Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-303/2021 08.07.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Açıq Səhmdar Cəmiyyəti «07” iyun 2021-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 30 aprel 2019-cu il tarixli, 11-MZ2-1-0-988-19 nömrəli kredit müqaviləsi üzrə 2545.97 (iki min beş yüz qırx beş manat, doxsan yeddi qəpik) manat əsas, 26.56 (iyirmi altı manat, əlli altı qəpik) manat faiz, 39.79 (otuz doqquz manat, yetmiş doqquz qəpik) manat cərimə borcu və kredit müqaviləsi üzrə 30 aprel 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5.65 (beş manat, altmış beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2617.97 (iki min altı yüz on yeddi manat, doxsan yeddi qəpik) manat məbləğində borcun və 30 manat miqdarında ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən «xxxx» İKB Açıq Səhmdar Cəmiyyətindən illik 28 faizlə, 24 ay müddətində 10.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 30 aprel 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 16 may 2021-ci ilədək Cavabdeh1 banka 30 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2545.97 (iki min beş yüz qırx beş manat, doxsan yeddi qəpik) manat əsas, 26.56 (iyirmi altı manat, əlli altı) manat faiz, 39.79 (otuz doqquz manat, yetmiş doqquz qəpik) manat cərimə borcu və kredit müqaviləsi üzrə 30 aprel 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5.65 (beş manat, altmış beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2617.97 (iki min altı yüz on yeddi manat, doxsan yeddi qəpik) manat borcu vardır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsa Hacıyev 05 iyul 2021-ci il tarixli, ********** nömrəli teleqramla Babək Rayon Məhkəməsinə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddia ərizəsini müdafiə etdiklərini, bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını, növbəti məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, “xxxx” İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 30 aprel 2019-cu il tarixli, 11-MZ2-1-0-988-19 nömrəli kredit müqaviləsinin bağlanması, borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında 30 aprel 2019-cu il tarixli zaminlik müqavilələrinin bağlanması, kredit müqaviləsinə əsasən «xxxx» İKB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 illik 28 faizlə 24 ay müddətində 10000 (on min) manat məbləğində kredit verməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri və “xxxx” İKB Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil edilərək, yeni adının İddiaçı Açıq Səhmdar Cəmiyyəti olması işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə əlavə edilən 30 aprel 2019-cu il tarixli, 11-MZ2-1-0-988-19 nömrəli kredit müqaviləsindən “xxxx” İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında həmin tarixdə kredit müqaviləsinin bağlanması və müqaviləyə əsasən cavabdehə “xxxx” İKB ASC tərəfindən illik 28 faizlə 24 ay müddətində 10000 manat kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri; -iddia ərizəsinə əlavə edilən 30 aprel 2019-cu il tarixli, 11-MZ2-1-0-988-19 (Z1) nömrəli zaminlik müqaviləsindən 30 aprel 2019-cu il tarixli, 11-MZ2-1-0-988-19 nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bank arasında 30 aprel 2019-cu il tarixli zaminlik müqaviləsinin bağlanması; -iddia ərizəsinə əlavə edilən 30 aprel 2019-cu il tarixli, 11-MZ2-1-0-988-19 (Z2) nömrəli zaminlik müqaviləsindən 30 aprel 2019-cu il tarixli, 11-MZ2-1-0-988-19 nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə bank arasında 30 aprel 2019-cu il tarixli zaminlik müqaviləsinin bağlanması; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin reyestr çıxarışından “xxxx” İKB Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil edilərək, yeni adının İddiaçı Açıq Səhmdar Cəmiyyəti olması aydın olur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək tutulmasını tələb etməsi isə işin mübahisəli hallarıdır. İşin mübahisəli halını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 03 may 2021-ci il tarixli arayışlardan, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan aydın olur ki, cavabdehlər Cavabdeh1 Babək rayonu, Gülşənabad kəndində, Cavabdeh2 Babək rayonu, Cəhri qəsəbəsində, Cavabdeh3 isə ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Məhkəmə tərəfindən 08 iyun 2021-ci il tarixli məktubla iddia ərizəsi və iddia ərizəsinin icraata götürülməsi və mülki işin baxılmağa hazırlanması haqqında qərardadın surəti cavabdehlərin yuxarıda qeyd edilən ünvanlarına göndərilsə də, göndərilmiş məhkəmə sənədləri Cavabdeh2 və Cavabdeh1 həmin ünvanlardada yaşamaması səbəbindən rabitə orqanı tərəfindən geri qaytarılmışdı. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsaslanmaqla məhkəmə sənədlərini müvafiq olaraq Babək Rayon İcra Hakimiyyətinin Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərmişdir. Cavabdehlərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən yuxarıda qeyd edilən sonuncu hal məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən isə Cavabdeh3 göndərilmiş məhkəmə sənədlərinin ona 15 iyun 2021-ci ildə təqdim edilməsi aydın olur. Yuxarıda qeyd olunanlardan əlavə məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit, Cavabdeh2 və Cavabdeh3 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarına əlavə edilən və “xxxx” İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 30 aprel 2019-cu il tarixdə bağlanılmış kredit müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - 1-ci bəndə əsasən müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir; - 2.1-2.4-cü bəndlərin tələbinə görə kreditor borcalana fərdi mikrokredit məqsədi ilə, 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 10000 (üç min) məbləğində kredit verir; -4.1-ci bənddə qeyd edilir ki, kreditor borc məbləğini borcalanın imzalanmış yazılı ərizəsi əsasında borcalana nağd şəkildə və ya köçürmə yolu ilə ödəyir və ya borcalanın ödəniş tapşırığı əsasında köçürmə yolu ilə istehlak mallarının satışını həyata keçirən şəxsin hesabına mədaxil edir; - 4.2-ci və 4.4-cü bəndlərə görə müqavilədə göstərilmiş qaydada borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Ödənişlərin həyata keçirilməsinə görə məsuliyyəti borcalan daşıyır və borcalan ödənişlə bağlı sənədləri bu müqavilə üzrə öhdəliklərinə xitam verilənədək saxlamalıdır. Kredit üzrə faizlər kreditin borcalana verildiyi gündən həmin vəsaitin qalıq məbləğinin kreditora tam ödənildiyi günə qədər hesablanır və ödənilir; -müqaviləyə edilmiş 1 saylı əlavəyə əsasən Cavabdeh1 30 may 2019-cu ildən başlayaraq 30 mart 2021-ci ilədək hər ay 548.88 (beş yüz qırx səkkiz manat, səksən səkkiz qəpik) manat, sonuncu ay isə (2021-ci ilin aprel ayı) 549.04 (beş yüz qırx doqquz manat, dörd qəpik) manat ödəməyi öhdəsinə götürüb; -5.1 və 5.1.5-ci bəndlərin mahiyyətinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər və cərimə faizləri ilə birlikdə borcludan qaytarılmasını tələb etmək bankın hüququdur; -5.4, 5.4.3 və 5.4.4-cü bəndlərlə müəyyən edilir ki, ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəmək və kreditor tələb etdikdə krediti hesablanmış faizlər və cərimə faizləri ilə birlikdə qaytarmaq borclunun vəzifəsidir; -6-cı bəndə əsasən müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının təminatı 30 aprel 2019-cu il tarixli, 11-MZ2-1-0-988-19 (Z1) və 11-MZ2-1-0-988-19 (Z2) nömrəli zaminlik müqavilələrinə əsasən müvafiq olaraq Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilən zaminliklərdir; -7.1-ci bənddə qeyd edilir ki, borcalan ona verilmiş krediti və hesablanmış faizi ödəniş qrafiki üzrə ödəmədikdə, ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən və ya ardıcıl olaraq 2 (iki) dəfədən çox gecikdirildikdə, müqavilədən irəli gələn vəzifələrini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor verdiyi krediti hesablanmış faizi ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər: - 9.2-ci bəndə əsasən müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, onlar arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini Cavabdeh1 verməsi, sonuncunun isə müqavilə ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra edilməsnin sübut etmə vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 30 aprel 2019-cu il tarixli məxaric qəbzinin təsdiq edilmiş surəti ilə öz təsdiqini tapır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbinin əsassızlığı və eyni zamanda iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 aprel 2019-cu il tarixli, 11-MZ2-1-0-988-19 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də, onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Bundan əlavə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 28 aprel 2021-ci il tarixli, 6829 nömrəli xəbərdarlıqdan iş üzrə cavabdehlərin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinin təmin etməməsi və bu borcun ödənilməsi üçün ona 5 gün müddət müəyyən olunması müəyyən olunur. İddia ərizəsinə əlavə olunmuş 016256 və 016257 nömrəli yol qaimələrindən məlum olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bu xəbərdarlıqlar Cavabdeh1 Babək rayonu, Gülşənabad kəndində və Cavabdeh2 Babək rayonu, Cəhri qəsəbəsində yaşamaması səbəbindən onlara təqdim edilməmişdi. İddia ərizəsinə əlavə olunmuş 016259 nömrəli yol qaiməsindən məlum olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh3 ünvanlanmış xəbərdarlıq ona təqdim edilmişdi Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh1 qarşı olan kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh3 qarşı da iddia tələbinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “xxxx” İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh3 arasında müvafiq olaraq bağlanmış 30 aprel 2019-cu il tarixli, 11-MZ2-1-0-988-19 (Z1) və 11- MZ2-1-0-988-19 (Z2) nömrəli nömrəli zaminlik müqavilələrinə əsasən tərəflər üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib: - 1.1-ci bəndinə əsasən müqavilənin predmeti 30 aprel 2019-cu il tarixli, 11-MZ2-1-0-988-19 nömrəli kredit müqaviləsi ilə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir; - 2-ci bəndində qeyd edilir ki, müqavilə ilə təmin edilmiş öhdəlik 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə verilmiş 10000 (on min) məbləğində kredit və kredit üzrə ödənişlər gecikdirildiyi halda illik 72 faizlə gecikdirilmiş ödənişin əsas borc məbləğinə cərimə kimi hesablanacaq məbləğdir; - 3.4 və 3.4.2-ci bəndləri ilə müəyyən edilir ki, müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək zaminin vəzifəsidir; - 4-cü bənddə göstərilir ki, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır; - 6.3-cü bəndə əsasən müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır; - 6.4-cü bəndin tələbinə görə müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunur. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh2 və Cavabdeh3 30 aprel 2019-cu il tarixli, 11-MZ2-1-0-988-19 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunmuşdur. Hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh3 qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 16 may 2021-ci il tarixli maliyyə arayışında Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcdan 7454.03 (yeddi min dörd yüz əlli dörd manat, üç qəpik) manat, faiz borcundan isə 3430.97 (üç min dörd yüz otuz manat, doxsan yeddi qəpik) manat ödəməsi, sonuncu ödəməni 03 may 2021-ci ildə həyata keçirilməsi qeyd olunur. Eyni zamanda həmin sənəddə cavabdehin müqavilə üzrə 2545.97 (iki min beş yüz qırx beş manat, doxsan yeddi qəpik) manat məbləğində əsas və 26.56 (iyirmi altı manat, əlli altı qəpik) manat məbləğində faiz borcunun olması da müəyyən olunur. Hər bir cavabdehdən tutulmalı olan borcun miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd edilən prosessual normanının tələbini, həmçinin zaminlik müqaviləsinə əsasən zaminin borclu ilə birlikdə eyni məsuliyyət daşımasını nəzərə alan məhkəmə belə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 30 aprel 2019-cu il tarixli, 11-MZ2-1-0-988- 19 nömrəli kredit müqaviləsinin 8.1-ci və zaminlik müqavilələrinin 4-cü bəndlərindən aydın olur ki, cavabdehlər iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. İddiaçı cavabdehlərə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış 30 aprel 2019-cu il tarixli, 11-MZ2-1-0-988-19 nömrəli kredit müqaviləsinin 2.1 və 2.1.4-cü bəndlərindən aydın olur ki, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini də əsaslı sayır. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 16 may 2021-ci il tarixli maliyyə arayışında Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 39.79 (otuz doqquz manat, yetmiş doqquz qəpik) manat məbləğində cərimə borcunun olması qeyd edilir. İddiaçı cavabdehlərdən əsas borc üzrə illik 5 faizlə hesablanmış faiz borcu tələb etdiyindən məhkəmə onların nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki mülki iş üzrə isə cavabdehin müqavilədən irəli gələn öhdəliklər üzrə əsas borcu icra etməməsi sübuta yetirilir. Bu səbəbdən də qeyd edilən maddi hüquq normasını tələbini rəhbər tutan məhkəmə iddiaçının bu tələbini də əsaslı sayır. Gecikdirilmiş vaxt üçün hesablanmış faiz miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş 16 may 2021-ci il tarixli maliyyə arayışında bu borcun 5.65 (beş manat, altmış beş qəpik) manat olması qeyd edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - 30 aprel 2019-cu il tarixli, 11-MZ2-1-0-988-19 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2545.97 (iki min beş yüz qırx beş manat, doxsan yeddi qəpik) manat əsas, 26.56 (iyirmi altı manat, əlli altı qəpik) manat faiz, 39.79 (otuz doqquz manat, yetmiş doqquz qəpik) manat cərimə və müqavilədən irəli gələn öhdəliyi icra etməməyə görə gecikdirilmiş vaxt üçün hesablanmış 5.65 (beş manat, altmış beş qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2617.97 (iki min altı yüz on yeddi manat, doxsan yeddi qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin olunsun. 30 aprel 2019-cu il tarixli, 11-MZ2-1-0-988-19 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2545.97 (iki min beş yüz qırx beş manat, doxsan yeddi qəpik) manat əsas, 26.56 (iyirmi altı manat, əlli altı qəpik) manat faiz, 39.79 (otuz doqquz manat, yetmiş doqquz qəpik) manat cərimə və müqavilədən irəli gələn öhdəliyi icra etməməyə görə gecikdirilmiş vaxt üçün hesablanmış 5.65 (beş manat, altmış beş qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2617.97 (iki min altı yüz on yeddi manat, doxsan yeddi qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-303/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-303/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver