərək verdiyini, uşağı hər dəfə gedib götürəndə onun əlavə xərclərində də iştirak etdiyini, son vaxtlar isə işləmədiyi üçün uşağı gedib görə bilmədiyini, iddiaçının çörək sexində işləyib maaş aldığını bütün bunlar nəzərə alınmaqla iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə müəyyən etmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X3 dünyaya gəlməsi, Babək Rayon Məhkəməsinin hazırda qüvvədə olan 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin müəyyən edilməsi birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur. Belə ki: - mülki işə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(079)-231/2020 nömrəli qətnaməsindən “23” iyul 2020-ci il tarixdən hesablanmaqla, 27 aprel 2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq uşağın anası X1 ödənilməsinin müəyyən olunması; - nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulmasının Babək rayon Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə qeydə alınması; - X5 doğum haqqında şəhadətnaməsinin təsdiq olunmuş surətindən onun 27 aprel 2020-ci ildə anadan olmaqla atasının Cavabdeh, anasının isə İddiaçı olması məlum olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(079)-231/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Mülki işin sabit pul məbləğində müəyyən olunmuş aliment məbləğinin artırılması ilə bağlı mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən müəyyən edilmiş hallar ilə əlaqəli şəkildə və qanunvericiliyin tələbləri daxilində tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti - alimenti ödəməyə borclu olur. İşin faktiki hallarından görünür ki, Babək Rayon Məhkəməsi 20 avqust 2020ci il tarixli, 2(079)-231/2020 nömrəli qətnaməsi ilə sabit pul məbləğində aliment məbləğini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən tərəflərin 2 (iki) il 8 ay bundan əvvəlki maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla müəyyən etmişdir. Alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması və ya diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, aliment məbləğinin artırılması üçün əsasların mövcud olmasını sübut etmə yükü alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə düşür. İddiaçı tərəfindən aliment məbləğinin artırılması üçün əsas yaradan tərəflərin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verdiyini təsdiq edən halların mövcudluğunu təsdiq edən sübut kimi Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemində cavabdehin gəlir məlumatları üzrə çıxarışa istinad olunmuşdur. Həmin çıxarışdan belə məlum olur ki, cavabdeh X12 Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsində “fəhlə” olaraq çalışır və aylıq əmək haqqı 360 manatdır. Cavabdeh isə iddiaya etirazının əsası kimi ona istinad etmişdir ki, aliment təyin olunarkən də, hazırda da heç bir yerdə işləmir, sistemdən gəlir məlumatları üzrə çıxarılan məlumatlar isə həqiqəti əks etdirmir, belə ki, o, hazırda X12 Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsində “fəhlə” olaraq çalışıb əmək haqqı almır. Cavabdeh sözügedən halı həmçinin məhkəməyə təqdim etdiyi Culfa rayon İcra Hakimiyyəti Əlincə kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışla da təsdiqini tapdığını bildirmişdir. Məhkəmə şəxsin işsiz olması ilə bağlı onun yaşayış yeri üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş sözügedən arayışı aidiyyəti orqan tərəfindən verilmədiyi əsas tutulmaqla mötəbər sübut hesab etmir. Həmçinin cavabdehin özünün məhkəməyə təqdim etdiyi Culfa rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Culfa rayon Əlincə kənd sakini Cavabdeh mərkəzdə işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. Həmçinin cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi iddiaçının çörək sexində işləyib əmək haqqı alması ilə bağlı dəlilini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, cavabdehin xahişi ilə iddiaçının gəlir məlumatları üzrə Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan məluamtdan isə iddiaçının işləmədiyi müəyyən olunmuşdur. İddiaçı tələbinin əsası kimi həmçinin uşağın sağlamlığı və yaşı ilə əlaqədar olaraq ehtiyaclarının artmasına istinad etmişdir. Bununla bağlı olaraq iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş X4 xx.xx.2023-cü il tarixdə aparılmış parazitoloji testin nəticəsində qurd yumurtalarının olduğu müəyyən olunmuşdur. İddiaçı həmçinin X4 nitq geriliyinin olduğuna, maddi imkanı olmadığı üçün bununla bağlı müayinə və müalicə oluna bilmədiyinə istinad etmişdir. Babək Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(079)-231/2020 nömrəli qətnaməsindən həmin mülki işə baxılan zaman tərəflərin birgə nikahdan doğulmuş övladı X6 4 aylıq olmuşdur. Hal-hazırda isə qeyd edilən qətnamə ilə sabit pul məbləğində aliment məbləğinin müəyyən edilməsindən 2 il 8 aya yaxın müddət keçmiş, həmin müddət ərzində uşağın tələbatları, həmçinin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə uşağın yaşının artması ilə birlikdə tələbatlarının da artmasını uşağın yanında saxlanıldığı iddiaçının maddi vəziyyətində dəyişiklik kimi nəzərə alaraq, həmçinin cavabdehin gəlirlərini, iddiaçının heç bir yerdə işləməməsi, bununla bərabər uşağın ananın yanında qalması nəzərə alınmaqla gündəlik qayğılarının iddiaçının üzərinə düşməsi, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğu, 2023-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsi kimi diqqətəlayiq halları nəzərə almaqla iddiaçının aliment məbləğinin artırılması barədə iddiasını əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin olunmalı, Babək Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(079)-231/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment miqdarı artırılaraq xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq uşağın anası İddiaçı ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə müvafiq olaraq (iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) həmin məcəllənin 112.1 və 112.1.6-cı maddələri əsas götürülməklə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Babək Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(079)-231/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment miqdarı artırılaraq xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq uşağın anası İddiaçı ödənilsin. Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-224/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-224/2023
03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver