Məhkəmə qərarları › İş №2(079)-233/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-233/2023

23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-233/2023 23.05.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “28” mart 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmamış övladları 14 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Babək Rayon Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli, 2(079)-05/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılaraq, 220 (iki yüz iyirmi) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşuq. Bizim bu nikahdan bir 14 fevral 2016-cı il təvəllüdlü X4 doğulmuşdur. Xasiyyətimizin uyğun gəlməməsi səbəbindən Babək Rayon Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli, 2(079)-05/2021 saylı qətnaməsi ilə cavabdehlə aramızda bağlanmış nikah qeydi pozulmuş və bu nikahdan olan azyaşlı övladımızın yaşayış yerinin mənim yanımda saxlanılması müəyyən edilmiş, onun yetkinlik yaşına çalanadək saxlanılması üçün Cavabdehdan hər ay 110 (bir yüz on) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq mənim xeyrimə ödənilməsi müəyyən edilmişdir. Hal-hazırda övladımız böyüyüb, Elşadın artıq 7 yaşı var və o, məktəbə gedir. Onun gündəlik tələbatı da yetərincə artıb. Cavabdeh aliment ödəməkdən başqa uşağın digər tələbatı ilə ümumiyyətlə maraqlanmır, ödədiyi alimentin miqdarı isə uşağın gündəlik zəruri tələbatını ödəməyə yetmir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı aliment ödəməkdən başqa heç bir diqqət və qayğı göstərmir. Mən özüm isə heç bir yerdə işləmirəm. Uşağın bütün qayğısını ehtiyacını tamamilə mən çəkirəm. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəmək tək qadın olaraq mənim üçün çox çətindir. Cavabdeh kənddə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıqla məşğul olur, maddi vəziyyəti də yaxşıdır və hesab edirəm ki, alimentin miqdarının artırılması cavabdehin maddi vəziyyətinə təsir etməz. Bildirirəm ki, Cavabdeh ödədiyi alimentin məbləği 2023-cü il üçün Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan çox aşağıdır. Ona görə də mən hesab edirəm ki, Babək Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalıdır. İddiaçı məhkəmədə verdiyi izahatında cavabdehlə 2013-cu ildə ailə qurduğunu, birgə nikahlarından bir uşaq dünyaya gəldiyini, İsrafillə 2021-ci ildən ayrı yaşadığını, birgə nikahlarından olan uşağın özü ilə qaldığını, məhkəmə qətnaməsi ilə cavabdehdən uşağın saxlanılması üçün hər ay 110 manat miqdarında aliment tutulmasının müəyyən edildiyini, onun alimenti vaxtlı-vaxtında ödədiyini, məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün aliment təyin edilməsindən sonra nə özünün, nə də cavabdehin ailə vəziyyətində dəyişiklik olmadığını, aliment təyin ediləndə övladının məktəbə getmədiyini, amma hazırda onun birinci sinifdə oxuduğunu, uşağın təhsili ilə bağlı əlavə xərclər yarandığını, qarşı tərəfin pensiya aldığını, özünün isə işsiz olduğunu, cavabdehin qazancı barədə sübutu olmadığını, əslində özünün valideynlərinin burada yaşamadığını, buna görə Türkiyə Respublikasına getmək istədiyini, buna görə qarşı tərəfdən uşağı özü ilə aparılması üçün razılıq ərizəsi istədiyini, onun isə müvafiq razılığı verməkdən imtina etdiyini, ona uşağı özü ilə aparması üçün razılıq verməsi qarşılığında aliment tələbindən imtina edəcəyini təklif etdiyini, lakin cavabdehin onun bu təklifini qəbul etmədiyini, özünün əvvəllər babası ilə yaşadığını, onun rəhmətə getdiyini, qarşı tərəfin isə valideynləri ilə birlikdə yaşadığını, maddi vəziyyətlərinin yaxşı olduğunu qeyd edərək, yekunda uşağın saxlanılması üçün cavabdehdən hər ay 220 manat aliment miqdarında tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında iddianı qəbul etmədiyini, iddiaçı ilə əvvəllər nişanlı olduğunu, 2013-cü ildə isə ailə qurduğunu, birgə nikahlarından iki uşaq dünyaya gəldiyini, qızının 2020-ci ilin mart ayının dördündə öldüyünü, həmin hadisədən iki ay sonra Türkanənin ondan ayrıldığını, 2021-ci ildə isə aralarında bağlanmış nikahın pozulduğunu, birgə nikahlarından olan uşağın anası ilə birlikdə qaldığını, onun saxlanılması üçün məhkəmə qətnaməsi hər ay özündən 110 manat miqdarlıda aliment tutulduğunu, özünün əsəblə bağlı ikinci qrup əlil olduğunu, 320 manat pensiya aldığını, pensiyasının 110 manatını alimentə verdiyini, 210 manatının isə özünə qaldığını, həmin pulun ancaq dolandığını, övladı məktəbə getdikdən sonra onun təhsili ilə bağlı hər hansı xərc çəkməsə də, övladı ilə hər dəfə görüşəndə gücü çatdığı qədər pul verdiyini, ona paltar aldığını, ad günündə uşağa tort alıb göndərdiyini bildirmişdi. Mülki işin materiallarını nəzərdən keçirən məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında 16 oktyabr 2013-cü ildə nikah bağlanması, onların birgə nikahından X4 adlı ümumi uşağın olması, tərəflər arasında bağlanmış nikahın pozulması, nikahın pozulmasından sonra Babək Rayon Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli 2(079)- 05/2021 nömrəli qətnaməsi ilə onların birgə nikahından olan uşağın iddiaçının yanında qalması və onun saxlanılması üçün cavabdehdən hər ay 110 (bir yüz on) manat miqdarında aliment tutularaq iddiaçıya ödənilməsinin müəyyən olunması mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli, 2(079)-05/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında 16 oktyabr 2013-cü ildə nikah bağlanması; - iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 aprel 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 535752 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 14 fevral 2016-cı il tarixdə X4 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 fevral 2021-ci il tarixli, AZ-İ seriyalı, 221812 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması; - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli, 2(079)-05/2021 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından olan X2 iddiaçının yanında qalması və onun saxlanılması üçün cavabdehdən hər ay 110 (bir yüz on) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli, 2(079)-05/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Babək Rayon Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli, 2(079)-05/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 220 (iki yüz iyirmi) manat məbləğində aliment tələb etməsi və cavabdehin bunu qəbul etməməsidir. Mülki işin mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən tədqiq edilmiş sübutları qanunvericiliyin tələbləri daxilində və onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının tələbi əsasında məhkəmə onların birgə nikahından olan uşağın saxlanılması üçün alimenti sabit pul məbləğində müəyyən etmişdi. Hazırki mübahisə üzrə isə iddiaçının artırılmasını istədiyi məhz Babək Rayon Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli, 2(079)-05/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan aliment miqdarıdır. Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı qətnamə ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının artırılmasıni tələb etdiyindən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. 112.1-ci maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının artırılmasıni tələb edən tərəfin üzərinə yəni, iddiaçının üzərinə düşür. İddiaçı tərəf Babək Rayon Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli, 2(079)-05/2021 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan indiyədək ailə və maddi vəziyyətində ciddi dəyişikliyin olmasını təsdiq edən sübutlar təqdim etməyib. İddiaçı tələbini uşağın böyüməsi, onun məktəbli bununla bağlı onun tələbatlarının da artması, aliment məbləğinin övladının saxlanılmasına yetməməsi, özünün özünün isə işləməməsi ilə əsaslandırmışdı. Məhkəmə iddia tələbinin hüquqi həlli ilə bağlı istinad etdiyi maddi hüquq normaları ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X6 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin tələblərinə əsaslanır. Belə ki, maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Cavabdeh birgə nikahlarından olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 (iki yüz iyirmi) manat sabit məbləğdə aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdi. İddiaçının uşağın saxlanılması üçün cavabdehin aliment öhdəliyini onun övladı ilə birlikdə ölkədən çıxmasına icazə verməsi ilə əvzələşməsinə münasibət bildirən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi aliment öhdəliyini güzəşt ediləməsini və əvəzləşdirilməsini qadağan edir (Mülki Məcəllə 194.3- cü və 544-cü maddələr). Uşağın təhsillə bağlı yaranmış ehtiyaclarını və bununla bağlı onun artan tələbatını, həmçinin 2021-ci illə müqayisədə bu il üçün müəyyən edilmiş yaşayış ehtiyacını nəzərə alan məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi qismən əsaslı sayılmalıdır. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumat isə cavabdehin İİ qrup əlil kimi 327.21 (üç yüz iyirmi yeddi manat, iyirmi bir qəpik) manat pensiya alması müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, onun yaşına uyğun olaraq təhsili ilə bağlı yaranmış xərcləri, həmçinin bundan sonra aliment ödənilməli olan dövrü nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay cavabdehdən 125 (bir yüz iyirmi beş) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir (220x12= 2640. 2640-(12x110)=1320) (hazırki tələb üzrə ödənilməli olan dövlət rüsumu 33.2 manat təşkil edir). Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (12x125=1500. 1500-(12x110)=180) cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 04 (dörd) manat, 65 (altmış beş) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - Babək Rayon Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli, 2(079)-05/2021 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli; -qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 14 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 125 (bir yüz iyirmi beş) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - iş üzrə Cavabdeh 04 (dörd) manat, 65 (altmış beş) qəpik miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli; - iddia digər hissədə əsassız olduğundan rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli, 2(079)-05/2021 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 14 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 125 (bir yüz iyirmi beş) manat miqdarında aliment tutulmaqla uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 04 (dörd) manat, 65 (altmış beş) qəpik miqdarında rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar