Məhkəmə qərarları › İş №2(079)-254/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-254/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-254/2020 03.09.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu iddiaçı “Unibank” X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan baxaraq müəyyən etdi: “Unibank” X1 Səhmdar Cəmiyyəti xx xxxxxx 2020-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək əsas borc üzrə 391,70 (üç yüz doxsan bir manat, yetmiş qəpik) manat, faiz borcu üzrə 55,48 (əlli beş manat, qırx səkkiz qəpik) manat, cərimə borcu üzrə 0,37 (otuz yeddi) manat olmaqla, ümumilikdə 447,55 (dörd yüz qırx yeddi manat, əlli beş qəpik) manat məbləğində kredit borcunun, həmçinin 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Unibank” X1 Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq bildirmişdir ki, onunla cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 518 (beş yüz on səkkiz) manat məbləğində kredit verilmişdi. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcverən qeyd edilən məbləğdə və faizdə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdi. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti iki min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutlar məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan iş üzrə cavabdehin Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh məhkəmə sənədləri, yəni iddia ərizəsi, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(079)-254/2020 nömrəli qərardadının surəti, həmçinin eyni tarixli və nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdi. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdır. Eyni zamanda ona göndərilmiş xx xxxxxx 2020-ci il tarixli, 2(079)-254/2020 nömrəli qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinin tələbi də izah olunmuşdur. Cavabdehə ünvanlanmış məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması səbəbindən poçt tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri, borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Ümumiyyətlə mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə iddiaçı “Unibank” X1 Səhmdar Cəmiyyəti arasında xx xxxxxx 2019-cu il tarixli, 1955nkNFT/19 nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqavilə üzrə iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər: -müqavilənin 1.1 və 1.4-cü bəndlərinə gərə həmin müqaviləyə görə «Bank» 18 (on səkkiz) ay müddətinə, xx xxxxxx 2021 il tarixinədək, illik 27 (iyirmi yeddi) faiz ödəmək şərti ilə 518.00 (beş yüz on səkkiz manat) manat məbləğində krediti borcalnın mülkiyyətinə verir və ona bank hesabı (cari, kredit) açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun, istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «Bank»a qaytarmağı öhdəsinə götürür. Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 12 % , maksimum 40 % faiz təşkil edir. Müqavilə üzrə ayrılmış kredit borcalanın xx xxxxxx 2017 tarixli, 4626sNFT/17 nömrəli müqavilə üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından bank tərəfindən akseptsiz qaydada silinir. Kreditin bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir; -müqavilənin 3.3-cü bəndi ilə müəyyən edilir ki, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərin tam və ya qismən «Bank»ın hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə faizlərin müvafiq olaraq tam və ya qismən «Bank»a qaytarıldığı tarix hesab olunur; -qeyd edilən müqavilənin 3.6-cı bəndinə əsasən kreditdən istifadəyə görə faizlər kreditin verildiyi gündən onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün və ildə 360 gün götürülür; -3.7 və 3.7.1-ci bəndlərə əsasən borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda bank müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər: -müqavilənin müddəti isə 8.1-ci bənd ilə tənzimlənir ki, həmin bəndə görə müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və öhdəlikləri tam icra olunana qədər qüvvədədir. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə həmin müqavilə üzrə ona verilmiş krediti məbləğini müqavilə şərtlərinə uyğun olaraq “Unibank” X1 Səhmdar Cəmiyyətinə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. İddiaçının xx xxxxxx 2019-cu il tarixli, 1955nkNFT/19 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməsi iş materiallarına əlavə edilmiş AZ91UBAZ**********1010AZN003 nömrəli hesabdan çıxarışla sübuta yetirilir. Belə ki, həmin sənəddən iddiaçının xx xxxxxx 2019-cu ildə 518 (beş yüz on səkkiz) manat məbləğində kredit məbləğini Cavabdeh verməsi aydın olur. Cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini icra etməməsi iş materiallarına əlavə edilmiş “Unibank” X1 Səhmdar Cəmiyyəti tərəfindən iş üzrə Cavabdeh ünvanlanmış xx xxx 2020-ci il tarixli bildirişdən və sifarişli poçt göndərişinin siyahısından məlum olur. Həmin sənədlərlə müəyyən edilir ki, iş üzrə cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilib, borcun ödənilməsi üçün ona 3 gün müddət təyin edilmişdi. Qeyd edilənlərdən cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi öz təsdiqini tapır. Müqavilədən irəli gələn öhdəliyin icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşsə də o, bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş xx xxxx 2020-ci il tarixli maliyyə arayışından Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 1955nkNFT/19 nömrəli kredit müqaviləsi üzrə “Unibank” X1 Səhmdar Cəmiyyətinə 391,70 (üç yüz doxsan bir manat, yetmiş qəpik) manat əsas və 55,48 (əlli beş manat, qırx səkkiz qəpik) manat faiz borcunun olması aydın olur. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, 1955nkNFT/19 nömrəli kredit müqaviləsinin 7.4-cü bəndindən isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 1955nkNFT/19 nömrəli kredit müqaviləsi ilə tərəflər cərimə ilə bağlı aşağıdakı şərtlər barədə razılığa gəlib: -müqavilənin 3.1-ci bəndində qeyd edilir ki, borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 (bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq «Bank» «Borcalan»a qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40%- miqdarında cərimə tətbiq edir. Müqavilə üzrə son ödəniş, həmin kredit müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulan xx.xx.2021-ci il tarixində bir dəfəyə ödənilməlidi; - 7.1-ci bəndə görə isə “Borcalan” kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya “Borcalan” tərəfindən «Bank»ı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən “Borcalan” özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar(dövlət büdcəsinə digər hüquqi və fiziki şəxslərə olan borclar kreditorlar qarşısında icra edilməmiş mülkü-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadiğı aşkar olunduqda «Bank» kreditin dərhal qaytarılmasını tələb etməklə yanaşı “Borcalan”a qarşı kreditin ümumi məbləğinin 1 (bir) faizi miqdarında cərimə tətbiq edə bilər. Həmçinin həmin müqaviləyə edilmiş 1 saylı əlavədən aydın olur ki, kredit alan kredit ödənişini gecikdirdikdə, gecikdirilmiş kreditə görə hər gün üçün kredit müqaviləsinin şərtlərinə uyğun olaraq əsas borc məbləğinin 0,5 faizindən 1 faizədək miqdarında cərimə ödəyir. Yuxarıda qeyd edildiyi kimi mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini, icra edilməli olduğunu təsbit etdiyindən və cərimə ödənilməsi barədə tərəflər arasında razılıq olduğundan məhkəmə “Unibank” X1 Səhmdar Cəmiyyətinin cavabdehə qarşı olan bu tələbini də əsaslı sayır. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş iddia ərizəsinə əlavə olunmuş xx xxxx 2020-ci il tarixli maliyyə arayışından Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 1955nkNFT/19 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 0,37 (otuz yeddi) manat məbləğində cərimə borcunun olması qeyd edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 1955nkNFT/19 nömrəli kredit müqaviləsi üzrə 391,70 (üç yüz doxsan bir manat, yetmiş qəpik) manat əsas borc, 55,48 (əlli beş manat, qırx səkkiz qəpik) manat faiz və 0,37 (otuz yeddi) manat cərimə borcu olmaqla, ümumilikdə isə 447,55 (dörd yüz qırx yeddi manat, əlli beş qəpik) manat məbləğində kredit borcu tutularaq “Unibank” X1 Səhmdar Cəmiyyətinə ödənilməli; -Həmçinin iddia verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iş üzrə cavabdehdən tutularaq “Unibank” X1 Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin olunsun. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 1955nkNFT/19 nömrəli kredit müqaviləsi üzrə 391,70 (üç yüz doxsan bir manat, yetmiş qəpik) manat əsas borc, 55,48 (əlli beş manat, qırx səkkiz qəpik) manat faiz və 0,37 (otuz yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə isə 447,55 (dörd yüz qırx yeddi manat, əlli beş qəpik) manat məbləğində kredit borcu tutularaq “Unibank” X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq “Unibank” X1 Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar