Məhkəmə qərarları › İş №2(079)-305/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-305/2023

03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-305/2023 03.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “02” may 2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin “03” may 2021-ci il tarixli, 2(079)-84/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 06 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 14 dekabr 2014-cü il tarixdə 4 saylı Bakı “Asan” Xidmət Mərkəzində rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşuq. Bizim həmin nikahdan 06 oktyabr 2017-ci il təvəllüdlü X4 dünyaya gəlmişdi. Cavabdeh ilə aramızda olan nikah Babək Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(079)-84/2021 nömrəli qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən Nurcan mənim yanımda saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər 130 (bir yüz otuz) manat miqdarında alimentin tutulub mənə ödənilməsi qət edilmişdir. Mən övladımla birlikdə atam evində yaşayıram. Hal-hazırda işləsəm də qazancım elə də yüksək deyildir. Bu səbəbdən də maddi imkanım yaxşı deyil. Cavabdehin Nurcana ödədiyi 130 manat aliment onun maddi tələbatını qarşılamağa yetmir. Belə ki, onun təhsilinə, təliminə və digər xərclərinə pul lazım olur. Aldığım aliment bu gün Nurcanın təminatını ödəmir və tək qadın olaraq mən bunun öhdəsindən gəlməkdə çətinlik çəkirəm. Nurcana aliment 2021-ci ildə kəsilib, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Bu səbəbdən də övladımın saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyirəm. Cavabdeh “Alov” Zavodu-Bakı-Müdafıə Sənayesi Nazirliyində işləyir, yüksək məbləğdə qazanc əldə edir. Hesab edirəm ki, bir uşağın saxlanılması üçün ayda 220 (iki yüz iyirmi) manat yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı vardır. Alimentin artırılması üçün ilkin mediasiya sessiyasında iştirak eləsəm də, orada məsələ öz həllini tapmadığından artıq məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddiaçı məhkəmədə verdiyi izahatında cavabdehlə 14 dekabr 2014-cü ildə ailə qurduğunu, birgə nikahlarından bir uşaq olduğunu, 03 may 2021-ci ildə aralarında bağlanmış nikahın pozulduğunu, məhkəmə qərarı qətnamə əsasında Tərlandan hər ay 130 manat miqdarında aliment tutulduğunu, cavabdehlə ayrıldığı vaxt qızının təhsili ilə bağlı xərc olmadığını, lakin hazırda onun məktəbə qədər hazırlıq kursuna getdiyini, bu səbəbdən də təhsili ilə bağlı xərclərinin yarandığını, məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün aliment müəyyən edilən zaman işləməsə də, hazırda işlədiyini və ayda 350 manat əmək haqqı aldığını, hazırda özünün övladı ilə atasının yanında yaşadığını, bundan başqa bacısının da boşanaraq hazırda bir övladı ilə birlidə atasının himayəsində qaldığını, cavabdehin iş yerinin dəyişmədiyini, onun övladı ilə görüşdüyünü, demək olar ki, onunla hər gün vatsapla danışdığını, bu il bir ay, keçən il isə iki ay qızı Nurcanı aparıb özü ilə Bakı şəhərində saxladığını, həmin müddətdə özünün cavabdehdən aliment tələb etmədiyini, Tərlanın alimentdən başqa uşağın digər xərclərində iştirak etmədiyini bildirərək, yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə müəyyən edilmiş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmişdi. Cavabdeh 01 iyun 2023-cü ildə məhkəmənin elektron poçt ünvanına ərizə ilə müraciət edərək alimentin miqdarını 20 manat miqdarında artım edə biləcəyini, ailə vəziyyəti ilə bağı olaraq 50 manat verə bilməyəcəyini, bunun nəzərə alınmasını, işi ilə əlaqəli məhkəmədə iştirak edə bilməyəcəyini, etirazının qəbul edilməsini xahiş etmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanan məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Mülki işin materiallarını və işdə iştirak edən şəxsin izahatını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 14 dekabr 2014-cü tarixdə nikaha daxil olması, onların birgə nikahından X2 dünyaya gəlməsi, tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahından olan uşağın İddiaçı ilə birlikdə yaşaması, onun saxlanılması üçün Babək Rayon Məhkəməsinin “03” may 2021-ci il tarixli, 2(079)-84/2021 nömrəli qətnaməsi ilə cavabdehdən aliment tutulması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə olunmuş Babək Rayon Məhkəməsinin “03” may 2021-ci il tarixli, 2(079)-84/2021 nömrəli qətnaməsindən Cavabdeh ilə İddiaçı arasında 14 dekabr 2014-cü il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 1400 nömrə ilə qeyd edilməsi, nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Səmədova” soyadını seçməsi; -iş materiallarına əlavə olunmuş 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 030846 nömrəli, 13 iyun 2022-ci il tarixli doğum haqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 06 oktyabr 2017-ci il tarixdə X4 adlı övladlarının doğulması; - iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin “03” may 2021-ci il tarixli, 2(079)-84/2021 nömrəli qətnaməsindən tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahından olan X2 iddiaçının yanında qalması və sonuncunun saxlanılması üçün Cavabdeh hər ay 130 manat məbləğində aliment tutulması aydın olur. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərinin nəzərinə Babək Rayon Məhkəməsinin “03” may 2021-ci il tarixli, 2(079)- 84/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını çatdırmaqdır. İddiaçı Cavabdeh birgə nikahından olan uşağın saxlanılması üçün Babək Rayon Məhkəməsinin “03” may 2021-ci il tarixli, 2(079)-84/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini, yəni artırılmasını tələb etməsi mülki işin mübahisəli halıdır. Mülki işin mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən tədqiq edilmiş sübutları qanunvericiliyin tələbləri daxilində və onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının tələbi əsasında məhkəmə onların birgə nikahından olan uşağın saxlanılması üçün alimenti sabit pul məbləğində müəyyən edilmişdi. Hazırki mübahisə üzrə isə iddiaçının artırılmasını istədiyi məhz Babək Rayon Məhkəməsinin “03” may 2021-ci il tarixli, 2(079)-84/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan aliment miqdarıdır. Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı qətnamə ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini tələb etdiyindən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. 112.1-ci maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə yəni, iddiaçının üzərinə düşür. İddiaçı tərəf Babək Rayon Məhkəməsinin “03” may 2021-ci il tarixli, 2(079)-84/2021 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan indiyədək ailə və maddi vəziyyətində ciddi dəyişikliyin olmasını təsdiq edən sübutlar təqdim etməyib. Lakin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühasib işləməsi və aylıq əmək haqının 345 manat olması, cavabdehin isə "xxxx" X5 Məsuliyyətli Cəmiyyətinin "Alov" zavodunda çilingər işləyərək əmək haqqının 911 manat, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1 müəssisəsində ofisiant işləməsi və aylıq əmək haqqının 350 manat olması müəyyən edilir. Bu isə o deməkdir ki, məhkəmə qətnaməsi qəbul edildiyi gündən bu günədək hər iki tərəfin maddi vəziyyətində təqribən eyni həcmdə artım olmuşdu. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan onların ailə vəziyyətində dəyişiklik olmaması, yəni hər iki tərəfin hazırda subay olması aydın olur. Məhkəmə iddia tələbinin hüquqi həlli ilə bağlı istinad etdiyi maddi hüquq normaları ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X9 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin tələblərinə əsaslanır. Belə ki, maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Cavabdeh birgə nikahlarından olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 220 (iki yüz iyirmi) manat sabit məbləğdə aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmə belə hesab edir ki, İddiaçı tələbini əsaslandıran halları sübuta yetirməsə də, hazırda X2 yeddi yaşı olması, onun artıq ümumi orta təhsilə cəlb edilməsi və bununla bağlı onun əlavə xərclərinin diqqətəlayiq hal hesab edilir. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, onun yaşına uyğun olaraq təhsili ilə bağlı yaranmış xərcləri, həmçinin bundan sonra aliment ödənilməli olan dövrü və cavabdehin öz övladının saxlanılması, onun qayğılarının ödənilməsi üçün hər ay ödədiyi aliment miqdarının 20 manat miqdarında artılmasına etiraz etməməsi barədə təklifini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay cavabdehdən 150 (bir yüz əlli) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir (220x12= 2640. 2640-(12x130=1080). Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib (12x20=240) olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 6 (altı) manat, 78 (yetmiş səkkiz) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Babək Rayon Məhkəməsinin “03” may 2021-ci il tarixli, 2(079)-84/2021 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli; -qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla, 06 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - 6 (altı) manat, 78 (yetmiş səkkiz) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməli; - iddia digər hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin “03” may 2021-ci il tarixli, 2(079)-84/2021 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla, 06 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 6 (altı) manat, 78 (yetmiş səkkiz) qəpik miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. İddia digər hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar