Məhkəmə qərarları › İş №2(079)-255/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-255/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-255/2021 24.06.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı X3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəy yən etdi: İddiaçı 17 may 2021-ci ildə X3 qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 13 may 2018-ci il tarixli müqavilə üzrə 360 manat əsas borcun, 1200 manat məbləğində penya pulunun, 1000 manat miqdarında əldən çıxmış faydanın və 300 manat vəkil xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 2890 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, X5 ilə onun arasında 13 may 2018-ci il tarixdə kredit satış müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdeh Samsung Galaxy A 5 markalı telefonu 550 manat dəyərində almağa razılıq vermiş və əvvəlcədən 100 manat pul nağd qaydada ödənilmiş və bundan sonra yerdə qalan 450 manat hər ay 115 manat olmaqla 4 ay müddətinə cavabdeh ödəməyi öhdəsinə götürmüşdü. X1 tərəfindən nağd qaydada ödənilmiş puldan əlavə kredit müqaviləsi üzrə ödəməli olan 450 manat puldan yalnız 90 manat ödəniş həyata keçirilmişdir. Yəni müqavilə üzrə cavabdeh öhdəsinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. İddiaçı telefon satışı ilə məşğul olaraq maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Vaxtında ödənilməyən ödənişlər maddi zərərlərə gətirib çıxarmışdı. Yəni cavabdehə satılmış telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmasına səbəb olmuşdu. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunaraq borc pulun ödənilməsi ondan tələb edilsə də, o, borcun ödənilməsindən imtina etmişdir. X2 ümumilikdə həmin müqavilədən yaranan 360 manat əsas borcu var. Bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə 1200 manat peniya, həmçinin 300 manat vəkil pulu və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. Məhkəmə iclasının vaxtı, yeri barədə tərəflərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarında iştirak etməmişdi. İddiaçı nümayəndəsi-təsisçi X7 03 iyun 2021-ci ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, X3 qarşı pul tələbinə dair iddia qaldırdığını, həmin tələb əsasında 13 may 2018-ci il tarixli kredit satış müqaviləsinə əsasən ödənilməli olan 360 manat əsas borcun, həmin borcun ödənilməməsi əsasında yaranmış 1200 manat peniya pulunun, vəkil pulu, dövlət rüsumu və sairənin ödənilməsinə dair iddia irəli sürdüyünü, artıq cavabdehin həmin kredit müqaviləsi əsasında əsas borcu ona qaytardığını, digər pulları isə onun cavabdehə güzəşt etdiyini, aralarında heç bir mübahisə qalmadığını, buna görə də iddiadan imtina etmək qərarına gəldiyini, qeyd etdiklərinin nəzərə alınaraq iddiadan imtina barədə ərizəsinin qəbul olunmaqla, iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının tələbindən imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Məhkəmə İddiaçı nümayəndəsi-təsisçi X6 X3 qarşı pul tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı nümayəndəsi X7 iddia qaldırılarkən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 08 may 2021-ci il tarixli, 7647 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı X3 qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsitəsisçi X6 iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddia qaldırılarkən X6 “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 08 may 2021-ci il tarixli, 7647 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar