Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-311/2021 06.07.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə “xxxx” X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i : “xxxx” X2 Səhmdar Cəmiyyəti “10” iyun 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək əsas borc üzrə 388.45 (üç yüz səksən səkkiz manat, qırx beş qəpik) manat, faiz borcu üzrə 96.69 (doxsan altı manat, altmış doqquz qəpik) manat olmaqla, ümumilikdə 485.14 (dörd yüz səksən beş manat, on dörd qəpik) manat məbləğində borcun, həmçinin 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “xxxx” X2 Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq bildirmişdir ki, onunla cavabdeh arasında bağlanmış 29 oktyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə 100 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1-ci maddəsinə görə borcverən müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan məbləğdə və faizlə borcalana kredit xətti ayırır. Borcalan isə öz növbəsində həmin müqavilənin 4.3.2-ci bəndinə əsasən krediti və ondan istifadəyə görə faizləri bu müqavilə ilə müəyyən olunmuş müddətlərdə banka qaytarır. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçıya mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı “xxxx” X2 Səhmdar Cəmiyyətinin nümayəndəsi Yavər Novruzov 05 iyul 2021-ci ildə Babək Rayon Məhkəməsinə 24 iyun 2021-ci il tarixli ərizə ilə müraciət edərək iddia ərizəsinə bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçı “xxxx” X2 Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında əvvəllər Socar şirkətində işlədiyini və işlədiyi müddətdə, yəni 2018-ci “xxxx” X2 Səhmdar Cəmiyyətindən kredit götürdüyünü, həmçinin bankın ona plastik kart verdiyini, həmin kardan nağd pul əldə etməsi üçün istifadə etdiyini, bankın ona əvvəlcə ayda 100 manat, daha sonra isə 300 manat məbləğində kredit limiti ayırdığını, sonra işlədiyi müəssisədə ştatlar ixtisar olduğundan işdən çıxarıldığını, işlədiyi zaman nağd pul şəklində kredit götürdüyünü, bundan təqribən üç ay sonra isə işdən çıxarıldığını, buna görə də yaranmış borcu ödəyə bilmədiyini, bankın ona 2-3 dəfə borcu ödəməsi ilə bağlı zəng edərək xəbərdar etdiyini, hazırda banka təqribən 480 manat məbləğində borcu olduğunu, lakin işsiz olduğuna görə ödəyə bilmədiyini qeyd etmişdi. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, “xxxx” X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 29 oktyabr 2018-ci il tarixli,7130sSTB2/18 nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehlə “xxxx” X2 Səhmdar Cəmiyyətinin illik 30 faizlə 84 ay müddətində 100 (bir yüz) manat məbləğində kredit ayırması barədə razılığa gəlmələri işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 29 oktyabr 2018-ci il tarixli müqavilədən aydın olur. İddiaçı isə Cavabdeh aralarında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasını tələb etmişdi. İddia tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlar və cavabdehin iddianı etiraf etməsidir. Cavabdehiddia tələbini etiraf etməsi ilə əlaqədar olaraq məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda formalaşdırdığı hüquqi mövqedən yola çıxaraq məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə “xxxx” X2 Səhmdar Cəmiyyəti arasında 29 oktyabr 2018-ci il tarixli,7130sSTB2/18 nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqavilə üzrə iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər: -müqavilənin 1.1-ci bəndi ilə müəyyən edilir ki, bank borcalana illik 30 faiz olmaqla 84 (səksən dörd) ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit), 29 oktyabr 2025-ci il tarixədək 100 (üç yüz) manatadək məbləğdə kredit ayırır, ona bank hesabı (cari, ssuda) açır və ödəniş kartı təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Ödəniş kartından istifadə müddəti 60 aydır. Ödəniş kartında olan kredit xətti yalnız borcalanın kartda olan şəxsi vəsaitindən sonra, istifadə olunur. Bu zaman istifadə olunmuş kredit xəttindən istifadəyə görə minimum 1 faiz, maksimum 6 faiz,və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Plastik kartdan POS terminal vasitəsilə istifadə zamanı borcalan taksitli (hissələrlə) və ya adi alış-veriş etmək barədə seçim edir və bu zaman seçimə görə borcalan şəxsən məsuliyyət daşıyır. Taksitli alış-veriş üçün komissiya haqqı tətbiq edilə bilər. Taksitli alış-veriş zamanı ödəniş kartında olan şəxsi vəsaitə də komissiya hesablanır; -kredit müqaviləsinin 1.2 və 1.3-cü bəndlərinə əsasən borcalan kredit xətti üzrə hər bir krediti faktiki istifadə edildiyi tarixdən etibarən ödənişlərin aparılması üçün faktiki istifadə edilmiş kredit məbləğləri, həmin kreditlərdən faktiki istifadə edilmə tarixindən, Bankla Partnyorlar arasında “Albalı Kart " layihəsi üzrə bağlanmış və gələcəkdə bağlanacaq Birgə fəaliyyət haqqında müqavilələrdə nəzərdə tutulmuş müddətdə borcalan tərəfindən tam olaraq ödənilməlidir. Faktiki istifadə edilmiş kredit məbləğləri bankla partnyorlar arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilələrdə nəzərdə tutulmuş müddətlərə daxil olan ayların sayına bölünərək kreditin istifadə edildiyi aydan sonrakı aydan başlayaraq müqavilənin 3.1 maddəsində nəzərdə tutulmuş qaydada, bərabər hissələrlə ödənilməlidir. Kreditdən taksitli istifadəyə görə faiz (komisyon haqqı) bank ilə partnyorlar arasında bağlanan birgə fəaliyyət haqqında müqavilələrə əsasən partnyorlar və ya borcalanlar tərəfindən (bu müqavilənin 4.3.23-cü bəndinə əsasən dəqiqləşdirdikdən sonra) ödənilir. Kreditdən istifadəyə görə faizin (komisyon haqqının) məbləği bank ilə partnyorlar arasında bağlanan birgə fəaliyyət haqqında müqavilələrlə müəyyən olunur. Kredit istehlak məqsədi ilə 60 (altmış) ay müddətinə (kredit xəttindən istifadə müddəti), ayrılır. Kredit xəttindən istifadə müddətində kredit üzrə hər ay minimum borclar ödənilməlidir. Kredit xəttinin müddəti bitdikdən sonra, növbəti ilk 12 (on iki) ay (61-72-ci aylar) müddətində 60-cı ay müddətinə təsadüf edən kredit xəttindən istifadə olunan məbləğin 5 faizi, taksitli alış veriş üzrə isə taksit ödənişləri həyata keçirilir, növbəti 12 (on iki) ay isə (73-84-cü aylar) borcalan tərəfindən qalıq borc məbləğinin ödənilməsi annuitet cədvəli əsasında (aylıq ödəniş məbləği minimum 20 manat olmaq şərti ilə) həyata keçirilir və bu zaman bank bu müqavilə üzrə nəzərdə tutulmuş illik faiz dərəcəsini 40 (qırx) faizədək artıra bilər. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 29 faiz, maksimum 40 faiz təşkil edir. -1.4-cü bəndə görə borcalan bu müqavilə üzrə ona təqdim edilmiş plastik kartından debet kart kimi istifadə edə bilər. Plastik kartının cari hesabındakı gündəlik qalığa illik min 0 faiz, max 6 faiz dərəcəsi ilə faiz hesablanır və hər-təqvim ayının sonuncu iş günü borcalanin istifadəsindəki kartın cari hesabına köçürülür; -müqavilənin 2.2 və 2.7-ci bəndlərinə əsasən bank Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarına və bankın daxili qaydalarına uyğun olaraq təqdim edilən sənədlər və borcalanın ərizəsi əsasında hesab açır və həmin hesabdan istifadə etmək üçün borcalana kart verir. Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə borcalan məsuliyyət daşıyır; -müqavilənin 3.1-ci bəndində qeyd edilir ki, kreditin və kreditdən istifadəyə görə faizlərin və əsas borcun borcalan tərəfindən banka qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş şərtləri ilə müəyyən olunur. Borcalan bu müqavilə üzrə ödənişləri “ödəmə müddəti” ərzində ödəməlidir, kreditin verildiyi tarix olmaqla növbəti ayın həmin tarixi və sonrakı 40 (qırx gün) “ödəmə müddəti” adlanır. (Məsələn: kredit hər hansı ayın 12-si verilib. Kreditdən istifadə edən şəxs hər növbəti ayın 12-dən o biri ayın 22-dək 1.3-ci bənddə hesablanmış qaydada borcunu ödəməlidir). Ödəniş ödəmə müddətinin ilk 10 günündə olarsa əsas məbləğ üzrə qalıq borca müqavilənin 1.3-cü bəndində göstərilən faiz dərəcəsi, hissəli (taksitli) alış-veriş zamanı isə həmin müqavilənin 1.2-ci bəndində göstərilən faiz dərəcəsi (“0” faiz) tətbiq edilir. Ödəniş ödəmə müddətinin 11-40-cı günləri arası olarsa bu zaman əsas borcun ödənilməli hissəsinə gündəlik olaraq illik 40% dərəcə ilə əlavə faizlər hesablanır. Faizlər hər təqvim günü üçün hesablanır. Müqavilə üzrə kreditdən faktiki istifadə dedikdə borcalan tərəfindən ödəniş kartından istifadə edilməklə kredit xətti üzrə nağd pul vəsaitlərinin çıxarılması və (və ya) nağdsız ödənişlərin aparılması başa düşülür. -müqavilənin 3.7-ci maddəsinə görə borcalanın kredit borcu onun kredit xəttindən faktiki istifadəsi zamanı yaranır. Müqavilə üzrə kreditdən faktiki istifadə dedikdə borcalan tərəfindən ödəniş kartından istifadə edilməklə kredit xətti üzrə nağd pul vəsaitlərinin çıxarılması və (və ya) nağdsız ödənişlərin aparılması başa düşülür; -müqavilənin 3.8 və 3.8.1-ci bəndlərinin mahiyyətindən aydın olur ki, borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozulduqda bank birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər; -müqavilənin qüvvədə olma müddəti isə 9.1-ci bəndlə müəyyən edilir ki, müqavilənin həmin şərtinə görə o tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və öhdəlikləri tam icra olunana qədər qüvvədədir. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə nəzərdə tutulmuş kredit limiti ayırması, bank hesabı açması, ödəniş kartı təqdim etməsi, cavabdehin isə həmin müqavilə üzrə ona verilmiş krediti müqavilə şərtlərinə uyğun olaraq “xxxx” X2 Səhmdar Cəmiyyətinə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının 29 oktyabr 2018-ci il tarixli,7130sSTB2/18 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməsi iş materiallarına əlavə edilmiş balansdan kənar məxaric orderi, məxfi kodun ona verilməsi barədə zərf və AZ95UBAZ**********9990AZN00 nömrəli hesabdan 29 oktyabr 2018-ci ildən 24 yanvar 2021-ci ilədək olan çıxarışla sübuta yetirilir. Belə ki, həmin sənədlərdən iddiaçının cavabdehə ödəniş kartı təqdim etməsi, ona bank hesabı açması və kredit limiti ayırması, Cavabdeh həmin kreditdən istifadə etməsi aydın olur. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi isə iş materiallarına əlavə edilmiş “xxxx” X2 Səhmdar Cəmiyyəti tərəfindən iş üzrə Cavabdeh ünvanlanmış 17 sentyabr 2020-ci il tarixli bildirişdən və sifarişli poçt göndərişinin siyahısından, həmçinin onun məhkəmədə verdiyi izahatdan məlum olur. Həmin sənədlərlə müəyyən edilir ki, iş üzrə cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilib, borcun ödənilməsi üçün ona 3 gün müddət təyin edilmişdi. Qeyd edilənlərdən cavabdehin müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapır. Müqavilədən irəli gələn öhdəliyin icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşsə də o, bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş 23 yanvar 2021-ci il tarixli maliyyə arayışından Cavabdehnın 29 oktyabr 2018-ci il tarixli,7130sSTB2/18 nömrəli kredit müqaviləsi üzrə “xxxx” X2 Səhmdar Cəmiyyətinə 388.45 (üç yüz səksən səkkiz manat, qırx beş qəpik) manat əsas və 96.69 (doxsan altı manat, altmış doqquz qəpik) manat faiz borcunun olması aydın olur. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 29 oktyabr 2018-ci il tarixli,7130sSTB2/18 nömrəli kredit müqaviləsinin 8-ci bəndindən isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - Cavabdeh 29 oktyabr 2018-ci il tarixli,7130sSTB2/18 nömrəli kredit müqaviləsi üzrə 388.45 (üç yüz səksən səkkiz manat, qırx beş qəpik) manat əsas borc və 96.69 (doxsan altı manat, altmış doqquz qəpik) manat faiz olmaqla, ümumilikdə isə 485.14 (dörd yüz səksən beş manat, on dörd qəpik) manat məbləğində borc tutularaq “xxxx” X2 Səhmdar Cəmiyyətinə ödənilməli; - iddia verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq “xxxx” X2 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i : İddia təmin olunsun. Cavabdeh 29 oktyabr 2018-ci il tarixli, 7130sSTB2/18 nömrəli kredit müqaviləsi üzrə 388.45 (üç yüz səksən səkkiz manat, qırx beş qəpik) manat əsas borc və 96.69 (doxsan altı manat, altmış doqquz qəpik) manat faiz olmaqla, ümumilikdə 485.14 (dörd yüz səksən beş manat, on dörd qəpik) manat məbləğində borc tutularaq “xxxx” X2 Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq “xxxx” X2 Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-311/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-311/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver