Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-329/2024 13.06.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi-artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “17” aprel 2024-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək məhkəmənin “19” sentyabr 2016-cı il tarixli, 2(079)-288/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 11 iyul 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh ilə 05 noyabr 2011-ci il tarixdə nikahımızı rəsmiləşdirib ailə qurmuşam. Bizim həmin nikahdan 11 iyul 2013-cü il təvəllüdlü X3 doğulmuşdur. Aramızda olan nikah mənim iddiam əsasında Babək Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(079)-288/2016 nömrəli qətnaməsi ilə pozulmuş və bizim birgə nikahımızdan doğulmuş övladım mənim yanımda saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 117 ( bir yüz on yeddi) manat miqdarında alimentin tutulub mənə ödənilməsi qət edilmişdir. Özüm heç bir yerə işləmirəm. Hər bir əşyanın qiymətində davamlı artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Belə ki, mən oğlumla birlikdə atam evində yaşayıram. Atam 15 gündür rəhmətə gedib və evdə nə anam, nə də mənim heç bir qazanc yerimiz yoxdur. Oğlum 5-ci sinif şagirdidir, hazırlığa gedir və repetitor xərcləri artdığından onun xərclərini, saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi aliment yetərli olmadığı üçün alimentin məbləğinin artırılmasını istəyirəm. Alimentin artırılması üçün ilkin mediasiya sessiyasında iştirak etsəm də cavabdeh mediyasiya prosesində iştirak etmədiyindən məsələ öz müsbət həllini tapmamış və artıq məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, cavabdehlə 2011-ci ildə nikaha daxil olub, 2012-ci ildə evləndiyini, birgə nikahlarından bir uşaq dünyaya gəldiyini, Mirsəyid və yaxınlarının onu yola verməməsinə görə 2015-ci ildə cavabdehlə ayrıldığını, 2016-cı ildə isə aralarında bağlanmış nikahın pozulduğunu, məhkəmənin qətnaməsinə əsasən birgə nikahlarından olan uşağın öz yanında qaldığını və onun saxlanılması üçün qarşı tərəfdən hər ay 117 manat aliment tutulduğunu, həmin vaxt uşağının təqribən bir yaş səkkiz aylıq olduğunu, Mirsəyidin 2023-cü ilin dekabr ayınadək alimenti ödədiyini, lakin həmin vaxtdan aliment ödəmədiyini, ümumiyyətlə cavabdehin alimenti təqribən altı aydan bir ödədiyini, bildiyinə görə Mirsəyidin hazırda Moskva şəhərində yaşadığını, cavabdehlə boşandıqdan sonra nə özünün, nə də bildiyinə gərə Mirsəyidin ailə qurmadığını, aliment təyin edilən zaman özünün işləmədiyini, cavabdehin isə hərbi qulluqçu işlədiyini, onun sonradan işdən çıxaraq buradan getdiyini, özünün hazırda da işsiz olduğunu, əvvəllər atasının ona maddi cəhətdən köməklik etdiyini, lakin atası yaxınlarda rəhmətə getdiyindən uşağının saxlanılmasında çətinlik çəkdiyini, övladını maddi imkanı olmadığından yalnız iki fənn üzrə hazırlığa qoya bildiyini, hər iki fənn üzrə uşağın hazırlığına ayda 70 manat pul verdiyini, anasının da işsiz olduğunu, hazırda oğlunun beşinci sinifdə oxuduğunu, aliment təyin olunan vaxt oğlu təhsil almasa da, hazırda onun məktəbli olduğunu, bu səbəbdən də onun xərclərinin artdığını, cavabdehin uşağın aliment pulundan başqa onun digər xərclərində iştirak etmədiyini, ildə bir-iki dəfə uşağına zəng edərək onunla danışdığını, oğlunun atasını sonuncu dəfə görəndə onun üç yaşı olduğunu qeyd edərək yekunda məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanan məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün saymışdı. Mülki işin materiallarını nəzərdən keçirən məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər nikah bağlanması, onların birgə nikahından X3 adlı ümumu uşağın dünyaya gəlməsi, iddiaçı və cavabdeh arasında bağlanmış nikahın pozulması və bunun qeydiyyata alınması, tərəflər arasında bağlanmış nikahın pozulmasından sonra onların birgə nikahından olan uşağın iddiaçının yanında qalması və uşağın saxlanılması üçün cavabdehdən hər ay 117 (yüz on yeddi) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin “19” sentyabr 2016-cı il tarixli, 2(079)-288/2016 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan tərəflər arasında 06 noyabr 2011-ci ildə nikah bağlanması; - iddia ərizəsinə əlavə edilmiş Ordubad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 537794 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan tərəflərin 11 iyul 2013-cü il tarixdə X3 adlı övladlarının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin “19” sentyabr 2016-cı il tarixli, 2(079)-288/2016 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən tərəflər arasından bağlanmış nikahın pozulması və onların birgə nikahından olan X2 iddiaçının yanında qalması; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 174992 nömrəli, 02 noyabr 2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın pozulmasının dövlət qeydiyyatına alınması; - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin “19” sentyabr 2016-cı il tarixli, 2(079)-288/2016 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən X1 üçün cavabdehdən hər ay 117 (yüz on yeddi) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin “19” sentyabr 2016cı il tarixli, 2(079)-288/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Babək Rayon Məhkəməsinin “19” sentyabr 2016-cı il tarixli, 2(079)-288/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 235 (iki yüz otuz beş) manat məbləğində aliment tələb etməsidir. Mülki işin mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən tədqiq edilmiş sübutları qanunvericiliyin tələbləri daxilində və onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının tələbi əsasında məhkəmə onların birgə nikahından olan uşağın saxlanılmaları üçün aliment sabit pul məbləğində müəyyən edilmişdi. Hazırki mübahisə üzrə isə iddiaçının artırılmasını istədiyi məhz Babək Rayon Məhkəməsinin “19” sentyabr 2016-cı il tarixli, 2(079)-288/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan aliment miqdarıdır. Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı qətnamə ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini tələb etdiyindən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. 112.1-ci maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə yəni, iddiaçının üzərinə düşür. İddiaçının məhkəmədə verdiyi izahatından, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan Babək Rayon Məhkəməsinin “19” sentyabr 2016-cı il tarixli, 2(079)-288/2016 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan indiyədək iddiaçının və cavabdehin ailə həyatında dəyişiklik baş verməməsi müəyyən edilir. Onların maddi vəziyyətində ciddi dəyişikliyin olmasına gəldikdə isə iddiaçı tərəf bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməyib. O, məhkəmədə verdiyi izahatında 2016-cı ildə, yəni aliment təyin ediləndə işləmədiyini, hazırda da işsiz olmasını bildirmişdi. O, həmçinin əvvəllər öz atasının sağ olması və ona maddi cəhətdən köməklik etdiyini qeyd etmişdi. Digər diqqətəlayiq başqa maraqlar mövcudluğunun yoxlanılmasına gəldikdə isə iddiaçı tələbini uşağın böyüməsi, bununla bağlı onun tələbatlarının da artması, aliment məbləğinin övladının saxlanılmasına yetməməsi əsaslandırmışdı. Məhkəmə iddia tələbinin hüquqi həlli ilə bağlı istinad etdiyi maddi hüquq normaları ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X7 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin tələblərinə əsaslanır. Belə ki, maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Cavabdeh birgə nikahlarından olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 235 (iki yüz otuz beş) manat sabit məbləğdə aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdi. Lakin məhkəmə X1 üçün aliment təyin edildiyi vaxtdan səkkiz il keçməsini, bu müddət ərzində hər bir əşyanın qiymətində artım müşahidə edilməsini, həmçinin 2016-cı illə müqayisədə bu il üçün müəyyən edilmiş yaşayış ehtiyacını, aliment təyin edilən vaxt xeyrinə aliment ödənilən uşağın təhsil almasını, hazırda isə onun 5-ci sinifdə təhsil almasını məhkəmə diqqətəlayiq başqa maraqlar kimi qəbul edərək belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi qismən əsaslı sayılmalıdır. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən məhkəmə onun nəzərinə çatdırır ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Qeyd edilən maddi hüquq normasının tələbini, həmçinin uşağın yaşının artdıqca tələbatların artmasını, az yaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşağın yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və hər bərabərlik prinsipinə ziddir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan İddiaçı və Cavabdeh adına hər hansı əmlak və ya gəlirin olmaması müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, onun yaşına uyğun olaraq təhsili ilə bağlı yaranmış xərcləri, həmçinin cavabdehin subay olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən hər ay 165 (bir yüz altmış beş) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir (235x12= 2820. 2820-(12x117)= 1416, müvafiq olaraq 34.16 manat dövlət rüsumu). Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (12x165=1980. 1980-(12x117)=576) cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 13 (on üç) manat, 90 (doxsan) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - Babək Rayon Məhkəməsinin “19” sentyabr 2016-cı il tarixli, 2(079)-288/2016 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli; -qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 11 iyul 2013-cü il il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 165 (bir yüz altmış beş) manat miqdarında aliment tutulmaqla uşağın anası İddiaçı ödənilməli; - iş üzrə Cavabdeh 13 (on üç) manat, 90 (doxsan) qəpik miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli; - iddia digər hissədə əsassız olduğundan rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin “19” sentyabr 2016-cı il tarixli, 2(079)-288/2016 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 11 iyul 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 165 (bir yüz altmış beş) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 13 (on üç) manat, 90 (doxsan) qəpik miqdarında rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-329/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-329/2024
13.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver