Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-306/2021 28.09.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və kredit müqaviləsinin ləğvi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Açıq Səhmdar Cəmiyyəti «08” iyun 2021-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 iyul 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə 7780.16 (yeddi min yeddi yüz səksən manat, on altı qəpik) manat əsas, 1530.23 (bir min beş yüz otuz manat, iyirmi üç qəpik) manat faiz borcu olmaqla, cəmi 9310.39 (doqquz min üç yüz on manat, otuz doqquz qəpik) manat borcun, həmçinin ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 10000 (on min) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 17 iyul 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 17 iyul 2019-cu il tarixli, 1018663/16927 və 1018663/16926 nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 və Cavabdeh3 ona zamin durmuşlar. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 25 may 2021-ci il tarixinə əsas borcu 7780.16 (yeddi min yeddi yüz səksən manat, on altı qəpik) manat, faiz borcu 1530.23 (bir min beş yüz otuz manat, iyirmi üç qəpik) manat, ümumi borcu isə 9310.39 (doqquz min üç yüz on manat, otuz doqquz qəpik) manat təşkil edir. Bundan əlavə iddiaçı 27 sentyabr 2021-ci ildə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi məhkəmənin icraatına verildikdən sonra hazırki tarixə kimi müqavilə üzrə əsas borca əlavə faizlərin hesablandığını, bu səbəbdən də iddia tələbini həcmini artırmağa zərurət yarandığını, cavabdehlərdən 7780.16 (yeddi min yeddi yüz səksən manat, on altı qəpik) manat əsas, 2111.77 (iki min bir yüz on bir manat, yetmiş yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə, 9891.93 (doqquz min səkkiz yüz doxsan bir manat, doxsan üç qəpik) manat məbləğdə borcun tutulmasını xahiş etmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 30 iyun 2021-ci ildə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək bütün məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 17 iyul 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsinin bağlanması, borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında 17 iyul 2019-cu il tarixli zaminlik müqavilələrinin bağlanması, kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 illik 23 faizlə 36 ay müddətində 10000 (on min) manat məbləğində kredit verməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri mülki işin mübahisəsiz hallarıdır. Bu faktların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilən 17 iyul 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında həmin tarixdə kredit müqaviləsinin bağlanması və müqaviləyə əsasən cavabdehə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən illik 23 faizlə 36 ay müddətində 10000 (on min) manat kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri; -iddia ərizəsinə əlavə edilən 17 iyul 2019-cu il tarixli, 1018663/16927 nömrəli zaminlik müqaviləsindən eyni tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bank arasında 17 iyul 2019-cu il tarixli zaminlik müqaviləsinin bağlanması; -iddia ərizəsinə əlavə edilən 17 iyul 2019-cu il tarixli, 1018663/16926 nömrəli zaminlik müqaviləsindən eyni tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə bank arasında 17 iyul 2019-cu il tarixli zaminlik müqaviləsinin bağlanması aydın olur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti isə Cavabdeh1 ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək tutulması və Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 17 iyul 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini tələb edir. İddiaçının tələblərini mülki iş materialları ilə əlaqəli şəkildə öyrənən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 17 iyul 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi tələbini cavabdehlərin müqavilə üzrə əsas borcunun yerinə yetirməməsi ilə əsaslandırıldığından, yəni bu tələb onların müqavilə üzrə əsas borcun yerinə yetirib-yetirməməsindən asılı olduğundan, ilk olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlərə qarşı olan kredit müqaviləsi üzrə borcun qaytarılması məsələsinə hüquqi aydınlıq gətirməlidir. İşin mübahisəli hallarını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə qismən təsdiq etdiyindən onun tələbi əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. İddianın qismən təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit, Cavabdeh2 və Cavabdeh3 ilə isə zaminlik müqavilələrindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 17 iyul 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər həmin müqavilə üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - “Müqavilənin predmeti” adlanan 1-ci bəndə görə onun predmetini 36 ay (17.07.2022-dək) müddətinə, illik 23 faiz (FİFD-21.81%) dərəcəsi ilə, əsas borc üzrə annuitet, faiz borcu üzrə annuitet ödəniş şərtləri ilə, güzəşt müddəti 0 gün, kredit ödənişinin gecikdirilməsinə görə gecikmə baş verdiyi gündən hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5 faiz dəbbə müəyyən edilməklə, xidmət üzrə birdəfəlik bank komissiyası 1 faiz (minimum 25 manat) olmaqla 10000 (on min) manat kredit məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 verilməsi təşkil edir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh1 həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 17 avqust 2019-cu ildən başlamaqla 17 iyun 2022-ci ilədək hər ay 387.10 (üç yüz səksən yeddi manat, on qəpik) manat, sonuncu ay, yəni 17 iyul 2022-ci il tarixədək isə 386.98 (üç yüz səksən altı manat, doxsan səkkiz qəpik) manat ödəməli olması aydın olur. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də müqavilə şərtlərindən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə müqavilə ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və sair haqları, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 17 iyul 2019-cu il tarixli, FJB**********995 nömrəli kassa məxaric orderi və hesabdan çıxarışla öz təsdiqini tapır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbinin əsassızlığı və eyni zamanda iddiaçı ilə Cavabdeh1 arasında 17 iyul 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh3 qarşı da iddia tələbinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 17 iyul 2019-cu il tarixli, 1018663/16927 və 1018663/16926 nömrəli zaminlik müqavilələrində müqavilə tərəfləri üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib: -müqavilənin 1.1-ci bəndinə əsasən “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 17 iyul 2019-cu ildə bağlanmış ******* nömrəli kredit müqaviləsi əsasında borc alana veriləcək 10000 (on min) manat məbləğində kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürür; -həmin müqavilənin 2.1, 2.2 və 2.3-ci bəndlərində qeyd edilir ki, müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası 17 iyul 2019-cu il tarixdə bağlanmış müqavilədir. Təmin olunmuş müqavilənin predmeti borcalana veriləcək 10000 (on min) manat məbləğində kreditdir. Müqavilə ilə təmin olunmuş öhdəliyin icrası müddəti borcalanın bank qarşısında 17 iyul 2019-cu il tarixində bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirilənədəkdir; -zaminlik müqaviləsinin 3.1-ci bəndi ilə müəyyən edilir ki, zamin bank qarşısında borcalanın 17 iyul 2019-cu il tarixində bağlanmış kredit müqaviləsi üzrə banka olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır; - müqavilənin 5.1-ci bəndinin tələbinə görə borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında bu müqavilənin 3-cü bəndində göstərilən məbləği bankın ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətində və digər banklarda hesablarında olan vəsaitin bank tərəfindən tutulmasına icazə verir; - həmçinin qeyd edilən müqavilənin 6.1-ci bənddə göstərilir ki, müqavilənin qüvvədə olma müddəti borcalanın 17 iyul 2019-cu ildə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh2 və Cavabdeh3 17 iyul 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunmuşdur. Hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımaları nəzərdə tutulduğundan məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh3 qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından, məhkəmə bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki iş materiallarına əlavə edilmiş 22 sentyabr 2021-ci il tarixli maliyyə arayışında Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcdan 2219.84 (iki min iki yüz on doqquz manat, səksən dörd qəpik) manat, faiz borcundan isə 2054.96 (iki min əlli dörd manat, doxsan altı qəpik) manat ödəməsi qeyd olunur. Eyni zamanda həmin sənəddə onun 7780.16 (yeddi min yeddi yüz səksən manat, on altı qəpik) manat məbləğində əsas, 2111.77 (iki min bir yüz on bir manat, yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 9891.93 (doqquz min səkkiz yüz doxsan bir manat, doxsan üç qəpik) manat məbləğində kredit borcunun olması göstərilib. Borcun məbləği ilə bağlı məhkəmə bildirir ki, bunun hesablanması xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən “09” iyul 2021-ci il tarixli qərardadla məhkəməmühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirılməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “30 ” avqust 2021-ci il tarixli, 219 nömrəli ekspert rəyində isə Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 iyul 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin iddiaçıya 25 may 2021-ci il tarixə olan əsas borcunun miqdarı 6749.92 (altı min yeddi yüz qırx doqquz manat, doxsan iki qəpik) manat, faiz borcunun isə 2252.90 (iki min iki yüz əlli iki manat, doxsan qəpik) manat olmaqla, ümumi borcunun 9002.82 (doqquz min iki manat, səksən iki qəpik) manat təşkil etməsi qeyd olunmuşdur. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlir ki, o sübut kimi qəbul ediləndir. Ekspert rəyi ilə faiz borcun iddiaçının tələb etdiyi məbləğdən artıq müəyyən edildiyindən bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Eyni zamanda həmin maddə ilə o da müəyyən olunur ki, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxmaq üçün müstəsnalıq mövcud deyil. Bu səbəbdən də yuxarıda qeyd edilən məbləğlə bağlı iddia tələbi əsas götürülməlidir. Hər bir cavabdehdən tutulmalı olan borcun miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd edilən prosessual normanının tələbini, həmçinin zaminlik müqaviləsinə əsasən zaminlərin borclu ilə birlikdə eyni məsuliyyət daşımasını nəzərə alan məhkəmə belə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddiaçının cavabdehlərə qarşı olan müqavilə üzrə borclarının qaytarılması tələbi hüquqi cəhətdən həll edildiyindən, onun digər tələbi, yəni Cavabdeh1 ilə aralarında bağlanmış 17 iyul 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsi ilə müəyyən olunur ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırki tələb üzrə cavabdehlərin müqavilə üzrə əsas öhdəliyini yerinə yetirməməsini məhkəmə müqavilənin əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirir və iddiaçının müqavilənin ləğvi barədə tələbini də əsaslı sayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun 27 (iyirmi yeddi) manat miqdarı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -17 iyul 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 6749.92 (altı min yeddi yüz qırx doqquz manat, doxsan iki qəpik) manat əsas, 2111.77 (iki min bir yüz on bir manat, yetmiş yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8861.69 (səkkiz min səkkiz yüz altmış bir manat, altmış doqquz qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin 27 (iyirmi yeddi) manat məbləğində dövlət rüsumu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli; - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 iyul 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilməli; -iddia digər hissədə əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia qismən təmin olunsun. 17 iyul 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 6749.92 (altı min yeddi yüz qırx doqquz manat, doxsan iki qəpik) manat əsas, 2111.77 (iki min bir yüz on bir manat, yetmiş yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8861.69 (səkkiz min səkkiz yüz altmış bir manat, altmış doqquz qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin 27 (iyirmi yeddi) manat məbləğində dövlət rüsumu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 iyul 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. İddia digər hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-306/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-306/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver