Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-323/2023 23.06.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin məbləğinin sabit pul məbləğinə dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmamış övladları - xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Babək rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(079)-50/2020 saylı qətnaməsi ilə cavabdehin aylıq qazancına (başqa gəlirlərinə) münasibətdə müəyyən edilmiş alimentin miqdarının sabit pul məbləğinə dəyişdirilərək hər ay – 220 (iki yüz iyirmi) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 23 avqust 2017-ci il tarixdə Babək rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşuq. Bizim bu nikahdan bir övladımız - xx.xx.2018-ci il təvəllüdlü X4 doğulmuşdur. Xasiyyətimizin uyğun gəlməməsi səbəbindən Babək Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(079)-50/2020 saylı qətnaməsi ilə Cavabdehla aramızda bağlanmış nikah qeydi pozulmuş və bu nikahdan olan azyaşlı övladımızın yaşayış yeri olaraq mənim yanımda saxlanılması müəyyən edilmiş, azyaşlı övladımız xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirinin) dördə bir hissəsində alimentin tutularaq mənim xeyrimə ödənilməsi müəyyən edilmişdir. Halhazırda övladımız böyüyüb, Məhərrəm artıq bu il 5 yaşını tamamlayacaq və onun gündəlik tələbatı da yetərincə artıb. Cavabdeh hər ay birgə nikahdan doğulmuş övladımızın yetkinlik yaşına çatanadək saxlanılması üçün 78 manat aliment ödəyir və ödədiyi alimentin miqdarı uşağın gündəlik zəruri tələbatını ödəməyə yetmir və aliment ödəməkdən başqa uşağın digər tələbatı ilə ümumiyyətlə maraqlanmır, uşaq böyüdükcə atasına qarşı ehtiyac və tələbatı artsa da cavabdeh ona qarşı aliment ödəməkdən başqa heç bir diqqət və qayğı göstərmir. Mən özüm isə övladımızın azyaşlı və ana qayğısına daha çox ehtiyacı olması səbəbindən heç bir yerdə işləmirəm. Uşağın bütün qayğısını və ehtiyacını tamamilə mən çəkirəm. Uşağın qayğısına qalmaqla yanaşı, həm də maddi tələbatını ödəmək tək qadın olaraq mənim üçün çox çətindir. Mən cavabdehin aylıq qazancı barədə heç bir məlumat əldə edə bilmirəm və Cavabdeh ödədiyi alimentin məbləği 2023-cü ildə Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən olunmuş yaşayış minimundan çox aşağıdır. Ona görə də mən hesab edirəm ki, Babək Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(079)-50/2020 saylı Qətnaməsi ilə cavabdehin aylıq qazancın (digər gəlirlərinə) münasibətdə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək sabit pul məbləğində müəyyən olunmalıdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə 23 avqust 2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, birgə nikahdan 04 sentyabr 2018-ci il tarixdə X1 dünyaya gəldiyini, nikahlarının Babək Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli qətnaməsi ilə pozulduğunu, həmin qətnamə əsasında oğlunun onun yanında qalması və onun saxlanması üçün hər ay cavabdehdən qazancının ¼ hissəsi miqdarında almentin alınaraq ona ödənilməsinin müəyyən edildiyini, həmin vaxtdan alimentin alınmasının vaxtlıvaxtında icra olunduğunu, belə ki, uşağın saxlanması üçün hər ay cavabdehdən 60-75 manat aralığında pulun cavabdehin aldığı pensiyadan çıxılaraq ona ödənildiyini, lakin bu məbləğin uşağın saxlanması üçün kifayət etmədiyini, oğlu Məhərrəmin hazırda 5 yaşında olduğunu və məktəbəqədər hazırlıq kursuna getdiyini, onun nitqində və gözündə problem olduğunu, lakin maddi imkanı olmadığına görə onu müalicəyə apara bilmədiyini, həkimlər eynək məsləhət görsə də, pul olmadığından ala bilmədiyini, bu səbəbdən də 200 manat ətrafında alimentin alınıb ona ödənilməsini istədiyini, cavabdehin 3-cü qrup əlil olduğunu, aylıq pensiyasının 312 manat olduğunu, cavabdehin əlilliyinin ruhi xəstəliyi ilə bağlı olduğunu, nikahda olduqları müddətdə işləmədiyini, onun hazırda işləyibişləməməsi barədə məlumatının olmadığını, cavabdehin evinin olduğunu, lakin xəstəliyinə görə adına saldırmadığını, birlikdə yaşadığıqları 1 il yarım-2 il müddətində ailəyə qayınanasının baxdığını, cavabdehin isə pensiyasından başqa gəlirinin olmadığını, özünün heç bir yerdə işləmədiyini bildirmiş, alimentin miqdarının artırılması üçün tutulma qaydasının dəyişdirilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini nəzərə alan məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarına əlavə edilmiş AZ İV seriyalı, 162160 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X4 04 sentyabr 2018-ci il tarixdə doğulmuşdur. Mülki iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(079)-50/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, 04 sentyabr 2018-ci il tarixdə anadan olan X4 anası İddiaçı yanında saxlanılmış, Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) dördə bir hissəsi miqdarında alimentin tutularaq uşağın anası İddiaçı ödənilməsi qət olunmuşdur. Mülki iş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikahın ləğvi 23 avqust 2017-ci ildə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeydə alınmışdır. Beləliklə, mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 04 sentyabr 2018ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır, uşaq hazırda anasının yanında yaşayır və məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına yatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi məbləğində alimentin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi barədə ilk növbədə onu qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi ilə onun tutulması qaydasının dəyişdirilməsini eyniləşdirmək olmaz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, sözügedən norma məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Məhkəmə sözügedən halı nəzərə almaqla iddia tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. İddiaçının izahatı əsasında müəyyən olunmuşdur ki, hazırda cavabdehin pensiyasının dörddə bir hissəsinə müvafiq olaraq 70-80 manat aralığında aliment alır. Müəyyən olunmuş sözügedən hal cavabdeh tərəfindən mübahisə olunmamışdır. Həmçinin cavabehin gəlir məlumatları üzrə Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan onun İİ dərəcə əlilliyə görə 318.74 manat pensiya aldığı, başqa gəlirlərinin isə olmadığı müəyyən olunur. Məhkəmə hesab edir ki, sözügedən aliment miqdarı uşağın qorunmalı olan yüksək mənafeyinə zidd olmaqla iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Məhkəmə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin-iddiaçının marağını əhəmiyyətli dərəcədə pozduğu qənaətinə gələrək alimentin tutulma qaydasının dəyişdirilərək sabit pul məbləğində müəyyən olunması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı və elektron məhkəmə informasiya sisteminin məlumatları əsasında müəyyən olunmuşdur ki, iddiaçı heç bir yerdə işləmir, işsizdir . Mülki-Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin sözügedən qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququnun mövcudluğunu, uşaqların saxlanılmasında hər iki valideynin məsuliyyətinin bərabərliyini, bununla bərabər yetkinlik yaşına çatmayan uşağın ananın yanında saxlanılmaqla məişət qayğılarının onun üzərinə düşməsini, iddiaçının gəlirlərinin olmamasını, cavabdehin gəlirlərini, eyni zamanda cavabdehin iddiaya qarşı etirazının olmamasını, 2023-cü ildə uşaqların saxlanılması üçün müəyyən olunmuş yaşayış minimumunun miqdarını nəzərə alan məhkəmə belə hesab edir ki, aliment miqdarı 160 manat məbləğində müəyyən olunmalıdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayan uşağın ananın yanında saxlanılmasını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşağın saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşağın anasına ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Plenum qərarının mahiyyətindən irəli gələn hal odur ki, əgər yetkinlik yaşına çatmayan uşağa başqa əsasla ödənilən daha əvvəl müəyyən olunmuş aliment mövcuddursa ödənilən aliment məbləğinin dəyişdirilməsinə səbəb olan yeni məhkəmə qətnaməsi yalnız qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş üzrə Babək Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(079)-50/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildikdən indiyə qədər tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Babək Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(079)-50/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli, 04 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulmaqla uşağın anası İddiaçı ödənilməli, dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia qalmış hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(079)-50/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin, 04 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulmaqla uşağın anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd olunsun. Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-323/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-323/2023
23.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver