Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-224/2024 22.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 2100 (iki min yüz) manat pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən - 2022-ci ilin iyul ayından etibarən Cavabdeh 400 başdan artıq xırdabuynuzlu heyvanını Hacıvar kəndində yerləşən sahədə otarırdım. Həmçinin o mənə başqa şəxslərin də heyvanlarını otarmaq üçün gətirmişdi. Həmin şəxslərin hər biri mənim onların heyvanlarını otarmağım qarşılığında mənə pul verdilər. Lakin Vüsal isə 2023-cü ilin aprel ayının 1-dən avqust ayının sonuna kimi mənə heç bir məbləğ ödəmədi. Halbuki mən Vüsalla razılaşmışdım ki, 20 gündən bir 300 manat əmək haqqı alacam. Mən ondan pulumu tələb etdikcə o məni müxtəlif bəhanələrlə yola verib gözləməyimi mənə olan borcunu bütöv ödəyəcəyini bildirdi. Lakin bu günə qədər hələ də mənim pulumu ödəməmişdir. Pulumu tələb etdikdə isə özünə maşın aldığını pulunun olmadığını bildirirək mənə hara istəyirsən müraciət edə bilərsən pulunu verməyəcəm. Buna görə də mən məcbur qalaraq pulumun ondan alınması üçün məhkəməyə müraciət etməli oldum. Hesab edirəm ki, məhkəmə qanunun aliliyini nəzərə alıb 2100 manat məbləğində borcu və 41 manat məbləğində dövlət rüsumunu mənə qaytarılması barədə qərar qəbul etməlidir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehin ona zəng edərək “gəl yanımda işlə” dediyini, bununla razılaşdığını, 2022-ci ilin iyul ayından Vüsalın 300-dən artıq heyvanını otardığını, 2023-cü ilin aprel ayından oktyabrın 18-nə kimi isə aylıq əmək haqqını vermədiyini, 20 günü 300 manata razılaşdıqlarını, ona aprel-oktyabr aralığında sentyabr ayında 220 manat, oktyabrda isə 80 manat pul verdiyini, həmin pulları da Vüsalın tanışı olan Əli adlı Nehrəmlinin mağazasından götürdüyü ərzağa görə yaranan borcunu verməklə ödədiyini, 2023-cü ilin oktyabr ayının 18-i ondan pulunu ödəməsini tələb etdiyini, dəfərlərlə ona polisə və məhkəməyə qədər gedib çıxmaması üçün məsələni öz aralarında həll etməyi təklif etdiyini, cavabdehin isə “dayımsan, gözlə pulunu verəcəyəm” deyə-deyə pulu ödəməkdən yayındığını, bundan sonra Daxili İşlər Nazirliyinə müraciət etdiyini, cavabdehin dediyi kimi ona borc pul vermədiyini, hər dəfə pulunu istəyəndə onu aldatdığını, ailəsində 5 ildir xəstə olduğunu, başqa-başqa şəxslərdən borc alsa da, cavabdehdən heç vaxt dediyi kimi 840 manat borc almadığını, onun yanında işə başlayanda da ona borcunun olmadığını, Vüsalın başqalarına verdiyi borc pulları onun adına nisyə dəftərinə qeyd edib əmək haqqını həmin borclara çıxdığını, dəftərdə camaata aılb verdiyi siqaretlərin hamısını onun adına yazdığını, cavabdehin onu aldadıb verəcəyini bildirdiyi üçün oradan çıxıb getdikdən sonra 1 ay ərzində heç bir yerə müraciət etmədiyini, halbuki onunla qohumluğunun, illərdir tanışlığının olduğunu, Vüsalın yanından ayrılma səbəbinin onun işlətdiyi yerdə şəraitin olmaması, yemək bişirə bilməməsi ilə bağlı olduğunu, 2023-cü ilin aprel-avqust ayları arasında 20 günə 300 manat olmaqla 2100 manatını Vüsalın vermədiyini, həmin pulu ilanların içində heyvan otarıb əziyyətlə qazandığını, lakin pulunu verməməsi ilə bağlı heç bir sübutunun, şahidinin olmadığını, özünün telefondan başının çıxmadığını, heç bir yazılı razılaşmalarının olmadığını bildirmiş, haqqədalətin təmin olunub pulunun alınıb-verilməsi barədə qərar verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının bacısının rəhmətə getdiyini və onun bacısının ərinin öz bacısı ilə ailə həyatı qurduğunu, Nərmanı bu cür tanıdığını, heyvanlarını otarmaq üçün çoban lazım olduğunu, həmin vaxt iddiaçının çoban işlədiyini bilmədiyini, iddiaçının oğlu ilə söhbət əsnasında atasının çoban olduğunu dediyini, ondan sonra razılaşdıqlarını, Hacıvar kəndində yanında işə başladığını, 2022-ci ilin yay aylarından 1 il 5 ay ərzində yanında işlədiyini, aralarında yazılı razılaşma olmadığını, şifahi razılaşma əsasında onun heyvanları otardığını, aylıq haqqı 20 günlüyünə 300 manat olmaqla razılaşdıqlarını, 20 gündən bir 2-3 gün istirahət edib yenidən işə gəldiyini, hər 20 günün sonunda isə pulunu tam olaraq verdiyini, 2023-cü ilin oktyabr ayından isə yanında işləmədiyini, bundan əlavə ona işlədiyi bu müddət ərzində - 2023-cü ilin aprel ayınadək 860 manata yaxın borc pul verdiyini, belə ki, iddiaçının aldığı əmək haqqının onu görmədiyini bildirdiyini və ondan əlavə olaraq ara-sıra 50 manat, 100 manat borc pul aldığını, beləliklə ona 860 manata yaxın borcunun yarandığını, borcu 1 dəfəyə vermədiyini, ara-sıra verilən borclardan yığılıb qaldığını, Nərmanın ona 2023-cü ilin aprel ayında orada yemək bişirmək üçün heç bir şəraitin olmadığını, dişi olmadığından hər yeməyi yeyə bilmədiyini deyib başqa adamın heyvanlarını otarmağa getmək istədiyini dediyini, gedərkən də ondan heç bir narazılığının olmadığını bildirdiyini, həmin vaxt Nərmana ona 860 manat borcunun olduğunu, bu pulu heyvanlarını otaracağı adamın ödəyəcəyi halda gedə biləcəyini bildirdiyini, lakin həmin adamın pulu tapıb ödəmədiyinə görə Nərimanın yenidən onun yanına qayıtdığını, ona olan 860 manat borcu aybaay iddiaçının aldığı əmək haqqından çıxdığını, belə ki, ayda 100-150 manat ona olan borcundan çıxıb qalan pulu özünə verdiyini, iddiaçıya onun dediyi kimi sentyabrda 220, oktyabrda isə 80 manat pul vermədiyini, Nəriman Mahmudovdan öncə də onun yanında 3 nəfər çoban işlədiyini, onların heç birinə borcunun qalmadığını, hamısının əmək haqqını vaxtında verdiyini, Nərimana da heç bir borcunun olmadığını, iddiaçının razılığı olmadan onun səs yazısını yazdığını, orada da ondan narazılığının olmadığını, sadəcə olaraq onunla illərdir ədavəti olan Qismət adlı şəxsin yanında işləməyə getdiyini, orada ona yaxşı baxacaqlarını deyib ayrıldığını, onun yanına gedəndən sonra Nərmanı qızışdırıb onun üstünə saldıqlarını, məhkəmədən əvvəl Daxili İşlər Nazirliyinə müraciət etdiyini, orada güya iddiaçının 9 heyvanını kəsib itə atdığını, həmçinin ona 900 manat borcunun qaldığını dediklərini, onlara əksinə Nərmanın ona 1 çəpiş və 90 manat da pul borcu qaldığını bildirdiyini, 2-3 gün sonra onu yenidən çağırıb 2200 manat borcunun olduğunu dediklərini bildirmiş, əsassız olması nəzərə alınmaqla iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında podrat müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, sözügedən maddəyə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Tərəflər arasında podrat müqaviləsinin bağlanmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmasa da aralarında şifahi razılaşma əsasında İddiaçı cavabdehin heyvanlarına baxıb qulluq etməyi öhdəsinə götürdüyü, Cavabdeh isə bunun müqabilində ona 20 günə 300 manat olmaqla haqq ödəməyi öhdəsinə götürdüyü, dolayısı ilə podrat müqaviləsindən irəli gələn münasibətlərin mövcud olduğu müəyyən olunmuşdur. Bununla bağlı olaraq xx.xx.2024cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçıya cavabdehlə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəliyini icra etməsi müqabilində razılaşdırılmış pul məbləğini ödəmədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməsi təklif olunmuş, əks halda iddia tələbinə işdə olan sübutlar əsasında baxılaraq yekun qərar qəbul ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən iddia tələbinin əsaslılığını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, cavabdeh isə iddiaya etirazını bildirərək razılaşdırılmış muzdu iddiaçıya tam olaraq ödədiyini bildirmişdir. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir. Sözügedən vəziyyətdə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi 2023-cü ilin aprelavqust ayları üçün toplamda 2100 manat məbləğində razılaşdırılmış haqqın ona ödənilmədiyinə dair dəlillərə istinad etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və işdə sifarişçinin podratçıya şərtləşdirilmiş muzd ödəməyə borclu olduğu halda ödəmədiyinə dair faktiki hallar müəyyən edilməmişdir. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında (bundan sonra “Qərar”) qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. “Qərar”da formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. “Qərar”a müvafiq olaraq məhkəmə tərəfindən hansı halların iş üçün əhəmiyyət kəsb etdiyi, hansı tərəfin onları sübut etməli olduğu və verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğu iddiaçıya izah olunsa da sübutetmə yükünün üzərinə düşdüyü tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Qərar”da qeyd olunmuşdur ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbinin əsası kimi istinad etdiyi halların düzgünlüyünü təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia təmin olunmadığından iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 41 (qırx bir) manat miqdarında dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 41 (qırx bir) manat miqdarında dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-224/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-224/2024
22.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver