Məhkəmə qərarları › İş №2(079)-282/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-282/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-282/2024 07.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, məsləhətçi-məhkəmə iclas katibi Əliyev İsmayıl Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “18” mart 2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməsinin “20” avqust 2014-cü il tarixli, 2(079)-264/2014 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilərək, 05 may 2014-cü ildə anadan olan X1 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 470 (dörd yüz yetmiş) manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, 2013-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh ilə evlənmişəm. Birgə nikahımızdan 05 may 2014-cü ildə X4 və X3 adlı iki övladımız olmuşdur. Xasiyyətimiz uyğun gəlmədiyindən Babək Rayon Məhkəməsinin “14” yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən nikahımız pozulmuşdur. Mən Rasimlə nikahda olduğumuz vaxt ayrı yaşadığımızdan 2014-cü ildə aliment tələbi barədə məhkəmədə iddia qaldırmışdım və məhkəmənin 20 avqust 2014-cü il tarixli, 2(079)-264/2014 nömrəli məhkəmə əmrinə əsasən ondan iki uşağın saxlanması aylıq qazancının üçdə biri miqdarında aliment tutulması əmr edilib. Hazırda Cavabdeh rəsmi olaraq bir yerdə işləmir. Uşaqlar orta məktəbdə oxuyur. Onların maddi tələbatları günü-gündən artır. O, övladlarına əlavə heç bir köməklik göstərmir. Ona görə də 2024-cü il üçün yaşayış minimumuna uyğun olaraq alimentin artırılmasını istəyirəm. İddiaçı məhkəmədə verdiyi izahatında tələbini müdafiə etdiyini, Rasim ilə 2013cü ildə ailə qurduğunu, birgə nikahlarından əkiz qız uşaqlarının dünyaya gəldiyini, bu həm özünün, həm də cavabdehin ikinci evliliyi olduğunu, özünün əvvəlki evliliyindən uşağı olmasa da qarşı tərəfin birinci nikahından bir qızının olduğunu, onunla 2014-cü ildə ayrılsa da, aralarında bağlanmış nikahın 2020-ci ildə pozulduğunu, birgə nikahlarından olan uşaqların özü ilə qaldığını, cavabdeh ilə ayrıldıqdan sonra özünün müraciəti əsasında məhkəmə əmri ilə qarşı tərəfdən hər ay onun qazancının və gəlirinin 1/3 aliment tutulmasının qərara alındığını, qərar çıxan vaxtdan Rasimin ona hər ay 200 manat aliment ödədiyini, həmin vaxt uşaqlar balaca olsa da hazırda onların məktəbə getdiyini, onların bununla bağlı ehtiyaclarının artdığını, qarşı tərəfin uşaqların saxlanılmasında alimentdən başqa ona köməklik etmədiyini, özünün işsiz olduğunu, uşaqlarının valideynlərinin köməkliyi ilə saxladığını, Rasim ilə ayrıldıqdan sonra ailə qurmadığını, onunla evli olan zaman Rasimin işlədiyini və hər ay 800 manat əmək haqqı aldığını, sonradan işdən çıxdığını qeyd edərək tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmişdi. Cavabdehin 29 aprel 2024-cü ildə məhkəməyə daxil olmuş ərizəsində qeyd etmişdi ki, İddiaçı mənə qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi və məbləğinin artırılması barədə iddia tələbi üzrə işin hazırlıq iclası 16 aprel 2024-cü il tarixdə keçirilmiş və mən həmin iclasda iştirak edərək iddiaçının iddia tələbinə münasibətimi məhkəməyə bildirmişəm. İddiaçının iddia tələbini qismən qəbul edib, hər uşağa hər ay 125 manat olmaqla, iki uşağa cəmi 250 manat hər ay aliment ödəyə biləcəyimi, ailə vəziyyətimin və maddi durumumun bu məbləğdən artıq aliment ödəməyə imkan vermədiyini nəzərə almaqla iş üzrə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişəm. İş üzrə məhkəmə baxışı 07 may tarixinə təyin edilib. Yol məsrəflərinin maddi vəziyyətimə uyğun gəlmədiyini nəzərə alaraq işə mənim iştirakım olmadan baxılmasını, iş üzrə məhkəməyə bildirdiyim mövqeyə uyğun qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirəm. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanan məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdı. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddianı qismən qəbul etdiyini, bir uşaq üçün hər ay 125 manat verməyə imkanının olduğunu, çünki özünün əvvəllər broker işlədiyini, ayda 500 manat əmək haqqı aldığını, 2015-ci ildə işlədiyi müəssisənin bağlandığını, bundan sonra ailəni anasının qazancı ilə saxladıqlarını, bir müddət sonra mebel sexində işə düzəldiyini, orada 400 manat əmək haqqı aldığını, hazırda isə daimi işinin olmadığını, fəhləliklə məşğul olduğunu, özünün əvvəlki nikahından olan arvadı rəhmətə getdikdən sonra Gülşən ilə ailə qurduğunu, əvvəlki nikahından 1 qız övladının olduğunu, onun da hazırda özü ilə qaldığını, həmçinin 2023-cü ildə yenidən ailə quruduğunu, hazırda arvadının hamilə olduğunu, əvvəllər birinci evliliyindən olan uşağa baxım pulunu iddiaçıya verdiyini, yəni həmin kartın Gülşəndə olduğunu, lakin qızı Məryəm 8 yaşına çatanda ona verilən pulun 80 manat azaldığını, Məryəmin 12 yaşı olduğunu, hazırda Gülşənə hər ay bir uşaq üçün 100 manat olmaqla, ümumilikdə iki uşaq üçün 200 manat aliment ödədiyini, maddi imkanı olduğu halda iddiaçıya onun tələb etdiyi miqdardan da artıq aliment verə biləcəyini, lakin hazırda belə bir imkanının olmadığını bildirmişdir. Mülki işin materiallarını nəzərdən keçirən məhkəmə qeyd edir ki, tərəflər arasında 25 may 2013-cü ildə nikah bağlanması, onların birgə nikahından X3 və X4 adlı uşaqlarının dünyaya gəlməsi, iddiaçı və cavabdeh arasında bağlanmış nikahın pozulması, onların birgə nikahından olan uşaqların iddiaçının yanında qalması və Babək Rayon Məhkəməsinin 20 avqust 2014-cü il tarixli, 2(079)-264/2014 nömrəli məhkəmə əmri ilə uşaqların saxlanılmaları üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin əmr olunması mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin “14” yanvar 2020-ci il tarixli, 2(079)-06/2020 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında 25 may 2013-cü ildə nikah bağlanması; -iddia ərizəsinə əlavə olunmuş Babək rayonu, Nehrəm kənd icra nümayəndəliyi tərəfindən verilmiş 05 iyun 2020-ci il tarixli, AZ-İV seriyalı, 464827 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan tərəflərin 05 may 2014-cü il tarixdə X3 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Babək rayonu, Nehrəm kənd icra nümayəndəliyi tərəfindən verilmiş 05 iyun 2020-ci il tarixli, AZ-İV seriyalı, 464828 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan tərəflərin 05 may 2014-cü il tarixdə X4 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin “14” yanvar 2020-ci il tarixli, 2(079)-06/2020 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 fevral 2020-ci il tarixli, AZ-İ seriyalı, 221240 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması; -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin “14” yanvar 2020-ci il tarixli, 2(079)-06/2020 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın pozulmasından sonra onların birgə nikahından olan X1 və X2 iddiaçının yanında qalması; -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 20 avqust 2014-cü il tarixli, 2(079)-264/2014 nömrəli məhkəmə əmrinin təsdiq edilmiş surətindən tərəflərin birgə nikahından olan uşaqların saxlanılmaları üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin əmr olunması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin “14” yanvar 2020-ci il tarixli, 2(079)-06/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Babək Rayon Məhkəməsinin 20 avqust 2014cü il tarixli, 2(079)-264/2014 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilərək Cavabdeh birgə nikahlarından olan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 470 (dörd yüz yetmiş) manat məbləğində aliment tələb etməsi və cavabdehin bunu qəbul etməməsidir. İşin mübahisəli halının hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. İstər ailə qanunvericiliyi, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarından görünür ki, məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin faktiki hallarından isə müəyyən olur ki, məhkəmə tərəflərin birgə nikahından olan uşağın saxlanılması üçün alimentin tutulma qaydasını cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən etmişdi. İddiaçı isə hazırki tələbində cavabdehdən birgə nikahından doğulmuş uşağın saxlanılması üçün alimenti sabit pul məbləğində tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəllə 76-cı maddəsinin mahiyyətindən aydın olur ki, aliment aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulduqda onun miqdarı ailə qanunvericiliyinin müəyyən etdiyi məbləğdə təyin edilir. Qanunvericilik hüququna toxunan şəxsin müraciəti əsasında məhkəməyə həmin payları artırıb-azalda bilmə səlahiyyəti verdiyi halda, həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə alimentin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddi hüquq normasının tələbindən də göründüyü kimi sabit pul məbləğində tutulan alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində isə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, qanunvericilik məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Həmçinin bildirir ki, alimentin tutulma qaydasını qanunvericilik və ya yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxs müəyyən etdiyi halda, alimentin miqdarının dəyişdirilməsi ilə bağlı isə həm alimenti ödəyən, həm də alimenti alan şəxs məhkəməyə müraciət edə bilər. Yəni alimenti aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında ödəyən şəxs onun sabit pul məbləğində ödənilməsini tələb etmək hüququna malik deyil. Əgər alimentin tutulması qaydasına onun miqdarının dəyişdirilməsi kimi yanaşılsa onda aliment ödəyənə onun sabit pul məbləğində tutulması ilə bağlı müraciət etmək imkanını verilmiş olar ki, bu Ailə Məcəlləsinin 78-ci maddəsinə ziddir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbinə görə alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Qeyd edilən maddi hüquq normalarının ümumi təhlili onu deməyə imkan verir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi tələbi ilə məhkəmə müraciət edilməsi üçün öncədən müvafiq tutulma qaydası ilə bağlı məhkəmənin müəyyən etdiyi miqdarla əlaqədar qərar qəbul edilməli və daha sonra aliment alan şəxs həmin miqdarın dəyişməsi üçün müraciət etməlidir. İşin araşdırılmış hallarından isə müəyyən olur ki, tərəflər arasında alimentin sabit pul məbləğində tutulması qaydası ilə bağlı məhkəmənin öncədən müəyyən etdiyi miqdar mövcud deyil. Məhkəmə qeyd edir ki, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78ci maddəsi ilə müəyyən edilir. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin ailə qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat miqdarında aliment tələb etsə də öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarının ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Bununla bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X8 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindənn az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən məhkəmə onun nəzərinə çatdırır ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Qeyd edilən maddi hüquq normasının tələbini, həmçinin uşağın yaşının artdıqca tələbatların artmasını, az yaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşağın yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və hər bərabərlik prinsipinə ziddir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan tərəflərin adına hər hansı bir əmlak və ya gəlin olması, cavabdehin ailə vəziyyətində dəyişiklik olduğunu, yəni onun ailə qurduğunu, iddiaçının isə ailə vəziyyətində dəyişiklik olmadığı müəyyən edilmir. Həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan və tərəflərin məhkəmədə verdiyi izahatlardan isə onların hər ikisinin də işsiz olması aydın olur. Bundan başqa cavabdeh hazırda arvadının hamilə olduğunu bildirsə də, bu faktın təsdiq ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməyib. Digər diqqətəlayiq başqa maraqlar mövcudluğunun yoxlanılmasına gəldikdə isə iddiaçı tələbini aliment təyin olunan vaxt uşaqların təhsil almadığını, lakin onların hazırda məktəbə getməsini və bununla bağlı onun tələbatlarının da artması ilə əsaslandırmışdı. İddiaçının tələbinin əsası kimi bildirdiyi bu faktları əsaslı hesab edir. Çünki aliment təyin edilən dövrlə müqayisədə hazırda uşağın təhsillə bağlı yaranmış ehtiyaclarını və bununla bağlı çəkilməli olan xərci, həmçinin 2014-cü illə müqayisədə bu il üçün müəyyən edilmiş yaşayış ehtiyacını məhkəmə diqqətəlayiq başqa maraqlar kimi qəbul edir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşaqların sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşaqların yaşını, cavabdeh yenidən ailə qurmasını, bununla bağlı olan ehtiyaclarını, həmçinin onun birinci evliliyindən olan uşağın onunla birlikdə yaşamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və cavabdehdən yetkinlik yaşlarına çatmayan uşaqların saxlanmaları üçün hər ya bir uşaq üçün 135 (bir yüz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 270 (iki yüz yetmiş) manat miqdarında aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırki mülki iş üzrə isə alimentin miqdarının deyil, onun tutulması qaydası dəyişdirildiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsi tətbiq edilməklə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “18” mart 2024-cü il tarixdə müraciət etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir (235x12)x2=5640. 5640-(12x200)=3240, müvafiq olaraq 52.40 manat dövlət rüsumu). Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (12x270=3240. 3240-(12x200)=840) cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 13 (on üç) manat, 58 (əlli səkkiz) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Babək Rayon Məhkəməsinin 20 avqust 2014-cü il tarixli, 2(079)-264/2014 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli; -“18” mart 2024-ci ildən hesablanmaqla, tərəflərin birgə nikahından olan 05 may 2014-cü il təvəllüdlü X1 və 05 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 135 (bir yüz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 270 (iki yüz yetmiş) manat miqdarında aliment tutulmaqla uşaqların anası İddiaçı ödənilməli; - həmçinin Cavabdeh 13 (on üç) manat, 58 (əlli səkkiz) qəpik miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalı; - iddia digər hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin 20 avqust 2014-cü il tarixli, 2(079)-264/2014 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. “18” mart 2024-ci ildən hesablanmaqla, tərəflərin birgə nikahından olan 05 may 2014-cü il təvəllüdlü X1 və 05 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 135 (bir yüz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 270 (iki yüz yetmiş) manat miqdarında aliment tutulmaqla uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 13 (on üç) manat, 58 (əlli səkkiz) qəpik miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar