Məhkəmə qərarları › İş №2(079)-249/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-249/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-249/2025 15.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 03 mart 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 250 (iki yüz əlli) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, mən Babək rayonu, Nehrəm qəsəbəsi ərazisində hər il mart-avqust ayları bostan əkib meyvə-tərəvəzin topdan satışı ilə məşğul oluram. Babək rayonu, Qahab kənd sakini Cavabdeh bir-neçə dəfə qovun satmışam. Lakin sonuncu dəfə cavabdeh tərəf məndən 250 (iki yüz əlli) manat dəyərində aldığı qovunun pulunu ödəmədi. Bununla bağlı mən Babək rayon Polis İdarəsinə müraciət etdim və 19 noyabr 2024-cü il tarixdə Babək rayon Polis İdarəsində cavabdehin izahatı alınmışdır. Cavabdeh izahatında 250 (iki yüz əlli) manat pulu 2024-cü ilin dekabr ayının sonunadək ödəyəcəyini bildirmişdi. Lakin Cavabdeh pulu ödəməkdən boyun qaçırdı və mən 30 yanvar 2025-ci il tarixdə Cavabdeh ünvanına borcun ödənilməsi ilə bağlı pretenziya ərizəsi göndərmişəm. Pretenziya ərizəsi cavabdeh tərəfə rəsmi çatdırılsa da, ərizəmə cavab verilməyib. Məndə məcbur qalaraq məhkəməyə müraciət etməli oluram. İddiaçı məhkəmə iclasında verdiyi izahatında qovun satmaqla məşğul olduğunu, Cavabdeh oğlu qovunların pulunu nağd verəcəyini bildirdiyi üçün onunla razılaşıb qovunları satdığını, sonra Namiqin gəlib 200 kiloqram qovun aldığını, lakin pulunu vermədiyini, daha sonra yenidən gəlib qovun aldığını və borcunu vermədiyini, bu səbəbdən də 270 manat borcunun yarandığını, sonra Namiqin oğlunun hər həftə 50 manat verəcəyini bildirdiyini, özünün də bununla razılaşdığını, sonra Namiqin oğlunun 20 manat verib 230 manat borcun qaldığını bildirdiyini, o isə hər həftə heç olmasa 20 manat olmaqla borcunu qaytarmasını ondan istədiyini, lakin cavabdehin qovunlara don vermək əvəzinə istilik verdiyini, bu səbəbdən də məhsulun xarab olduğunu və borcunu qaytarmayacağını bildirdiyini, həmçinin “hara müraciət edirsən, et” dediyini, buna görə polis şöbəsinə müraciət etdiyini, daha sonra məcbur qalıb məhkəməyə müraciət etməli olduğunu, həmin qovunları əziyyət çəkib yetişdirdiyini, qovunları 2024-cü ilin yay aylarında satdığını, qovunun kiloqramını 30 qəpikdən satdığını, qovunları maşına yığıb satdığını, cavabdehin oğlunun isə gəlib qovunları seçib götürdüyünü və bəzilərini isə məhv etdiyini, səyyari satışla məşğul olduğunu, qovunları Naxçıvan şəhərində “57” adlanan bazarda satdığını, cavabdehin oğlunun adının Nihat olduğunu, qovunları Namiqə satdığını, onun isə müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina etdiyini, qovunu satarkən nisyə dəfətəri tərtib etmədiyini, şifahi şəkildə onunla razılaşdıqlarını, Namiqin polis şöbəsində verdiyi izahatında borcunun olduğunu etiraf etdiyini və 2024-cü ilin dekabr ayının sonunadək borcunu ödəyəcəyini bildirdiyini, cavabdehin indiyədək 20 manat ödəniş etdiyini və 250 manat borcunun qaldığını, iddianın təmin edilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etdiyini, İddiaçı əvvəllər də mal alıb-satdığını, bir dəfə 600 manat borcunun qaldığını və evdəki anasından yadigar qalmış qızıl-zinət əşyasını satıb onun borcunu verdiyini, yəni borcuna sadiq olduğunu, sonuncu dəfə İddiaçı aldığı maldan 250 manat borcu yarandığını, hazırda İddiaçı 250 manat borcunun olduğunu, yekunda isə qış mövsümü ilə əlaqədar işlərinin zəif olduğunu, 2025-ci ilin may ayında borcunu ödəyə biləcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Mülki işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında predmeti pul məbləği olan borc hüquq münasibətləri yaranmış, iddiaçı razılaşdırılmış malı cavabdehə verməyi, cavabdeh isə razılaşdırılmış şərtlərlə pul məbləğini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının ərizəsini, ona əlavə edilmiş sənədləri, həmçinin iddiaçının izahatını tədqiq edən məhkəmə MPM-in 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını MM-in 567-ci maddəsi təşkil edir. Həmin normaya əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki iş üzrə cavabdeh iddianın etirafı barədə ərizəsini məhkəmə iclasında təqdim edərək iddia tələbini qəbul etdiyini və iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. İddianın etirafını nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 250 (iki yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda İddiaçı tərəfindən iddia qaldırılan zaman "xxxx" ASC-nin Naxçıvan branch filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, 12486 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar