Məhkəmə qərarları › İş №2(079)-27/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-27/2021

29.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-27/2021 29.07.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “02” oktyabr 2020-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 3700 (üç min yeddi yüz) manat və mənəvi ziyana görə isə 5000 (beş min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, özünə məxsus olan “Lexus” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, D.Əliyeva küçəsində, dəmiryol vağzalı ərazisində hərəkətdə olarkən “HOWO YÜK” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Cavabdeh yol hərəkəti qaydalarını pozması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və avtomobili yarasız hala düşmüşdür. Cavabdeh manevretmə qaydalarını pozaraq qəfildən onun hərəkətdə olduğu istiqamətə keçmiş və bunun nəticəsində də avtomobillər toqquşmuşdur. Hadisə baş verdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarına zəng etmiş, bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisənin baş vermə hallarını araşdırmışlar. Araşdırmadan sonra bu yol-nəqliyyat hadisəsinin Cavabdeh günahı səbəbindən baş verdiyini bildirmişlər. Həmçinin yol-nəqliyyat hadisəsi barədə müvafiq protokol da tərtib edilmişdi. Cavabdeh hadisənin baş verməsində günahkar olduğunu bilsə də, yenə də ona qarşı insanlıq nümayiş etdirib barışığa gəlmək istəmiş, lakin Cavabdeh onun bu hərəkətinə qarşı da heç bir müsbət reaksiya verməmişdi. Əksinə, onunla növbəti dəfə əlaqə saxlamaq istədikdə onu kobud sözlərlə təhqir etmişdi. Özü iş adamı olduğu üçün avtomobildən daimi olaraq istifadə etdiyini, ona görə də avtomobilin bu hadisə nəticəsində yararsız halda qalmasına imkan vermədiyini, məcbur olub öz şəxsi vəsaiti hesabına avtomobili təmir etdirmişdi. Mülkiyyətində olan avtomobilin ehtiyat hissələri baha olduğu üçün bəzi ehtiyat hissələrini Dağıstan Muxtar Respublikasından gətizdirməli olduğunu, avtomobilimin təmirinə ümumilikdə 3700 manat məbləğində pul xərclədiyini, həmçinin 3 ay müddətində avtomobilsiz qaldığı üçün taksi xidmətindən istifadə etməyə məcbur qalmışdı. 3 ay müddətində də taksi xidmətinə görə ümumilikdə 2500 manat məbləğində pul xərcləyib. Yol-nəqliyyat hadisəsi nəticəsində ona mənəvi ziyan da dəymişdir. Həmin yol-nəqliyyat hadisəsinin baş verdiyi gün çox böyük stress və həyəcan keçirmiş, həm də hadisədən sonra 3 ay müddətində avtomobilsiz qaldığı üçün çəkdiyi narahatçılığa görə də ona mənəvi ziyan dəymişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı 01 iyul 2021-ci ildə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında Bakı şəhərində yaşadığını, rəsmi olaraq hər hansı bir yerdə işləməsə də özünə məxsus maşınla bacısının uşaqlarını məktəbə və hazırlığa aparıb gətirdiyini, hadisə günü, yəni 19 oktyabr 2021-ci ildə telefon mağazasından çıxdıqdan sonra öz maşını ilə hərəkət edib sağa dönərkən cavabdehin idarə etdiyi maşınla üçüncü hərəkət zolağından birbaşa onun hərəkətdə olduğu zolağa keçdiyini, həmin vaxt özünə məxsus olan Lexsus markalı maşını sol tərəfdən əzdiyini, hadisə yerində olan adamların da Sərxana hirslənərək “belə bir yerdə elə sürətlə maşın sürmək olmaz” dediyini, hadisə yerinə polis işçilərinin gəldiyini, sənədləşmə aparıldığını, bundan sonra özünün maşınını servizə apardığını, orada təqribən maşının bərpa olunması üçün 2300-2500 manat məbləğində pul lazım olduğunu ona bildirildiyi, cavabdehə ona dəymiş ziyanının yarısının ödənilməsini təklif edildiyini, lakin Sərxanının ona cəmi 150 manat pul təklif etdiyini, Bakı şəhərində avtomobil hissələri baha olduğundan məcbur qalıb Dağıstan Respublikasının Mahaçqala şəhərindən işiq faralarını aldığını, onların dəyəri üçün 37000 rus rublu ödədiyini, usta xərci üçün isə 660 manat pul verdiyini, avtomobilin sınmış buferini yenisi ilə əvəzləyə bilməsə də, onu bərpa etdirdiyini, cavabdehin onun avtomobilinə ziyan vurması nəticəsində özünün təqribən üç ay maşınsız qaldığını və taksi xidmətlərindən istifadə etdiyini, bununla bağlı 2500 manat pul xərclədiyini, cavabdehin ona həm maddi, həm də mənəvi ziyan vurduğunu, yol-nəqliyyat hadisəsinin baş verdiyi gün çox böyük stress və həyəcan keçirdiyini qeyd etmişdi. İddiaçı 27 iyul 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini məhkəmədən xahiş etmişdi. Cavabdehə ünvanlanmış məhkəmə sənədləri Cavabdeh Babək rayonu, Məzrə kəndində yaşamaması və ünvan 2 ünvanın düzgün olmaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Məzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Bundan əlavə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə cavabdehin məhkəməyə təqdim edilmiş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə SMS göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 135.5-ci maddəsi və “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240-cı bəndinə əsasən yuxarıda qeyd edilən hallar məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Yekunda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İddia tələbini nəzərdə keçirən məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb etməsi mülki işin mübahisəli hallarıdır. O, tələbinin əsası kimi baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “HOWO YÜK” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus olan “Lexus” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurduğunu, bu zərərin nəticələri özü tərəfindən aradan qaldırıldığını, bunun üçün 3700 manat pul xərclədiyini və həmin hadisə nəticəsində avtomobilsiz qaldığı üçün taksi xidmətindən istifadə edərək 2500 manat pul xərclədiyini, həmçinin baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona mənəvi ziyan dəyməsi ilə əsaslandırmışdı. Mülki işin mübahisəli hallarının tədqiqinə keçməzdən öncə məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir, həmçinin mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qanunvericiliyin yuxarıda qeyd edilən normasını iddia tələbinin hər bir əsası ilə əlaqələndirən məhkəmə bildirir ki, iddiaçı ona vurulmuş ziyanın yol nəqliyyat hadisəsinin baş verməsi ilə əsaslandırmışdı. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 43cü bəndinə əsasən yol-nəqliyyat hadisəsi yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan İddiaçı mülkiyyətində “Lexus RX-350 minik” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil olması, həmçinin AB seriyalı 739257 nömrəli sürücülük vəsiqəsinin Cavabdeh məxsus olması müəyyən olur. İş materiallarına əlavə edilmiş ƏN-V seriyalı 071075 nömrəli etibarnamənin surətindən “HOWO YÜK” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin X4 mülkiyyətində olması və onu 03 may 2022-ci ilədək idarə etməyi Cavabdeh etibar etməsi aydın olur. İddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 19 oktyabr 2019-cu il tarixli, 029133 nömrəli arayışından, 21 oktyabr 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından, iddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillərdən və video görüntülərdən aydın olur ki, 19 oktyabr 2019-cu ildə təqribən saat 2101- radələrində yol nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində “HOWO YÜK” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Lexus” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Qeyd edilən sənədlərdən yol nəqliyyat hadisəsinin baş verməsi öz təsdiqini tapdığından iddiaçının 19 oktyabr 2019-cu ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Lexus” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir və bərpa olunmasına dair xərclərin cavabdehdən tələb etməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia tələbindən isə aydın olur ki, İddiaçı öhdəliyin əmələ gəlməsi əsası kimi Cavabdeh ona zərər vurmasını qeyd etmişdi. 19 oktyabr 2019-cu ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Lexus” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdehin idarə etdiyi “HOWO YÜK” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə zərər vurulması öz təsdiqini tapdığından, Cavabdeh avtomobilə vurulmuş zərər görə cavabdeh məsuliyyət daşıması ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 19 oktyabr 2019-cu il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və 21 oktyabr 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə sübut olunur. Belə ki, həmin sənədlərdən aydın olur ki, cavabdeh 19 oktyabr 2019-cu ildə baş vermiş yol nəqliyyat hadisəsinə görə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələri, yəni “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. İşin bu faktiki halı cavabdehin nəzərinə çatdıran məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin iddiaçıya zərər vurması öz təsdiqini tapdığından Cavabdeh tərəfindən İddiaçı ödənilməli olan zərərin miqdarı ilə bağlı isə məhkəmə bildirir ki, iddiaçı yol nəqliyyat hadisəsi nəticəsində özünə məxsus olan “Lexus” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün 3700 manat məbləğində pul xərclədiyini qeyd edir. O, bu faktın təsdiqi kimi məhkəməyə 13 noyabr 2019-cu il tarixli, 365 nömrəli qəbzi, 19 noyabr 2019-cu il tarixli, 649208 nömrəli qaimə fakturanı təqdim etmiş, həmçinin Ağdaş rayonu, Tofiqi kənd sakini X2 şahid qismində dindirilməsini məhkəmədən xahiş etmişdi. Babək Rayon Məhkəməsi iddiaçının vəsatəti əsasında 25 dekabr 2020-ci ildə Ağdaş rayonu, Tofiqi kənd sakini X2 şahid qismində dindirilməsi üçün Ağdaş Rayon Məhkəməsinə məhkəmə tapşırığı göndərmış və eyni tarixli qərardadla iş üzrə icraat dayandırılmışdı. Babək Rayon Məhkəməsinə 09 iyun 2021-ci ildə Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli məktubu ilə daxil olmuş sənədlərdən görünür ki, X2 şahid qismində dindirilməsi onun Ağdaş rayonu, Tofiqi kəndində yaşamaması səbəbindən mümkün olmamışdı. 13 noyabr 2019-cu il tarixli, 365 nömrəli qəbzdə isə alınmış işıq faralarının dəyərinin 37000 (otuz yeddi min) Rus rublu olması öz əksini tapıb. Azərbaycan Respublikası Mərkəzi X5 Respublikası İdarəsinin məhkəməyə təqdim etdiyi 05 iyul 2021-ci il tarixli, 01/193 nömrəli məktubdan müəyyən edilir ki, 13 noyabr 2019-cu il tarixdə Azərbaycan manatının Rus rubluna nisbətdə rəsmi məzənnəsi 0.0265 manat təşkil edib (37.000 x 0.0265= 980.5). İddiaçının məhkəməyə təqdim etdiyi 19 noyabr 2019-cu il tarixli, 649208 nömrəli qaimə fakturadan isə görünür ki, o, avtomobilin təmiri üçün usta xərci olaraq 660 (altı yüz altmış) manat məbləğində pul ödəyib. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, iddiaçı 19 oktyabr 2019-cu ildə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı özünə məxsus olan “Lexus” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir və bərpası üçün 3700 manat məbləğində pul xərclədiyini qeyd etsə, məhkəmədə tədqiq edilmiş sübutlardan bu məbləğin 1640,50 (bir min altı yüz qırx manat, əlli qəpik) manat olması sübuta yetirilir. Yəni iddiaçının tələbi bu hissədə qismən öz təsdiqini tapır. Bununla bağlı məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, 19 oktyabr 2019-cu ildə Bakı şəhəri, Dilarə Əliyeva küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Lexus” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması, yəni onun təmir edilməsi üçün iddiaçı tərəfindən çəkilmiş 1640,50 (bir min altı yüz qırx manat, əlli qəpik) manat məbləğində xərc cavabdehdən alınaraq ona verilməlidir. İddiaçının cavabdehə qarşı olan digər tələbi isə 5000 (beş min) manat dəyərində mənəvi zərərin ödənilməsidir. İddiaçı özünə mənəvi ziyan dəyməsini yol-nəqliyyat hadisəsinin baş verdiyi gün çox böyük stress və həyəcan keçirməsi və hadisədən sonra 3 ay müddətində avtomobilsiz qaldığı üçün çəkdiyi narahatçılıq ilə əsaslandırmışdı. İddiaçının qeyd edilən tələbinin hüquqi həlli ilə əlaqədar məhkəmə bildirir ki, Аzərbаycаn Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1097-ci mаddəsinə müvafiq оlаrаq mənəvi zərərin ödənilməsi bаrədə iddiа о hаllаrdа təmin edilə bilər ki, iddiаçının fiziki və mənəvi sаrsıntılаr keçirməsi cаvаbdehin qаnunsuz hərəkəti və yа hərəkətsizliyi nəticəsində bаş vermiş olsun, qаnunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər аrаsındа səbəbli əlаqə оlmаqla, zərərvurаn şəxsin təqsiri müəyyən edilmiş оlsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sözügedən qərarında həmçinin izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan mənəvi zərərin ödənilməsi tələbi aşağıdakı şərtlər hamısı birlikdə mövcud olduqda əsaslı sayıla bilər: - iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməli; - bu sarsıntı cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli; - cavabdehin təqsiri müəyyən edilməlidir. Qeyd edilənləri sübut etmək vəzifəsini isə fiziki və ya mənəvi sarsıntı keçirməsini iddia edən şəxsin üzərinə düşür. Yuxarıda qeyd edilən şərtlərin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, ilkin şərtin, yəni şəxsin fiziki və mənəvi sarsıntı keçirməsinin mövcud olması digər şərtlərin mövcudluğundan asılı olduğunu üçün ilk olaraq Cavabdeh İddiaçı qarşı qanunsuz hərəkət və ya hərəkətsizlik edib-etməməsi və təqsirli olması müəyyən edilməlidir ki, bunlar yuxarıda qeyd ediləndən də göründüyü kimi öz təsdiqini tapmışdı. Lakin iddiaçı Cavabdeh 19 oktyabr 2019-cu ildə törətdiyi yol- nəqliyyat hadisənin onun şüurunda hansı mənfi psixi reaksiyaya səbəb olması, onun hansı iztirab keçirməsi, sağlamlığının pozulması ilə nəticələnən fiziki əzab çəkməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdi. O, tələbini bu hissəsinin əsası kimi hadisədən sonra 3 ay müddətində avtomobilsiz qaldığı üçün çəkdiyi narahatçılıq və taksi xidmətlərindən istifadə ilə bağlı 2500 manat pul xərcləməsini qeyd edib, bununla bağlı da məhkəmə sübut təqdim etməsə də, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, qeyd edilən əmlak zərəri ilə nəticələn haldır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbi əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə ümumi hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manat, 70 (yetmiş) qəpik məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin edilməli; - Cavabdeh1640,50 (bir min altı yüz qırx manat, əlli qəpik) manat məbləğində pul alınıb İddiaçı verilməli; -iddia digər hissədə əsassız olduğundan rədd edilməli; -Cavabdeh 5 (beş) manat, 70 (yetmiş) qəpik miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1640,50 (bir min altı yüz qırx manat, əlli qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia digər hissədə əsassız olduğundan rədd edilsin. Cavabdeh 5 (beş) manat, 70 (yetmiş) qəpik miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar