Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-318/2021 02.09.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh, Şahid3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 10 iyun 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 16500 (on altı min beş yüz) manat məbləğində pulun və ödəniş etdiyi 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 16530 (on altı min beş yüz otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, cavabdeh Babək rayonu, Payız kənd sakini Cavabdeh mağazada satması üçün topdan lazım olan bütün xırdavatları, kağızlar, qələm və sair mallar vermişəm. Həmin verdiyim malların pullarının bir qismini Camal nağd verirdi, bir qismini isə nisyə yazılırdı. Yenidən təzə mal götürəndə nisyə verdiyim mallarının bir qisim pulunu verib yenidən nisyə yazdırırdı. Nisyə götürdüyü malların pulları yığılaraq 16500 (on altı min beş yüz) manat borc yaranmışdır. Mən bundan sonra Camala satması üçün xırdavat mallarını vermədim və mənim pulumu qaytarandan sonra alver edəcəyimi bildirdim. Bundan sonra mən Camaldan pulumu tələb etdim, hərdən bir bəhanə ilə verəcəyini bildirdi. Borcu verə bilməyincə borca qarşılıq mənə 25000 (iyirmi beş min) manat pul borcunun olduğunu öz imzası ilə yazıb verdi. Mən həmin kağızı Cavabdeh alsam da, cavabdeh ilə aramda olan şifahi borc müqaviləsi əsasında 16500 (on altı min beş yüz) manat borcludur. Cavabdeh hal-hazırda köhnə bazar adlandırılan yerdə alverlə məşğul olur. Mən dəfələrlə borcun qaytarılmasını bildirsəm də mənə deyir ki, get hara isdəyirsən sənin pulunu verməyəcəyəm. Mən şəkərli diabet xəstəsiyəm, hal-hazırda həmin pula böyük ehtiyacım var. Bu səbəbdən də mən pulumu ala bilmədiyimdən məcbur qalıb məhkəməyə müraciət edirəm. İddiaçı məhkəmədə verdiyi izahatında cavabdehlə əvvəllər 57 adlanan yerdə mövcud olan bazarda alver etdiklərini, hər ikisinində məktəb ləvazimatları satdıqlarını, adətən onun cavabdehə mal verdiyini, cavabdehin də malın pulunu ona qaytardığını, təqribən 6-7 il bundan öncədən birlikdə iş gördüklərini, daha sonra 57-də olan bazar söküldüyündən onlar Cahan Ticarət Mərkəzində alverlərinə davam etdiklərini, həmin vaxt Camalın ona 3763 manat borcu olduğunu, sonradan həmin borcun bir azını verdiyini, 2019-cu ilədək onlar alver etsələr də, Camalın borcu çoxaldığından ona mal vermədiyini, özünün malı Türkiyə Respublikasından gətirdiyini, cavabdehin borcunun çox olduğunu və bu səbəbdən ona mal verməyi dayandırdığını ona bildirdiyini, həmin vaxt Camalın ona 18170 manat məbləğində borcu olsa da cavabdehdən 16500 manat pul tələb etdiyini, Camaldan pulunu çox istədiyini, bu səbəbdən onun mağazasına tez-tez gedib gəldiyini, bundan sonra cavabdehin ona borc sənədi verərək, narahat olmamasını, borcunu artıqlaması ilə qaytaracağını ona bildirdiyini, Camalın ona verdiyi borc sənədində 25040 manat borcunun olduğunu qeyd etdiyini, borc sənədində olan 40 manatın isə onun cavabdehə qaz pulu üçün verdiyi borc olduğunu, yəni qazını kəsdiklərindən ondan borc istədiyini, onun da 40 manat borcu cavabdehə verdiyini, Camalın borc sənədini 2019-cu ilin mart ayında yazdığını, cavabdehin Cahan Ticarət Mərkəzində Azər adlı şəxsin mağazasını işlətdiyini, mağazanın icarə haqqını verə bilmədiyindən Azərin onu mağazadan çıxarmaq istədiyini, mağazanı isə özünün icarə götürmək istədiyini, Camalın borc sənədlərində mart ayının 10-u mağazadan çıxacağını qeyd etdiyini, cavabdehin ona “sən mağazanın borcunu ver, mən sənə verəcəyəm” dediyini, 2019-cu ilin mart ayının 1-də mağazanın icarə vaxtı çatdığından özünün Camalın əvəzinə 900 manat kirayə haqqını ödədiyini, mart ayının 10-a qədər cavabdehin orada işləməsi üçün ona dəymədiyini, özünün verdiyi icarə haqqının, yəni 900 manatın fevral ayının borcu olduğunu, 900 manatın 18170 manatın içərisinə daxil olduğunu, cavabdehin ondan mal götürdüyü zaman malın siyahısının özünün yazıb ona verdiyini, pul verəndə isə siyahını ona qaytardığını, yaxud verilən məbləği siyahıdan çıxdığını, həmin siyahıda cavabdehin borcunun 898 manat olduğunu, daha sonra cavabdehə 9790 manatlıq mal verdiyini, amma pulunu qaytarmadığını, digər siyahılar üzrə isə cavabdehə 766 manat, həmçinin 2100 və 3763 manat dəyərində mal verdiyini, Camalın hər dəfə ona pul verəndə dəftərdə məbləğ yazaraq onu imzaladığını, mağazada olan mallara görə özünün Camala 2500 manat məbləğində pul vermədiyini, həmin mallara görə 4400 manat məbləğin ona olan borcundan silməsini cavabdehə təklif etdiyini, lakin Camal ondan nağd pul istədiyini qeyd edərək, yekunda cavabdehin ona verdiyi borcun etirafına dair sənədi nəzərə alıb Camaldan 16500 (on altı min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında təqribən 2007-ci ildən onun köhnə 57 bazarı adlanan yerdə məktəbli ləvazimatı satdığını, onun əvvəllər Rüstəm adlı şəxslə alver etdiyini, sonra onunla aralarında olan mübahisəyə görə Rüstəmlə alver etməyi dayandırdığını, 57 bazarında son bir ili Xeybərlə birlikdə işlədiyini, iddiaçıdan satmaq üçün dəftər, şar, xəritə çubuğu aldığını, özünü Xeybərlə işləməyə qardaşının yönəltdiyini, 57-də olan bazar söküləndən sonra Cahan Ticarət Mərkəzində alverə davam etdiyini, bundan başqa özünün iddiaçıya satmaq üçün gündəlik verdiyini, Xeybərin də ona əsasən dəftər verdiyini, hər ilin sonunda hesabı bağladıqlarını, 2019-cu ilin mart ayının 10-dək birlikdə işlədiklərini, onun iddiaçıdan sonuncu malı 2018-ci ilin sentyabr ayında götürdüyünü və hesabını da verdiyini, 2019-cu ilin mart ayında mağazadan çıxandan sonra birlikdə iş görməyi dayandırdıqlarını, özünün iddiaçıya borcunun olmadığını, iddiaçının məhkəməyə təqdim etdiyi borc sənədində isə 25040 manatlıq məbləği deyil, 2540 manatlıq sənədi imzaladığını, həmin pulun da özünün deyil Xeybərə deyil, iddiaçının ona verəcəyini yazdığını, mağazadan çıxan günü də Xeybərin ona həmin pulun verdiyini, bu borcun yaranma səbəbinə gəldikdə isə özünün Cahan Ticarət Mərkəzində Azər adlı şəxsin mağazasını kirayə işlətdiyini, həmin mağazanı isə Pərviz adlı şəxsdən təhvil aldığını, mağaza ona verilən zaman orada yığılmış vitrin, quraşdırılmış kondisioner, beş ədəd kamera, monitor və televizor üçün Pərvizə 4400 manat pul verdiyini, mağazanı isə Xeybərə verəndə həmin əşyaları da mağaza ilə birlikdə ona verdiyindən onların müqabilində iddiaçıdan 4400 manat pul istədiyini, lakin Xeybərin həmin mallar üçün ona pul vermək istəmədiyini, bundan sonra özünün Pərvizi mağazaya çağıraraq həmin məbləğin ona verilməsini Xeybərə sübut etməyə çalışdığını, mağaza sahibi Azərin isə onu mağazadan çıxmasını təkid etdiyindən məcbur qalaraq həmin malların dəyəri üçün Xeybərlə 2500 manata razılaşdığını, həmin vaxt iddiaçının evə zəng edərək ona 2500 manat pul göndərilməsini istədiyini, bundan sonra özünün də iddiaçının məhkəməyə təqdim etdiyi borc sənədi adlan sənədi yazdığını, orada isə özünün Xeybərə 25040 manat borclu olmasını deyil, Xeybərin ona 2540 manat verməli olacağını yazdığını, pul ona verildikdən sonra həmin sənəddə sonradan “verdi” sözünü yazdığını, həmçinin mart ayının 10-da mağazadan çıxmağı öhdəsinə götürdüyünü və mağazanın kirayə haqqı üçün Xeybər tərəfindən verilmiş 900 manat məbləğində pulu da ona ödəyəcəyini həmin sənədə yazdığını, mağazanın bir ayıq kirayə haqı 800 manar olsa da onun mağazada qaldığı on gün üçün borc sənədinə 900 manat yazdığını, sənəd hazırlanandan sonra isə ona pul qaytarmadığını, iddiaçının məhkəməyə təqdim etdiyi sənədin hazırlanması zamanı orada Şahid3, Ümid Nağıyev, Sadıq, Kamaz markalı maşının sürücüsü Seyid adlı şəxs və Pərvizin iştirak etdiyini, özünün isə həm vaxt iddiaçıdan aldığı pulu 720 manatını Feyruza verdiyini, elə onun da bu məqsədlə mağazada olduğunu, yəni iddiaçı ona pul verdikdən sonra özünün də Feyruzun borcunu qaytaracağı ona dediyini, pulu aldıqdan sonra Feyruzun borcunu verdiyini, həmin pulun yüzlük, əllilik və iyirmilikdən əskinaslardan ibarət olduğunu qeyd edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Mülki iş materiallarını tədqiq edən, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə qeyd edir ki, tərəflərin alqı-satqı fəaliyyəti ilə məşğul olması, əvvəllər qarşılıqlı alver etməsi, bir-birlərinə nisyə mal satmaları, yəni 2019-cu ilin mart ayınadək bir-birlərinə satmaq üçün mal vermələri və dəyərlərini sonradan ödəmələri barədə razılaşmaları mülki işin mübahisəsiz halıdır. Mülki işin mübahisəli halına gəldikdə isə İddiaçı məhz cavabdehə nisyə satdığı malların dəyəri ilə bağlı yaranmış 16500 (on altı min beş yüz) manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsini tələb etməsidir. Cavabdeh onun tələbini qəbul etməyərək özünün İddiaçı borcunun olmadığını qeyd etmişdi. Mülki işin mübahisəli hallının həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı isə öz iddia tələbinin əsaslandıran halların təsdiq edilməsi ilə bağlı 2019-cu ilin mart ayında tərtib edildiyi və cavabdehin ona olan borcunu etiraf etməsini özündə əks etdirdiyini iddia etdiyi sənədi məhkəməyə təqdim etmişdi. Cavabdeh isə onun tələbini əsaslandıran hal kimi qeyd etdiyi faktı qəbul etməyək həmin sənəddə borcun etiraf etmədiyini, əksinə həmin sənəddə iddiaçının ona pul verməli olduğunu qeyd etmişdi. İşin qeyd edilən mübahisə halının tədqiq edilməsi üçün məhkəməyə təqdim edilmiş həmin sənəd iddiaçı tərəfindən məhkəmədə oxunmuşdu. İddiaçı həmin sənəddə “25040 Xeybərə verəcəm. Verdi. Mart ayının 10-u çıxacam. Cavabdeh. 10 günün hesabını mal olaraq verəcəm. 900 mal verəcəm” yazıldığını bildirmişdi. İddiaçının məhkəməyə təqdim etdiyi və borcun etirafı adlandırdığı sənədin məzmunu tərəflər arasında mübahisə yaratdığından və onun məzmunun anlaşılan olmadığından məhkəmə iddiaçıya həmin sözlərin yazılması zamanı cavabdehlə aralarında olan razılaşmanın, yəni həmin sənəddə qeyd edilənlərin izah etməsini təklif etmişdi. İddiaçı isə izahatında qeyd etmişdi ki, cavabdehin ona borcu çox olduğundan Camal ona borcunu artıqlaması ilə ödəcəyini qeyd etmiş və buna görə də ora 25000 manat məbləğində ona pul verəcəyini qeyd etmişdi. 40 manat isə cavabdehə verdiyi qaz puludur. Sənəddə yazılmış “verdi” sözünün nə məqsədlə yazılmasını isə izah edə bilməmişdi. “Mart ayının 10 çıxacam” cümləsini isə cavabdehin işlətdiyi və Azər Şahverdiyə məxsus olan mağazanı özü icarə götürdüyündən, həmin mağazadan mart ayının 10-da çıxacağını öhdəsinə götürmək məqsədi ilə yazdığını, “10 günün hesabını mal olaraq verəcəm. 900 mal verəcəm” cümləsini isə özünün Camalın əvəzindən mağazanın 2019-cu ilin fevral ayı üçün 800 manat məbləğində icarə haqqı verdiyini, cavabdeh isə mağazadan mart ayının 10-da çıxacağından əlavə olaraq 10 günün də pulu onun üzərinə gələrək Camalın ona 900 manat borclu olmasını və bunun müqabilində ona mal verməsini nəzərdə tutaraq yazdığını bildirmişdi. İddiaçının məhkəməyə təqdim etdiyi və borc sənədi adlandırdığı sənədin cavabdeh tərəfindən yazılması mübahisə doğurmadığından, yəni Cavabdeh həmin sənədin özü tərəfindən yazıldığını qəbul etdiyindən məhkəmə Cavabdeh həmin sənədi oxuyub orada yazılanları izah etməsini təklif etmişdi. Cavabdeh isə bildirmişdi ki, Pərvizdən mağazanı təhvil alan zaman ödədiyi 4400 manat dəyərində olan malların dəyərini ona verməsini Xeybərə təklif etdiyini, iddiaçının isə 4400 manat yox, ona 2500 manat pul verməyi razılaşdığını, bu səbəbdən də sənədə “2500 manat Xeybər verəcək” sözünü ora yazdığını, özünün ora 40 rəqəmini yazmadığını, dörd rəqəminin ora sonradan əlavə olunduğunu, bundan sonra iddiaçı tərəfindən həmin pul məbləği özünə verildiyindən İddiaçı ona kağıza pulu ona verməsinin təsdiq edilməsi ilə bağlı qeyd etməsini təklif etdiyini, bundan sonra özünün kağıza “verdi” sözünü yazdığını, Xeybər mağaza sahibi Azərlə danışaraq onun işlətdiyi mağazanı icarəyə götürdüyündən, həmin mağazanı isə həmin vaxt özü işlətdiyindən mağazadan çıxmaq üçün mart ayının onunadək ona vaxt verilməsini istədiyini və həmin on günün pulu olan 100 manatı, həmçinin Xeybərin onun əvəzindən fevral ayı üçün mağazanın icarə haqqı olaraq verdiyi 800 manatı ona qaytarmağı öhdəsinə götürərək, həmin pulların əvəzində Xeybərə mağazada olan mallardan verməyi razılaşdığını, bu səbəbdən də kağıza “10 günün hesabını mal olaraq verəcəm. 900 mal verəcəm” sözlərini yazdığını bildirmişdi. İddiaçı məhkəməyə öz tələbinin əsasının təsdiq edilməsi üçün, həmçinin borcun etiraf edilməsinə dair sənədin hazırlanması zamanı onda qeyd edilən şərtlərin müəyyən edilməsi üçün Şahid1 Mahiya oğlu və Şahid2 şahid qismində dindirilməsini məhkəmədən xahiş etmişdi. Şahid1 məhkəmədə verdiyi ifadəsində tərəflərlə qohumluğunun olmadığını, onların hər ikisini də bazarda işləyəndə tanıdığını, özünün əvvəllər Cahan Ticarət Mərkəzində Azər Şahverdiyevə məxsus olan mağazanı 10 il kirayə işlətdiyini, onunla kirvə olduğunu, mağazanı təhvil alanda ora boş olsa da sonradan özünün həmin mağazaya kamera, vitrin, kondisioner, televizor aldığını və elektrik xətti çəkdirdiyini, bunlar üçün 4400 manat məbləğində pul xərclədiyini, mağazanı Camala verəndə isə ondan bu gördüyü işlər üçün 4400 manat alıb mağazanı ona təhvil verdiyini, həmin pulu nağd aldığını, əvvəllər həmin mağazada özünün ərzaq malları, sonradan isə Camalın qarışıq mallar satdığını, özünün mağaza sahibi ilə Camalı tanış edib mağazanı ona təhvil verdiyini, təqribən bir il sonra mağazanın sahibinin ona mağazanı Xeybərə verdiyini və onlar arasında mağazada olan əşyalar barədə mübahisə olduğunu dediyini, Camala isə mağazanı özü təhvil verdiyindən Azərin ondan mağazaya gedib həmin məsələyə aydınlıq gətirməsini istədiyini, bundan sonra özünün mağazaya getdiyini, Camala mağazanı təhvil verdiyi zaman nə verdiyini, neçəyə verdiyini Xeybərə bildirdiyini, iddiaçı həmin əşyaları istəmədiyindən Camalın ziyan görməməsi üçün özünün bunları ona dediyini, kimin kimdən nə alacağını, nə verəcəyini bilmədiyini, həmin vaxt mağazada çox adam olsa da, orada olanlardan Camalı və Xeybəri tanıdığını, özünün əvvəldən Camala təhvil verdiyi mallara görə Xeybərin cavabdehə pul verməsinin razılaşmasını bildiyini, bununla bağlı neçəyə razılaşdıqlarını deyə bilməyəcəyini, həmin vaxt onların mağazada Xeybərin Camaldan aldığı əşyalarla bağlı sənəd hazırladıqlarını, ancaq Xeybərin Camala və ya Camalın Xeybərə pul verməsini görmədiyini, həmin vaxt Xeybərin Camala “bu malların dəyəri olan 4400 manat pulun mənə olan borcundan silim” dediyini, Camal isə “nağd ver” cavabını verdiyini özünün şəxsən eşitdiyini, Xeybərin evə zəng edərək ona pul göndərməsinin şahidi olmadığını, özünün bazarda olan mağazanın kirayə pulunu Xeybərdən alıb Azərə verdiyini, tərəflərin arasında olan 4400 manatla bağlı mübahisənin sonunun necə bitdiyini bilmədiyini, özünün mağazada cəmi 1 saat olduğunu, Camalın mağazadan çıxacağı gün Xeybərdən mağazanın kirayə haqqını alıb Azərə verdiyini, onun mağazada olan zaman Xeybərlə Camalın arasında borc sənədi hazırlandığını gördüyünü, amma orada nə yazıldığından məlumatsız olduğunu, mağazada olan malları Camalın borc əvəzinə vermək istədiyini gördüyünü qeyd etdi. Şahid2 məhkəmədə verdiyi ifadəsində tərəflərlə qohumluğunun olmadığını, 4 ildir ki, Xeybərin yanında satıcı işlədiyini, bunun müqabilində iddiaçının ona ayda 300 manat pul verdiyini, Xeybərin yanında işlədiyinə görə iddiaçının kimə borclu olduğunu, kimin Xeybərə borclu olduğunu az-çox bildiyini, Camalın da Xeybərə borcunun olduğunu, əvvəllər yanında aparılan söhbətlərdən Camalın Xeybərə 16000 manat borcunun olduğunu eşitdiyini, buna görə hər gün Xeybərə borcundan 50 manat verəcəyini dediyini və bir müddət verdiyini, daha sonra gündə 30 manat verdiyini, bir müddət sonra isə pul ödəmədiyini, bir gün isə Xeybərin Camalın yanına gedərək borcunu alacağını dediyini, özünün də iddiaçının ardınca mağazaya getdiyini, həmin vaxt Xeybərin Camala aralarında ödənilməli hesab olduğunu, borcunun olması barədə ona sənəd verməsini bildirdiyini, Camalın isə ona kağız yazıb verdiyini, bu sənədin verilməsindən təqribən 3-4 gün sonra həmin mağazanın Xeybərə təhvil verildiyini, borc sənədində isə nə yazıldığını bilmədiyini, çünki özünün işlədiyi mağazaya qayıtdığını, onun kondisioner, kamera və ya vitrinlə bağlı Xeybərin Camala pul verməsini görmədiyini, Camalın borc sənədini yazanda orada özünün, Elman İbrahimovun, Xeybərin və Seyidin olduğunu, Xeybərin Camala “mənə bir sənəd ver ki, sənin mənə nə qədər borcun var” dediyini, Camalın da yazıb verdiyini, borcun miqdarı barədə aralarında razılığa gəldiklərini zənn etdiyini, borc sənədi hazırlananda özünün kimin kimə pul verdiyini görmədiyini, Camalın Xeybərə olan borcunu iddiaçının öz dəftərinə yazdığını, borc sənədini Camalın yazdığı zaman onun mağazanın qapısının ağzında olduğunu, Camalın borc sənədini verəndən təqribən 10-15 dəqiqə sonra Xeybərin mağazaya gələrək Camalın borc sənədini verdiyini dediyini, amma həmin sənədi görmədiyini, Camalın son dövrlər də götürdüyü malların pulunu ödəyə bilmədiyini bildirdi. İddiaçının məhkəməyə təqdim etdiyi şahid ifadələrinin sübut kimi qəbul edilənliyi ilə bağlı məhkəmə qeyd edir ki, onların ifadələri tərəflər arasında olan mübahisənin hüquqi həlli üçün, xüsusən də borc sənədinin məzmununun müəyyən edilməsi baxımından yetərli deyil. Belə ki, Şahid1 ifadəsindən müəyyən edilir ki, o hazırda iddiaçı tərəfindən işlədilən mağazanı əvvəl özü icarəyə götürmüş, həmin mağazaya 4400 manat dəyərində əlavə xərc çəkmiş, bu mağazanı Cavabdeh təhvil verərkən bu əşyaların müqabilində ondan 4400 manat məbləğində pul almış, cavabdeh isə həmin mağazanı İddiaçı təhvil vermək istəyərkən Şahid1 aldığı malların dəyərini iddiaçıdan almaq istəsə də, sonuncu bununla razılaşmamış, İddiaçı həmin məbləğin cavabdehin ona borclu olduğu puldan çıxarılmasını istəsə də, Cavabdeh buna razı olmamışdı. Orada olan söhbətlərdən cavabdehin iddiaçıya borcu olması müəyyən edilsə də, borc sənədində nə yazıldığını bilməməsi şahid ifadəsindən aydın görünür. Digər Şahid2 ifadəsindən isə görünür ki, o da iş üçün əhəmiyyət kəsb edən hallar barədə dəqiq və ətraflı məlumata malik deyil. Belə ki, o, ifadəsində iddiaçının cavabdehə “mənə bir sənəd ver ki, sənin mənə nə qədər borcun var” dediyini, Camalın da yazıb verdiyini, borcun miqdarı barədə aralarında razılığa gəldiklərini zənn etdiyini, borc sənədi hazırlananda onun kimin kimə pul verdiyini görmədiyini, Xeybərin ona Camalın borc sənədini verdiyini dediyini, amma həmin sənədi görmədiyini, Cavabdeh İddiaçı 16000 min manat borcunun olduğunu eşitdiyini qeyd etmişdi. Göründüyü kimi, şahid Camalın yazdığı sənədin məzmununu ilə tanış olmayıb, iddiaçı həmin sənəd barədə ona məlumat verməyib və ya ona oxumayıb, həmçinin Camalın Xeybərə 16000 manat borcunun da olmasını eşitdiyini bildirir, yəni bununla bağlı o, məsələləri bilavasitə görməyib. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəmədə verdiyi izahatında cavabdehin ona əslində 16500 manatdan çox, yəni 18170 manat borcu olduğunu, lakin həmin məbləği istədiyini qeyd etmişdi. Onun yanında işləyən şahidin də məhz iddia tələbində qeyd edilən məbləği qeyd etməsi təsadüfi deyil. Lakin məhkəmə qeyd edir ki, hər iki şahidin ifadəsindən cavabdehin iddiaçıya borcu olmasını təsdiq edilsə də, onların ifadəsi və iddiaçının məhkəməyə təqdim etdiyi digər sübutlar onun tələb etdiyi borc məbləğini müəyyən etməyə imkan vermir. Bundan əlavə Şahid2 ifadəsində Camalın iddiaçıya hər gün 50 manat verəcəyini dediyini və bir müddət da bu borcu verdiyini, daha sonra gündə 30 manat verdiyini, bir müddət sonra isə pul ödəmədiyini bildirsə də, Lakin Camalın ümumilikdə günlük 50 və 30 manat olmaqla iddiaçıya nə qədər borc qaytarılması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdi. Amma Şahid1 ifadəsindən İddiaçı əvəzləşdirilməsini istədiyi olan borc məbləğinin ən azından 4400 manat məbləğində olmasını müəyyən etmək mümkün olur. Bundan əlavə iddiaçı cavabdehlə aralarında alver edən zaman siyahı yazıb birbirlərinə verdiklərini, Cavabdeh ona hər dəfə pul qaytaran zaman özündə olan dəftərə imza edək onu pul verdiyini qeyd etmiş və həmin dəftəri məhkəməyə təqdim etmişdi. Onun məhkəməyə təqdim etdiyi dəftərdən aydın olur ki, həqiqətən də cavabdeh tərəfindən ona ödənişlər edilən zaman onun tərəfindən məbləğlər göstərilməklə dəftər imzalanmış və yekun borc kimi 898 manat borcun olması qeyd edilmişdi. Bu fakt isə özlüyündə cavabdehin iddiaçıya bir daha borcunun olmasını sübuta yetirir. Cavabdeh isə iddiaçının məhkəməyə təqdim etdiyi sənədin məzmunun müəyyən edilməsi üçün Şahid3 şahid qismində dindirilməsini məhkəmədən xahiş etmiş və özünün Şahid3 720 manat məbləğində borcu olduğundan onun mağazada Pərvizdən ona qalan mallara görə Xeybər tərəfindən ona pul verilməsini gözlədiyini, özü isə iddiaçıdan aldığı pulla şahidə olan borcunu ödəyəcəyini qeyd etmişdi. Şahid3 isə məhkəmədə verdiyi ifadəsində Camalın qonşu olduğunu, Xeybərin qardaşı Əjdərin isə özünün xalası nəvəsi iıə ailə qurduğunu, bu səbəbdən də tərəfləri əvvəldən tanıdığını, özünün Kapital Bankdan 8400 manat məbləğində kredit götürüb Camala verdiyini, həmin kredit məbləğinin 1800 manatını Camala qaytardığını, 2020ci ilin mart ayından həmin pulu özünün ödədiyini, Camalın ilk 4 ayın pulunu ödədikdən sonra 2 ayın kredit pulunu vermədiyindən onun alınması üçün cavabdehin işlədiyi mağazaya getdiyini və pulu ondan istədiyini, kredit üzrə aylıq ödəniş 300 manat olsa da cavabdeh 2 ay ödəniş etmədiyindən onun üzərinə gələn faizlərlə birlikdə borcun 720 manat təşkil etdiyini, pulu almaq üçün mağazaya gedəndə orada Xeybərin Camala “mallarını yığışdır təhvil ver” dediyini eşitdiyini, amma aralarında nə isə alacaq-verəcək olduğundan razılaşa bilmədiklərini, sonradan 2500 manat razılığa gəldiklərini, xatırladığına görə həmin vaxt Xeybərin özündə 1600 manat pul olduğunu, 900 manat məbləğində pulu isə kimisə ona gətirib verdiyini, Xeybərin Camala onun yanında 2500 manat məbləğində pul ödədiyini, Camalın isə həmin puldan 720 manat məbləğində pulu ona verdiyini, həmçinin orada olan bir cavan oğlana da Camalın 500 manat pul verdiyini, Xeybər Camala pulu verdikdən sonra ondan qol kağızı istədiyini, Camalın da ona pulu almasına dair sənəd verdiyini, cavabdehin ona verdiyi pul əskinaslarının əllilik, iyirmilik, onluq olduğunu bildirdi. İddiaçı borc sənədi adlandırdığı yazılı sənədə özünün cavabdehə 2500 manat məbləğində pul verilməsini nəzərdə tutulmadığını, həmçinin ona qeyd edilən məbləğdə pul vermədiyini bildirsə də Şahid3 ifadəsindən görünür ki, İddiaçı həqiqətən də Cavabdeh 2500 manat pul verməsini öhdəsinə götürüb və həmin pul iddiaçı tərəfindən cavabdehə verildikdən sonra Cavabdeh şahidin borcunu ödəyib. Bu isə iddiaçının məhkəməyə təqdim etdiyi və borcun etirafı adlandığı sənəddə cavabdehin ona 25040 manat verməsini öhdəsinə götürməsini deyil, iddiaçının ona 2540 manat verməsini öhdəsinə götürməsini sübuta yetirməsi məqsədi ilə yazıldığını öz təsdiqini tapır. Həmçinin cavabdehin yazı üslubunun müəyyən edilməsi üçün onun məhkəməyə təqdim etdiyi nisyə dəftərində özü tərəfindən həyata keçirilmiş yazılardan da müəyyən olunur ki, 2019-cu ilin mart ayında cavabdeh tərəfindən tərtib edilmiş sənəddə “verəcəm” yox, “verəcək” yazılıb. Yəni həmin dəftərdə olan yazılardan mübahisəli sözün sonundakı hərfin “m” yox, “k” hərfi olması aydın olur. Həmçinin iddiaçının qeyd edilən halın müəyyən edilməsi üçün cavabdeh tərəfindən 2016-cı ildə maşının satılması ilə bağlı yazılmış yazını da məhkəməyə təqdim edərək, orada da “verəcəm” yazıldığını bildirmişdi. Halbuki həmin sənəddə də cavabdehin “m” hərfini aydın yazması müəyyən olunur. Bu səbəbdən də iddiaçının məhkəməyə borc sənədi olaraq təqdim etdiyi yazılı sənəd onun iddia tələbinin əsaslı sayılması üçün sübut kimi qəbul edilə bilməz. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri, alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Mülki Məcəllənin 600-cü maddəsində isə nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə belə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi qismən əsaslıdır və əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 8 (səkkiz) manat, 10 (on) qəpik miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - Cavabdeh 4400 (dörd min dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -həmçinin Cavabdeh 8 (səkkiz) manat, 10 (on) qəpik miqdarında dövlət rüsumu tutularaq İddiaçı ödənilməli; -iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i : İddia qismən təmin olunsun. Cavabdeh 4400 (dörd min dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin Cavabdeh 8 (səkkiz) manat, 10 (on) qəpik miqdarında dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-318/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-318/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver