Məhkəmə qərarları › İş №2(079)-243/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-243/2024

19.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-243/2024 19.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh Davut oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Davut oğluna qarşı alimentin tutulma qaydasının dəyişdirilərək müəyyən olunmuş aliment məbləğinin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 02 sentyabr 2019-ci il tarixli, 2(078)-611/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 30 sentyabr 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh Davut oğlundan tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən Cavabdeh Davut oğlu ilə 01 avqust 2011-ci il tarixdə Babək rayonu Qeydiyyat şöbəsində nikahımızı rəsmiləşdirib ailə qurmuşam. Bizim həmin nikahdan 1 nəfər övldımız doğulmuşdur: 1. X3 - xx.xx.2012-ci il təvəllüdlü. Lakin aramızda olan nikah mənim iddiam əsasında Naxçıvan Şəhər Məhkəməsinin 02 sentyabr 2019-ci il tarixli, 2(078)-611/2019 saylı qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən bizim birgə nikahımızdan doğulmuş qızımız Aliyənin mənim yanında saxlanılması və 02 sentyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh Davut oğlundan hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq 30 sentyabr 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşma çatanadək saxlanılması barədə qətnamə qəbul edilmişdir. Özümün sağlamlığımla bağlı problemlərim olduğu üçün heç bir yerdə işləyə bilmirəm. Anam işdən çıxarılıb və evə qazanc gətirən heç kim yoxdur. Qızım, anam və iflic xəstəsi olan xalamla birlikdə 250 manata Naxçıvan şəhərində kirayə ev tutub yaşayırıq. Aldığım aliment ilə problemlərin öhdəsindən gəlməkdə çətinlik çəkirəm. Hər bir əşyanın qiymətində davamlı artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Belə ki, qızım Aliyə 6-cı sinif şagirdidir və onun repetitor xərcləri yarandığından övladımın saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödəyəcəyi alimentin məbləğinin artırılmasını istəyirəm. Alimentin artırılması üçün ilkin mediasiya sessiyasında iştirak eləsəm də orada məsələ öz müsbət həllini tapmadığından artıq məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında cavabdehlə 2010-cu ildə ailə qurduqlarını, 2019-cu ildə boşandıqlarını, birgə nikahdan olan qızı - Aliyənin 12 yaşının olduğunu, onun Naxçıvan şəhəri 14 nömrəli məktəbdə 6-cı sinifdə oxuduğunu, ayda 40 manatdan riyaziyyat və ingilis dili fənlərindən hazırlığa getdiyini, digər fənlərdən isə imkansızlığa görə hazırlığa getmədiyini, aldığı alimentin məbləğinin uşağın böyüməsi və təhsil alması üçün kifayət etmədiyini, birinci nikahdan isə 2005-ci il təvəllüdlü oğlunun olduğunu, hazırda anası və uşaqlarla birlikdə kirayədə yaşadıqlarını, 250 manat da kirayə haqqı verdiyini, özü riyaziyyat müəlliməsi olsa da səhhəti imkan vermədiyindən işləyə bilmədiyini, gəlirinin olmadığını, oğlunun universitetdə 2-ci kursda oxuduğunu, anasının pensiya, oğlunun isə təqaüd aldığını, oğlunun iş olanda isə hərdənbir işlədiyini, onların gəlirləri ilə qızını da saxladığını, cavabdehlə ailəli olanda gəlirlərinin normal olduğunu, belə ki, onun Gəmiqayada işləyib yaxşı qazanc əldə etdiyini, cavabdehin birgə nikah dövründə aldıqları evi satdığını, indi ailə qurduğu qadınla Nehrəm qəsəbəsində özünə ev tikdirdiyini, cavabdehin ayda 150 manat aliment ödədiyini, onun şifer ustası kimi işlədiyini, qazancının yaxşı olduğunu, imkanı yaxşı deyilsə hazırda necə ev tikdirdiyini bildirmişdir. İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında isə uşağın verəcəyi imtahanla bağlı hazırda isə 4 fəndən ayda 200 manat ödəməklə hazırlıqlara getdiyini, qızının məktəbə gec adaptasiya olması ilə bağlı olaraq onu 6-cı sinifdən bütün hazırlıqara göndərməli olduğunu, uşağın gündəlik məişət xərclərini özünün qarşıladığını, heç olmasa təhsil xərclərini atalıq etməsə də aliment verməklə atasının qarşılamalı olduğunu, ayda 35 manatlıq da kitab-dəftər xərclərinə sərf olunduğunu, həmin tələbatların ilbəil artdığını, özünün vergi ödəyicisi olmadığını, gözəllik salonunda xidmətlə bağlı fəaliyyət istiqamətinin onun özünə deyil, onun adına VÖEN açdıran qonşusuna məxsus olduğunu, heç vaxt belə bir fəaliyyətinin olmadığını bildirmiş, dövlətin müəyyən olunmuş 235 manat yaşayış minimumu həddində alimetin təyin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Davut oğlu məhkəmə hazırlıq iclasında verdiyi izahatında illərdir Naxçıvan şəhərində yaşadığından Azərbaycan dilində yaza, oxuya və danışa bildiyini, nikah müddətində Gəmiqayada şifer vurmaq işlərinə nəzarət etdiyini, gündəlik qazancının yaxşı olduğunu, həmin vaxtlar tabeliyində 70 nəfər işçinin olduğunu, lakin oradan ayrıldıqdan sonra borca düşdüyünü və evi almaq üçün borcu aldığı adamın pulunu qaytarmaq üçün evi geri qaytarmalı olduğunu, hazırda işinin olmadığını, evli olduğunu, həmin nikahdan da 4 yaşında övladının olduğunu, yoldaşının isə uşaq bağçasında xadimə olaraq işlədiyini və 170 manat pul aldığını, hazırda iş düşəndə günü 25-30 manata fəhlə kimi işlədiyini, ayda təxminən 15 gün işləyib 450 manat pul aldığını, deyilən evin ona məxsus olmadığını, həmin evi Nehrəmdə qaynının özünə tikdirdiyini, özünün isə orada qaynının köhnə evində qaldığını, özünün orta təhsilli olduğunu, əlavə heç bir gəlirinin olmadığını, bəzən hətta Türkiyədən valideynlərindən pul istəməyə məcbur olduğunu, özünün uşağın saxlanması üçün 200 manat ödəyə biləcəyini, iddia tələbini həmin hissədə qəbul etdiyini bildirmişdir. Cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında iddiaçının hazırlıq iclasında uşağın ayda 40 manatdan iki hazırlığa getdiyini desə də indi isə 200 manatdan 4 hazırlığa getdiyini dediyini, tələbin 200 manata dair hissəsini qəbul etməsinin qarşı tərəfdə belə bir rahatlığa səbəb olduğunu, özünün 235 manatı ödəməyə imkanının olmadığını, fəhlə işlədiyini bildirmiş, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahdan X3 adlı 1 (bir) övladlarının dünyaya gəlməsi, Naxçıvan Şəhər Məhkəməsinin hazırda qüvvədə olan 02 sentyabr 2019-cu il tarixli, 2(079)-611/2019 nömrəli qətnaməsi ilə tərəflərin nikahının pozulması, uşağın ananın yanında saxlanılması və uşağın saxlanılması üçün hər ay Cavabdeh Davut oğlundan qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq, uşağın anası İddiaçı qızna ödənilməsinin müəyyən edilməsi birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 202550 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən belə məlum olur ki, Cavabdeh Davut oğlu ilə İddiaçı arasında bağlanmış nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmiş, qadına “Nəcəfova” soyadı verilmiş; İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 851838 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, tərəflərin birgə nikahından 30 sentyabr 2012-ci il təvəllüdlü X3 doğulmuşdur. Məhkəmə sözügedən halı nəzərə almaqla iddia tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra - “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Tərəflərin izahatları əsasında müəyyən olunmuşdur ki, hazırda cavabdeh hər ay bir uşaq üçün 150 manat aliment ödəyir. Həmçinin cavabehin gəlir məlumatları üzrə Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan onun əmək müqaviləsi əsasında, pensiya və s. gəlirlərinin olmadığı, xx.xx.2012-ci ildən “qadın gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi” istiqaməti üzrə vergi ödəyicisi olaraq fəaliyyətinin hazırda aktiv olmadığı, fəaliyyətinin dayandırıldığı müəyyən olunur. Məhkəmə sübutetmə yükünün bölüşdürülməsinin ümüumi qaydasını, cavabdehin daimi gəlirinin olmasının müəyyən olunmamasını, onun qazancının (gəliri) qeyri-müntəzəm, dəyişən olmasını nəzərə alaraq alimentin tutulma qaydasının dəyişdirilərək sabit pul məbləğində müəyyən olunması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1). AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Mülki-Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin sözügedən qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququnun mövcudluğunu, uşaqların saxlanılmasında hər iki valideynin məsuliyyətinin bərabərliyini, bununla bərabər yetkinlik yaşına çatmayan uşağın ananın yanında saxlanılmaqla məişət qayğılarının onun üzərinə düşməsini, eyni zamanda cavabdehin iddiaya qarşı etirazının olmamasını, 2024-cü ildə uşaqların saxlanılması üçün müəyyən olunmuş yaşayış minimumunun miqdarını, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təmina almaq hüququnun mövcudluğunu, cavabdeh tərəfindən iddianın qismən qəbul edilməsini, uşağın yaşını, təhsil xərclərini nəzərə alan məhkəmə belə hesab edir ki, aliment miqdarı bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən olunmalıdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayan uşağın ananın yanında saxlanılmasını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşağın saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşağın anasına ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Plenum qərarının mahiyyətindən irəli gələn hal odur ki, əgər yetkinlik yaşına çatmayan uşağa başqa əsasla ödənilən daha əvvəl müəyyən olunmuş aliment mövcuddursa ödənilən aliment məbləğinin dəyişdirilməsinə səbəb olan yeni məhkəmə qətnaməsi yalnız qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(078)-611/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildikdən indiyə qədər tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Naxçıvan Şəhər Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(078)-611/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh Davut oğlundan hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq tutulmaqla uşağın anası İddiaçı ödənilməli, dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia qalmış hissədə rədd olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır MPM-in 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda bir ildən artıq olmamaq şərti ilə ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə hesablanır. Belə olan halda 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 12X50=600<1000 Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.1.1-ci maddəsinə müvafiq olaraq qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manatdır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 02 sentyabr 2019-ci il tarixli, 2(078)-611/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulma qaydası dəyişdirilsin. 30 sentyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh Davut oğlundan hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub uşağın anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd olunsun. Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh Davut oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar