Məhkəmə qərarları › İş №2(079)-243/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-243/2023

26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-243/2023 26.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 30 mart 2023-cü il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 12 avqust 2012-ci il tarixdə doğulmuş X2 və 07 aprel 2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay ataları Cavabdeh qazancının və (və ya başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə Babək Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(079)-242/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh uşaqların hər birinə hər ay 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 21 oktyabr 2019-cu ildə nikah bağlamışıq. Birgə yaşadığımız müddətdə bizim 12 avqust 2012-ci il tarixdə X4 və 07 aprel 2020-ci il tarixdə X5 adlı iki övladımız doğulmuşdur. Şahinlə ailə qurandan onun atasının evində yaşamışıq. Evli olduğumuz müddətdə Şahinlə normal yola getsək də, kənar şəxslərin ailə işlərimizə müdaxiləsi nəticəsində münasibətlərimiz pozulmuşdur. Sonuncu dəfə 30 mart 2022-ci il tarixdə ailədə olan söz-söhbətə görə mən Şahinlə birgə yaşadığımız evdən çıxaraq uşaqlarımla birlikdə öz atamın evində yaşamağa başlamışam. Ayrı yaşadığımız müddətdə Şahin uşaqlarını gəlib görsə də onların saxlanılması üçün mənə heç bir maddi köməklik etməmişdi. Bu səbəbdən də mən uşaqların saxlanılması üçün Cavabdeh məcburi qaydada aliment tutulması üçün məhkəməyə müraciət etmişdim və Babək Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(079)-242/2022 nömrəli qətnaməsi ilə bizim birgə nikahdan doğulmuş övladlarımızın saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulub Şəhla və Xanımın yetkilik yaşına çatanadək saxlanması üçün mənə ödənilməsi qət edilmişdi. Ötən müddət ərzində Şahin övladlarının saxlanılması üçün qazancının (gəlirinin) hissəsi kimi hər ay aliment ödəyir, daha doğrusu, onun ödədiyi alimenti 2 uşağın saxlanılması üçün böldükdə hər ay hər birinə təxminən 70 manata yaxın aliment düşür. Bu isə uşaqların zəruri ehtiyaclarının qarşılanmasında yetərli olmur. Belə ki, böyük övladım Şəhla beşinci sinifdə oxuyur, balaca övladım Xanım isə 3 yaşınadır. Ona görə də Babək Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(079)-242/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulma qaydası dəyişdirilməli, cavabdehdən uşaqların saxlanılması onların hər birinə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bununla bağlı mən ilkin olaraq Mediasiya xidmətinə müraciət etsəm də, orada bizim mübahisəmiz həll olunmadığından, mənim həmin orqan tərəfindən məhkəməyə müraciət etməyim tövsiyə olundu. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclası 26 aprel 2023-cü il tarixə təyin edilmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclasının təyin edilməsi barədə məhkəmə bildirişlərinin tərəflərə rəsmi qaydada verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Həmçinin mülki iş üzrə işdə iştirak edən şəxslərə iddia ərizəsində qeyd olunmuş əlaqə nömrələri üzərindən sms xəbərdarlıqlar AZEMİS vasitəsilə göndərilmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsaslanan məhkəmə tərəflərə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddələrinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, onlar isə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişlər. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Sözügedən qərarın 9.1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar