Məhkəmə qərarları › İş №2(079)-248/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-248/2021

10.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-248/2021 10.06.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı vəkil-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Qafarov Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı “16” may 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 avqust 2013-cü ildə anadan olan Qafarova Fatimə Cavabdeh qızının, 17 avqust 2014-cü ildə anadan olan Qafarova Aysu Cavabdeh qızının və 30 iyul 2015-ci ildə anadan olan Qafarov Məhəmməd Cavabdeh oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Babək Rayon Məhkəməsinin “20” noyabr 2017-ci il tarixli, 2(079)-323/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Qafarov Cavabdeh hər ay bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə üç uşaq üçün 450 (dörd yüz əlli) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Qafarov Cavabdeh ilə 17 oktyabr 2012ci ildə rəsmi nikah qeyd etdirərək evlənmişik. Birgə nikahımızdan üç övladımız-09 avqust 2013-cü il təvəllüdlü Qafarova Fatimə Cavabdeh qızı, 17 avqust 2014-cü il təvəllüdlü Qafarova Aysu Cavabdeh qızı və 30 iyul 2015-ci il təvəllüdlü Qafarov Məhəmməd Cavabdeh oğlu olmuşdur. Bildirirəm ki, cavabdehlə aramızda bağlanmış nikah Babək Rayon Məhkəməsinin “20” noyabr 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, övladlarım mənim yanımda qalmaqla Qafarov Cavabdeh hər ay bir uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat miqdarında sabit pul məbləğində aliment alınıb övladlarım 09 avqust 2013-cü il tarixdə doğulmuş Qafarova Fatimə Cavabdeh qızının, 17 avqust 2014-cü il tarixdə doğulmuş Qafarova Aysu Cavabdeh qızının və 30 iyul 2015-ci il tarixdə doğulmuş Qafarov Məhəmməd Cavabdeh oğlunun yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün mənə verilməsi qət edilmişdir.Cavabdeh tərəfindən ödənilən bu aliment onların günügündən artan tələbatını ödəmir. Belə ki, mən özüm Naxçıvan şəhər hərbi hospitalında mülki formada tibb bacısı işləyirəm. Aylıq əmək haqqım 400 manatdır. Evim olmadığından ayda 250 manat ödəməklə kirayə evdə yaşayırıq. Uşaqlarımı hər ay 150 manat ödəməklə hazırlıqlara qoyuram. Mənim əmək haqqım kirayə və hazırlıq ödənişlərinə sərf olunur. Cavabdeh tərəfindən verilən alimentlə uşaqların digər lazım olan tələbatlarını layiqincə ödəyə bilmirəm. Qafarov Cavabdeh Türkiyə Respublikasında yaşayır və işləyir. Bildiyimiz kimi Türkiyədə işləyən şəxslər yüksək məbləğdə əmək haqqı alırlar. Buna baxmayaraq Cavabdeh uşaqlara verdiyi alimentlə kifayətlənir. Bu aliment uşaqların tələbatlarını ödəmədiyindən alimentin miqdarının artırırılaraq cavabdeh tərəfindən hər bir uşağa 150 manat aliment ödəməsini istəyirəm. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmədə verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri bildirməklə yanaşı, tərəflərin birgə nikahlarından olan uşaqların onların saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin təyin edilməsindən üç ildən artıq müddət keçdiyini, uşaqlar böyüdüyündən onların tələbatlarının günü-gündən artdığını, iddiaçının özünün mülkiyyətində ev olmadığından onun uşaqları ilə birlikdə kirayədə yaşadığını, onları qohumları və yaxınlarının köməkliyi ilə dolandırdığını, cavabdehin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti isə vaxtlı-vaxtında ödədiyini qeyd edərək, yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutan məhkəmə onun iştirakı olmadan işə mümkün saymışdır. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, əvvəllər tərəflər arasında nikah bağlanması, həmin nikahdan onların Qafarova Fatimə Cavabdeh qızı, Qafarova Aysu Cavabdeh qızı və Qafarov Məhəmməd Cavabdeh oğlu adlı uşaqlarının dünyaya gəlməsi, tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahlarından olan uşaqların iddiaçının yanında qalması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Qafarov Cavabdeh hər ay bir uşağa 70 (yetmiş) manat olmaqla, ümumilikdə üç uşaq üçün 210 (iki yüz on) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi mülki işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə olunmuş Babək Rayon Məhkəməsinin “20” noyabr 2017-ci il tarixli, 2(079)-323/2017 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında 17 noyabr 2012-ci ildə nikah bağlanması; -iddia ərizəsinə əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 yanvar 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 077233 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin birgə nikahından 09 avqust 2013-cü ildə Qafarova Fatimə Cavabdeh qızı adlı övladının dünyaya gəlməsi; -iddia ərizəsinə əlavə edilmiş 16 avqust 2019-cu il tarixli, AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin və Babək Rayon Məhkəməsinin “20” noyabr 2017-ci il tarixli, 2(079)- 323/2017 nömrəli qətnaməsinin təsdiq olunmuş surətlərindən, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan tərəflərin birgə nikahından 17 avqust 2014-cü ildə Qafarova Aysu Cavabdeh qızı adlı övladının dünyaya gəlməsi; -iddia ərizəsinə əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 sentyabr 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 307958 nömrəli doğum haqqında şəhadətnamənin və təsdiq edilmiş surətindən tərəflərin birgə nikahından 30 iyul 2015-ci ildə Qafarov Məhəmməd Cavabdeh oğlu adlı övladının dünyaya gəlməsi aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi, Babək Rayon Məhkəməsinin “20” noyabr 2017-ci il tarixli, 2(079)-323/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərinin nəzərinə çatdırmaqdır. İddiaçı Qafarov Cavabdeh birgə nikahlarından olan uşaqların saxlanılması üçün Babək Rayon Məhkəməsinin “20” noyabr 2017-ci il tarixli, 2(079)-323/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini, yəni artırılmasını tələb etməsi mülki işin mübahisəli halıdır. Mülki işin mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən müəyyən edilmiş halları qanunvericiliyin tələbləri daxilində və onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının tələbi əsasında məhkəmə onların birgə nikahından olan uşaqların saxlanılmaları üçün aliment sabit pul məbləğində müəyyən edilmişdi. Hazırki mübahisə üzrə isə iddiaçının artırılmasını istədiyi məhz Babək Rayon Məhkəməsinin “20” noyabr 2017-ci il tarixli, 2(079)-323/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan aliment miqdarıdır. Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı qətnamə ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini tələb etdiyindən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. 112.1-ci maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə yəni, iddiaçının üzərinə düşür. İddiaçı tərəf Babək Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 2(079)- 323/2017 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan indiyədək ailə və maddi vəziyyətində ciddi dəyişikliyin olmasını təsdiq edən sübutlar təqdim etməyib. Lakin o, tələbini uşaqların böyüməsi, alimentin təyin edildiyi vaxtla müqayisədə onların tələbatlarının artması, aliment məbləğinin övladlarının saxlanılmasına yetməməsi, evi olmadığından ayda 250 manat ödəməklə kirayədə yaşaması ilə əsaslandırmışdı. Məhkəmə iddiaçının öz tələbini əsaslandıran fakta hüquqi qiymət verməklə aşağıdakıları qeyd edir. Babək Rayon Məhkəməsinin “20” noyabr 2017-ci il tarixli, 2(079)-323/2017 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı cavabdehə qarşı nikahın pozulması və aliment tələbi ilə 03 iyul 2017-ci ildə müraciət edib. Yəni aliment miqdarının müəyyən edilməsindən üç ildən artıq müddət ötüb. Həmin vaxt saxlanılması üçün xeyrinə aliment tələb edilən uşaqlardan Fatimənin dörd, Aysunun üç, Məhəmmədin isə iki yaşı olduğu halda, hazırda onların müvafiq olaraq 8, 7 və 6 yaşları tamam olub. Altı, yeddi və səkkiz yaşında olan uşaqların sağlamlıq, təhsil, inkişaf, məişət və sair qayğılarını qarşılamaq üçün tələb olunan maddi xərclə, təbii ki, 2, 3 və 4 yaşında olan uşaqların xərcləri arasında kifayət qədər fərq var. Bunun isə sübuta yetirilməsinə ehtiyac yoxdur. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsi ilə müəyyən edilir ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmçinin məhkəmə onu da qeyd edir ki, dörd il bundan öncə Babək Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 2(079)-323/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş uşaqların hər biri üçün 70 (yetmiş) manat məbləğində aliment miqdarı hazırki vəziyyətdə uşaqların mənafeyinə cavab vermir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı sayılmalı və həmin qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Məhkəmə iddianın əsaslı sayması ilə bağlı istinad etdiyi maddi hüquq normaları ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X3 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin tələblərinə əsaslanır. Belə ki, maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı birgə nikahlarından olan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə üç uşağa görə 450 (dörd yüz əlli) manat sabit məbləğdə aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Alimentin miqdarının ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hər iki tərəfin maddi vəziyyətində dəyişiklik olması ilə bağlı məhkəməyə sübut təqdim edilməsə də, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan aydın olur ki, cavabdeh Qafarov Cavabdeh hazırda ailəlidir və onun digər nikahından bir övladı var. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2021-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşaqların sayını, saxlanılmaları üçün aliment təyin edilməsi tələb edilən uşaqların yaşını, həmçinin bundan sonra aliment ödənilməli olan dövrünü, cavabdehin hazırda ailəli olmasını, onun digər nikahından bir övladının olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 105 (bir yüz beş) manat olmaqla, ümumilikdə 315 (üç yüz on beş) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın ((3x150)x12=5.400) təmin edilmiş hissəsinə ((3x105) x 12 =3.780) münasib olan 21 (iyirmi bir) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Babək Rayon Məhkəməsinin “20” noyabr 2017-ci il tarixli, 2(079)-323/2017 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 09 avqust 2013-cü il təvəllüdlü Qafarova Fatimə Cavabdeh qızının, 17 avqust 2014-cü il təvəllüdlü Qafarova Aysu Cavabdeh qızının və 30 iyul 2015-ci il təvəllüdlü Qafarov Məhəmməd Cavabdeh oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Qafarov Cavabdeh hər ay bir uşaq üçün 105 (bir yüz beş) manat olmaqla, ümumilikdə üç uşağa görə 315 (üç yüz on beş) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - iddia qismən təmin olduğundan 21 (iyirmi bir) manat miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilməli; - iddia digər hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin “20” noyabr 2017-ci il tarixli, 2(079)-323/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 09 avqust 2013-cü il təvəllüdlü Qafarova Fatimə Cavabdeh qızının, 17 avqust 2014-cü il təvəllüdlü Qafarova Aysu Cavabdeh qızının və 30 iyul 2015-ci il təvəllüdlü Qafarov Məhəmməd Cavabdeh oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Qafarov Cavabdeh hər ay bir uşaq üçün 105 (bir yüz beş) manat olmaqla, ümumilikdə üç uşağa görə 315 (üç yüz on beş) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. Qafarov Cavabdeh 21 (iyirmi bir) manat miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. İddia digər hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar