Məhkəmə qərarları › İş №2(079)-297/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-297/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-297/2021 08.07.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, «xxxx» X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəy yən etdi: «xxxx» X5 Səhmdar Cəmiyyəti “02” iyun 2021-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 310.30 (üç yüz on manat, otuz qəpik) manat məbləğində pulun və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, bank ilə Cavabdeh arasında 03 oktyabr 2019-cu il tarixli plastik kartlarla xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən bank müştəriyə cari hesab açılmağı və hesab üzrə plastik kart vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.4.2-ci bəndinə görə müştəri tərəfindən kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək müştərinin vəzifəsidir. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Bank tərəfindən açılmış hesab üzrə Cavabdeh tərəfindən 26 fevral 2021-ci il tarixinə ümumilikdə 310.30 manat məbləğində texniki overdrafta yol verilmiş, lakin sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və «xxxx» X5 Səhmdar Cəmiyyəti öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı, yeri barədə tərəflərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarında iştirak etməmişdi. «xxxx» X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 23 iyun 2021-ci ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək cavabdehin borcunu tam ödədiyini, bu səbəbdən də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin tələbindən imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Məhkəmə «xxxx» X5 Səhmdar Cəmiyyətinin nümayəndəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, iddiaçı «xxxx» X5 Səhmdar Cəmiyyətinin iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinə əlavə olan «xxxx» X5 Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri tərəfindən verilmiş 30 dekabr 2020-ci il tarixli, İH/7555 nömrəli etibarnamədən aydın olur ki, iddiaçı nümayəndəsi X3 iddiadan tam və ya qismən imtina etmək səlahiyyəti vermişdi. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə tərəflərə həmçinin izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də «xxxx» X5 Səhmdar Cəmiyyəti iddia qaldırılarkən “xxxx” Kommersiya Bankı vasitəsi ilə 20 aprel 2021-ci il tarixli, 1 nömrəli ödəniş tapşırığı ilə ödədiyi 20 (iyirmi) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: «xxxx» X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi X2 iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. “xxxx” X5 Səhmdar Cəmiyyətinin “xxxx” Kommersiya Bankı vasitəsi ilə 20 aprel 2021-ci il tarixli, 1 nömrəli ödəniş tapşırığı ilə ödədiyi 20 (iyirmi) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar