Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-28/2022 25.01.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti 19 noyabr 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 27 iyul 2020-ci il tarixli, İK2707/02 nömrəli kredit müqaviləsi üzrə 16 noyabr 2021-ci il tarixə olan 1261,52 (bir min iki yüz altmış bir manat, əlli iki qəpik) manat gecikdirilmiş faiz, 2544,12 (iki min beş yüz qırx dörd manat, on iki qəpik) manat gecikdirilmiş əsas borc, 56,62 (əlli altı manat, altmış iki qəpik) manat faiz, 6308,20 (altı min üç yüz səkkiz manat, iyirmi qəpik) manat əsas borc olmaqla, ümumilikdə 10170,46 (on min bir yüz yetmiş manat, qırx altı qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 120,51 (bir yüz iyirmi manat, əlli bir qəpik) manat miqdarında dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialı tərəfindən Cavabdeh1 oğluna tərəflər arasında bağlanmış 27 iyul 2020ci il tarixli, İK2707/02 nömrəli kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 9800 (doqquz min səkkiz yüz) manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 oğlunun zamin qismində iştirak etdiyi üçtərəfli 27 iyul 2020-ci il tarixli, ZM 2707/02/01 nömrəli zaminlik müqaviləsi və Cavabdeh3 zamin qismində iştirak etdiyi üçtərəfli 27 iyul 2020-ci il tarixli, ZM 2707/02/02 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Borcalan tərəfindən kredit üzrə ödənişlər ödəniş qrafikinə uyğun həyata keçirilmədiyindən, nəticədə 16 noyabr 2021-ci il tarixə kredit reyestrində Cavabdeh1 oğlunun adına 379 gecikmə günü qeydə alınmışdır. Bu səbəbdən tərəfimizdən borcalana, zaminə dəfələrlə telefonla əlaqə saxlanılaraq şifahi, qeydiyyat ünvanına xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Cavabdeh1 oğlunun tərəflər arasında bağlanmış 27 iyul 2020-ci il tarixli, İK2707/02 nömrəli kredit müqaviləsinə əsasən, 16 noyabr 2021-ci il tarixə 1261,52 (bir min iki yüz altmış bir manat, əlli iki qəpik) manat gecikdirilmiş faiz, 2544,12 (iki min beş yüz qırx dörd manat, on iki qəpik) manat gecikdirilmiş əsas borc, 56,62 (əlli altı manat, altmış iki qəpik) manat faiz, 6308,20 (altı min üç yüz səkkiz manat, iyirmi qəpik) manat əsas borc olmaqla, ümumilikdə 10170,46 (on min bir yüz yetmiş manat, qırx altı qəpik) manat kredit borcu öhdəliyi var. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. "xxxx" ASC-nin nümayəndəsi X2 24 yanvar 2022-ci ildə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiklərini, işlərin çoxluğunu nəzərə alaraq bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək müəyyən edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialı ilə Cavabdeh1 oğlu arasında 27 iyul 2020-ci il tarixli, İK2707/02 nömrəli kredit, Cavabdeh2 ilə eyni tarixli və ZM 2707/02/01 nömrəli, Cavabdeh3 ilə eyni tarixli ZM 2707/02/02 nömrəli zaminlik müqavilələrinin bağlanması, kredit müqaviləsinə əsasən Cavabdeh1 oğlunun ilə bankdan illik 17 faizlə 36 ay müddətində 9800 (doqquz min səkkiz yüz) manat məbləğində kredit götürməsi barədə razılığa gəlmələri işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş 27 iyul 2020-ci il tarixli, İK2707/02 nömrəli kredit müqaviləsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialı ilə Cavabdeh1 oğlu arasında həmin tarixdə kredit müqaviləsinin bağlanması və müqaviləyə əsasən bankın Cavabdeh1 oğluna illik 17 faizlə 36 ay müddətində 9800 manat kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri; -iddia ərizəsinə əlavə edilmiş 27 iyul 2020-ci il tarixli, ZM 2707/02/01 və ZM 2707/02/02 nömrəli zaminlik müqaviləsindən isə yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borcalanın bank qarşısında olan əsas öhdəliyinin icrasının təminatı üsulu kimi Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında Zaminlik müqavilələrinin bağlanması aydın olur. İddiaçı isə cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılmasını tələb edir. İşin mübahisəli halını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə öz təsdiqini tapdığından, onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş, həmçinin məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həllinə keçməzdən öncə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında kredit və Cavabdeh2 oğlu və Cavabdeh3 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinun Culfa rayon filialı ilə Cavabdeh1 oğlu arasında bağlanmış 27 iyul 2020-ci il tarixli, İK2707/02 nömrəli kredit müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər; -müqavilənin 1.1 və 1.2-ci bəndlərinə görə bank borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 9800 (doqquz min səkkiz yüz) manat məbləğində illik 17 (on yeddi) faiz dərəcəsi ilə istehlak kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. Öhdəliyin icrasının borcalanın aylıq gəlirləri hesabına həyata keçirləcək. Öhdəliyin icrası təminatı zamin, borcalan və bank arasında bağlanan zaminlik müqaviləsi olacaqdır; -kredit müqaviləsinin 2.1 və 2.4-cü bəndlərinə əsasən kreditin verilməsi borcalanın cari hesabına köçürmə yolu ilə və yaxud nağd qaydada həyata keçirilir. Müqavilə üzrə verilmiş kredit və hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq borcalan tərəfindən banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır; - qeyd edilən müqavilənin 2.8 və 2.10-cu bəndlərindən görünür ki, kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yaranma tarixindən başlayır və bu borcun qaytarılması tarixində qurtarır. Faizlərin ödənilməsi kreditin qaytarılması ilə birlikdə hər ay həyata keçirilir. Ödənişlər müəyyən dövrlər üzrə həyata keçirildiyi halda faizlərin ödənilməsi tarixi ödəniş aparılan dövrə daxil edilmir. Gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. Faizlər və cərimələr gündəlik olaraq hesablanır və borcalan üçün açılmış müvafiq hesabda qeydə alınır; -müqavilənin 4.1-ci bəndində həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi borcalandan tələb etmək, borcalan tərəfindən müqavilə şərtləri pozulduqda öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək, müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 2.15.-ci bəndinə əsasən bankın təsdiqlənmiş xərclərinin ödənilməsini borcalandan tələb etmək bankın hüququ olması təsbit edilib; -həmçinin müqavilənin 4.4-cü bəndində əsasən ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək, qeydiyyat ünvanın, faktiki yaşadığı yerin, iş yerinin, adının və soyadının dəyişməsi və bu müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsir edə bilən başqa öhdəliklərinin yaranması barədə 3(üç) iş günü müddətində banka məlumat vermək, məlumatların gizlədilməsi zamanı məsuliyyət daşımaq borcalanın vəzifəsidir; -müqavilənin 5.2-ci bəndində bankın müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə biləcəyin halların dairəsi müəyyən edilib ki, həmin şərtə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər; -müqavilənin qüvvədə olma müddəti isə 8.2-ci bəndlə müəyyən edilir ki, həmin bəndə görə müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacaqdır. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də tərəflər arasında bağlanmış müqavilədən şərtlərindən aydın olur ki, razılaşma üzrə bankın müqavilədə göstərilən şərtlərlə kredit məbləğini Cavabdeh1 verilməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərini icra edilməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 27 iyul 2020-ci il tarixli 2007 nömrəli kassa məxaric orderi, hesabdan çıxarış ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında 27 iyul 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə aydınlıq gətirməzdən öncə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi həll edilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 oğlu və Cavabdeh3 arasında bağlanmış 27 iyul 2020-ci il tarixli, ZM 2707/02/01 və ZM 2707/02/02 nömrəli zaminlik müqavilələrində tərəflər iş üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib: - 1-ci bəndlərə görə zaminlər bankla borcalan arasında bağlanılmış 27 iyul 2020-ci il tarixli, İK2707/02 nömrəli kredit müqaviləsi üzrə borcalan öhdəliklərini yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin banka tam ödənilməsini öhdəsinə götürür; - 2.2-ci bəndlərin mahiyyətinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin mahiyyəti bankla borcalan arasında bağlanmış 27 iyul 2020-ci il tarixli, İK2707/02 nömrəli kredit müqaviləsinə əsasən verilən kredit, kredit üzrə faizlərinin, cərimələrin və digər xərclərin qaytarılmasından ibarətdir -2.3-cü bəndləri ilə müəyyən edilir ki, zamin və borcalan kredit müqaviləsi üzrə borcalanın öhdəliklərini icra etməməsi və icrasının mümkün olmaması zamanı bank qarşısında birgə məsuliyyət daşıyır; -3.1 və 3.2-ci bəndlərin tələbinə görə zaminlik müqavilələri tərəflərin imzalandığı tarixdən qüvvəyə minir, müqavilə borcalanın bank qarşısında 27 iyul 2020-ci il tarixli, İK2707/02 kredit müqaviləsi üzrə bütün öhdəliklərinin – kredit və ona hesablanmış faiz, cərimələrin tam ödənilməsinədək qüvvədədir. Tərəflər arasında bağlanmış müqavilələrin mahiyyətindən aydın olur ki, Cavabdeh1 oğlu 27 iyul 2020-ci il tarixli, İK2707/02 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 oğlu və Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunmuşdur. Hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və zaminlik müqavilələrinə əsasən Cavabdeh2 oğlu və Cavabdeh3 bank qarşısında Cavabdeh1 oğlu ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin zaminlərə qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 16 noyabr 2021-ci il tarixli, 193 nömrəli maliyyə arayışında Cavabdeh1 oğlunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 6308,20 (altı min üç yüz səkkiz manat, iyirmi qəpik) manat əsas borc, 2544,12 (iki min beş yüz qırx dörd manat, on iki qəpik) manat gecikdirilmiş əsas borc, 56,62 (əlli altı manat, altmış iki qəpik) manat faiz borcu, 1261,52 (bir min iki yüz altmış bir manat, əlli iki qəpik) manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 10170,46 (on min bir yüz yetmiş manat, qırx altı qəpik) manat kredit borcu borcunun olması qeyd edilir. Hər bir cavabdehdən tutulmalı olan borcun miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd edilən prosessual normanının tələbini, həmçinin zaminlik müqaviləsinə əsasən zaminin borclu ilə birlikdə eyni məsuliyyət daşımasını nəzərə alan məhkəmə belə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 27 iyul 2020-ci il tarixli, İK2707/02 nömrəli kredit müqaviləsinin 6-cı bəndindən isə aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 120,51 (bir yüz iyirmi manat, əlli bir qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - 27 iyul 2020-ci il tarixli, İK2707/02 nömrəli kredit müqaviləsi üzrə 6308,20 (altı min üç yüz səkkiz manat, iyirmi qəpik) manat əsas borc, 2544,12 (iki min beş yüz qırx dörd manat, on iki qəpik) manat gecikdirilmiş əsas borc, 56,62 (əlli altı manat, altmış iki qəpik) manat faiz borcu, 1261,52 (bir min iki yüz altmış bir manat, əlli iki qəpik) manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 10170,46 (on min bir yüz yetmiş manat, qırx altı qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin 120,51 (bir yüz iyirmi manat, əlli bir qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. 27 iyul 2020-ci il tarixli, İK2707/02 nömrəli kredit müqaviləsi üzrə 6308,20 (altı min üç yüz səkkiz manat, iyirmi qəpik) manat əsas borc, 2544,12 (iki min beş yüz qırx dörd manat, on iki qəpik) manat gecikdirilmiş əsas borc, 56,62 (əlli altı manat, altmış iki qəpik) manat faiz borcu, 1261,52 (bir min iki yüz altmış bir manat, əlli iki qəpik) manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 10170,46 (on min bir yüz yetmiş manat, qırx altı qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin 120,51 (bir yüz iyirmi manat, əlli bir qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-28/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-28/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver