Məhkəmə qərarları › İş №2(079)-272/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-272/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-272/2021 05.07.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Açıq Səhmdar Cəmiyyəti “25” may 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 26 aprel 2019-cu il tarixli, 101804- 691830/1 nömrəli kredit müqaviləsi üzrə 3870.67 (üç min səkkiz yüz yetmiş manat, altmış yeddi qəpik) manat əsas, 1205.78 (bir min iki yüz beş manat, yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5076.45 (beş min yetmiş altı manat, qırx beş qəpik) manat məbləğində borcun və 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2019-cu il tarixli, 101804-691830/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik 27% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, banka olan borclarını ödəməmişdi. 30 aprel 2021-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 3870.67 (üç min səkkiz yüz yetmiş manat, altmış yeddi qəpik) manat məbləğində əsas borcu, 1205.78 (bir min iki yüz beş manat, yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5076.45 (beş min yetmiş altı manat, qırx beş qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə mobil telefon nömrələrinə SMS göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdir. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240-cı bəndinə əsasən bəndinə görə sonuncu qeyd edilən hal da məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Həcər Əliyeva 01 iyul 2020-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar bankın nümayəndəsinin məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini, iddia tələbini müdafiə etdiklərini, bankın nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmasını xahiş etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 26 aprel 2019-cu il tarixli, 101804-691830/1 nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən iddiaçının cavabdehə illik 27 faiz dərəcəsi ilə 36 ay müddətində 5000 (beş min) manat məbləğində kredit verməsi barədə razılığa gəlmələri işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iddia ərizəsinə əlavə edilmiş 26 aprel 2019-cu il tarixli, 101804-691830/1 nömrəli kredit müqaviləsi ilə təsdiq olunur. İddiaçının Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli arayışdan, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan aydın olur ki, Cavabdeh Babək rayonu, Qahab kəndində rəsmi qeydiyyatdadır. İddia ərizəsinə əlavə edilmiş istehlak kreditinin alınması barədə 26 aprel 2019-cu il tarixli ərizədə isə Cavabdeh faktiki ünvanı kimi isə ünvan 1nı qeyd olunmuşdu. Məhkəmə tərəfindən 26 may 2021-ci il tarixli məktubla iddia ərizəsi və iddia ərizəsinin icraata götürülməsi və mülki işin baxılmağa hazırlanması haqqında qərardadın surəti cavabdehin hər iki ünvanına göndərilmişdi. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin çatdırılması haqqında xəbərnamələrdən aydın olur ki, məhkəmə sənədləri cavabdehə təqdim edilib. Məhkəmə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 26 aprel 2019-cu il tarixli, 101804-691830/1 nömrəli kredit müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: -“Müqavilənin predmeti” adlanan 1-ci maddəsindən bankın borcalana şəxsi istehlak məqsədlə 36 (otuz altı) ay müddətinə, illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verməsi; - 4.1 və 4.1.7-ci bəndlərindən həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi borcalandan tələb etməyin iddiaçının hüququ olması; - 4.2 və 4.2.1-ci bəndlərdən müqavilədən irəli gələn kredit öhdəliyinin tam və ya qismən icra edilməsi barədə borcalana təsdiqedici sənəd təqdim edilməsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəzifəsi, 4.4 və 4.4.3-cü bəndlərindən isə müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə əsas borcu və faizləri banka ödəməyin cavabdehin vəzifəsi olması; -“Vaxtından əvvəl tələbetmə” adlanan müqavilənin 5-ci maddəsinin 5.1, 5.1.5 və 5.1.6-cı bəndlərindən ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımi qaydada icra olunmaması və ya faizlərin borcalan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 (iki) dəfə ardıcıl olaraq ödəməməsi (gecikdirilməsi) və borcalan bu müqavilə ilə müəyyənləşdirilən öhdəliklərinin bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb etməsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hüququ kimi müəyyən edilməsi; -müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi tarixdən hüquqi qüvvəyə minməsi və borcalan tərəfindən əsas borcu, faizlər və digər xərclər banka tam həcmdə ödənildiyi tarixdən qüvvədən düşməsi; - 7.1 və 7.3-cü bəndlərə görə isə ödəniş cədvəlində və ya kredit öhdəliyinin vaxtından əvvəl icrasına dair müqavilənin 5.2-ci bəndinə uyğun verilmiş xəbərdarlıqda (pretenziyada) müəyyən edilən müddətlərdə öhdəliklər vaxtında tam icra edilmədikdə kredit gecikdirilmiş hesab edilməsi və müqavilə və müqavilənin əlavəsi olan ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0,5 (sıfır tam onda beş) faizi həcmində faiz hesablanması və tam həcmdə ödənilməli olması barədə razılığa gəlmələri aydın olur. Yuxarıda da qeyd edildiyi kimi mülki iş materiallarından aydın olur ki, tərəflər arasında borc (kredit) müqaviləsindən irəli gələn öhdəliklər mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həm qeyd edilən maddi hüquq normasından, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış faiz məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra edilməsini sübuta yetirmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 26 aprel 2019-cu il tarixli kassa məxaric orderi ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 26 aprel 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. İddia ərizəsinə əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş 05 fevral 2021-ci il tarixli, 101/101/0064/2021 nömrəli xəbərdarlıq məktubundan cavabdehin 26 aprel 2019-cu il tarixli, 101804-691830/1 nömrəli müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməməsi və müqavilədən irəli gələn öhdəliyin icra edilməsi üçün ona 5 (beş) gün müddət müəyyən edilməsi aydın olur. Həminin iş materiallarına əlavə edilmiş 014398 nömrəli yol qaiməsindən həmin xəbərdarlığın Cavabdeh 10 fevral 2021-ci ildə təqdim edilməsi müəyyən edilir. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Borcun məbləğinə gəldikdə isə iş materiallarına əlavə edilmiş 30 aprel 2021-ci il tarixli maliyyə arayışında cavabdehin 26 aprel 2019-cu il tarixli, 101804-691830/1 nömrəli müqavilə üzrə 3870.67 (üç min səkkiz yüz yetmiş manat, altmış yeddi qəpik) manat məbləğində əsas və 1205.78 (bir min iki yüz beş manat, yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcunun olması da müəyyən olunur. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 26 aprel 2019-cu il tarixli 101804-691830/1 nömrəli kredit müqaviləsinin 8.1-ci bəndlərindən isə aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -Tərəflər arasında bağlanmış 26 aprel 2019-cu il tarixli, 101804-691830/1 nömrəli kredit müqaviləsi üzrə 3870.67 (üç min səkkiz yüz yetmiş manat, altmış yeddi qəpik) manat əsas, 1205.78 (bir min iki yüz beş manat, yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5076.45 (beş min yetmiş altı manat, qırx beş qəpik) məbləğində borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia təmin olunduğundan iddia verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 26 aprel 2019-cu il tarixli, 101804-691830/1 nömrəli kredit müqaviləsi üzrə 3870.67 (üç min səkkiz yüz yetmiş manat, altmış yeddi qəpik) manat əsas, 1205.78 (bir min iki yüz beş manat, yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5076.45 (beş min yetmiş altı manat, qırx beş qəpik) məbləğində borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia təmin olunduğundan iddia verilməsi ilə bağlı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar